Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-34/2024 09.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “X17” MMC(sifarişçi) ilə Cavabdeh(icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056-S nömrəli “soya paxlası istehsalı və alğı-satqısı” barədə müqaviləyə əsasən, icraçı sifarişçinin sifarişi əsasında Oğuz rayonu Padar kəndi ərazisində 9 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 27 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur(bənd 1.2). Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun bazar qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 27.000 manat təşkil edir(bənd 2.1). Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər; 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər; 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4050 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1350 manat məbləğində avans, GP seriyalı 36 nömrəli malların təhvil qəbul aktı ilə 1350 kq nitra amofos, 1350 kq amofos, 920 kq karbomit, 900 kq amonium nitrat, 625 kq toxum olmaqla, ümumi dəyəri 8146,42 manatlıq toxum və gübrə icraçıya təhvil verilmişdir. Qeyd olunan toxum və gübrənin cavabdehə təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli elektron qaimə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan alınmış gübrə və toxumdan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “mal və materialın anbara qaytarılması” haqqında 96 və 118 nömrəli sənədlərlə dəyəri 475 manat olan 125 kq toxum, dəyəri 1017,50 manat olan 550 kq amofos, dəyəri 973,5 manat olan 750 kq nitra amofos, dəyəri 422,42 maat olan 880 kq karbamit, dəyəri 720 manat olan 600 kq ammonium nitrat olmaqla ümumi dəyəri 3608,42 manat dəyərində materialları iddiaçının anbarına qaytarılmış və qaytarma sənədi tərəflərin imzası ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən geri qaytarılmış ümumi dəyəri 3608,42 manat olan gübrə və toxumlara dair iddiaçıya xx.xx.2022-ci il tarixli 477233 və 472978 nömrəli elektron qaimələr verilmişdir. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X17” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 056-S nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 9938 manat borc məbləği və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X17” MMC (hazırkı adı İddiaçı) arasında soya paxlası istehsalı və alğı-satqısı barədə 056-S saylı, 12 may 2022ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Oğuz rayonu, Padar kəndində 9,0 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla, cəmi 27 ton məhsulun istehsal edilərək sifarişçi “X17” MMC-yə təhvil verməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, sifarişçi tərəfindən Cavabdeh 4538 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 5400 manat ödəniş daxil olmaqla, ümumilikdə 9938 manat məbləğində vəsait verilmişdir. Lakin, icraçı üzərinə düşən öhdəlikləri icra etməmiş və sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Bununla da, Müqavilə şərtlərinin pozulması nəticəsində cavabdehin İddiaçı MMC-yə 9938 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, həqiqətən də onunla iddiaçı arasında 056-S saylı, 12 may 2022-ci il tarixli soya paxlası istehsalı və alğı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən ona 9 ha torpaq sahəsində səpilməsi üçün 500 kq soya toxumu, 6727 manat dəyərində gübrə verilmiş, tərəfindən verilmiş toxumun 125 kq hissəsi, gübrənin isə 3608,42 manatlıq hissəsi iddiaçıya qaytarılmışdır. Səpin aparıldıqdan sonra torpaq sahəsində toxumdan bitiş olmamışdır. O, bu barədə dərhal iddiaçını məlumatlandırmışdır. İddiaçının nümayəndələri yerində gəlib torpaq sahəsinə baxış keçirmiş, ümumiyyətlə bitiş olmadığını özləri də görmüşlər. Aldığı gübrənin bir hissəsini toxumla birlikdə torpaq sahəsinə səpmişdir. Bitiş olmadığına görə bitişdən sonra səpilməli olan gübrəni iddiaçıya qaytarmışdır. Gübrə və toxum səpini barədə iddiaçı tərəfindən ona hər hansı irad tutulmamışdır. Soya səpilmiş 7 ha torpaq sahəsində heç bir bitiş olmamasında onun heç bir təqsiri olmamışdır. Hesab edir ki, bitişin olmaması səpilmiş toxumun keyfiyyəti ilə bağlıdır. Həmin toxumu da ona iddiaçı özü vermişdir. Bu hal tək onda deyil, Oğuz rayonunda iddiaçı ilə müqavilə bağlamış və ondan toxum alıb səpmiş digər fermerlərdə də eyni qaydada nəticələnmişdir. Səpin prosesində Oğuz rayon Yemişənli kənd sakini olan traktorçular X8 və X1, Oğuz rayon Padar kənd sakinləri- fəhlələr X3 və X4, toxum və gübrəni torpaq sahəsinə daşıyan X10 da iştirak etmişlər. Onlar da cavabdeh tərəfindən səpin prosesinin tam şəkildə aqrotexniki qaydalara uyğun aparılmasını təsdiq edə bilərlər. İddiaçı ilə aralarında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən sifarişçi (iddiaçı) icraçını (cavabdehi) toxumla və gübrə ilə təmin etməlidir. Bu formal olaraq yerinə yetirilmiş olsa da, ona təhvil verilən toxumda heç bir bitiş olmaması həmin toxumun lazımi keyfiyyətdə olmadığını təsdiq edir. Müqavilənin 6.5-ci bəndinə əsasən sifarişçi əkinlərin sığorta haqqını ödəyərək sığortalamalı olduğu halda bunu etməmişdir. Əgər bunu etmiş olsaydı, dəymiş ziyanı sığorta şirkəti ödəməli olardı. İddiaçı ilə aralarında bağlanmış müqavilədə səpilmiş toxum bitmədiyi halda icraçının sifarişçi qarşısında məsulliyət daşıyacağı halı nəzərdə tutulmamışdır. İddiaçıya ziyan dəymiş olsa belə, həmin ziyanın yaranmasında onun günahı olmadığından maddi ziyan məbləğini sifarişçinin ondan tələb etməsi əsassızdır. Aralarında bağlanmış müqavilənin 5.7-ci bəndində qeyd edilir ki, soya paxlası texnoloji xəritəyə uyğun olaraq 1-10 aprel tarixləri arasında səpilməlidir. Müqavilə isə 12 may 2022-ci il tarixdə bağlanmışdır. 13 may 2022ci il tarixdə toxum və gübrələr verilmişdir. Soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddəti iddiaçı tərəfindən pozulmuşdur. Hesab edir ki, müqavilənin 5.7-ci bəndi iddiaçı tərəfindən pozulduğuna görə dəymiş ziyanın icraçıdan tələb edilməsi əsassızdır. xx.xx.2022-ci il tarixdə aqronomlar ikinci dəfə əkin üçün soya səpilmiş sahəyə baxış keçiriblər. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aqrotexniki hesabatda sahədə bitişin yaxşı olduğu göstərilir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş xəbərdarlıq məktubunda isə əkinin həyata keçirilmədiyi göstərilir. Sifarişçi əkin yerini sığortalamalı olduğu halda bunu etməmiş, müqavilənin 6.5-ci bəndinin tələblərini pozmuşdur. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-24/2024 nömrəli iş üzrə qəbul etdiyi 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 056-S nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 9938 manat borc və 100 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 119,38 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər aralarında qarışıq tipli müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alğı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, “X17” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056-S nömrəli soya paxlası istehsalı və alğı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Padar kəndi ərazisində 9 ha sahədə soya paxlası əkininin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsidir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 27 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Müqavilənin 1.3-cü bəndi üzrə icraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblər”ə cavab verməlidir. Müqavilənin 2.1-ci bəndi üzrə keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 27.000 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndi üzrə məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən edilir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər, 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4050 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1350 manat məbləğində avans, Gp seriyalı 36 nömrəli malların təhvilqəbul aktı ilə dəyəri 2497,50 manat olan 1350 kq amofos, dəyəri 1752,30 manat olan 1350 kq nitra amofos, dəyəri 1080 manat olan 900 kq amonium nitrat, dəyəri 441,62 manat olan 920 kq karbomit, dəyəri 2375 manat olan 625 kq toxum olmaqla, ümumi dəyəri 8146,42 manatlıq toxum, gübrə və s. cavabdehə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 8146,42 manat dəyərində toxum, gübrə, dərman vasitələrinə dair elektron qaimə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan alınmış dərman və toxumdan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “mal və marerialın anbara qaytarılması” haqqında 96 və 118 nömrəli sənədlərlə dəyəri 475 manat olan 125 kq toxum, dəyəri 1017,50 manat olan 550 kq amofos, dəyəri 973,5 manat olan 750 kq nitra amofos, dəyəri 422,42 manat olan 880 kq karbamit, dəyəri 720 manat olan 600 kq ammonium nitrat olmaqla, ümumi dəyəri 3608,42 manat dəyərində materialları iddiaçının anbarına qaytarılmış və qaytarma sənədi tərəflərin imzası ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən geri qaytarılmış ümumi dəyəri 3608,42 manat olan gübrə və toxumlara dair iddiaçıya xx.xx.2022-ci il tarixli 477233 və 472978 nömrəli elektron qaimələr verilmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimələrə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil-qəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmiş və onların bir hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı tərəfindən 5400 manat məbləğində avansın, 8146,42 manat dəyərində gübrə və s. avadanlığın verilməsi və cavabdeh tərəfindən 3608,42 manat dəyərində toxum və gübrənin iddiaçıya qaytarılması işin mübahisələndirilməyən halıdır. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı, iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl etməməsi, toxumun keyfiyyətsiz olması, iddiaçı tərəfindən məhsulun sığortalanmaması, səpinin vaxtında aparılmamasından ibarətdir ki, cavabdeh bu əsaslara görə iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi "xxxx" MMC-nin sifarişi əsasında xx.xx.2022-ci il tarixdə T.C X18 X5 X13 X7 Müdürlüyü tərəfindən keçirilmiş müayinə nəticəsində 25.000 kq soya toxumuna Sertifikalı 1 Tohumluq Sertifikası verilmişdir. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “X17” MMC Balakən Toxum MMC-dən vahidin dəyəri 3,8 manat olan 76.000 manat dəyərində 20.000 kq “ADEL” soya toxumunu satın almışdır. Göründüyü kimi, iddiaçı müqaviləyə əsasən əldə etdiyi soya toxumuna dair uyğunluq sertifakatı verilmişdir və bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş soya toxumu keyfiyyətsiz olmamışdır. Bunu əksini təsdiq edəcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim ediməmişdir. Bundan başqa cavabdehin etiraz ərizəsində istinad etdiyi məhsulun iddiaçı tərəfindən sığortalanmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir. Belə olan halda cavabdehin bu dəlili də əsassızdır. Bunlardan başqa cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə istinad edərək qeyd edir ki, soya paxlası texnoloji xəritəyə uyğun olaraq 1-10 aprel tarixləri arasında səpilməlidir. Müqavilə isə 12 may 2022-ci il tarixdə bağlanmışdır. 13 may 2022-ci il tarixdə toxum və gübrələr verilmişdir. Soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddəti iddiaçı tərəfindən pozulmuşdur. Cavabdehin bu etiraz dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndi icraçı olan cavabdehin hüquq və vəfələrinə aid olan bölmədir. Müqavilənin 5.7-ci bəndində tərəflər razılaşmışlar ki, texnoliji xəritəyə uyğun olaraq yerinə yetiriləcək aqrotexniki tədbirlər barədə icraçı olan cavabdeh şifarişci olan iddiaçını 10 təqvim günü əvvəldən məlumatlandırmalıdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi müqavilənin 5.7-ci bəndi onun istinad etdiyi kimi səpinin 1-10 aprel tarixlərində aparılmalı olmasına dair müddəları əks etdirməməklə yanaşı cavabdehin üzərinə götürdüyü məlumatlandırmaya dair vəzifələrinə aiddir ki, cavabdehin etirazının bu dəlili də əsassızdır. Eyni zamanda məhkəmə cavabdehin lazımı aqrotexniki xidmətlərin tərəfindən edildiyini, məhsulun bitməməsində onun təqsirinin olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində iddiaçının vəzifəsi toxum, gübrə və sair məhsullarla cavabdehi təmin etməyi, cavabdeh isə işlərin yerinə yetirlməsi nəticəsində ona avans şəkildə verilmiş pulun, toxun və gübrənin əvəzini soya paxlası ilə qaytarmağı öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilədə soya paxlasının bitməməsi və ya cavabdehin təqsirindən baş verməmiş halla bağlı onun üzərinə götürdüyü öhdəliyin icrasından imtina etməsinin əsasları müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Əsasları iddia tələbinə yazılı etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, mülki prosesual qanunvericilik mülki prosesdə sübutetmə vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Cavabdeh tərəf iddianın əsassız olduğunu təsdiq edən bütün mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə öz etirazlarının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür və o, öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia tələbinin əsassız olduğunu təsdiq edəcək bütün mümkün və mötəbər sübutlar təqdim edildiyi halda iddia tələbini lazımi araşdırma aparmadan aparmadan təmin etməklə Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, soya paxlası istehsalı və alğı-satqısı barədə tərəflər arasında 12 may 2022ci il tarixli, 056-S nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icraçı(hazırki iş üzrə cavabdeh) sifarişçinin(hazırki iş üzrə iddiaçı) sifarişi əsasında Oğuz rayonu, Padar kəndi ərazisində 9 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 27 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun bazar qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 27.000 manat təşkil etmişdir. Müqavilənin icrası ilə əlaqədar cəmi 5400(4050 + 1350)manat məbləğində avans və ümumi dəyəri 8146,42 olan gübrə və toxum cavabdehə-icraçıya təhvil verilmişdir. Təhvil verilmiş gübrə və toxumdan 3608,42 manat dəyərində gübrə və toxum cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Yuxarıda qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı bildirir ki, cavabdehə 4538 manat dəyərində toxum və gübrə, avans qismində isə 5400 manat nağd pul olmaqla, ümumilikdə 9938 manat məbləğində vəsait vermişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmiş və sifarışçiyə məhsul təhvil verməmişdir. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində 9938 manat borcu yaranmışdır. Cavabdeh iddiaçının bu tələbi ilə razılaşmır və bildirir ki, ona verilmiş toxum lazımi keyfiyyətdə olmamış, müqavilə şərtlərinə görə səpin aprel ayında olmalı olduğu halda müqavilə onunla may ayında bağlanmış və toxum ona gec verilmişdir, eyni zamanda iddiaçı müqavilə şərtlərinə əməl etməyərək sığorta müqaviləsi bağlamamışdır. Bir sözlə, məhsulun yetişməməyində və iddiaçıya vurulmuş ziyanda onun heç bir təqsiri yoxdur. Məhkəmə qeyd edir ki, mülki işlərə baxılması zamanı bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Cavabdeh etirazının əsaslarını təsdiq edən sübutları, yəni toxumun keyfiyyətsiz olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehə təhvil verilmiş soya toxumuna dair uyğunluq sertifakatı verilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş soya toxumu keyfiyyətsiz olmamışdır. Cavabdehin digər dəlili onunla bağlıdır ki, müqavilənin 5.7-ci bəndində qeyd olunmuşdur ki, səpin işləri 1-10 aprel tarixlərində həyata keçirilməlidir, onunla müqavilə isə may ayında bağlanmışdır. Cavabdehin bu dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi Müqavilənin 5.7-ci bəndində cavabdehin bildirdiyi kimi səpinin 1-10 aprel tarixlərində aparılmalı olmasına dair müddəalar əks olunmamışdır. Beləliklə müzakirə olunan hissədə də cavabdehin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, Müqavilə şərtlərinə görə iddiaçı məhsulu sığortalamalı idi və iddiaçı üzərinə düşən bu öhdəliyini yerinə yetirməyib. Məhsulun iddiaçı tərəfindən sığortalanması ilə bağlı Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin, yəni iddiaçının vəzifəsidir. Göründüyü kimi Müqavilədə məhsulun sığortalanması deyil, sığorta haqqının ödənilməsi iddiaçının-sifarişçinin vəzifəsi kimi göstərilmişdir. Lakin icraçı-cavabdeh əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir. Belə olan halda cavabdehin bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-34/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-34/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver