Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-29/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: borcun silinməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 016907 nömrəli akt əsasında hesablanmış 3570,28 manat borc məbləğinin **********7 nömrəli abonent hesabından silinməsi tələbinə dаir” kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1204/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Göyçay rayonu, Aşağı Qaraməryəm kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 016907 nömrəli aktdan görünür ki, elektrik sayğacı xüsusi maqnit vasitəsi ilə dövriyyədən kənarlaşdırılır. Belə ki, elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq, elekrik sayğacının üst sağ gövdə hissəsinə qoyulduğu üçün hesablama mexanizminin dövriyyəsi məhdudlaşdırılır. Bu səbəbdən, elektrik sayğacının hesablayıcı mexanizmi sayğac dövriyyəsindən axan cərəyanı qeydə edə bilmir. Sayğac elektron tipli sayğacla əvəz olunmalıdır.
3. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama müddəti xx.xx.2023-cü il tarixi göstərir.
4. İş materiallarında olan video görüntüdən görünür ki, İddiaçı enerjitəchizatı müəssisəsinin əməkdaşının maqniti niyə sayğaca yerləşdirmisiz sualına satıcı “maqnit heç nəyi dayandırmır” deyərək cavab vermiş və maqnitin olmasını təsdiq etmişdir.
5. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchizatını baxış keçirilməsi tarixindən (xx.xx.2023-cü il) əvvəlki 3 ay müddəti üzrə hesablanması qaydası belədir: 13.2 kv.t x 12 saat x 90 gün = 14256 kvt saat. Tarif (0,11 manat) – 14256 kvts x 0,11 = 1568,16 manat.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək 3570,28 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, sayğac şəbəkəyə cavabdeh təşkilatın müvafiq idarəsinin razılığı ilə qoşulmuşdur. Həmin sayğacın işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsidir. Həmçinin, qeyd etmişdir ki, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə etiraz göndərərək bildirmişdir ki, aktın tələb hissəsində “sayğac elektron tipli sayğacla əvəz olunsun” qeydiyyatı aparılmışdır. Həmin akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Akt tərtib edilən zaman mağazada işləyən satıcı isə iştirak etməsinə baxmayaraq aktı imza etməkdən imtina etmişdir. Yoxlama zamanı sayğacın içərisində maqnit aşkar edilmişdir. Məhkəməyə təqdim edilən videoda da bu öz əksini tapmışdır. Belə ki, enerjitəchizatı müəssisəsinin əməkdaşının maqniti niyə sayğaca yerləşdirmisiz sualına satıcı “maqnit heç nəyi dayandırmır” deyərək cavab vermiş və maqnitin olmasını təsdiq etmişdir. “Elektrik enerjisindən İstifadə Qaydaları”nın 8.17-ci, 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı və iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.
8. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən hallarla əsaslandırmışdır.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1204/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 016907 nömrəli akt əsasında hesablanmış 2,002.12 manat borc İddiaçı hesabından silinməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh "xxxx" ASC-dən 33,65 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi, İddiaçı 24,46 manat, cavabdeh "xxxx" ASC-dən 31,24 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2, 2.1, 3.1, 3.2, 13.2, 13.3, 20.1, 20.2 və 34.1ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18, 7.19, 8.17, 10.18.9-2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
12. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)- 1204/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunlu olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfin bildirdiyi fikirlər tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Əgər orada maqnit aşkar ediblərsə, o zaman qanunsuz əməli Şəbəkənin öz əməkdaşları edib və ya ictimai yolda quraşdırılmış sayğacın toxunulmazlığına iddiaçı necə qarant dura bilər. Məhkəmə maddi hüquq nörmalarına istinad etsə də onların tətbiq edilmə dairəsini düzgün müəyyənləşdirməmişdir. Məhkəmə tərəfindən də istinad olunan sübutlardan da göründüyü kimi X4 məxsus sahibkarlıq sahəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlama müddəti xx.xx.2023-cü il tarixi göstərməklə X2 adına açılmışdır. Bu da onu deməyə əsas verir ki, X4 məxsus sahibkarlıq sahəsinin enerji təchizatı ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmamış, həmçinin yoxlama aparılarkən qanunvercilikdə imperatif qaydada X1 Agentliyinin cəlb edilməsi nəzərdə tutulsa da bu edilməmişdir. Məhkəmənin X2 adına Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmasını İddiaçı məxsus sahibkarlıq sahəsində yoxlamanın aparılmasının qanuni olmasına əsasdır qiymətləndirməsi xüsusilə düzgün olmamışdır. Çünki mübahisəli cərimə məbləği X5 üçün yox yalnız İddiaçı münasibətdə hüquqi nəticə yaradır və bu baxımdan subyektiv hüquq sahibi kimi yalnız İddiaçı çıxış edə bilər. Bundan əlavə, məhkəmənin qanuni hesab etdiyi cavabdeh təşkilatın “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsaslanaraq hesabladığı 1568.16 manat cəriməni müəyyən etməsində də düzgün nəticəyə gəlməmişdir. Belə ki, sahə üzrə nəzarətçi hər ay iki dəfə gələrək sayğacın göstəricisini qeydiyyata almaqdadır və orada hər hansı kənarlaşma olsa idi hökmən aşkar edəcəkdir. Məhkəmənin üç alıq hesabatı o halda əsas götürə bilərdi ki, cavabdeh təşkilat nöqsanın aşkar etdiyi tarixdən üç ay öncədən sayğaca texniki başını keçirilməsi ilə bağlı sübut təqdim edərdi. Nə qədər ki, sayğaca texniki baxışın keçirilməsi ilə bağlı sübut təqdim edilməyib o zaman üç aylıq müddət üçün hesabatın əsas götürülməsi qanunsuz olacaqdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1204/2023 saylı qətnaməsinin qismən, iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
15. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”:
23. Bənd 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
24. Bənd 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
25. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
26. Bənd 10.18.9-2. elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
27. Maddə 1.1.2. Sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir.
28. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
38. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
39. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1204/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlama müddəti xx.xx.2023-cü il tarixi göstərməklə X2 adına açılmışdır. Abonent İddiaçı olsa da, ticarət mağazasını onun qardaşı X3 idarə etdiyindən yoxlama sonuncunun adına açılmış, sənədləşmə isə İddiaçı adında aparılmışdır. Bu fakları İddiaçı mobil telefonla aparılmış araşdırma zamanı etiraf etmişdir.
48. İş materialənda olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchizatını baxış keçirilməsi tarixindən (xx.xx.2023-cü il) əvvəlki 3 ay müddəti üzrə hesablanması qaydası belədir: 13.2 kv.t x 12 saat x 90 gün = 14256 kvt saat. Tarif (0,11 manat) – 14256 kvts x 0,11 = 1568,16 manat.
49. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
50. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
51. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır və hazırki vəziyyətdə iş materialları ilə sübut olunur ki, yoxlama düzgün aparılmışdır.
52. İş materiallarına əlavə edilmiş video görüntü ilə sübut edilir ki, iddiaçı tərəfindən sayğaca maqniti yerləşdirilməsi təsdiq edilir. Belə ki, o, enerjitəchizatı müəssisəsinin əməkdaşının maqniti niyə sayğaca yerləşdirmisiz sualına satıcı “maqnit heç nəyi dayandırmır” deyərək cavab vermiş və maqnitin olmasını təsdiq etmişdir.
53. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlama müddəti xx.xx.2023cü il tarixi göstərməklə X2 adına açılmışdır. Abonent İddiaçı olsa da, ticarət mağazasını onun qardaşı X5 idarə etdiyindən yoxlama sonuncunun adına açılmış, sənədləşmə isə İddiaçı adında aparılmışdır. Bu fakları İddiaçı mobil telefonla aparılmış araşdırma zamanı etiraf etmişdir.
54. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işıq sayğacına müdaxilədə iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirildiyindən 1568,16 manat hissədə borc məbləği düzgün hesablanmışdır.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maqnitin sayğaca Şəbəkənin (cavabdehi) əməkdaşları tərəfindən qoyulması barədə dəlilini əsassız sayaraq qeyd edir ki, iddiaçı bu halı təsdiq edən sübutları təqdim etməmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
58. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
59. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
60. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1204/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (43-cü bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tаrixli, e-2-2(117)-1204/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov