Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-23/2023 14.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tаrixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh-lizinq alan arasında bağlanılmış 18 avqust 2017-ci il tarixli, 1582-GL/17 nömrəli müqaviləyə (bundan sonra - Müqavilə) əsasən lizinq verən ümumi məbləği 11.700 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq verən texnikanın qalan məbləğini ödəniş qrafikinə(Əlavə №2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlaıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Müqavilənin məbləği 11.700 manat, cavabdehin ödədiyi məbləğ 4.000 manat, gecikdirilmiş borc 7.700 manat, hesablanmış cərimə 5665,20 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə üzrə ödənilməmiş 7.700 manat əsas borcun, 5.665,20 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat, cəmi 13.865,20 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-32/2023 nömrəli iş üzrə qəbul etdiyi 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabehdən xx.xx.2017-ci il tarixli, 1582-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7.700 manat gecikdirilmiş əsas borc və 200 manat cərimə borcu, 118,22 manat mediasiya xərci və 80 manat məbləğində hüquqi xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Müqavilə üzrə cavabdehin 7.700 manat gecikdirilmiş əsas borcu yaranmış və iddiaçı həmin borca 5.665,20 manat cərimə borcu hesablamışdır. Ödəniş qrafikinə əsasən Müqavilə dövrü ərzində cavabdeh tərəfindən rübdə bir dəfə olmaqla hər dəfə 1300 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı 7.700 manat borcun tutulması tələbində haqlıdır. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, Müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmənin qənaəti belədir ki, tərəflərin əmlak mənafeləri, edilən ödənişlər, həmçinin iddiaçının müqavilə müddəti bitdikdən sonra məhkəməyə müraciət etməsi nəzərə alınaraq cavabdehdən Müqavilə üzrə 200 manat cərimə borcu tutulmalıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi xidmətə görə 80 manat pul məbləği cavabdehdən tutulmalıdır. Həmçinin 200 manat mediasiya xərci 118,22 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 81,78 manat iddiaçıya aid edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 747.1, 747-4.3, 747-4.4, 748.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək həmin qətnamənin qismən- cavabdehdən 200 manat cərimə borcunun, 118,22 manat mediasiya xərcinin və 80 manat məbləğində hüquqi xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Müqavilə üzrə yaranmış əsas borcun tutulması hissəsində məhkəmənin gədiyi nəticə əsaslı olsa da, cərimə borcunun tutulması ilə bağlı gəldiyi nəticə əsaslı deyil. Belə ki, ilk olaraq iddiaçı tərəf tələb etdikləri cərimənin hansı qaydada hesablanmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Düzdür məhkəmə humanistlik nümayiş etdirərək cərimə məbləğini azaltsa da, həmin məbləğin daha da azaldılması imkanlarını nəzərə almamışdır. Həmçinin qətnamədə göstərilmişdir ki, “iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi xidmətə görə 80 manat pul məbləği cavabdehdən tutulmalıdır”. İddiaçı birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında nə nümayəndə, nə də vəkil ilə təmsil edilməmişdir. Belə olan vəziyyətdə cavabdehdən hansı hüquqi yardıma görə pul tutulub iddiaçıya ödənilməlidir? Həmin hissədə də, məhkəmə tərəfindən hər-hansı bir araşdırma aparılmamışdır. Həmçinin məhkəmə 200 manat mediasiya xərcinin 118,22 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir ki, həmin hissədə də, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, mediasiya prosesinə qədər hazırki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdeh tərəfindən dəfələrlə iddiaçıya müraciət edilsə də, iddiaçı tərəfindən onun təklifinə heç bir reaksiya verilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış birinci instansiyası məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin yalnız 200 manat cərimə borcunun, 118,22 manat mediasiya xərcinin və 80 manat məbləğində hüquqi xidmət haqqının tutulması hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus kənd təsərrüfatı texnikasının cavabdehə lizinqə verilməsi barədə tərəflər arasında 18 avqust 2017-ci tarixli, 1582-GL/17 saylı lizinq müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq verən texnikanın qalan məbləğini ödəniş qrafikinə(Əlavə №2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddiaçı bildirir ki, cavabdeh lizinqə götürdüyü müqavilə üzrə 4.000 manat ödəniş etmiş, cavabdehin gecikdirilmiş borcu 7.700 manat, hesablanmış cərimə isə 5.665,20 manat təşkil edir. Cavabdehin nümayəndəsinin-vəkilinin apellyasiya şikayətində ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəf tələb etdiyi cərimənin hansı qaydada hesablanmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə humanistlik nümayiş etdirərək cərimə məbləğini azaltsa da, həmin məbləğin daha da azaldılması imkanlarını nəzərə almamışdır. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, cərimə (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilələrin müzakirə olunan şərtindən də göründüyü kimi, müqavilə üzrə əsas borc vaxtında ödənilmədiyi halda, hər gecikdirilən gün üçün borclu kreditorun xeyrinə pul ödəməlidir. Cərimənin ödənilməsi barədə tələbin əsaslı olması qənaətinə gələn birinci instansiya məhkəməsi işin hallarını, cavabdehin əmlak vəziyyətini, iddiaçının əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müqavilələr üzrə ödənilməsi tələb edilən cərimənin məbləği- 5.665,20 manat tənasübsüz surətdə yüksəkdir. Ona görə də Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə tələb olunan cərimə borcunun məbləğini azaldaraq 200 manat məbləğində müəyyən etmişdir. Məhkəmə bu qənaətdədir ki, qeyd edilən məbləğdə cərimə həm borclu olan cavabdehin, həm də kreditor olan iddiaçının əmlak mənafelərinə adekvat və ağlabatandır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır və təmin edilməməlidir. Rayon Məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində ifadə olunmuş digər bir dəlili isə ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi məhkəmə xərclərini tərəflər arasında düzgün bölüşdürməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, işdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi xidmət göstərilməsi barədə iddiaçı və Bakı şəhəri Mərkəz Vəkil Bürosu arasında müqavilə bağlanmış və bu müqavilə əsasında iddiaçı tərəfindən Vəkil Bürosuna 300 manat ödəniş edilmişdir. Məhkəmə bildirir ki, hüquqi xidmət dedikdə, yalnız tərəflərdən birinin məhkəmə iclaslarında vəkil və ya səlahiyyətli nümayəndə vasitəsi ilə təmsil olunmasından ibarət deyil. Hüquqi xidmətlərə həm də məhkəmədə iş başlanması üçün sənədlərin hazırlanması iddia ərizəsinin tərtib edilməsi və məhkəməyə təqdim edilməsi və sair hərəkətlərin aparılmasından ibarətdir. Bu baxımdan Məhkəmə qeyd edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi, haqlı olaraq hüquqi xidmətə görə iddiaçının çəkdiyi xərcin bir hissəsini- 80 manatı cavabdehə aid etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Mediasiya xərcləri ilə bağlı isə Məhkəmə bildirir ki, mediasiya prosesinə qədər tərəflərin öz aralarında olan mübahisəni həll etmək onların hüququdur və bu hüquqdan hər hansı bir tərəfin istifadə etməməsi, qanunla nəzərdə tutulmuş müəyyən kateqoriyalı işlər üzrə tərəflərin mediasiya sessiyasında iştirak etməkdən azad etmir. Belə olan halda, Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də apellyasiya şikayətinin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi iddiaçının çəkdiyi mediasiya xərcinin 118,22 manat hissəsini cavabdehə aid etməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 10 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-23/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-23/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver