Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-34/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02/00141 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən tərəfindən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 2 (iki) ay müddətinə cavabdehin istifadəsinə verilmişdir. xx.xx.2020-ci il tarixli “texniki vəziyyət haqqında” aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh istifadə müddətinə (xx.xx.2020xx.xx.2020) cəmi 5.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə 2.500 manat ödəniş edilmişdir, qalıq borc 2.500 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixli lizinq müqaviləsinə əsasən 2.500 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq müqaviləsinə əsasən cavabdeh müqavilə müddətinə cəmi 5.000 manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə ödənilməmiş 2.500 manat borcu qalmışdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, lizinq müqaviləsi əsasında taxılyığan kombaynı 2 aylıq istifadəyə götürmüş, iyun ayının 28-nə kimi işləmiş, iyun ayının 28-də səhhətində problem olduğu üçün Ucar rayon xəstəxanasına getmiş, həkim müayinəsindən sonra ürəyində narahatlıq olduğunu bilmişdir. Göndəriş əsasında X1 getmiş və xx.xx.2020-ci il tarixdə açıq ürək əməliyyatı olunmuşdir. Bundan sonra da işləyə bilməmişdir. Qalıq 2.500 manat borcu da məhz bu səbəbdən yaranmışdır. xx.xx.2022-ci il tarixli Aktla müəyyən edilir ki, lizinq müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilən taxılyığan kombayn xx.xx.2020-ci il tarixdə cavabdehin oğlu Kənan Xəlilov tərəfindən iddiaçıya təhvil verilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-76/2023 nömrəli iş üzrə qəbul etdiyi 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, 02/00141 nömrəli operativ lizinq müqaviləsinə əsasən 249,99 manat borc və 33 manat mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun dövlət gəlirinə tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktla müəyyən edilmişdir ki, taxılyığan kombayn lizinq müqaviləsi əsasında 2 ay müddətinə Cavabdeh verilmiş, sonuncu səhhətində yaranan narahatçılıqla əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə açıq ürək əməliyyatı keçirmiş, kombayn isə Ucar rayon bölməsinin parkına xx.xx.2020-ci il tarixdə iddiaçının oğlu X2 tərəfindən gətirilmiş, Cavabdeh səhhətində olan narahatçılığa görə özü gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Kamil Xəliovin iştirakı ilə təhvil-təslim aktı yazılmışdır. Akt "xxxx" ASC-nin Yevlax RN-nin Ucar RB-nin rəhbəri, mühasibi və Cavabdeh imzaları, habelə "xxxx" ASC-nin Yevlax RN-nin Ucar RBnin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə iki ay müddətində lizinq predmetindən istifadə etməyi və həmin müddət ərzində müəyyən olunmuş muzdu ödəməyi öhdəsinə götürsə də, 2020-ci ilin iyun ayında lizinq predmetindən istifadə etmiş və nəticədə 2.500 manat muzd ödəmişdir. Bundan sonra o, xəstələnmiş və lizinq predmetindən iyul ayında tam istifadə etməmiş, nəticədə oğlu tərəfindən lizinq predmeti xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verilmişdir ki, iddiaçı 2020-ci ilin iyul ayı üçün cavabdehə tam borc hesablamaqda haqlı olmamışdır. Belə ki, qeyd olunduğu kimi lizinq müqaviləsi müəyyən olunmuş muzd müqabilində başqasının əmlakından istifadəni özündə ehtiva edən müqavilədir. Muzdun ödənilməsi üçün lizinq götürən lizinq predmetindən istifadə etməli və lizinq predmetindən istifadə etdiyi üçün muzd ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh 2020-ci ilin 31 iyul tarixinədək istifadə etməli olduğu lizinq predmetini xəstə olması ilə əlaqədar istifadə edə bilməmiş, oğlu tərəfindən lizinq predmeti iddiaçıya xx.xx.2020-ci il tarixdə təhvil verilmiş və tərəflər arasında olan müqavilə münasibətləri dayanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli və cavabdehdən tələb olunan olunan 2.500 manat deyil, 2020-ci ilin iyul ayında lizinq predmetinin onun istifadəsində olan 3 gün üçün muzd iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə əsasında hesablandıqda texnikanın 1 gün istifadəsi üçün ödənilməli muzd 83,33 manat (2500/30) təşkil etdiyindən, cavabdehin lizinq predmetindən 3 gün istifadəsi üçün ödənilməmiş borcu 249,99 manat təşkil edir. Bu səbəbdən iddia qismən təmin edilməklə cavabdehdən 249,99 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 747.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1, 284-5.3 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarına əlavə olunmuş iltizamda və lizinq müqaviləsində cavabdeh müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın boş dayanmasından asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən hallarla bağlı məhkəmə şifahi mülahizələrə əsaslanaraq texnikanın istifadə olunmaması və ya az istifadə olunmasını əsas götürmüş, müqavilə və iltizamda cavabdehin öz üzərinə götürdüyü öhdəliklərə əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynidir. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin olunsa da, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayətini iddiaçı vermişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı birinci instansiya məhkəməsinin iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin yalnız iddiaçıya münasibətdə və mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə əsasən iddiaçı lizinq predmeti olan kombaynı cavabdehin istifadəsinə vermişdir. Müqavilə ilə lizinq predmetinin istifadə müddəti 2 (iki) ay (xx.xx.2020xx.xx.2020) müəyyən edilsə də, cavabdeh lizinq predmetindən bir ay istifadə edərək cəmi 2.500 manat ödəniş etmişdir. Müqavilə müddətinin növbəti ayında, yəni xx.xx.2020-ci il tarixdə lizinq predmeti cavabdehin səhhətində yaranmış problemlə əlaqədar iddiaçıya qaytarılmışdır. Birinci instansiya məhkəməsi lizinq predmetinin müqavilə müddətinin ikinci ayında, yəni iyul ayında cəmi 3 gün müddətində cavabdehin istifadəsində olduğunu əsas gətirmiş, cavabdehin müqavilə üzrə qalıq borcunu da həmin müddət üçün hesablayaraq iddianı qismən təmin etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini nəzərə almamışdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.2-ci maddəsinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, ..... asılı olmayaraq bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu öhdəliyi xx.xx.2020-ci il tarixli “İltizama” imza etməklə də qəbul etmişdir. Göründüyü kimi, tərəflərin razılığa gəldiyi bu müqavilə şərti səbəbindən asılı olmayaraq (o cümlədən lizinq alanın səhhəti ilə bağlı) lizinqə verilmiş texnikanın müqavilə müddəti bitməmişdən əvvəl lizinq verənə qaytarılması halında lizinq alanı lizinq ödənişindən azad etmir. Lizinq alanın səhhətinin pisləşməsi halı Müqavilənin 5.1-ci maddəsində təsbit edilmiş “fors major” hallarına da aid edilməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdeh, qarşılıqlı razılaşdırılmış və müqavilədə öz əksini tapmış müqavilə öhdəliyini, yəni lizinq ödənişini bütün müqavilə müddəti üçün icra etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə xərclərinin ödənilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumunun məbləği 45 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı mediasiya prosesi üçün 60 manat ödəniş etmişdir. Beləliklə müəyyən olunur ki, mediasiya üçün ödənilmiş məbləğ dövlət rüsumu üçün ödənilməli olan məbləği əhatə edir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat mediasiya xərcinin 27 manat hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22,50 manat məbləğində dövlət rüsumu da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilərək yeni qətnamə qəbul edilsin. Cavabdeh 2.250,01 manat borc, 27 manat mediasiya xərci və 22,50 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-34/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-34/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver