Məhkəmə qərarları › İş №2-2(107)-28/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-28/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-28/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi; İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə avans olaraq ödənilmiş və müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən qanunsuz olaraq cavabdeh - Cavabdeh MMC-də saxlanan 6.785,64 (altı min yeddi yüz səksən beş manat altmış dörd qəpik) AZN məbləğdə avans pul vəsaiti, həmin vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə hesablanmış 416,91 (dörd yüz on altı manat doxsan bir qəpik) AZN olmaqla, ümumilikdə 7.202,55 (yeddi min iki yüz iki manat əlli beş qəpik) AZN məbləğdə pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 93 (doxsan üç) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh MMC-dən birdəfəlik qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair” Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1359/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 07/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı (Cavabdeh MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satmağı, alıcı isə alqı-satqı predmetini qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 8.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur.

2. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə 06/24 nömrəli alqı-satqı müqaviləsi əsasən, satıcı (Cavabdeh MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satmağı, alıcı isə alqı-satqı predmetini qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən alıcı alınmış malların dəyərini satıcı tərəfindən təqdim edilən sənəd (qaiməfaktura, hesab-faktura, vergi-hesab faktura) əsasında müəyyənləşdirilmiş qaydada köçürmə yolu ilə satıcıya 10 təqvim günü müddətində və ya əvvəlcədən tam ödəməyi öhdəsinə götürmüşdür. 8.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək qüvvədədir.

3. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən benzin Aİ-92 adda malın 1 litrinin dəyəri 1 manat, Benzin Aİ-95 Premium adda malın 1 litrinin dəyəri 2 manat, dizel yanacağının 1 litrinin dəyəri 0,80 manat təşkil edir.

4. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, iddiaçı öhdəliklərini yerinə yetirmiş, buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən qalıq borcu 6785,64 manat təşkil etmişdir ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki müəssisənin möhürü ilə təsdiq edilmişdir.

5. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə dəyəri razılaşdırılmış yanacaq mallarının qiymətini cavabdehə ödəmiş, buna dair ödəniş tapşırığı, üzləşmə aktı, elektron qaimə fakturaları məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 6785,64 əsas borcu qalmışdır.

6. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçının onunla müqavilə hüquq münasibətlərinə davam etməkdə marağının itməsinə səbəb olmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini sistematik şəkildə icra etmədiyi üçün iddiaçı və cavabdeh arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi, iddiaçının avans olaraq ödədiyi və hal-hazırda qanunsuz olaraq cavabdehin sahibliyində saxlanan 6785,64 manat məbləğdə pul vəsaiti, həmin vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin müddəasına uyğun olaraq hesablanmış 416,91 manat olmaqla, ümumilikdə 7202,55 manat məbləğində pul vəsaiti cavabdehdən birdəfəlik qaydada tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, hazırkı tələbə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əsas borcu cavabdeh tərəf üzləşmə aktı ilə təsdiq edir, eyni zamanda, Mərzəki Bankın uçot faiz dərəcəsi olaraq illik 7.25 faizlə bir il üçün əldən çıxma fayda istəyirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının veb səhifəsindən çıxarışdan müəyyən edilir ki, bank uçot dərəcəsi xx.xx.2024-cü il tarixdə 7,75 %, xx.xx.2024-cü il tarixdə 7,5% və xx.xx.2024-cü il tarixdə 7,25 % olmuşdur.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, borcu qəbul edirlər və ayda 1000 manat ödəyə biləcəklərini iddiaçı tərəfə bildirmişlər. Nümayəndələri rəhbərlikləri ilə danışmış, lakin onlar razı olmamış, məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Bir neçə şirkətə də külli miqdarda borcları var. Amma iddiaçı tərəfdən gördüyü münasibəti heç birindən görmədiklərini bildirmişdir.

10. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1359/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilə ləğv edilməsi, Cavabdeh MMC-dən 6785,64 manat əsas borc, həmin vəsaitin cavabdehdə saxlanılmasına görə 316,98 manat pul və 93 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə iddia tələbinin İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi” hisəssinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli alqı-satqı müqaviləsi 3 il müddətinə (xx.xx.2027-ci il tarixədək) bağlanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd edilən müqavilə üzrə cavabdehdən ödənilməmiş qalıq borcu tələb etdiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməlidir.

12. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bağlanmış 06/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı alqı-satqı predmetinin dəyərini ödəsə də, satıcı (Star Petrol” MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyini laızmınca yerinə yetirmədiyindən ödənilməmiş 6785,64 manat borcu qalmışdır ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki tərəfin möhürü əks olunmuş xx.xx.2024cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.

13. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə dəyəri razılaşdırılmış yanacaq mallarının qiymətini cavabdehə ödəmiş, buna dair ödəniş tapşırığı, üzləşmə aktı, elektron qaimə fakturaları məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 6785,64 manat əsas borcu qalmışdır ki, cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcu etiraf etmişlər. Bu səbəbdən 6785,64 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə “416,91 manat pulun da tutulması”na münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 416,91 manat pulu əldən çıxmış fayda kimi 7.25 faiz dərəcəsi ilə tələb etdiklərini bildirmişdir ki, iddiaçı tələbinin bu hissəsini Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırır. Göründüyü kimi MM-in 449.1-ci maddəsi faiz ödənilməsini özündə əks etdirir ki, bu səbəbdən 416,91 manat pula münasibətdə məhkəmə tərəfindən əldən çıxmış fayda kimi deyil, özgəsinin pul vəsaitini qanunsuz saxlanılmasına görə ödənilməli faiz kimi hüquqi qiymət verilir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 449.1, 567 və 600.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.

17. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri, qiymətlərin razılaşdırılması protokolu, üzləşmə aktı, elektron qaimə fakturalar, ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hesab edirlər ki, məhkəmə prosessual hüquq normalarını düzgün tədbiq etməmiş və sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən faiz məbləğini 7.25 % dərəcəsinə uyğun olaraq tələb etdiklərini, eyni zamanda bir il üçün hesabladıqlarını bildirmişdir. İddiaçı tərəf həmin məbləği bir il üçün hesabladıqlarını bildirsə də, iddiaçıya məxsus nə qədər pul vəsaitinin və hansı vaxtdan cavabdeh tərəfindən qanunsuz saxlanması ilə bağlı dəlillərini məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə iddiaçının pul vəsaitinin cavabdeh tərəfindən qanunsuz saxlanma vaxtı kimi, tərəflər arasında xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri ərzində aparılmış əməliyyatlara görə, qalıq məbləğlə bağlı üzləşmə aktının imzalandığı vaxtı əsas götürmüşdür. Halbuki, iddiaçı vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə hesabladığı 416.91 manatın hansı tarixləri əhatə etməsinə dair heç bir sübut təqdim etməmişdir. Yəni, iddia tələbini həmin hissədə sübut edə bilməmişdir. Lakin, məhkəmə işə baxarkən qanunla müəyyən edilmiş səlahiyyət həddini aşaraq, iddia tələbinin sübut olunmayan hissəsində öz mülahizələrinə uyğun müddət hesablayıb cavabdeh üçün əlavə borc öhdəliyi yaratmışdır. Ona görə də Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1359/2024 saylı qətnaməsini “6785,64 manat əsas borcun qanunsuz olaraq cavabdehdə saxlanılmasına görə 316,98 manat pulun tutulub İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edərək, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı İddiaçı MMC tərəfindən etiraz daxil olmuş, həmin etirazda qeyd edilmişdir ki, cavabdehdə qarışıqlığa səbəb olmuş məqam faizin Mərkəzi Bankın 2024-cü il üzrə uçot dərəcəsi ilə hesablanmasında olub. Bu o demək deyil ki, 2024-cü ilin bütün ay və günləri üzrə pul vəsaiti mütləq cavabdehin qanunsuz sahibliyində qalmalıdır. Sadəcə olaraq vəsaitin qanunsuz saxlanma müddəti 2024-cü ildə daha çox müşahidə olunduğuna və mübahisə də 2024-cü ildə məhkəmənin icraatında olduğuna görə həmin il üzrə uçot dərəcəsi əsasında faiz məbləği hesablanıb. Bir sözlə, pul vəsaiti istər bir ay, istər on ay, istərsə də bir il və ya daha uzun müddət cavabdehdə saxlanıbsa, artıq sözügedən maddənin müddəaları tətbiq edilir. Burada əsas diqqət edilməli olan məqam odur ki, pul vəsaitinin cavabdehdə saxlanması sübuta yetirilsin. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcud olan hesablaşmaların qarşılıqlı üzləşmə aktı, ödəniş tapşırıqları və e-qaimələrdən də göründüyü kimi, iddiaçı həqiqətən də cavabdehə avans pul vəsaiti köçürüb, lakin cavabdeh iddiaçının sifarişində yanacaq verməkdən imtina etməsi səbəbindən avans pul vəsaiti cavabdehin qanunsuz sahibliyində saxlanılıb. Cavabdeh həmin pul vəsaitini öz dövriyyəsində istifadə etməklə, ondan fayda götürüb. Bu fakt cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə prosesi zamanı etiraf edilib. Odur ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1359/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə xahiş etmişlər.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini “6785,64 manat əsas borcun qanunsuz olaraq cavabdehdə saxlanılmasına görə 316,98 manat pulun hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

31. Maddə 445. Borclunun icranı gecikdirməsi - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. (...).

32. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (...).

33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

34. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2- 2(117)-1359/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Müəyyən edilmişdir ki, tərəflər arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bağlanmış 06/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı isə alqı-satqı predmetinin dəyərini ödəsə də, satıcı (Star Petrol” MMC) bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş neft məhsullarını alıcıya satılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyini laızmınca yerinə yetirmədiyindən ödənilməmiş 6785,64 manat borcu qalmışdır ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki tərəfin möhürü əks olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.

52. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 06/24 nömrəli müqavilənin ləğv edilməsi; iddiaçı “tərəfindən cavabdehə avans olaraq ödənilmiş və müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən qanunsuz olaraq Cavabdeh MMC-də saxlanan 6.785,64 manat məbləğində avans pul vəsaitinin, həmin vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə hesablanmış 416,91 AZN olmaqla, ümumilikdə 7.202,55 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 93 manat məbləğdə dövlət rüsumunun Cavabdeh MMC-dən birdəfəlik qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə çıxartmış olduğu qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

53. Mübahisəyə baxan birinci instansiya məhkəməsi müəyyən edtmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə dəyəri razılaşdırılmış yanacaq mallarının qiymətini cavabdehə ödəmiş, buna dair ödəniş tapşırığı, üzləşmə aktı, elektron qaimə fakturaları məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 6785,64 manat əsas borcu qalmışdır.

54. Birinci instansiya məhkəməsinin iclsasında iştirak edən cavabdehin nümayəndəsi 6785,64 manat əsas borc məbləğini etiraf etmişdir.

55. Apellyasiya şikayətinin yeganə dəlili iddiaçının vəsaitin qanunsuz olaraq cavabdehdə saxlanmasına görə hesablanan məbləğin sübut edə bilməməsinə baxmayaraq, məhkəmənin iddia tələbini həmin hissədə öz mülahizələrinə uyğun müddət hesablayıb təmin edərək cavabdeh üçün əlavə borc öhdəliyi yaratması barədədir.

56. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsassız sayaraq qeyd edir ki, işin diqqətə layiq halı ondan ibarətdir ki, pul vəsaitinin cavabdehdə saxlanması sübuta yetirilmişdir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcud olan hesablaşmaların qarşılıqlı üzləşmə aktı, ödəniş tapşırıqları və e-qaimələrdən də göründüyü kimi, iddiaçı həqiqətən də cavabdehə avans pul vəsaiti köçürüb, lakin cavabdeh iddiaçının sifarişində yanacaq verməkdən imtina etməsi səbəbindən avans pul vəsaiti cavabdehin qanunsuz sahibliyində saxlanılıb.

57. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli 06/24 nömrəli alqı-satqı müqaviləsi bağlandığı tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 7 ay 22 gün üçün 7,25 % dərəcəsi ilə 6785.64 manat borca münasibətdə hesablanmış faiz 316,98 manat (6785,64 x 7.25 % = 491.96 manat - 1 il üçün; 491.96 / 12 = 40.99 manat – aylıq; 40.99 / 30 = 1,3663 – günlük; 7 x 40.99 = 286,93 manat, 22 x 1,3663 = 30.05, cəmi 7 ay 22 gün üçün (286.93 + 30.05 = 316.98 manat)) təşkil edir.

58. Məhz bu səbəbdən tələb bu hissədə qismən təmin edilərək 316.98 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

59. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

60. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

62. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

66. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1359/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

67. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (47-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)- 1359/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar