Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-35/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 814-GL/16 nömrəli müqavilə üzrə yaranmış 5020 manat gecikdirilmiş borcu və hesablanmış 6067,01 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 11787,01 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(117)-28/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 10520 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqavilə üzrə 5020 manat gecikdirilmiş əsas borcu qalmışdır.
3. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 814-GL/16 nömrəli müqavilə üzrə 10520 manat əsas borcdan 5550 manat ödəniş edilmiş, qalan 5020 manat məbləğ isə ödənilməmiş qalmışdır.
4. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun xx.xx.2023-ci il taixli 02509 saylı arayışı təqdim edilmişdir. Qeyd olunanlara əsasən hazırkı tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğunu nəzərə alınmaqla məhkəmə iclasının fevral ayına təxirə salınmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsinə dair məhkəməyə sübut təqdim edimədiyindən və bununla da sonuncunun məhkəmə iclasında nümayəndəsinin iştrak etməməsinin səbəblərini üzürsüz sayan məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
8. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 11 yanvar 2024-cü il tarixli, e-2-2(117)-28/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqavilə üzrə yaranmış 5020 manat gecikdirilmiş əsas borc, 100 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 100 manat pul və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 125,36 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 462.1, 462.3 və 467-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121.1, 216-220-ci maddələrinin müddəalarına istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
12. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış lizinq müqaviləsi, müqaviləyə 1 nömrəli Əlavə, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 11.087,01 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına hüquqi qiymət verərkən yalnız Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin ləğv edilmiş cümləsinə istinad etmiş, əlavə heç bir əsaslandırma aparmadığına görə, vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Həmçinin, məhkəmə cərimə məbləğini tənasübsüz surətdə azaldaraq 6067,01 manat cərimə borcundan 100 manatı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakin, məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Belə ki, cavabdehin səhlənkarlığı və öhdəliklərini vaxtında icra etməməsi nəticəsində dövlət büdcə vəsaitinin vaxtında ödənilməməsinə görə Agentliyin əlavə olaraq digər xərclərindən savayı 500 manat hüquqi yardıma görə də dövlət büdcəsindən xərclənmiş vəsait məhkəmə tərəfindən əsassız olaraq azaldılmışdır. Bununla da Məhkəmə büdcə vəsaitinin geriqaytarılmasına əsassız maneələr yaradaraq, həm dəbbə (cərimə) pulunu, həm də hüququ yardıma görə ödənilən vəsaiti, xərclər nəzərə alınmadan tənasübsüz surətdə azaltmışdır. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsasına görə ona ödənilən hüquqi yardıma, habelə dəbbə (cərimə) puluna görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(117)-28/2024 saylı qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhətində olan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən “hüquqi yardım və cərimə borcu ilə bağlı” hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
21. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(117)-28/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 10520 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
39. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqavilə üzrə 5020 manat gecikdirilmiş əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqavilə üzrə 10520 manat əsas borcdan 5550 manat ödəniş edilmiş, qalan 5020 manat məbləğ isə ödənilməmiş qalmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə mübahisəni yuaxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qaln iddiaçı apellyasiya şikayəti vermişdir.
40. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin təmin edilməyən - “hüquqi yardım ilə bağlı” hissəsində tam təmin edilməməsi ilə bağlıdır.
41. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
42. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Apellyasiya şikayətində vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olması göstərilsə də, digər işlərin və zəruri araşdırmaların nədə ifadə olunduğu açıqlanmamışdır. Apellyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən qeyd olunan halların araşdırılması mümkün olmamışdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Apellyasiya şikayətinin dəlillərindən biri də iddia tələbinin cərimə borcunun tam təmin edilməməsi ilə bağlıdır.
46. Cavabdeh lizinq predmetlərindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Ona görə də iddia tələbi “cərimə borcunun tutulması” hissəsində qismən təmin edilməlidir.
47. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.1.5-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci bəndi isə müqavilə şərtlərinin pozulması nəticəsində lizinq alanın yazılı surətdə xəbərdarlıq edilməsini, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, lizinq obyektinin geri götürülməsini, ödənilmiş pulun saxlanılmasını, qrafik üzrə borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə (dəbbə pulu) tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 814-GL/16 nömrəli müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə yüksək məbləğdir. Cərimənin 6067,01 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir.
49. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 100 manat məbləğində müəyyən etməsi tərəflərin əmlak mənafelərinə uyğun olmaqla reallığı əks etdirir.
50. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın cərimə (dəbbə pulu) hissəsində düzgün nəticəyə gəlmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
52. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(117)-28/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (34-cü bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(117)-28/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov