Məhkəmə qərarları › İş №2-2(107)-32/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-32/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-32/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6671 manat gecikdirilmiş əsas borc və 6438,37 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1560 manat əsas borc və 1500,72 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-57/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 10233 manat olan, xx.xx.2017-ci il tarixli 1510GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 1917 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə götürmüş, müqavilələrə uyğun cavabdeh tərəfindən ilkin ödənişlər edilmiş, qalan məbləğləri isə ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 7671 manat gecikdirilmiş əsas borc və xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 1560 manat əsas borc qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırki iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

3. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 7671 manat gecikdirilmiş əsas borc və 6438,37 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 1560 manat əsas borc və 1500,72 manat cərimə borcu yaranmışdır.

5. İddiaçı xx.xx.2023-cu il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək maliyyə arayışı tərtib edildikdən sonra cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə əsas borcdan 1000 manat ödəniş edildiyini bildirmiş və həmin müqavilə üzrə 6671 manat əsas borcun tutulmasını məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

7. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-57/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6671 manat gecikdirilmiş əsas borc, 100 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1560 manat əsas borc və 20 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 100 manat pul və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, ödənilməmiş 71,53 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh lizinq predmetlərindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləğləri əsas məbləğlərə münasibətdə tənasübsüz yüksəkdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 100 manat, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 20 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqavilələri, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə aramızda bağlanılmış müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və kifayət qədər ödənişlər etmişdir. Eyni zamanda o, həmin məbləğlərin əsas bir hissəsini kəskin Pandemiya dövründə ödəmişdir. Onunla iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanmış müqavilə şərtlərinə əsasən tələb edilən borcun bir hissəsini ödədikdən sonra ona güzəştli şərtlər tətbiq edilməli idi, yəni ona 40 faiz hissə güzəşt edilməli idi. Bununla bağlı etdiyi müraciətlərinə də bu şəkildə cavab verilmişdir. O, müqavilə üzrə ödəməli olduğu pulun 60 faizini ödəyib, qalan hissədə mənə güzəşt tətbiq edilməsini tələb və xahiş edir. Bununla bağlı cənab prezidentiin müvafiq sərəncamı vardır. Eyni zamanda iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ondan tələb edilən borcla bağlı hissə ilə də razı deyildir. Bir daha qeyd edir ki, əvvəlki ödənişləri də diqqətə alınmaqla ona güzəşt tətbiq edilməlidir. Qalan qeyd etdyi həmin məbləğləri də onun ödəməyi üçün müqavilə şərtlərinə əsasən 2028-ci ilədək müddəti vardır. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiasının təmin edilməməlidir və ona güzəştli şərtlər tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-57/2023 saylı qətnaməsini ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

20. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

23. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

24. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

25. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-57/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 10233 manat olan, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 1917 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə götürmüş, müqavilələrə uyğun cavabdeh tərəfindən ilkin ödənişlər edilmiş, qalan məbləğləri isə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddiaçıya xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 6671 manat, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 1560 manat borcu qalmışdır. Bu səbəbdən həmin əsas borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Apellyasiya şikayətinin başlıca dəlilləri cavabdehə lizinq müqavilələri üzrə güzəştlərin tətbiq edilməməsi və müqavilənin müddətinin 2028-ci ilədək olduğundan cavabdehin həmin vaxtadək müqavilə öhdəliklərini yerinə yetirmək imkanının olmasıdır.

39. İşdə olan "xxxx" ASC-nin texnikaların yenidən lizinqə verilməsi barədə 23 avqust 2017-ci il tarixli, 3749/ü nömrəli əmrin surətindən görünür ki, kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi üzrə xüsusi komissiyanın 18 avqust 2017-ci il tarixli protokolu əsas götürülərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 may 2014-cü il tarixli 748- L/14 və 1168/ü xx.xx.2013 nömrəli müqavisinə xitam verilmiş və əmr qüvvədən düşmüş hesab edilmiş, tərəflər arasında bağlanmış 18 avqust 2018-ci il tarixli, 1510-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən Kultivator qarğıdalı üçün 5 cərgəli AGAÇM-5 texnilkası güzəşt tətbiq edildikdən sonra qaliq dəyəri ilə yenidən lizingə verilmişdir.

40. İşdə olan "xxxx" ASC-nin texnikaların yenidən lizinqə verilməsi barədə 23 avqust 2017-ci il tarixli, 3750/ü nömrəli əmrin surətindən görünür ki, kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi üzrə xüsusi komissiyanın 18 avqust 2017-ci il tarixli protokolu əsas götürülərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 mart 2013-cü il tarixli 173- L/14 və 309ü/ xx.xx.2013 nömrəli müqaviləsinə xitam verilmiş və əmr qüvvədən düşmüş hesab edilmiş, tərəflər arasında bağlanmış 18 aprel 2018-ci il tarixli, 837-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən Traktor Belarus-892 texnilkası güzəşt tətbiq edildikdən sonra qaliq dəyəri ilə yenidən lizingə verilmişdir.

41. Göründüyü kimi tərəflər arasında əvvəl bağlanmış lizinq müqavilələrinə xitam verilərək lizinq predmetləri olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən yenidən lizinqə verilmişdir. Ona görə də apellyasiya şikayətinin lizinq müqavilələri üzrə güzəştlərin tətbiq edilməməsi barədə dəlili əsassızdır.

42. Tərəflər arasında bağlanmış liznq müqavilələrinin: 2.1.5-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik (Əlavə №2) ödənişi bir dəfədən artıq aparmadıqda, bu müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. ... 5.1.5 bəndində göstərilmişdir ki, lizinq alan texnikadan istifadə üçün 1 №li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə müqavilənin şərtlərinin pozulması halları hesab edilir. 5.2-ci bəndinə əsasən, 5.1-ci maddəsində göstərilən hallardan biri mövcud olduqda lizin verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, tecnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun , texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir .

43. İş materiallarından görünür ki, cavabdeh ödəniş qrafiki üzrə nəzərdə tutulmuş məbləği dəfələrlə ödəməmişdir. Buna görə də müqavilələrin şərtlərinə görə əlavə olaraq cərimə pulu da hesablanmışdır. Birinci instansiya məhkəməsi isə haqlı olaraq tənasübsüz şəkildə hesablanmış cərimə məbləğlərini azaltmışdır.

44. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayətinin ödəmə məbləğlərini müqavilələrin şərtlərinə görə onların müddəti bitənədək ödəməli olması barədə dəlili də əsassızdır.

45. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

47. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

48. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)-57/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2-2(117)- 57/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar