Məhkəmə qərarları › İş №2-2(107)-19/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-19/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-19/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2- 2(117)-302/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq Müəyyən etdi: Şəki Kommersiya məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsi ilə, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaq cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qətnamədən iş üzrə İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-44/2020 saylı, 12.11.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2-2(117)-302/2020 nörməli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş mülki icraat qaydasında baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya məhkəməsinin qərardadından Cavabdeh “X3” MMC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyasının hakimlərinin qarışıq tərkibinin 2-2(102)-97/2021 saylı qərarı ilə cavabdeh “X3” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-44/2020 saylı, 12.11.2020-ci il tarixli qərardadı ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bu səbəbdən kommersiya işi yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinin icraatına daxil olmuşdur. İşin halları İddiaçı baş direktor vəzifəsini icra edən E.H.Quliyev şəxsində (alıcı), MKT-Ucar filialının direktoru Ş.V.Səmədov şəxsində (tədarükçü) və xam pambığın istehsalçısı Tanrıöver Can (təsərrüfat) şəxsində 19.04.2016-cı il tarixdə 2016-cı il mövsümü üzrə xam pambığın istehsalı və alqı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Təsərrüfat (Tanrıöver Can) 500 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27.08.2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükü üzrə Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonun satınalma qiyməti : birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat. Qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının (xxxx MMC) mülkiyyətinə verməyi, Tədarükçü (MKT Ucar filialı) gətirilən xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür. Müqavilə “xxxx” MMC-nin baş direktoru vəzifəsini icra edən şəxs və “MKT-Ucar” filialının direktoru və Tanrıöver Can tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir. İddiaçı MMC müqavilə şərtlərinin cavabdeh “X3” MMC tərəfindən pozulduğunu əsas gətirərək hazırkı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 19.04.2016-cı il tarixli müqavilənin icrası olaraq cavabdeh “X3” MMC tərəfindən iddiaçı cəmiyyətdən pambıq əkini üçün 270252,40 manat avans vəsait götürülmuş, əvəzində 213511,20 manat məbləğində 428859,2 kq xam pambıq təhvil verilmiş və 33255 manat vəsait cəmiyyətə qaytarılmışdır. Nəticədə cavabdehin ödənilməmiş 23485,90 manat borcu qalmış və müqavilənin 4.2-ci bəndinə uyğun olaraq 20 % həcmində 57114 manat məbləğində cərimə hesablanmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Soltanov Ramil Rahib oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, müqavilə cavabdehin möhürü ilə təsdiq olunduğundan cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina edir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08 sentyabr 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaq cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, guya xam pambığın alqı-satqısına dair müqavilə cavabdeh “X3” MMC ilə deyil, bilavasitə cavabdehin rəhbəri Tanrıöver Canla bağlandığı üçün, cavabdehin iddiaçı qarşısında mülki hüquq öhdəlikləri yaranmamış və bu da iddia tələblərinin məhkəmə qaydasında rədd olunması üçün əsas olmuşdur. Halbuki, iş materiallarında mövcud olan 19.04.2016-cı il tarixli xam pambığın alqı satqısına dair müqavilədə tərəf kimi “X3” MMCnin möhürü, həmçinin avans xidmətlərin görülməsi barədə aktlarda hüquqi şəxsin möhürü təsbit olunmuşdur. Eyni zamanda, tərəflər arasında 2016-cı il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin imzalanması ilə bağlı, iddiaçıya təqdim olunmuş notarial qaydada təsdiq edilmiş imza nümunlərində Tanrıöver Can “X3” MMC-nin direktoru kimi təqdim edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə iddiaya cavab verməli şəxsin Tanrıöver Can olması barədə nəticəyə gələrkən, mahiyyəti üzrə işə baxıb qətnamə qəbul etmək əvəzinə, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi barədə qərardad çıxarmalı idi. Yuxarıda qeyd olunanlara əsasən Şəki Kommersiya məhkəməsinin 08 sentyabr 2020ci il tarixli 2-2(117)-302/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsinin ləğv olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh “X4” MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Hazırki iş üzrə iddiaçı 19.04.2016-cı il tarixli müqaviləyə istinad edərək cavabdeh “X3” MMC-nin ona 23485,90 manat əsas, 57114,10 manat cərimə üzrə borcu olduğunu iddia edir ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan 19.04.2016-cı il tarixli 16 *** **** nömrəli müqavilə Alıcı qismində İddiaçı, Tədarükçü qismində MKT-Ucar filialı və Təsərrüfat yəni, xam pambığın istehsalçısı qismində “X3” MMC ilə deyil, Tanrıöver Canla bağlanmış və imzalanmışdır. Yəni alqı-satqı müqaviləsi Tanrıöver Can tərəfindən “xxxx” MMC-nin adından deyil, öz adından bağlanaraq imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə əsasında “X3” MMC-nin heç bir öhdəliyi yaranmamışdır və həmin müqavilə əsasında da iddia olunan pul məbləğinin cavabdehdən tutulmasına dair qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə hazırki cavabdeh arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmamış və öhdəlik münasibətləri formalaşmamışdır. Bundan başqa iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş maliyyə sənədində də fermerin adı “X3” MMC deyil, Tanrıöver Can göstərilmişdir. Eyni zamanda kollegiya iddiaçının müqavilənin “X3” MMC-nin möhürü ilə təsdiq edilməsi barədə iddia dəlilinə münasibətdə qeyd edir ki, əvvəla möhür aid olduğu idarə, müəssisə və təşkilatın adından hazırlanmış sənədlərdə həmin idarə müəssisə və təşkilatın səlahiyyətli şəxsinin imzasının təsdiq edilməsi məqsədilə istifadə edilir. Hazırki iş üzrə mübahisə predmeti olan müqavilə Tanrıöver Can tərəfindən “X3” MMC-nin adından bağlanmadığı üçün müqaviləyə cəmiyyətin möhürünün vurulması müqavilə üzrə yaranmış öhdəliklərin cəmiyyət tərəfindən icra edilməli olması anlamına gəlmir. Bu səbəbdən məhkəmə iddiaçının möhürlə bağlı iddia dəlilini də əsassız hesab edir. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə iclasında cavabdehin iddia tələbinə cavab verməli olan əsl cavabdeh Tanrıöver Canla əvəz edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, sonuncu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh olaraq “X3” MMC-yə qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə işə baxmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddia Şəki Kommersiya Məhkəməsində “X3” MMC-yə qarşı verilsə də, həmçinin MMC-nin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranması, onun hüquqlarını hər hansı şəkildə pozması, müqavilə predmeti olan pambığın əkildiyi torpağın qeyd olunan MMC-nin mülkiyyətində, istifadəsində və ya icarəsində olması, yaxud müqavilənin tərəf olan Tanrıöver Can adlı fiziki şəxsin bu MMC-yə hər hansı aidiyyəti işin materialları ilə müəyyən olunmur. Bununla yanaşı müqaviləyə “X3” MMC-nin möhürünün vurulması müqavilə üzrə yaranmış öhdəliklərin həmin MMC-yə məxsus olması anlamına gəlmir. Belə ki, kollegiya tərəfindən İddiaçı MMC-nin nümayəndəsinə iş üzrə cavabdehlə Tanrıöver Can adlı şəxslə əmək müqaviləsinin və ya onun cavabdehin adından müqavilənin bağlanmasına dair səlahiyyəti olub-olmaması barədə hər hansı sənəd təqdim edilməsi təklif edilsədə, iddiaçının nümayəndəsi tərəfindən qeyd olunanlarla bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq Məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: - 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. - 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Şəki Kommersiya Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2-2(117)-302/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar