Məhkəmə qərarları › İş №2-2(107)-26/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-26/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-26/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və iddiaçının digər nümayəndəsi (vəkili) X1, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “307116 manat əsas borc, 80428,74 manat cərimə olmaqla cəmi 387544,74 manat borcun, 30 manat dövlət rüsumunun, 20000 manat məhkəməyə müraciət edilməsi ilə bağlı olan xərclər və vəkillə bağlanan müqavilə xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin iddianı təmin etmə tədbiri ilə bağlı xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “307116 manat əsas borc və 80428,74 manat cərimə olmaqla cəmi 387544,74 manat borcun, 30 manat dövlət rüsumunun, 20000 manat məhkəməyə müraciət edilməsi ilə bağlı olan xərclər və vəkillə bağlanan müqavilə xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin bank hesablarındakı pul vəsaitlərinə iddia həcmində 387544,74 manat, habelə 20000 manat məhkəməyə müraciət edilməsi ilə bağlı olan xərclər və vəkillə bağlanan müqavilə xərci məbləğində həbs qoyulması, pul vəsaiti olmadıqda cavabdehin əmlaklarına (avadanlıqları, Qəbələ şəhəri E.Kərimov küçəsi 34) həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim R.A.Məcidov) xx xxxxxx 2021-ci il tarixli, e- 2-2(117)-105/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-nin işçilərinin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla aktiv bank hesablarında olan 387544,74 manat məbləğ həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması və ərizənin qalan hissələrdə rədd edilməsi qərara alınmışdır. Cavabdeh MMC şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadının ləğv edilməsini və cavabdehin pul vəsaitlərinə həbs qoyulması növündə olan iddianın təmin etmə növünün cavabdehə məxsus daşınar və daşınmaz əmlak, o cümlədən əsas vəsaitlərinin üzərinə həbs qoyulması barədə təmin tədbiri növünə dəyişdirilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil şikayətin təmin edilərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2- 2(117)-105/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin etmə növünün cavabdehə məxsus daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təmin tədbiri növünə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 və iddiaçının digər nümayəndəsi (vəkili) X2 şikayətin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlaküzərinə həbs qoyulur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur. Qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək üçün məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə mülki prosessual qanunvericilikdə müəyyən edilmiş ardıcıllıqla həbs qoyula bilər. Məhkəmə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və mütənasib olduğunu araşdırmalıdır. Bu zaman məhkəmə həm də əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlərə uyğun gəlməyən iddianı təmin tədbirlərinin görülməsinə yol verilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 20000 manat məhkəməyə müraciət edilməsi ilə bağlı olan xərclər və vəkillə bağlanan müqavilə xərci ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən ərizə qismən, işçilərin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsinə ayrılacaq vəsait istisna olmaqla, cavabdehin aktiv bank hesablarında olan 387544,74 məbləği həddində pul vəsaitlərinin üzərinə həbs qoyulmalıdır. Aktiv bank hesablarının müəyyən edilməsi (vergi orqanları və s.) və məhkəmə qərarının icra edilməsi icra qurumları tərəfindən icra olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin aktiv bank hesablarında olan 387544,74 məbləği həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə razılaşmır. Məhkəmə kollegiyası cavabdehin bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyulmasının onun maliyyə-təsərrüfat fəaliyyətinə mənfi təsir edəcəyi, istehsalatı iflic vəziyyətə sala biləcəyi barədə dəlilləri əsaslı hesab edərək iddianı təmin tədbirinin növünün dəyişdirilməsini məqsədəuyğun hesab edir. Ona görə də məhkəmə kollegiyаsının qənaətincə, birinci instansiya məhkəməsinin iddianın təmin tədbiri barədə qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət əsaslı sayılmaqla təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin iddianı təmin etmə tədbiri ilə bağlı xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadı dəyişdirilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə blaxdıqda qərardadı tam və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin iddianı təmin etmə tədbiri ilə bağlı xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-105/2021 nömrəli qərardadı dəyişdirilsin. Həmin qərardadla müəyyən olunmuş «iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-nin işçilərinin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla aktiv bank hesablarında olan 387544,74 manat məbləğ həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması» növündə iddianı təmin tədbiri «Cavabdeh MMC-nin eyni (387544,74 manat) məbləğ dəyərində minik avtomobilləri, digər nəqliyyat vasitələri və avadanlıqlarının üzərinə həbs qoyulması» ilə əvəz edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar