Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-20/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1600 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” Şəki Kommersiyа Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1703/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları
1. İddiaçı ASC Cavabdeh qarşı “2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli qısa müddətli lizinq müqaviləsinə əsasən 1600 manat borcun və 60 manat mediasiya xərcinin tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqavilənin:
3. 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd SR-2035 dövlət qeydiyyat nişanlı kombaynı istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş şərtə uyğun olaraq müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (Əlavə 1) göstərilən məbləğdə və müddətdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, nəticədə 1600 manat ödənilməmiş borcu qalmışdır.
4. xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 3000 manat məbləği ödəməyi öhdəsinə götürmüş, lakin həmin məbləğdən 1400 manat ödəniş etmiş və nəticədə 1600 manat ödənilməmiş borcu qalmışdır.
5. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən, cavabdeh 3000 manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəicədə borcu yaranmışdır.
8. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1703/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən 1600 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməsi və Cavabdeh 36 manat dövlət rüsumu dövlət gəlirinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd SR- 2035 dövlət qeydiyyat nişanlı kombaynı istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş şərtə uyğun olaraq müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (Əlavə 1) göstərilən məbləğdə və müddətdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır.
13. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2- 2(117)-1703/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1703/2022 saylı qətnaməsi maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı lizinq müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir. Operativ lizinq müqaviləsi 3 il müddətinə yəni 01 iyun 2019-cü il tarixdə bağlanmış və lizinq müqaviləsinin müddəti 01 iyun 2022-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti müqavilə müddətinin bitdiyi 01 iyun 2022-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində onun tərəfindən "xxxx" ASC ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olmuşdur. İddia müddəti 01 iyun 2019-cu il tarixdə başlanmış və 01 iyun 2022-ci il tarixdə bitmişdir. "xxxx" ASC-i iddia müddəti ərzində məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, 01 iyun 2019-cü il tarixdən 3 il müddətinə bağlanmış lizinq müqaviləsinin müddəti 01 iyun 2022-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı 01 iyun 2019-ci il tarixdə başlamış və 01 iyun 2022-ci il tarixdə bitmişdir. “Aqrolizinq" ASC-nin hazırkı iddia tələbi ilə 02 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdr. Şərh olunanlara əsasən hesab edir ki, borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunmalıdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2(117)-1317/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
22. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
23. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
24. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
25. Maddə 427. Öhdəliyin icrası müddəti
427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
26. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
27. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
28. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
29. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
32. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
33. Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər (...) 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
42. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
43. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1703/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
51. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd SR-2035 dövlət qeydiyyat nişanlı kombaynı istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş şərtə uyğun olaraq müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (Əlavə 1) göstərilən məbləğdə və müddətdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır.
52. İş materialında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi 01 iyun 2019-cu il tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 3000 manat məbləği ödəməyi öhdəsinə götürmüş, lakin həmin məbləğdən 1400 manat ödəniş etmiş və nəticədə 1600 manat ödənilməmiş borcu qalmışdır.
53. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir.
54. Apellyasiya şikayətinin əsas dəlili hazırkı tələb üzrə iddia müddətinin keçməsi və birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə əsassız olaraq iddia müddətinin tətbiq etməməsi ilə bağlıdır.
55. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. (Mülki Məcəllə maddə 375.2)
56. İş materiallarında görünür ki, 24 noyabr 2022-ci il tarixli məhkəmə bildirişindən görünür ki, iddia tələbi üzrə icraatın sadələşdirilmiş icraat qaydasında aparıldığı cavabdehə iddia tələbinə qarşı əsaslandırılımış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri sonuncunun hazırkı bildirişi aldığı gündən 10 (on) iş günü müddətində məhkəmə təqdim etmək hüququ izah edilmişdir. Cavabdeh həmin məhkəmə bildirişini 01 dekabr 2022-ci il tarixdə alsa da, öz etirazlarını məhkəməyə təqdim etməmişdir. (iş vərəqələri 28, 36)
57. Bundan başqa cavabdehin özünün də apellyasiya şikayətində göstərdiyi kimi, hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı lizinq müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir. Tərəflər arasında 01 iyun 2019-cu il tarixli, 07/00023982 nömrəli Operativ lizinq müqaviləsi 3 il müddətinə, yəni 01 iyun 2019-cü il tarixdə bağlanmış və lizinq müqaviləsinin müddəti 01 iyun 2022-ci il tarixdə bitmişdir.
58. Göründüyü kimi, iddia müddətinin başlanğıcı 01 iyun 2022-ci il tarixdən başlamışdır və bitmə anı 01 iyun 2025-ci ildir.
59. Belə olan halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz və apellyasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
62. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1703/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
67. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1703/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov