Məhkəmə qərarları › İş №2-2(107)-23/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-23/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-23/2024 06.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqavilə üzrə yaranmış 177 manat əsas borcun, 4553,04 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqavilə bağlanmışdır.

2. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 14 280 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

3. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər.

4. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.

5. xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən qiyməti 37500 manat olan 1 ədəd traktor Belaruz- 1221 (güzəştdən sonrakı 13655 manat qalıq məbləği ilə) 5 il ödəmə müddətinə əsasən və qiyməti 3200 manat olan 1 ədəd Kotan 5 gövdəli AG-14-5 (güzəştdən sonrakı 625 manat qalıq məbləği ilə) 1 il ödəmə müddətinə əsasən alana verilmişdir.

6. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 5977 manat əsas borc yaranmış və iddiaçı həmin borca 4553,04 manat cərimə borcu hesablamışdır.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. İddia tələbi üzrə xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5977 manat əsas borc yaranmış və iddiaçı həmin borca 4553,04 cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi xahiş edilmişdir. Lakin xx.xx.2023cü il tarixdə cavabdeh tərəfindən 5800 manat məbləğində ödəniş edilmişdir. Odur ki, 177 manat əsas borcun, 4553,04 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

9. İş materialında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqavilə üzrə cavabdehin 5977 manat əsas borcu yaranmış və həmin borca 4553,04 manat cərimə borcu hesablanmışdır.

10. İş materialında olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən 5800 manat pul iddiaçının hesabına köçürülmüşdür.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. Birinci instnasiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, qalan 177 manat əsas borcunu hazırda ödəmək imkanı yoxdur, tez müddətdə qeyd edilən məbləği ödəməyəcəkdir. Cərimələrin və digər xərclərin silinməsini və azaldılmasını məhkəmədən xahiş etmişdir.

12. Tərəflər birinci instnasiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə təqdim edərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

13. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabeh Cavabdeh xx.xx.2017-ci il tarixli 1586-GL/17 nömrəli müqavilə üzrə yaranmış 177 manat əsas borc, 100 manat cərimə borcu, 100 manat hüquqi yardımla bağlı xərci və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 67,3 manat dövlət rüsumunun 63,36 manatı dövlət hesabına aid edilməsi, 3,94 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dia tələbi əsas borca münasibətdə tam təmin edilməli, 177 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 462.1, 462.3, 4667, 448.1, 747.1, 747-4.3, 747-4.4 və 748.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1, 216-220-ci maddələrinin müddəalarına istinad etmişdir.

16. Birinci instansiya məhkəməsi vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab etmişdir.

17. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

18. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan, məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla da Məhkəmə hüquqi yardımla bağlı məbləği beş dəfə azaldaraq 100 manat məbləğində pulun Agentliyin xeyrinə ödənilməsini qət edilmişdir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də 4670,04 (dörd min altı yüz yetmiş manat dörd qəpik) manat pul tələbi ilə bağlı işə görə 500 (beş yüz) manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 4670,04 (dörd min altı yüz yetmiş manat dörd qəpik) manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsasına görə ona ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna üçün ləğv edilməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnaməsinin təmin edilməməsini xahiş etdi.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən “hüquqi yardım ilə bağlı” hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

28. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, “xx.xx.2017ci il tarixli 1586GL/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən, lizinq verən ümumi məbləği 14280 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

43. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin təmin edilməyən - “hüquqi yardım ilə bağlı” hissəsində tam təmin edilməməsi ilə bağlıdır.

44. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

45. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Apellyasiya şikayətində vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olması göstərilsə də, digər işlərin və zəruri araşdırmaların nədə ifadə olunduğu açıqlanmamışdır. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən qeyd olunan halların araşdırılması mümkün olmamışdır.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin məbləğinin iddia tələbinin həcmi əlaqələndirilməsi də düzgün yanaşma olmadığından şikayətin həmin dəlili də əsassızdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

50. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1275/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar