Məhkəmə qərarları › İş №2-2(107)-22/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-22/2025

16.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-22/2025 16.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2- 2(117)-1382/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi 30 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 29 avqust 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan 818876,78 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat məbləğində borcu ödənilənədək, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tərəfindən Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 29 avqust 2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 56,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 1420,08 manat, dövlət büdcəsinə 818876,78 manat məbləğində (o cümlədən, vergilər üzrə 606813,1 manat, faizlər üzrə 211903,68 manat, maliyyə sanksiyası üzrə 160 manat) və İcbari Tibbi Sığorta Fonduna 227,99 manat olmaqla, ümumilikdə 820581,59 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********063200 nömrəli, xx.xx.2023-cü il tarixli **********415300 nömrəli, xx.xx.2024-cü il tarixli **********865700 nömrəli və xx.xx.2023-cü il tarixli **********121600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən həmin borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Yevlax rayonunun Varvara kəndində qeydiyyatdadır (ərizə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.1, 77.3, 78.1 və 23.1.15-3-cü maddələri və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələri ilə əsaslandırılmışdır). Ərizəçi tərəfindən həmin ərizənin əsaslılığının sübutu kimi ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə aşağıda qeyd olunan sənədlər təqdim edilmişdir: - Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024 - xx.xx.2024-cü il dövrü əhatə edən və 27 sentyabr 2024-cü ildə çap edilmiş X11; - Hüquqi şəxs haqqında Məlumat; - Ərizədə sadalanan borcların ödənilməsi ilə əlaqədar vergi ödəyicisi olan hüquqi şəxsə ünvanlanmış Bildirişlər, Xəbərdarlıqlar, hüquqi şəxsin vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini lazımi qaydada yerinə yetirməməsi nəticəsində yaranmış borcları ödəmədiyi üçün Vergi Orqanı tərəfindən bank hesablarına tətbiq edilmiş “sərəncam”lar və digər sənədlər.

2. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilərək, 818876,78 manat vergi borcu Dövlət Büdcəsinə, 1420,08 manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 227,99 manat borcu İcbari Tibbi Sığorta Fonduna və 56,74 manat borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tаrixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə əlaqədar mübahisənin həlli üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliklərini yerinə yetirmədiyindən vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 1420,08 manat, İcbari Tibbi Sığorta Fonduna 227,99 manat, dövlət büdcəsinə vergi üzrə 818876,78 manat və İşsizlikdən Sığorta Fonduna 56,74 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq həmin borclar ödənilməmişdir. Ona görə də, borcun ödənilməsi məqsədi ilə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və onlar qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduqlarından ərizə təmin edilməli və dövlət büdcəsinə olan borcların ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.1, 78.1 və 23.1.15-3-cü maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9, 9-1.1 və 10-cu maddələrinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3- cü maddələrinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 355-5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz 3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Maraqlı şəxs 26 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024cü il tarixli 2-2(117)-1382/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2-2(117)-1382/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri kimi Maraqlı şəxs dövlət büdcəsinə olan 818876,78 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat və İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün hüquqi şəxs "xxxx" MMC-nin Dövlət Büdcəsinə olan 818876,78 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat və İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat məbləğində borcların 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2- 2(117)- 1382/2024 saylı qətnaməsi ilə həmin ərizə təmin edilmiş və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin o, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmayaraq, çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmaqla, onun hüquqları məhdudlaşdırılmışdır. Bildirir ki, o, göstərilən bütün növ vergilərin ödənişlərini 2024-cü ilin sentyabr-oktyabr aylarında etmişdir və hazırda dövlət büdcəsinə vergi borcu qalmamışdır. Əgər məhkəmədə iştirak etsə idi, ödəniş qəbzlərini təqdim edərdi. Hesab edir ki, vergi borcu olmadığından, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunsuzdur və hazırkı qətnamənin mövcudluğu onun hüquqlarının pozulmasına səbəb olur. Ona görə də, hazırkı qətnamə ləğv edilməlidir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Belə ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimatın tələbləri pozulmuş və onun Vergi Orqanına borcunun olub-olmaması aydınlaşdırılmamışdır. Yuxarıda qeyd etdiyi kimi o, vergi borcunu tam olaraq icra etmişdir, artıq onun hər-hansı bir məbləğdə vergi borcu yoxdur və o, Apellyasiya Məhkəməsində ödəniş qəbzlərini təqdim edəcəkdir. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətini vermiş maraqlı şəxs tərəfindən həmin apellyasiya şikayətinə mübahisənin mahiyyəti üzrə həll olunmasında istifadə edilə biləcək heç bir sübut əhəmiyyəti olan sənəd, o cümlədən də “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizədə qeyd olunan vergi ödəyicisi "xxxx" MMCnin vergi və digər məcburi dövlət ödənişləri üzrə borclarının ödənilməsini təsdiq edən sənədlər (sübutlar) əlavə olunmamışdır.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi 06 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs 09 oktyabr 2024-cü il tarixli 2-2(117)-1382/2024 nömrəli qətnamədən verdiyi apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, maraqlı şəxs tərəfindən verilmiş həmin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və həmin Etiraz – şikayətin formal xarakterli və əsassız olması, vergi ödəyicisi "xxxx" MMC tərəfindən 2024-cü il ərzində ümumiyyətlə borcundan hər hansı ödənişin edilməməsi və bu faktın vergi ödəyicisinin X11 ilə sübuta yetirilməsi ilə əsaslandırılmış və bununla bağlı həmin vergi ödəyicisinin xx.xx.2024 xx.xx.2024-cü il dövrü əhatə edən və 06 dekabr 2024-cü ildə çap edilmiş X7 məhkəməyə təqdim etmişdir.

4. İş üzrə apellyasiya icraatı: 4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 09 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayətini vermiş Maraqlı şəxs həmin məhkəmə iclasına gəlməmişdir. Lakin, Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edib, 09 yanvar 2025-ci tarixə təyin edilmiş məhkəmə iclasında sağlamlığında problemlər olduğu üçün səhhətinə görə iştirak edə bilməyəcəyi barədə məlumat verərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Buna görə də, məhkəmə iclasına gəlmiş ərizəçinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə münasibəti öyrənildikdən və izahatı dinlənildikdən sonra, apellyasiya şikayətini vermiş maraqlı şəxsin də şikayətə baxılmasında iştirakına şərait yaradılması məqsədilə məhkəmə iclаsının davamı 16 yanvar 2025-ci il tarixə təxirə sаlınmışdır. Lakin, apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 16 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş Maraqlı şəxs və ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, proses iştirakçıları olmadan məhkəmə iclasının keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə 09 yanvar 2025-ci ildə keçirilən məhkəmə iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 həmin iclasda verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini – apellyasiya şikayətinə qarşı verilmiş yazılı Etirazda yazılanlarla, o cümlədən də birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində aparılan icraat zamanı ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş borclu hüquqi şəxs "xxxx" MMC-nin X8 və digər sənədlərlə, eləcə də 29 avqust 2024-cü ilə hesablanmış 818876,78 manat məbləğində vergi borcunun həmin vergi ödəyicisi tərəfindən ödəniş edilməsi nəticəsində deyil, 2024-cü ilin sentyabr ayında Vergi Orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun azalma tətbiq edilməsi, yəni vergi borcunun Vergi Orqanının özü tərəfindən azaldılması nəticəsində 07 yanvar 2025-ci il tarxinə 319717,71 manat məbləğində olması və ərizədə göstərilən digər məcburi dövlət ödənişləri üzrə isə hər hansı bir ödənişin olunmaması ilə əsaslandırmışdı. Apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X8 və onun borcları ilə əlaqədar digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı apellyasiya şikayətini vermiş Maraqlı şəxs tərəfindən məhkəməyə apelyasiya şikayətinin dəlilləri, o cümlədən icra orqanının rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi və digər məcburi dövlət ödənişləri ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmiş və dəfələrlə məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir məhkəmə iclasına gəlməmişdir.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Maraqlı şəxs tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2-2(117)-1382/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinin” xahiş olunması, apellyasiya şikayətini onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş icra orqanının rəhbəri olduğu vergi ödəyicisi "xxxx" MMC-nin bütün növ vergi borclarını 2024-cü ilin sentyabr-oktyabr aylarında ödəməsi və hazırda Dövlət Büdcəsinə vergi borcunun qalmaması ilə əsaslandırması və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 6.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... 16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək; ... . 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... . 24.1. Vergi orqanları: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ... .

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin normaları (maddələri): 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. ... . 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2- 2(117)-1382/2024 nömrəli qətnaməsi qismən, yəni “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat, dövlət büdcəsinə vergi üzrə olan 818876,78 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat borcu ödənilənədək” hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs (ünvan: Yevlax rayonu, Varvara kəndi) icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 29 avqust 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 818876,78 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1420,08 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 227,99 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 56,74 manat məbləğində borcu olmuşdur və vergi ödəyicisinə həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizə ilə 30 sentyabr 2024-cü ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə ilə birlikdə məhkəməyə təqdim olunmuş vergi ödəyicisi "xxxx" MMC-nin 27 sentyabr 2024-cü ildə çap edilmiş “xx.xx.2024 - xx.xx.2024-cü il” dövrü əhatə edən Şəxsi X1 vergi borcunun miqdarı “818876,78 manat” məbləğində deyil, daha az miqdarda, yəni 289770,09 manat məbləğində göstərilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsində vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər məcburi dövlət ödənişləri ilə yanaşı, “Dövlət Büdcəsinə olan 818876,78 manat vergi borcu” ilə əlaqədar da Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Halbuki, “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizədə vergi ödəyicisinin “29 avqust 2024-cü il tarixə hesablanmış 818876,78 manat məbləğində Dövlət Büdcəsinə vergi borcu” olması və həmin borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunsa da, 30 sentyabr 2024-cü ildə həmin ərizə ilə birlikdə məhkəməyə təqdim olunmuş X6 vergi ödəyicisinin daha az miqdarda vergi borcunun olduğu göstərilmişdir. Bundan əlavə, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyicisinin 07 yanvar 2025-ci ildə çap edilmiş “xx.xx.2023 - xx.xx.2025-ci il” dövrü əhatə edən və X6 vergi ödəyicisi "xxxx" MMCnin Dövlət Büdcəsinə olan vergi borcunun miqdarı “818876,78 manat” məbləğində deyil, daha az miqdarda, yəni 319717,71 manat məbləğində olduğu göstərilmişdir. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi isə bu azalmanın, yəni 29 avqust 2024-cü ildə Dövlət Büdcəsinə olan “818876,78 manat məbləğində” vergi borcunun vergi ödəyicisi tərəfindən ödəniş edilməsi nəticəsində deyil, 2024-cü ilin sentyabr ayında X10 Məcəlləsinin tələblərinə uyğun “azalma” tətbiq etməsi nəticəsində 07 yanvar 2025-ci il tarxinə cəmi 319717,71 manat məbləğində qalması ilə izah etmişdir. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən vergi ödəyicisi "xxxx" MMC-nin Dövlət Büdcəsinə olan vergi borcunun miqdarı “818876,78 manat” məbləğində olmamış və apellyasiya araşdırması zamanı isə 07 yanvar 2025-ci ildə çap edilmiş X9 əsasən həmin tarixə vergi ödəyicisi "xxxx" MMC-nin Dövlət Büdcəsinə olan vergi borcunun miqdarı cəmi 319717,71 manat məbləğində olmuşdur. Yəni, vergi ödəyicisi olan "xxxx" MMC-nin 29 avqust 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə olan cəmi “818876,78 manat” məbləğində vergi borcu azalmış və hal-hazırda onun mövcud vergi borcu 319717,71 (üç yüz on doqquz min yeddi yüz on yeddi manat 71 qəpik) manat məbləğindədir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi "xxxx" MMC vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə mövcud borclar ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər müvafiq Qanunvericilik normalarının tələblərinə uyğun olsa da, ödənilmədiyi üçün həmin tədbirin tətbiq edilməsinə səbəb olan borcun miqdarı düzgün müəyyən edilərək, qətnamədə göstərilməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (maddə 24.1.2-1) tələblərinə uyğun olaraq vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan, yəni borc öhdəliyi aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi ilə əlaqədar ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dərhal müvafiq tədbirlərin görülməsi təmin edilməli olduğundan - “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” səbəb olan borcun dəqiq miqdarının müəyyən edilərək qətnamədə göstərilməsinin xüsusi əhəmiyyəti vardır. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsi “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat, dövlət büdcəsinə vergi üzrə olan 818876,78 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat borcu ödənilənədək” hissəsində dəyişdirilməli və vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 319717,71 (üç yüz on doqquz min yeddi yüz on yeddi manat 71 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 1420,08 (min dörd yüz iyirmi manat 08 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 227,99 (iki yüz iyirmi yeddi manat 99 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 56,74 (əlli altı manat 74 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305, 355-5, 355-6, 355-7, 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1382/2024 nömrəli qətnaməsi “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 1420,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 227,99 manat, dövlət büdcəsinə vergi üzrə olan 818876,78 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,74 manat borcu ödənilənədək” hissəsində dəyişdirilsin. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 319717,71 (üç yüz on doqquz min yeddi yüz on yeddi manat 71 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 1420,08 (min dörd yüz iyirmi manat 08 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 227,99 (iki yüz iyirmi yeddi manat 99 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 56,74 (əlli altı manat 74 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar