Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-24/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1544/2024 nömrəli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 31848,23 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədinə əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 31848,23 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədinə əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1544/2024 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, ərizə təmin edilərək, Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 31848,23 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliyini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 31848,23 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16, 23, 77, 78, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5, 355-7-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs ümumiyyətlə həmin şirkətin açılması üçün vergi orqanına müraciət etməmişdir. Hazırki qətnamə maraqlı şəxsin hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Vergi Məcəlləsinin qeyd edilən normalarından da göründüyü kimi nəzərdə tutulmuş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Hazırkı iş üzrə isə maraqlı şəxsin adına şirkət olması ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin şirkətin vergi borclarına görə heç bir məhsuliyyət daşımır və onun həmin şirkətlə heç bir bağlılığı yoxdur. Eyni zamanda, bu məsələnin araşdırılması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu ilə yanaşı daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai AraşdırılmasıBaş İdarəsinə də müraciətlər edilmiş və iş hazırda araşdırılmaqdadır. Birinci instansiya məhkəməsi qeyd edilən halların araşdırılmasını təmin etməmiş və bununla ümumiyyətlə ədalətli məhkəmə araşdırılması və çəkişmə prinsipinin müddəalarını pozmuşdur. Məhkəmə iş üzrə yuxarıda qeyd edilən bütün faktiki halları tərəfimizdən telefon vasitəsilə məlumat verdiyimiz halda aydınlaşdırmaq üçün, eynizamanda təxirə salınmasını xahiş etdiyimiz halda təxirə salmamış və nəticədə hazırki yalnış qətnaməni qəbul etmişdir. Eləcə də məhkəmə iclasında maraqlı şəxsin iştirakı təmin edilməmiş və bu səbəbdən də şəxsin hazırki iş ilə bağlılığının olub-olmaması müəyyən edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, maraqlı şəxsin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq mütləq şəkildə iştirak etməli olduğu başqa işlərin olduğunu qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bunla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hazırki iş təxminən bir ay əvvəldən təyin edilmişdir. Maraqlı şəxsin vəkili isə məhkəmə iclası başlamasına bir-neçə saat qalmış iclasın təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi, təxirlə bağlı məhkəməyə vaxtında məlumat verilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, vəkilinin təxirə salınmaz işi olsa da maraqlı şəxs ilkin olaraq məhkəmə iclasında özü iştirak edə bilərdi və lüzum olardısa məhkəmə iclasının başqa vaxta təxirə salınması məsələsi məhkəmə iclasında müzakirə oluna bilərdi. Lakin, yuxarıda sadalanan halların heçbirinə riayət edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə maraqlı şəxs və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 1 2 . Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 2 7 . Yaşamaq hüququ İ. Hər kəsin yaşamaq hüququ vardır. 2 8 . Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. 4 1 . Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 7 3 . Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək Vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-1. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Klark Qordon Morrisin (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki: “....Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə işlərə baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır....” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşin mahiyyətindən müəyyən edilir ki, mübahisə maraqlı şəxsin vergi borcı olduğu üçün onun ölkədən getməsi hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, ərizənin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator ərizənin rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013cü il tarixli Qərarı). Xüsusi nəzərə alınmalıdır ki, vergilər və dövlətə ödənilməli olan digər məcburi ödənişlər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişinin həyata keçirilməsinin təmini üçün qanunverici bir sıra təminatlar müəyyən etmişdir. Hazırki işdən müəyyən edilir ki, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 31848,23 manat borcu yaranmışdır. Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətininin digər dəlili olan maraqlı şəxsin adına açılmış şirkətin varlığından məlumatsız olması və araşdırma aparılması üçün hüquqmühafizə orqanlarına müraciət edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Göründüyü kimi, maraqlı şəxsin yeganə dəlili ondan ibarət olmuşdur ki, o, adına şirkət açılmasından məlumatsız olmuş və bu səbəbdən həmin halın araşdırılması ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. Belə ki, hüquqi şəxsin qeydiyyat sənədinə əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Bundan başqa, şirkətin qanuni yoxsa saxta yollarla açılması hazırkı mübahisənin predmeti deyildir. Maraqlı şəxs bunu iddia edirsə o, həmin hallarla bağlı müvafiq hüquqmühafizə orqanlarına müraciət etməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, vergi borcunun da yaranma mənbəyi və ya bunun qanuni olub-olmaması da hazırkı mübahisənin predmeti deyildir. Əgər maraqlı şəxsin bununla bağlı hər hansı pretenziyası varsa bunu ayrıca məhkəmə və ya digər icraatda mübahisələndirə bilər. Həmçinin, maraqlı şəxsin istinad etdiyi hallara görə vergi borcu digər şəxslərin törətdiyi cinayət əməlləri (onun adına və məlumatı olmadan saxta şirkətin açılmasına görə) nəticəsində yaranmışdır. Maraqlı şəxs daha sonra qeyd edir ki, o, həmin qanunsuz əməllərlə bağlı prokurorluq və digər orqanlara müraciət etmişdir. Kollegiya qeyd edir ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində isə təsbit edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası izah edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün əsas, vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Hazırki işdən isə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 31848,23 manat borcu vardır. Göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi və dövlətə ödənilməli olan digər məcburi ödənişlərin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Konstitusiya azadlıq hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, azadlıq hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, legitim məqsəd daşımalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu mənada, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması konstitusion əhəmiyyətli dəyərlərdən olan vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə tətbiq edildiyindən legitim sayılmalıdır. Məhkəmə kollegiyası son olaraq maraqlı şəxsin diqqətinə çatdırır ki, o, qeyd edilən halla bağlı cinayət işi yekunlaşdıqda və bu hal təsdiqləndikdə bu zaman mövcud halı təsdiqləyən sənədlərlə bağlı ilkin olaraq vergi orqanına, nəticə olmadıqda isə aidiyyəti məhkəməyə müraciət təqdim edə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1544/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.