Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-37/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “X2” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17.02.2006-cı il tarixli, 162 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 14.07.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 17.02.2006-cı il tarixli 162 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı borcu 174997 ABŞ dollarının və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 17.02.2006-cı il tarixli 162 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 14.07.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 153572 ABŞ dolları əsas borcun, 10425 ABŞ dolları cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qətnaməsindən cavbadeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 03 mart 2021-ci il tarixli 2iqt(87)-894/2012 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qətnaməsindən cavbadeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsi və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan şəxsə mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq qətnamənin rəsmi qaydada verilməsi faktı yoxdur, məhkəmə bunu etməli olduğu halda bu vəzifəni lazımi qaydada icra etməmiş, qanun pozuntusuna yol vermişdir. Şikayətçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarda sərgilədiyi hüquqi mövqeyə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd etdiyi presedent xarakter daşıyan mövqelərinə əsaslanaraq məhkəmə qərarının rəsmi qaydada verilməməsinin cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirərək, apelyasiya şikayətinin qəbul edilərək aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavbadeh Cavabdeh şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2iqt(87)-894/2012 nömrəli qərardadının ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, iddiaçı “X2” QSC-nin hüquqi şəxsin adının dəyişməsi nəticəsində “xxxx” QSC yaranmış və həmin hüquqi şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. “xxxx” QSC məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2012-ci il tarixli qətnaməsi 31.07.2012- ci il tarixdə rəsmi poçt vasitəsilə iş üzrə cavabdehin yaşadığı ünvana göndərilmiş, həmin qətnamədən verilmiş icra vərəqəsi isə 28.08.2012-ci il tarixdə icra edilməsi üçün Şəki Rayonu üzrə İcra Bölməsinə göndərilmiş, 29.08.2012-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərardad qəbul edilmiş, 05.09.2012-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı borclu Cavabdeh bildiriş göndərilmişdir. Bundan sonra Şəki Rayonu üzrə İcra şöbəsinin icra məmurları, hal şahidləri və borclu Cavabdeh iştirakı ilə 10.09.2012-ci il tarixdə Şəki şəhərində akt tərtib edilmiş, həmin akta əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)- 894/2012 nömrəli qətnaməsinin məzmunu və Cavabdeh lizinq müqaviləsi üzrə 153572 ABŞ dolları əsas borcun, 10425 ABŞ dolları cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməsi qeyd edilmiş, qeyd edilən sonuncu avadanlığın işlək vəziyyətdə olduğu müəyyən edilmiş və üzərinə həbs qoyularaq həmin əmlak borclu Cavabdeh təhvil verilmiş, həmçinin borclu Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Qeyd edilən akt Cavabdeh və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda, Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmurları və borclu Cavabdeh iştirakı ilə 02.03.2018-ci il tarixdə də yuxarıda qeyd edilən avadanlığa təkrar baxışın keçirilmiş, həmin avadanlığın işlək vəziyyətdə olması qeyd edilmiş, bununla bağlı akt tərtb edilmiş həmin akt da Cavabdeh tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “məhkəmə müvafiq qətnamədən cavabdehin məlumatlı olmasının iş materialları ilə tam təsdiq olunması qənaətinə gəldiyindən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının MPM-in: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə görə, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri) . Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. İşdən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli qətnaməsi Cavabdeh rəsmi qaydada poçt vasitəsilə göndərilmiş, lakin poçt bildirişinin kötüyü birinci instansiya məhkəməsinə qaytarılmamışdır. Kollegiya qeyd edir ki, poçt bildirişinin kötüyünün poçt müəssisəsi tərəfindən qaytarılmaması cavabdehin belə bir məhkəmə prosesinin keçirilməsindən və çıxarılan qətnamədən ümumiyyətlə xəbəri olmadığı qənaətinə gəlməyə əsas vermir. Həmin qətnamənin mövcudluğundan cavabdehin ən azı 10.09.2012-ci il tarixdə təfsilatı ilə məlumatı olmuş, həmin iş üzrə keçirilmiş məhkəmə iclaslarından da xəbəri olmaqla bərabər müraciətləri də olmuş və işin təxirə salınması ilə bağlı müraciətlərini məhkəmə nəzərə almışdır. Habelə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayonu üzrə İcra şöbəsinin icra məmurları, hal şahidləri və borclu Cavabdeh iştirakı ilə 10.09.2012-ci il tarixdə Şəki şəhərində akt (iş materiallarının 88-ci vərəqi) tərtib edilmiş, həmin akta əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)- 894/2012 nömrəli qətnaməsinin məzmunu və Cavabdeh lizinq müqaviləsi üzrə 153572 ABŞ dolları əsas borcun, 10425 ABŞ dolları cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsinin qət edilməsi qeyd edilmiş, qeyd edilən sonuncu avadanlığın işlək vəziyyətdə olduğu müəyyən edilmiş və üzərinə həbs qoyularaq həmin əmlak borclu Cavabdeh təhvil verilmiş, həmçinin borclu Cinayət Məcəlləsinin 303cü maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Qeyd edilən akt Cavabdeh tərəfindən şəxsən və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarının 89-cu vərəqində olan Şəki Rayonu üzrə İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 mart 2018-ci il tarixli Aktdan görünür ki, icra məmurları Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)- 894/2012 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icrası ilə bağlı 10.09.2012-ci il tarixdə üzərinə həbs qoyularaq Cavabdeh saxlancına verilmiş əmlakın yoxlanılması üçün həmin ünvanda olmuş, əmlaka baxış keçirmiş və bu barədə akt tərtib etmişlər. Tərtib edilən Akt Cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, Cavabdeh bilavasitə icra hərəkətlərində iştirak etməsinin sübut edilməsi göstərir ki, qeyd edilən qətnamədən cavbadeh Cavabdeh apellyasiya şikayəti ilə müraciət etməmişdən 10 il əvvəl xəbəri olmuş, lakin qətnamədən guya xəbəri olmaması ilə bağlı məhkəməni inandırmaq istəmişdir. Göründüyü kimi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)- 894/2012 nömrəli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququnun izah olunmasına baxmayaraq, məhkəmə qətnaməsinin qəbul edilməsindən 10 ildən artıq müddət keçdikdən sonra Cavabdeh apellyasiya şikayəti vermişdir. Bununla da qeyd edilən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə olan halda, birinci instansiya məhkəməsi cavbadeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)- 894/2012 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-37/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-37/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver