Məhkəmə qərarları › İş №2-2(107)-26/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-26/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-26/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 3154 manat pulun məbləğinin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-2(117)-1005/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı cavabdehin hərəkətlərinə qiymət verilməsi ilə bağlı Qaradağ RPİ 10-cu Polis Bölməsinə müraciət etmişdir. Bölmədə aparılmış araşdırma zamanı cavabdehin izahatı alınmış və sonuncu izahatında bildirmişdir ki, 10 il bundan öncə malları ona verəndə mallar defektli çıxmış və heç kim malları almamışdır. O, iddiaçıya malları geri göndərəcəyini bildirmişdir. O, demişdir ki, hələ göndərmə qoy qalsın, bəlkə satılar. O, iddiaçıya bildirmişdir ki, ayaqqabı ayaqda oynayır bu mallar işləməyəcəkdir. O, iddiaçı ilə güclü işləmiş və ona xeyir vermişdir. Onlar belə razılaşmışlar ki, satılmayan mallar iddiaçının, satılan mallar isə cavabdehindir. 10 ildən sonra qayıdan ayaqqabılar çürüyüb, lakin qaytara bilər.

2. Polis orqanı tərəfindən iddiaçıya mübahisənin mülki xarakterli olması barədə məlumat verilir və məhkəmə orqanlarına müraciət edə biləcəyi barədə ona izah verilmişdir.

3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışdır. Təxminən 15 ildən çoxdur ki, Binəqədi rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzində mağazaların birində ayaqqabı satışı ilə məşğul olur. Təxminən 7-8 il bundan öncə Cavabdeh onun mağazasına gələrək topdan ayaqqabı alaraq Yevlax şəhərində yerləşən mağazasında satmaq istədiyini bildirmişdir. O, Cavabdeh bir neçə topdan ayaqqabı vermişdir. Davamlı olaraq Cavabdeh müəyyən vaxtlarda ayaqqabılar satmış, cavabdeh ayaqqabıları alıb getmiş bəzən ayaqqabıların pulunu verib, bəzən isə 1 ay sonra ödəyəcəyini bildirmişdir. O, sonuncunun sözlərinə inanmış, ayaqqabıların pulunu almadan vermişdir. Hal-hazırda Cavabdeh ondan aldığı ayaqqabılara görə 3154 manat borcu vardır. Cavabdeh ondan satmaq üçün aldığı və hazırda pulunu vermədiyi ayaqqabıların qiyməti cəmi 3154 manatdır. Dəfələrlə cavabdehlə ona borclu olduğu pulun verilməsilə ilə bağlı əlaqə saxladığı zaman hər dəfə onu yubadaraq 1 həftəyə və ya 1 aya verəcəyini bildirmişdir. Lakin bu vaxta qədər cavabdeh ona borclu olduğu pulu verməmişdir. Cavabdeh pulu vermədiyindən məcbur qalıb Bakı şəhər Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə müraciət etməli olmuşdur. Polis Şöbəsində də işinə düzgün baxılmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə Yevlax Rayon Məhkəməsinə edərək bildirmişdir ki, o, dəfələrlə iddiaçıya mallarının götürlüməsini xahiş etsə də sonuncu mallarını geri götürməmiş və müddət keçdikdən sonra ondan pul tələb edir. İddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qətnaməsi ilə iddia müddəti tətbiq olunmuş və bu səbəbdən iddia tələbi rədd edilmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi tərəfindən şikayət qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş 3 ədəd alqı-satqı dəftərlərindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə 600 manat dəyərində ayaqqabının alqı-satqısı baş tutmuş, lakin cavabdehin adının qarşısında mənfi işarəsi qoyulmuş və cavabdehin qeyd olunan məbləğdə borcu qalmışdır.

7. Sonuncu dəfə cavabdehlə xx.xx.2018-ci il tarixdə və 2020-ci ilin noyabr ayında alqı-satqı həyata keçirilmişdir ki, həmin alqı-satqıya görə isə borc qalmamış, alqı-satqı zamanı alınan əşyanın dəyəri cavabdeh tərəfindən ödənilmişdir. II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahatında bildirmişdir ki, o, Binə bazarında ayaqqabı ticarəti ilə məşğul olur. Təxminən 7-8 il bundan qabaq Cavabdeh ona yaxınlaşaraq ayaqqabı almaq istədiyini bildirmiş və onlar razılaşmışlar. O, malları bəzən nağd şəkildə, bəzən isə bir neçə gündən sonra pulunu ödəmək şərti ilə alırdı. Bu ötən illər ərzində cavabdehin ona 3154 manat məbləğində borcu qalmışdır. O, dəfələrlə ondan borcu ödəməyini tələb etmişdir. O isə ona pulu ödəyəcəyini bildirmişdir. Lakin borcu ödəməmişdir. O, Cavabdeh polisə şikayət etmişdir. Bundan sonra aralarında telefon danışığı olmuşdur. O, onun bazarda başqa şəxslərə də borcunun olduğunu, onların borclarını istəmədiklərini, ancaq onun istədiyini, buna görə də borcunu ödəməyəcəyini, hara istəyirsən gedib şikayət edə biləcəyini bildirmişdir.

9. İddiaçı birinci instansiya məhkəməsinin suallarına cavab olaraq bildirmişdir ki, 2019-cu ildə cavabdehlə aralarında alqı-satqı münasibəti olmuşdur. Bundan sonra axırıncı dəfə 2020-ci ilin noyabr ayında aralarında alqı-satqı münasibəti olmuşdur. Bu zaman cavabdeh aldığı malların pulunu nağd şəkildə ödəmişdir. Aralarında sonuncu alqı-satqı münasibəti 2020-ci ilin noyabr ayında olub. Bu münasibətlər davamlı olduğuna görə iddia müddəti keçməmişdir.

10. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 15 noyabr 2023-cü il tarixli, 2-2(117)-1005/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olsa da, iddiaçı tələb etmə müddətini ötürmüş və cavabdehin müddətin tətbiqinə dair müraciətinə əsasən iddia tələbi rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 373.2, 375.1, 375.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600-cü maddəsinin 1-ci və 3-cü bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 3 ədəd dəftər, arayışlar, teleqramlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...qətnaməni qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, o, ilə 7-8 il öncə tanış olmuşdur. Cavabdeh onun mağazasına gələrək ondan topdan ayaqqabı almaq istədiyini bildirmişdir. Bununla da aralarında ticarət münasibəti başlamışdır. Bu minvalla aralarında 2020-ci ilin noyabr ayının 16 kimi ayaqqabı satışı ilə bağlı ticarət münasibətləri olmuşdur. 2020-ci ilin noyabr ayının 16-da cavabdeh ondan ayaqqabı götürmüş və bundan sonra ticarət münasibətlərini pozmuşdur. O, ayaqqabı ticarətindən yaranmış borcu hesablayaraq 3154 manat olduğunu müəyyən edərək cavabdehdən tələb etmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək bu günsabah verəcəyini deyərək yaranmış borcun qaytarmaqdan yayınmışdır. Bundan sonra o, məcbur olub onun bu hərəkətlərindən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət etmişdir. Cavabdeh polis idarəsində izahat verərkən qeyd etmişdir ki, 3154 manat borcu vardır. Bundan başqa aralarında olan telefon danışığı zamanı cavabdeh qeyd etmişdir ki, “mənim mala görə borcu var səndən pul almamışam”. Əlavə olaraq qeyd etmişdir ki, “şikayəti geri götür, əlimdə pulum olanda verəcəm”. Qeyd olunanlar onu təsdiq edir ki, cavabdehin onunla olan ayaqqabı ticarətindən ona 3154 inanar borcu vardır. Məhkəmə iddianı rədd edərkən iddia müddətini tətbiq etmişdir. Məhkəmə bu hissədə də qərəzli olduğundan işin hallarını tam və düzgün qiymət vermədiyindən iddia müddətini düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehlə onların ticarət münasibətləri 2020-ci ilə kimi davam etdiyindən borc həmin vaxtda yaranmışdır. İş materiallarından da göründüyü kimi cavabdeh borcun olmasını Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində xx.xx.2022-ci il tarixdə izahat verərkən etiraf etmişdir. Bundan başqa cavabdeh borcu olması barədə aralarında 2022-ci il tarixdə baş tutmuş telefon danışığı zamanıda etiraf etmişdir. Qeyd olunanlar işin mübahisəsiz halı olmaqla, ona dəlalət edir ki, mövcud iddia tələbi ilə bağlı iddia müddəti keçməyib və ümumiyyətlə müddətinin axımı kəsilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmamış və beləliklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-2(117)-1005/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

21. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

26. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

29. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

30. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

31. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

32. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

33. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-2(117)-1005/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. Bu halı tərəflər inkar etmir, əksini bu halı izahatları təsdiq etmişlər. 2016-2017-ci ilə aid satış dəftərindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016cı il tarixdə 600 manat dəyərində ayaqqabının alqı-satqısı baş tutmuş, lakin cavabdehin adının qarşısında mənfi işarəsi qoyulmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin qeyd olunan məbləğdə borcu qalmışdır. Tərəflər arasında alqı-satqıdan irəli gələn münasibətlər davam etmiş, iddiaçı 2019 və 2020-ci illərdə münasibətlərin omasını iddia etsə də, təqdim edilmiş dəftərlərdən eyni zamanda müəyyən edilmişdir ki, sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə və 2020-ci ilin noyabr ayında alqı-satqı həyata keçirilmişdir ki, həmin alqı-atqıya görə isə cavabdehin borcu qalmamış, algı-satqı zamanı alınan əşyanın dəyəri onun tərəfindən ödənilmişdir.

52. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia olunan borc xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixləri arasında yaranmışdır.

53. Beləliklə təqdim edilmiş sübutlar, iddiaçı və cavabdehin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən tərəflər arasında alqı-satqıdan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öhdəliyini icra edərək əşyaları cavabdehə təqdim etmiş, lakin cavabdeh əşyaların dəyərini tam ödəməyərək iddiaçıya borcu qalmışdır.

54. Lakin iddia tələbi əsaslı olsa da, iddiaçı tələb etmə müddətini ötürmüşdür.

55. Belə ki, müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə tərəflər arasında ilk dəfə alqı-satğıdan irəli gələn münasibətlər baş tutmuş və cavabdehin 600 manat borcu qalmışdır. Bundan sonra tərəflər arasında münasibətlər davam etdirilmiş, xx.xx.2018-ci il tarixdə və 2020-ci ilin noyabr ayında alqı-satqı həyata keçirilmişdir ki, həmin alqı-atqıya görə isə borc qalmamış, algı-satqı zamanı alınan əşyanın dəyəri cavabdeh tərəfindən ödənilmişdir.

56. Göründüyü kimi, borcun əhatə dövrləri xx.xx.2016-xx.xx.2018-ci il tarixləri aralığını əhatə edir. İddiaçı məhkəmə kollegiyasının iclasında aralarında işgüzar münasibətlərin olduğunu və cavabdehin borcu ödəyəcəyi barədə vədinə inanaraq ona borclu ola-ola nağd şəkildə ayaqqabı satdığını bildirdi. Cavabdeh isə borcun olmasını satılmamış qalan və defekt malların olması ilə əlaqələndirir.

57. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borcun yarandığı, yəni tərəflər arasında alqı-satqı zamanı borcun yaranma tarixlərindən hesablanır.

58. İlk borcun yaranma tarixi xx.xx.2016 və xx.xx.2019-cu il tarixləri aralığında olmuşdur ki, hər bir tarix üzrə iddia müddətinin bağlanğıcı hesablandıqda 3 illik iddia müddəti ötür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və iddiaçı xx.xx.2019-cu il tarixdən sonra cavabdeh tərəfindən yaranmış borcundan ödəniş etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

59. xx.xx.2019 və 2020-ci ilin noyabr ayında tərəflər arasında baş tutmuş alqı-satqıya münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin tarixlərdə alqı-satqının baş verməsi iddia müddətinin axımına təsir etməmişdir. Belə ki, həmin tarixlərdə cavabdeh yeni məhsullar əldə etmiş və onların dəyərini ödəmişdir.

60. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

61. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

63. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-2(117)-1005/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-2(117)- 1005/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar