Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-25/2024 30.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-597/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh firması tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına(bundan sonra- cavabdeh) qarşı 1.028.552,53 manat əsas borcun, 138.377,10 manat faiz məbləğinin, 210.724,38 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 8025,74 manat əldən çıxmış faydanın, ümumilikdə 1.385.679,75 manat məbləğin, 400 manat mediasiya xərcinin, 1082,84 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə baxmış Şəki Kommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. “Prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, qətnamə tərəflərə qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməmiş, qətnamə elektron kabinetə yerləşdirildikdən sonra elektron bildiriş tərəflərə göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən “Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir”. Eyni zamanda həmin məcəllənin 135.8-ci maddəsinə (məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi) əsasən “Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır”. Məcəllənin tələbindən göründüyü kimi məhkəmə hər hansı bir sənədi elektron kabinet vasitəsilə çatdırması üçün sənədin həmin kabinetə yerləşdirməsindən sonra elektron bildiriş göndərməlidir ki, tərəfin həmin sənədin kabinetə əlavə edildiyi barədə məlumatı olsun. Lakin bu halda məhkəmə belə bir bildirişi onların elektron ünvanlarına göndərməmişdir. Təsadüfən elektron kabinetə olan sənədlərə baxarkən məhkəmə tərəfindən kabinetə qətnamənin yerləşdirildiyi müəyyən edilmişdir. Qətnamə 17 oktyabr 2023-cü il tarixində kabinetdə müəyyən edildiyindən qətnamənin alınması da həmin tarixdən hesablanmalıdır. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-597/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, verilmiş şikayətin geri qaytarılması qərara almışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh firmasının xx.xx.2021-ci il tarixdən yaradılmış elektron kabineti mövcuddur. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-597/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin və məhkəmə icraatı zamanı sonuncunun vəkili olmuş Vəkil2 elektron kabinetinə yerləşdirilmiş və bu barədə məktub məlumat üçün cavabdehin kabinetində yerləşdirilmişdir. Məhkəmə tərəfindən məhkəmə sənədlərinin proses iştirakçısının elektron kabinetinə yerləşdiriməsi barədə qanunvericilikdə məhkəmə üçün vəzifə müəyyən edilməmişdir. Belə ki, vəkilin istinad etdiyi Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi istinad olunan maddədə məhkəmənin üzərinə öhdəlik qoyulmamışdır və maddədə qeyd edilən məlumat “Elektron məhkəmə” informasiya sistemi tərəfindən avtomatik göndərilir. Bu məlumatın göndərilməsi məhkəmə aparatı əməkdaşlarının iradəsindən asılı olmadığından və sistem tərəfindən avtomatik göndərildiyindən cavabdeh tərəfin mülahizələri əsassızdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edildiyi kimi məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və xx.xx.2023-cü il tarixdə saat 16:46-da cavabdehin və cavabdehin məhkəmə icraatı dövründə vəkili olmuş Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə qətnaməsi elektron kabineti olan proses iştirakçısının kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada çatdırılmış hesab olunur. Məhkəmə icraatı tərəflərinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhz eyni qaydada məlumat verilmiş və tərəflərin icraat zamanı vəkilləri məhkəmə iclaslarında iştirak etmiş, cavabdehin vəkili vəsatətlər vermişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin işə yeni qoşulmuş vəkilinin ərizədə göstərdiyi dəlillər hər hansı əsasa söykənməyərək sadəcə müddətin ötürülməsinə haqq qazandırmaq məqsədi ilə gətirdiyi dəlillərdir və deyilənləri təsdiq edəcək sübut mövcud deyildir. Halbuki hər bir tərəf istinad etdiyi halları sübut etməyə borcludur. Cavabdehin vəkili qətnamədən xx.xx.2023-cü il tarixdə məlumatları olduğunu əsas gətirsə də, bu halı təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi Elektron Məhkəmə İnformasiya sistemində elektron kabineti mövcud olan proses iştirakçılarına məhkəmə sənədləri, o cümlədən digər sənədlər həmin kabinet vasitəsi ilə təqdim edilir. Proses iştirakçısı Elektron Məhkəmə İnformasiya sistemində elektron kabinet yaratdığı zaman məlumatlandırılması ilə bağlı vasitəni özü seçir, seçimin edilməyəcəyi ilə bağlı sistem tərəfində edilmiş xəbərdarlıqla tanış olur ki, proses iştirakçısı kabinetdən istifadə qaydaları ilə tanış olmuş və razılaşmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, qəbul edilmiş qətnamənin və buna dair bildirişin sistem vasitəsilə təqdim edilməsi yalnız iş üzrə tərəf ola biləcək proses iştirakçılarına münasibətdə edilən hərəkətlərdir ki, göstərilən vəziyyətdə cavabdehin hazırki vəkili iş üzrə məhkəmə icraatında iştirak etməmişdir. Belə ki, iş üzrə qətnamə qəbul edildiyi xx.xx.2023-cü il tarixdə hazırki şikayəti verən Vəkil3 etibarnamə üzrə səlahiyyətli nümayəndə olmamışdır. İş materiallarına əlavə edilmiş etibarnamədən müəyyən olunur ki, şikayəti verən Vəkil3 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nümayəndə qismində cavabdehi təmsil etmək səlahiyyəti verilmişdir. Göründüyü kimi qətnamədən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi hər hansı üzrlü səbəbdən deyil, cavabdehin buna ehtinasız yanaşması nəticəsində baş vermişdir. Cavabdeh həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət “prosessual müddətin bərpa edilməsi barədə” ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətə baxmış birinci instansiya məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-597/2023 nömrəli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. Hazırkı halda isə “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, cavabdehin elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (email) qeyd edilməmişdir. Belə olan halda isə həmin şəxsə Mülki Prosessual Məcəllənin 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə sənədinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürülməsi mümkün olmamışdır. Qeyd olunan hallar nəzərə alındıqda müəyyən edilir ki, prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan əsasla buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdur. Şikayətin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməlidir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh firması tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” Cavabdeh firması tərəfindən verilmiş ərizə təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-597/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-25/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-25/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver