Məhkəmə qərarları › İş №2-2(107)-32/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-32/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-32/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “lizinq müqaviləsi üzrə əsas borcun və cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh arasında bağlanılmış 17 yanvar 2017-ci il tarixli, 138-GL/17 nömrəli müqaviləyə (bundan sonra -Müqavilə) əsasən lizinq verən ümumi dəyəri 10.880 manat məbləğində olan kənd təsərrüfatı texnikasını(Kombayn taxılyığan Niva Effekt SK-5ME-1) qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Müqavilənin məbləği 10.880 manat, cavabdehin ödədiyi məbləğ 900 manat, gecikdirilmiş borc 8704 manat, hesablanmış cərimə 8968,38 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixli, 138-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8704 manat əsas borcun, 8968,38 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-30/2024 nömrəli iş üzrə qəbul etdiyi 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, cavabeh Cavabdeh xx.xx.2017-ci il tarixli, 138-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8704 manat əsas borc, 200 manat cərimə borcu, 100 manat hüquqi yardımla bağlı xərc və 200 manat mediasiya xərcinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 8704 manat əsas borcu yaranmış və iddiaçı həmin borca 8968,38 manat cərimə borcu hesablamışdır. Odur ki, əsas borcun mövcudluğu iş materialları ilə tam təsdiq olunur. Bundan əlavə Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-2795/2018 nömrəli qətnaməsi ilə cavabdehdən tutulmuş 2176 manat əsas borc və 209 manat cərimə borcu olmaqla, cəmi 2385 manat borc hazırkı tələbə daxil edilməmiş və tələb edilən borcdan qətnamə ilə tutulan məbləğ çıxılmışdır. Belə ki, qətnamə ilə tutulan məbləğ 2176 manat və 8704 manat hazırkı iddia ilə tələb edilən məbləğ toplandıqda qeyd edilən texnikanın qiyməti olan 10.880 manat təşkil edir. İddia tələbinin “cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının xx.xx.2022-ci i tarixdə bitmiş müqavilə üzrə tələbi ilə məhkəməyə gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunveiciliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, ödənilməmiş 143,02 manat dövlət rüsumunun 70,96 manat hissəsi dövlət büdcəsinə aid edilməli, 72,06 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 500 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almışdır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, məhkəmə iclasları vaxtı iclasın keçirməsinə ərizə yazmaqla münasibət bildirməsini və cavabdehin maddi vəziyyətini nəzərə almaqla cavabdehdən hüquqi xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 462.1, 462.3, 467, 747.1, 747-4.3, 747-4.4, 748.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim olunmuş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin qeyd etmişdir ki, məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, məhkəmə iclasları vaxtı iclasın keçirilməsinə ərizə yazmaqla münasibət bildirməsini və cavabdehin maddi vəziyyətini nəzərə almaqla hüquqi xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab edir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 17.672,38 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Digər tərəfdən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Beləliklə, məhkəmə qüvvədə olan qanunvericilik normasını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ilə müəyyən edilmiş pul məbləğindən artıq məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik edilməsini Məhkəmədən xahiş edir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində qətnamənin bir hissəsi, yəni hüquqi yardımla bağlı xərcin tutulmasına aid hissəsinin həll edilməsi ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktın yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hüquqi yardıma görə xərcin tutulması ilə bağlı gəldiyi nəticəni mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyindən hüquqi yardımla bağlı ödənilməli olan 500 manat dövlət rüsumunun 100 manatının cavabdehdən iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə MPMnin 119.1 və 121.1-ci maddələrinin tələbindən çıxış edərək bildirir ki, Bankın apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2024cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar