Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-27/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin(bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə” dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 yanvar 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə cavabdeh arasında bağlanılmış 23 iyul 2019-cu il tarixli, MK 103 nömrəli müqaviləyə (bundan sonra -Müqavilə) əsasən lizinq verən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı( Traktor Belarus-892 və PGD diskli mala) cavabdehə satmalı, cavabdeh isə Müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügüdən texnikanın dəyərinin lizinq ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə lizinq verənə ödəməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərfindən ödənişlər tam ödənilənədək lizinq verənə məxsusdur. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi Akt ilə rəsmiləşdirilir. Müqavilənin 9-cu bəndinə əsasən Müqavilə 5(beş) il müddətinə qüvvədədir. 5/289 nömrəli 20 avqust 2019-cu il tarixli və 0085 nömrəli 20 avqust 2019-cu il tarixli aktlardan görünür ki, lizinq obyekti olan kənd təsərrüfatı texnikaları- Traktor Belarus-892 və PGD diskli mala cavabdehə təhvil verilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, lizinq verən-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı hüquqi forması dəyişdirilərək Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Müqavilənin məbləği 51.948 manat, cavabdehin ödədiyi məbləğ 10.989 manat, güzəşt edilmiş məbləğ 19.129,49 manat, gecikdirilmiş borc 12.925,18 manat, hesablanmış cərimə 6.902,15 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, MK-103 nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd Traktor “Belarus- 892” və PGD diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və lizinq müqaviləsi üzrə 12.925,18 manat məbləğində əsas borc, 6.902,15 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-27/2023 nömrəli iş üzrə qəbul etdiyi 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK-103 nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq predmeti olan 1 ədəd Traktor “Belarus-892” və 28 diskli malanın saz və işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılması, Cavabdeh lizinq müqaviləsi üzrə 12.925,18 manat pulun, 200 manat cərimə borcunun və 81,8 manat mediasiya xərcinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddia tələbini qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xx.xx.2019-cu il tarixli, MK103 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı lizinq alana satmağı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.4-cü bəndinə əsasən texnikadan istifadə üçün ödəniş cədvəlində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.4-cü bəndində göstərilən hal baş verdikdə lizinq verən lizinq alanın borclu olduğu məbləği və ödənişin gecdikdirildiyi hər günə görə gecikdirilmiş məbləğin aylıq ödənişin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini təmin edir. xx.xx.2019-cu il tarixli Texnikanın alıcıya təhvili barədə aktlarına əsasən Belarus-892 markalı traktor və və PGD-28 diskli mala cavabdehə təhvil verilmiş və bu hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 363,83 manat məbləği annuitet qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iş materiallarında olan sənədlərdən də göründüyü kimi öhdəliyini tam şəkildə yerinə yetirməmiş və bu səbəbdən də ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi, müvafiq texnika və avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun həmin tarixə 12.925,18 manat əsas borcu və 6.902,15 manat cərimə borcu yaranmışdır. Əsas borc iş materialları ilə tam təsdiq edilir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə tam, cərimə borcuna münasibətdə isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “6902,15 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tərəflərin mənafelərini, lizinq borcu üzrə cərimənin yaranmasına səbəb iddiaçınn hazırkı vaxta kimi məhkəməyə müracət eməməsini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 12.925,18 manat məbləğində əsas borcun, 200 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK-103 nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və Cavabdeh lizinq predmeti olan 1 ədəd traktor “Belarus-892” və 28 diskli mala saz və işlək vəziyyətdə alınaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK-103 nömrəli daxili maliyyə lizinq müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan və həmin müqavilənin 10.1.2ci bəndinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və yaxud lizinq obyektini istifadəyə verirsə, lizinq verənin müqavilənin icrasından birtərəfli imtina edərək lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Lizinqə verən lizinq predmetini lizinq alan başqa şəxslərə verirsə və ödəniş qrafiki üzrə ödənişləri bir dəfədən artıq ödənişini gecikdirdikdə lizinq predmetlərinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Hazırki müqavilə üzrə texnikalar cavabdeh tərəfindən qardaşının istifadəsinə verilmiş, sonuncu isə həmin texnikanı başqa şəxsin istifadəsinə vermişdir. Bunu cavabdeh də izahatında təsdiq edir. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 462.1, 462.3, 467, 747.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəf müqaviləyə imza atsa da, cavabdehden hər hansı texnikanın lizinqə götürmədiyini bildirmiş, iddiaçı tərəfindən lizinq obyekti faktiki olaraq cavabdehə deyil, onun qardaşı X1 lizinqə verilmiş, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını vəsətət kimi qiymətləndirməyərək həqiqətə nail olmaq üçün sonuncunu məhkəmə icraatına cəlb etməmiş, bununla da, birinci instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 47.2, 78.2, 85 və 184.4-cü maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi lizinq obyektinin cavabdehə lizinqə verilməsi qənaətinə gəlsə də, lizinq obyektinin faktiki olaraq başqa şəxsin istifadəsində olmasını və əslində X1 lizinqə verilməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən lizinq obyektinin cavabdehə lizinqə verilməsi, müqavilə rəsmiləşdirildiyi andan onun istifadəsində olması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi lizinq müqaviləsinin iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilməsi qənaətinə gəlsə də, bu işin hallarına uyğun olmamış, əslində tərəflər arasında rəsmiləşdirilmiş müqavilə görüntü üçün bağlanmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Cavabdeh özü bildirir ki, lizinq obyekti onun istifadəsində deyil, halbuki müqavilə onunla bağlanıb və lizinq obyekti məhz cavabdehə təhvil verilib. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və o, qətnaməni qismən-iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh bildirir ki, işə baxmış Rayon Məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin görüntü üçün bağlandığını, həmin müqavilə üzrə lizinq obyektinin cavabdehə faktiki verilmədiyini, müqavilə və təhviltəslim aktının formal olaraq imzalandığını araşdırmamışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh bu ifadə ilə tərəflər arasında bağlanmış müqaviləni faktiki olaraq etibarsız olduğunu bildirir. Lakin cavabdeh, həmin müqavilənin etibarlılığını mübahisələndirməmiş, iddiaçıya qarşı müvafiq iddia qaldırmamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən apellyasiya şikayətinin müzakirə edilən dəlilinə tətbiqi nəticəsində müəyyən edilir ki, yuxarıda qeyd edilən müqavilənin etibarlılığı hazırki icraat zamanı şübhə doğurmamalıdır; apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Digər tərəfdən Məhkəmə bildirir ki, lizinq müqaviləsinə əsasən müqavilə bağlandıqdan sonra iddiaçı “lizinqə verən”, cavabdeh isə “lizinq alan” hesab olunmuşdur. Cavabdeh lizinq müqaviləsi üzrə texnikaların təhvil-təslim aktını imzaladığı andan həmin texnikalar cavabdehin istifadə və sahibliyin verilmiş əşya sayılmışdır. Cavabdeh lizinq obyektinin 3-cü şəxsdə olduğunu bildirsə də, bu iş materialları ilə öz təsdiqini tapmır. Bu hal öz təsdiqini tapsa belə, cavabdehin lizinq müqaviləsi və təhvil-təslim aktını imzaladıqdan sonra texnikaları 3-cü şəxsin (cavabdehin qardaşının) sahiblik və istifadəsinə verməsi həmin şəxsi iddiaçı qarşısında “lizinq alan”a çevirmir, cavabdehi isə müqavilə üzrə üzərinə götürmüş olduğu məsuliyyətdən və öhdəliklərdən azad etmir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı cavabdehə satmağı, sonuncu isə müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh, müqavilə şərtlərinə riayət etməmiş və lizinq ödəmələrini gecikdirmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə görə, cavabdehin iddiaçıya lizinq müqaviləsi üzrə 12.925,18 manat məbləğində əsas borc, 6.902,15 manat məbləğində cərimə borcu mövcuddur. Göstərilənlərə əsasən müəyyən edilir ki, lizinq alan olan cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Hər bir halda, cavabdeh, bunun əksini təsdiq edə və iddia tələbinin əsaslığını şübhə altına ala biləcək sübutlara malik deyil, malik olmuş olsa belə həmin sübutları Məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da vurğulayır ki, cavabdeh tərəf öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilməməklə yanaşı, ümumiyyətlə bu halı, həmçinin ondan tutulması tələb edilən əsas borcun məbləğini mübahisələndirmir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, cavabdehdən lizinq müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə 12.925,18 manat məbləğində əsas, 6.902,15 manat məbləğində cərimə borcunun ödənilməsini, habelə lizinq obyektinin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını tələb etməkdə, birinci instansiya məhkəməsi isə cərimə borcuna aid tələbi qismən, digər tələbləri isə tam həcmdə təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-27/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-27/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver