Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-32/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiаsı qismən təmin edilərək, Cavabdeh 23700 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. İşin halları İddiaçı ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisi olmaqla uzun illərdir yaxın münasibətdə olduğu insan olmuşdur. 2013-cü ilin oktyabr-noyabr aylarında cavabdeh Zarağan kəndində özünə məxsus 2-3 mərtəbəli ticarət obyektini inşa etdirməyə başlamışdır. Həmin dövrdə yol tikintisi ilə bağlı sökülmüş obyektin kompensasiyası kimi 170000 manat məbləğində pul almış və həmin pula özü üçün yeni ticarət obyekti inşa etdirmişdir. Ticarət obyektinin inşası zamanı cavabdehin pulu qurtardığından obyektin inşası yarımçıq qalmış, inşanın başa çatdırılması üçün cavabdeh ona müraciət etmiş və tikintinin başa çatdırılmasına vəsait qoyacağı təqdirdə obyektin 1-ci mərtəbəsini onun istifadəsinə verəcəyini bildirmişdir. İddiaçı həmin vaxt Qəbələ şəhərində xırda ticarət mağazası işlətdiyindən və cavabdehə inandığından 2013-cü ilin oktyabr-noyabr aylarından 2015-ci ilin sonlarınadək obyektə 23700 ABŞ dolları məbləğində vəsait qoymuşdur. Obyekt böyük olduğundan cavabdeh bankdan kredit götürəcəyini bildirmiş, lakin kreditin alınması 2017-ci ilin fevral ayına qədər yubanmışdır. Cavabdehdən verdiyi pulu tələb etsə də, sonuncu obyekti “Makromart” mağazalar şəbəkəsinə icarəyə verərək borcunu qaytaracağını bildirmiş, lakin hazırkı vaxtadək qaytarmamışdır. Borcun qaytarılmaması səbəbindən ona xeyli maddi ziyan dəymişdir. Bundan başqa 23700 ABŞ dolları məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoysaydı, 3 ildən artıq müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən 10000 ABŞ dollarına yaxın gəlir əldə edəcəkdi. Bundan əlavə cavabdehin öhdəliklərini pozması, borcu ödəməkdən boyun qaçırması onun mənəvi iztirablar və sarsıntı keçirməsinə səbəb olmuş və özünə inamsızlıq hissi yaratmışdır. Bunun nəticəsində də ona mənəvi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, həmkəndlisi İlqarın Qəbələ rayonu Zarağan kəndində torpaq sahəsi vardır. İlqar ona yaxınlaşaraq obyekt tikməyə imkanı olmadığını bildirmiş və ona tikməkdə kömək etməyi və iş qurmağı təklif etmişdir. Bir müddət razılaşmadıqdan sonra fikirləşib ki, tez bir zamanda tikilib başa çatacaq, bu səbəbdən razılaşmış və tikintiyə həm pul vəsaiti ilə, həm də başqa formada köməklik göstərmişdir. Sonradan görmüşdür ki, tikinti tikilmir aralarında narazılıq yaranır, pulunu tələb etmiş, lakin cavabdeh qaytarmamışdır. Cavabdeh ona bildirir ki, təmir etdirdiyi sahədə işləməsinə mane olmur, lakin, həmin ərazini başqa şəxslərə icarəyə vermişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ona yaxınlaşaraq tikinti aparıb pal-paltar satmaq üçün 700 kvadratmetr yer verməyini istəmiş, sonradan tikinti yarımçıq qalmışdır. İddiaçı iddia etdiyi kimi 23700 ABŞ dolları deyil, 10500 manat pul xərcləmişdir. Bina iddiaçının pulu ilə deyil, onun tərəfindən tikilmişdir. İddiaçı yalnız obyekti təmir edib, orada işləməli idi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İlqarın obyektinə tikinti işləri üçün ustaları aparmışdır. İlqar 2013-cü ildə ona zəng edərək Elşənin obyektdə malyar işləri gördürəcəyini, oranı paltar mağazası etmək istədiyini və ona usta lazım olduğunu bildirmişdir. Elşənlə danışandan sonra usta briqadası gətirmiş, ustalar işləmişlər və pulunu almışdır. İş sonradan yarımçıq qalmışdır. Orada iş görülən arada maşınla gəldilər. maşından sarışın oğlan düşdü, bank işçisi idi. Gəldilər oraya ki, ona işi göstərsin bankdan pul götürsün. Görmüşdür ki, onlar binanın qabağında dayanıb söhbət edirlər. Onlar gedəndə İlqarın dalınca getmişdi ki, iş barədə söz soruşsun. Pakoil yanacaq doldurma məntəqəsinin yanında onları saxlatmışdır. Bu zaman orada oğlan da maşından düşmüş, İlqara kağıza qol çəkdirmişdir. Soruşanda isə İlqar bildirmişdir ki, Elşən pul götürmək istəyir bankdan, ona görə pulu hara xərclədiyinə baxmaq üçün bankın işçisi gəlib. İlqar dedi ki, yəni Elşən bura pul yatırıb. Pulun nə qədər olduğunu dəqiq bilmir, təxminən 20000-dən söhbət gedirdi. O, beton işi gördürürdü, malyar işi ikinci mətrəbədə görülüb. Birinci mərtəbədə beton işləri görmüş, pulu Elşəndən almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, qonşusu demişdir ki, İlqarın obyektində iş var. O da malyar işlərini bacarır. Birinci mərtəbədə iş götürmüşdür. Dedilər ki, Elşənin yeridir, birinci mərtəbəni götürüb, orada mağaza açacaq. Özü ilə danışdıqdan sonra 1000 kvadratdan yuxarı malyar işi görmüşdür, pulunu da 1180 manat Elşəndən almışdır. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)- 106/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, iddia tələbinin maddi və mənəvi ziyan hissəsində də tam təmin edilərək Cavabdeh 23.700 ABŞ dolları məbləğində əsas vəsaitin, 10.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 15.000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, ümumulikdə 33.700 ABŞ dolları və 15.030 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin tamamilə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehin obyektinin tikintisinə 2013-cü ilin oktyabr ayından 2015-ci ilin sonunadək 23.700 ABŞ dolları məbləğində vəsait qoymuşdur. Cavabdeh ona bildirmişdir ki, banklardan kredit götürəcək və tezliklə tikinti başa çatacaq. Lakin İlqar banklardan kredit götürə bilmədi və obyektin tikintisi 2017-ci ilin mart ayınadək uzandı. Onun obyekt üçün verdiyi vəsait dörd ilə qədər cavabdehin günahı ucbatından səmərəsiz qaldı. Bundan sonra İlqarın onu aldatdığını anladı. Ona görə də pulunu almaq üçün məhkəməyə müraciət etdi. Məhkəmə isə onun iddiasını qismən təmin edərək ona dəymiş maddi və mənəvi ziyanı isə nəzərə almamışdır. O, 23700 ABŞ dolları məbləğində pulu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoysaydı, 3 ildən artıq müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən 10000 ABŞ dollarına yaxın gəlir əldə edəcəkdi. Bundan başqa cavabdehin bu hərəkətləri ilə güclü mənəvi sarsıntı da keçirmişdir. Məhkəmə bu faktı da nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə Zarağan kəndində ticarət obyektinin inşasına başlamış və 2012-ci ilin noyabr ayında obyekti inşa edib yekunlaşdırmışdır. Obyekt tikilsə də onun təmir işləri qurtarmamışdır. 2013-cü ilin noyabr ayında İddiaçı adlı bir şəxs ona yaxınlaşaraq obyektin birinci mərtəbəsində olan 750 kv.m sahəni təmir edərək onu icarəyə götürmək istədiyini bildirmişdir. Onların razılığı belə olmuşdur ki, həmin təmirsiz hissəni Elşən öz hesabına təmir edəcək, işə başladıqdan sonra isə onunla icarə müqaviləsi bağlanacaq və müqavilənin şərtlərinə uyğun olaraq Elşənin ödəyəcəyi icarə haqqından onun təmirə çəkdiyi pullar özünə qaytarılacaqdır. Bu məqsədlə də Elşən 2013-cü ilin noyabr ayında təmir işlərinə başlamış və 40-45 gün işləri apardıqdan sonra hansı səbəbdənsə işi dayandırmışdır. Təmirin dayanmasının səbəbini ondan soruşduqda o, tezliklə işə başlayacağını bildirirmişdir. Müəyyən vaxtdan sonra işə Elşən saxta bank işçisi adı altında bir nəfəri gətirərək bankdan pul götürəcəyi məqsədilə və vaxtilə banka olan borcunu örtbasdır etmək üçün onunla “bank işçisi” arasında saxta bir sənədin yazılmasına nail olmuşdur. Hazırki dövrdə də polis orqanlarına verməyinə baxmayaraq həmin “bank işçisi”nin şəxsiyyətini müəyyənləşdirmək üçün tapılmamışdır. Cavabdeh iş gördürərkən istifadə olunan tikinti materialını o almışdır. Bununla əlaqədar qaimə fakturaları da ərizəsinə əlavə edir. Həmçinin ustalar iş gördükdən sonra onlara veriləcək əmək haqqının xeyli hissəsini iddiaçı verməkdən imtina etdiyi üçün o, vermişdir. Bununla əlaqədar işləyən şəxslərin yazılı izahatlarını və şəxsiyyət vəsiqələrinə də məhkəməyə təqdim edir. Ancaq Elşən razılaşmaları əsasında öhdəsinə götürdüyü işi başa çatdırmamış, buna görə də neçə müddətdir ki, həmin sahəni cavabdehin təqsiri nəticəsində o, icarəyə verə bilmir. Qeyd etmək istəyir ki, o, cavabdehə xəbərdarlıq məktubu yazaraq bildirmişdir ki, 2013-cü il tarixdən təmir adı ilə 750 kv.metr sahəsi olan obyektini 28.06.2018-ci il tarixə kimi fəaliyyətsiz saxlamısan. Ən aşağı miqdarda hər ayına 3000 azn pulu və dövlət büdcəsinə həmin pulun 14%-nin vergi ödənilməsini təcili təmin etsin. Lakin cavabdeh onun xəbərdarlıqlarına məhəl qoymamış və nəticədə dövlət büdcəsinədə ziyan vurmuşdur. 3 ildən artıq bir vaxtdır ki, bu sahəni icarəyə verməklə normal dövriyyə şəraitində əldə edəcəyi xeyli gəlirindən məhrum olmuşdur. Cavabdeh isə imkanı olmasına baxmayaraq vədinə əməl etməmiş və onu xeyli zaiyana salmışdır. Həmin ziyanın ödənilməsini tələb edir və obyekti istənilən şəxsə icarəyə vermək qərarına gəlmiş, belə ki, sözügedən obyektin 1600 kv.m-dən ibarət digər hissəsi barədə "xxxx" MMC şirkəti ilə hər kvadrat metrinə görə aylıq kirayə haqqı 6.00 manata olmaqla kirayə müqaviləsi bağlamışdır. Cavabdehin istifadəsinə verdiyi 750 kv.m. sahəni də "xxxx" MMC kirayə istəmiş, lakin cavabdeh buna razılıq vermədiyinə görə icarəyə verə bilməmişdir. Eyni şərtlə kirayə müqaviləsi 750 kv.m. sahəyə dair cavabdehlə 2014-cü ilin əvvəlindən bağlanılması barədə şərtləşmişdir. Lakin cavabdehin yuxarıda qeyd etdiyi hərəkətləri, daha doğrusu hərəkətsizliyi nəticəsində 750 kv.m. qeyri yaşayış sahəsi istifadəsiz qalmış və hər kvadrat metrinə 6.00 manat aylıq kirayə haqqından 2014-2018-ci illər ərzində məhrum olmuşdur. Bu məqsədlə o, sadə bir riyazi hesablama apararaq bildirir ki, 750 kv.metr sahənin 6.00 manatdan pulu 4500 (dörd min beş yüz) manat edir. 4500 (dörd min beş yüz) manatı 12 aya vurduqda 54000 (əlli dörd min) manat edir. 54000 (əlli dörd min) manatı illərin sayına, yəni 6-ya vurduqda 344000 (üç yüz qırx dörd min) manat edir. Bu qayda ilə o, 6 il ərzində 344000 manat əldə edəcəyi gəlirdən məhrum olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)- 106/2020 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin maddi və mənəvi ziyan hissəsində də tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı izahatında əlavə olaraq bildirdi ki, 2015-ci ildən başlayaraq cavabdeh ilə aralarında sözügedən obyekt ilə bağlı müəyyən narazılıqlar yaransa da, cavabdehin ona müəyyən vədlər verməsi, xüsusilə də 2016-cı ildə onun sözügedən obyektə vəsait xərcləməsini təsdiq edən yazılı qəbz təqdim etməsi nəticəsində onun öz öhdəliyini yerinə yetirəcəyinə hələ ümid etmişdir. Onlar eyni kənddən olduqlarından onların arasında olan narazılıqdan məlumatı olan qohum-əqrəbaları və digər tanışları da ona səbrli olmağı, problemlərini öz aralarında həll etməyi məsləhət görmüşlər. Bütün bunlar onda cavabdehin onunla münasibətlərini qaydaya salacağına inam hissi yaratmışdır. Lakin 2017-2018-ci illərdə Cavabdeh onu həmin obyektdən qovmuş, bir daha ora gəlməməsini ona bildirmiş, bununla da cavabdehin onu aldatdığına, sözügedən obyekti onun istifadəsinə verməyəcəyinə, habelə onun həmin obyektin təmirinə çəkdiyi xərci ödəməyəcəyinə tam əmin olduğundan cavabdehin haqqında əvvəlcə polis orqanlarına şikayət etmiş, sonra isə 2018-ci ildə Qəbələ Rayon Məhkəməsinə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən: Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2(025)-112/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan pul vəsaitinin və faizlərin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 23.700 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli 2(107)- 1475/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2(025)-112/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2(025)-112/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 26.08.2019-cu il tarixli 2(102)-5869/2019 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli 2(107)-1475/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2019-cu il tarixli 2(107)- 2955/2019 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2(025)-112/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 31 anvar 2019-cu il tarixli 2(025)-112/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş və İddiaçı aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. 29 mart 2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 29 mart 2016-cı il tarixdə yazılmış qəbzdə, 2013-2014-cü il tarixlərdə İddiaçı, onun xüsusi mülkiyyətindəki Zarağan kəndində yerləşən ticarət (mərkəzinə) obyektinə 23.700 ABŞ dolları (yəni 18500 manat- 0,78 məzənnə ilə) pul vəsaitinin xərclədiyi qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2018-ci il tarixli, 30857 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, 29.03.2016-cı il tarixli qəbzdə «imza» yazısı qrafasındakı imza, «Cavabdeh29.03.2016» yazıları – Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin 23700 ABŞ dolları borcun ödənilməsi hissəsinə münasibətdə ilk öncə onu qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd (müqavilə) mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə öhdəliyi mövcud olmamış, iddiaçı və cavabdehin isə pul vəsaitinin verilməsi və alınması ilə bağlı dəlilləri müxtəlifdir. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşdən görünür ki, İddiaçı 2013-2014-cü illərdə Cavabdeh xüsusi mülkiyyətindəki Zarağan kəndində yerləşən ticarət obyektinə (mərkəzinə) 23700 ABŞ dolları pul vəsaiti xərcləmişdir. Bu fakt Cavabdeh imzası ilə təsdiq edilmiş 29.03.2016-cı il tarixli qəbzlə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, həmin qəbzdəki imza və Ağababayev 29.03.2016 yazıları Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahidlər X4 və X3 da ifadələrində cavabdehə məxsus obyektdə gördükləri işin müqabilində İddiaçı pul aldıqlarını bildirdilər. Göründüyü kimi, şahidlərin ifadələri iddiaçının iddiasının dəlillərini inkar etmir, əksinə iddiaçının həmin obyektə pul vəsaitinin xərcləməsini bir daha təsdiq edir. X1 ona gördüyü işin müqabilində pul vəsaitinin Azərbaycan manatı ilə verildiyi ilə bağlı bildirdikləri iddiaçının cavabdehlə aralarında xarici valyutada deyil, məhz Azərbaycan manatı ilə pul öhdəliyinin yaranmasını istisna etmir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinin İİİ-cu hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bu səbəbdən də xarici valyutada olan pul vəsaiti yalnız Azərbaycan manatına dəyişdirildikdən sonra Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi istifadə edilə bilər. Lakin tərəflərin bir-birinə xarici valyutada pul vəsaitinin verilməsinə isə qanunvericilikdə qadağa mövcud deyildir. Bu isə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərarında nümayiş etdiyi mövqeyə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi növqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi iddia tələbinin 10000 ABŞ dolları əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər başa düşülür. İddiaçı hazırkı iş üzrə 10000 ABŞ dolları məbləğində əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və tərəflər arasında müqavilə mövcud olmadığından pulun qaytarılması müddətini də müəyyən etmək mümkün deyildir. Bu səbəbdən iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bundan əlavə birinci instansiya məhkəməsi iddianın 15000 manat mənəvi ziyanın kompensasiyasının ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanı cavabdehin öhdəliklərini pozması, borcu ödəməkdən boyun qaçırması nəticəsində mənəvi iztirablar və sarsıntı keçirməsi, habelə özünə inamsızlıq hissinin yaranması ilə əsaslandırır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 03.11.2008-ci il tarixli 07 nömrəli Qərarına əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, iddiaçı tətəfindən mənəvi iztirab keçirməsi və bununla da səhhətinin pozulması işin halları ilə təsdiq olunmur. İşin gerçək hallarından göründüyü kimi iddiaçı cavabdehə məxsus obyektdə qeyd etdiyi təmir işlərini 2013-cü ilin oktyabr-noyabr aylarından 2015-ci ilin sonlarınadək aparmışdır. İddiaçının bildirdiklərindən belə nəticə hasil olur ki, o, cavabdehin obyektin 1-ci mərtəbəsini onun istifadəsinə verəcəyi haqqında öhdəliyini yerinə yetirməkdən tam olaraq boyun qaçırmasını və bununla da ona ziyan vurmasını 2017-2018-ci illərdə qəti olaraq bilmişdir. Belə ki, əvvəlki illərdə aralarında müəyyən narazılıqlar yaransa da, cavabdehin ona müəyyən vədlər verməsi, xüsusilə də 2016-cı ildə onun sözügedən obyektə vəsait xərcləməsini təsdiq edən yazılı qəbz təqdim etməsi nəticəsində iddaçı cavabdehin öz öhdəliyini yerinə yetirəcəyinə hələ ümid etmişdir. İddiaçı ilə cavabdeh eyni kənddən olduqlarından onların arasında olan narazılıqdan məlumatı olan qohum-əqrəbaları və digər tanışları da iddiaçıya səbrli olmağı, problemlərini öz aralarında həll etməyi məsləhət görmüşlər. Bütün bunlar iddiaçıda cavabdehin onunla münasibətlərini qaydaya salacağına inam hissi yaratmışdır. Lakin 2017-2018-ci illərdə iddiaçı cavabdehin onu aldatdığına, sözügedən obyekti onun istifadəsinə verməyəcəyinə, habelə onun həmin obyektin təmirinə çəkdiyi xərci ödəməyəcəyinə tam əmin olmuş, hüquqlarının cavabdeh tərəfindən pozulmasını qəti olaraq bilmiş, bundan sonra xərclərinin ödənilməsindən imtina edən cavabdehin haqqında əvvəlcə (2018-ci ildə) polis orqanlarına müraciət etmiş, sonra isə elə həmin 2018-ci ildə Qəbələ Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiyaya görə, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. İddiaçının və cavabdehin apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətləri təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-32/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-32/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver