Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-29/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi(bundan sonra - ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) qarşı “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 yanvar 2023-cü il tаrixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Vergi ödəyicisi olan "xxxx" MMC öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 566.147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 16.856,66 manat, İcbari Tibbi Sığorta Fonduna 4.893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1.151,2 manat borcu yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi, maraqlı şəxsə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin dövlət büdcəsinə olan vergi üzrə 566.147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16.856,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4.893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1.151,2 manat borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1984-cü il təvəllüdlü, Şəki şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA seriyalı- 0247845, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin vergi üzrə 566.147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16.856,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4.893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1.151,2 manat məbləğində borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-41/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) ərizənin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırkı iş məhkəmənin icraatına daxil olduğu xx.xx.2022-ci il tarixdən sonra "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli, **********52483542AS saylı sərəncamın icrası üçün 12.529,56 manat İri Sığortaedənlər İdarəsinə, xx.xx.2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına 4.900 manat, Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 1.160 manat və 4.500 manat ödəniş edilmişdir. Vergi orqanı xx.xx.2022-ci il tarixli, **********881800 nömrəli məktubunda qeyd edilən borcların mövcud olduğu bildirmişdir. Lakin ümumi məlum olan faktiki vəziyyət odur ki, dövlət büdcəsinə edilən vergi və digər ödənişlər ödənildiyi gündən ən azı 2 gün sonra müvafiq elektron sistemə daxil edilir. Qeyd edilən ödənişlər xx.xx.2022-ci il tarixdə edilmiş, məhkəmənin məktubuna isə xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Məhkəmə tərəfindən bununla bağlı vergi idarəsinə təkrarən xx.xx.2023-cü il tarixdə borcların dəqiqləşdirilməsi məqsədilə müraciət ünvanlanmış, vergi orqanı tərəfindən araşdırılmanın davam etdiyi və nəticəsi barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə cavab veriləcəyi qeyd edilsə də, borcun olub-olmamasına hazırkı vaxta kimi hər hansı münasibət bildirilməmişdir. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən xx.xx.2022- ci il tarixdə Vergi Xidmətinə şikayətlə müraciət edərək ona hesablanmış vergi borcunun təqdim etdiyi sənədlər nəzərə alınmaqla azaldılması xahiş edilmiş, müraciətlərə cavab olaraq müvafiq araşdırma aparıldığını və nəticəsi barədə məlumatın veriləcəyi bildirilmişdir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə 3 məhkəmə baxışı keçirilmiş, vergi ödəyicisi tərəfindən icbari tibbi sığorta, işsizlikdən sığorta və sosisal sığorta borcları ödənilsə də, vergi borcunun əsassız hesablanması ilə bağlı vergi orqanında araşdırma aparılması səbəbindən vergi borcunun mövcud olması ilə bağlı məsələ vergi orqanı tərəfindən tam aydınlaşdırılmamışdır. Bundan əlavə maraqlı şəxsin övladı-oğlu, xx.xx.2015-ci il təvəllüdlü İlham Məmməd- Bağırovda xroniki xəstəlik olan “Phelan-Mcdermid sindromu” aşkar edilmişdir ki, həmin xəstəliyə cavabdeh tərəfindən təqdim edilmiş Türkiyənin “X3 Tanı Mərkəzi” xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışı, Amerikanın “X4” xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışı ilə Phelan-Mcdermid Syndrome və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarış ilə mərkəzi sinir sisteminin degenerativ xəstəliyi adı altında diaqnoz qoyulmuşdur. Bununla əlaqədar olaraq maraqlı şəxs həyat yoldaşı və xəstə uşağı ilə birgə xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə İstanbula getmiş və müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2020ci il tarixlərdə Azərbaycana qayıtmışdır. İş materiallarına əlavə olunmuş yazışmalardan və reseptlərdən aydın olur ki, xx.xx.2015-ci il təvəllüdlü İlham Məmməd-Bağırov 28 mart 2023-cü il tarixində professor çocuk sağlığı və hastalıkları uzmanı Burak Tatlı tərəfindən müayinə olunmalıdır və bunun üçün TC İstanbul şəhərinə getməlidir. Odur ki, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən tibbi rəy, vətəndaşların pasportunun (özü, arvadı və uşağın pasportu) surətindən və müayinə sənədlərdən müəyyən edilir ki, iş üzrə maraqlı şəxsin oğlu xx.xx.2015-ci il təvəllüdlü İlham Məmməd-Bağırov xroniki xəstəlikdən əziyyət çəkir, maraqlı şəxs uşağın xəstəliyi ilə əlaqədar mütəmadi olaraq xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə Türkiyə Respublikasına müayinə və müalicə üçün getmişdir. Eyni zamanda, maraqlı şəxsə məxsus Azərbaycan Respublikası vətəndaşlarının C00926865 (C02763098 və C********) nömrəli Pasportlarında qeyd edilən ölkədən çıxış və daxil olma haqqında qeydlərlə tibbi rəy və müayinə sənədlərində olan müddətlər üst-üstə düşür. Məhkəmə belə vəziyyətdə şəxsin yaşamaq və sağlamlıq hüququnun, onun dövlət vergilərini ödəmək vəzifəsinin icrası baxımından ədalətli tarazlılığının nəzərdən keçirilməsini zəruri hesab edir. Məhkəmə belə vəziyyətdə maraqlı şəxsin övladının yaşamaq hüququnun və sağlamlığının qorunmasının hüququnun təminatı baxımından onun övladının ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə almaya bilməz. Düzdür dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri ödəmək hər bir şəxsin borcudur və bu konstitusion prinsipdir, bu vəzifə heç bir hada istisna edilə bilməz. Hazırkı vəziyyətdə isə maraqlı şəxsin azyaşlı övladının Konstitusiyada göstərilən vəzifələrinin icrası üçün yaşamaq hüququnun və sağlamlığının qorunması hüququnun təminatı daha zəruridir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC-nin, həmçinin fiziki şəxs olaraq onun icra orqanının rəhbəri olan Maraqlı şəxs dövlət büdcəsinə olan vergi və sığorta borcu ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması azyaşlı övladının hüquqlarının, onun qanuni maraqlarının və bu sahədə dövlətin maraqlarının təminatı baxımından qanuni və ədalətli hesab edilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-5.2.2-ci, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3- cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2, 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin istinad etdiyi ödənişlər təqdim edilmiş ərizədə qeyd olunan borcları tam bağlamır. Vergi ödəyicisinin hazırda müvafiq büdcələrə ərizə üzrə ödənilməmiş borcları mövcuddur. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən vergi ödəyicisinin borcunun olması kifayət edir ki, vergi orqanı tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təqdim edilsin. Maraqlı şəxsin övladının xəstəliyi ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə özü də qeyd edir ki, vergi ödəyicisinin müvafiq büdcələrə ödənilməmiş borcları mövcuddur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, rəhbəri olduğu MMC-nin DSMF-yə, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borcları işə birinci instansiya məhkəməsində baxılan zaman ödənilmişdir. MMC-yə kameral qaydada 566.147,22 manat vergi borcu hesablanmışdır. Həmin borcun hesablandığı qərar tərəfindən mübahisələndirilmişdir və qərar ləğv edilmişdir. Hazırda MMC-nin heç bir vergi borcu yoxdur, əksinə MMC-nin balansında artıq ödənilmiş məbləğ var. Dedikləri MMC-nin vergilər üzrə vərəqində öz təsdiqini tapır. Ərizəçi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Maddə 9.3. ətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 15-5.2. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı vəzifələri vardır: ---- 15-5.2.2. sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: --- 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan "xxxx" MMC xx.xx.2022-ci il tarixə vergi üzrə 566.147,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 16.856,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4.893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1.151,2 manat məbləğində borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinə 4.900 manat, DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 1.160 manat və 4.500 manat, xx.xx.2022-ci il tarixdə DSMF-yə 12.529,56 manat ödəniş edilmişdir. Eyni zamanda, İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Namazlı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “müraciətə baxılmasının nəticəsi haqqında” məktubdan görünür ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar ləğv olunaraq "xxxx" MMC-nin şəxsi hesab vərəqində müvafiq düzəliş edilmişdir. "xxxx" MMC-nin vergilər üzrə şəxsi hesab vərəqəsindən görünür ki, MMC-nin vergi borcu yoxdur, əksinə 73.167,42 manat artıq ödəməsi var. Hazırki iş üzrə ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan ərizəçi bildirir ki, müvafiq büdcələrə ödənilməmiş borcları mövcuddur. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən də göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" MMC-yə 566.147,72 manat vergi borcunun hesablandığı xx.xx.2022-ci il tarixli qərar vergi orqanının özü tərəfindən ləğv edilmiş və qeyd olunan vergi borcu silinmişdir. "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 16.856,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4.893,12 manat, İşsizlikdən Sığorta Fonduna 1.151,2 manat borc məbləği isə "xxxx" MMC tərəfindən müvafiq qurumların hesabına ödənilmişdir. Bu baxımdan Məhkəmə müzakirə edilən dəlili əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisəni düzgün həll etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-29/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-29/2023
04.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver