Məhkəmə qərarları › İş №2-2(107)-39/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-39/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-39/2022 25.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehlər Zamin, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı MMC (bundan sonra - MMC) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında bağlanmış 2 noyabr 2018-ci il tarixli, 211.19.36.006 nömrəli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən”(bundan sonra - Müqavilə) görünür ki, istehsalçı Cavabdeh, istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 hektar torpaq sahəsində MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada MMC-yə təhvil verməyi, MMC isə istehsalçının təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1.234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği müvafiq hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində istehsalçının bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir (6.1-ci bənd). Müqavilə üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı üsulu kimi 2 noyabr 2018ci il tarixində MMC ilə Zamin (bundan sonra - Zamin) arasında 211.19.36.006 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və Müqavilə üzrə Cavabdeh, MMC qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Müqavilə üzrə Cavabdeh 12 fevral 2021-ci il tarixə ödənilməmiş borcu 17.431,17 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat MMC 12 aprel 2021-ci il tarixində Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada MMCnin xeyrinə 17.431,17 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC və Cavabdeh arasında bağlanmış Müqaviləyə əsasən Cavabdeh 20 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 700 ton məhsulu istehsal edib MMCyə satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Cavabdeh müqavilənin 2 saylı Əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdeh bank hesabına köçürüləcəkdir. Eyni zamanda, bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin, Cavabdeh öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə, təhvil verilmiş məhsulun dəyəri Cavabdeh borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında MMC-yə tam ödənilməlidir. Əks halda, yaranmış borc məhkəmə qaydasında Cavabdeh və zamindən müştərək olaraq tutulacaqdır. Cavabdeh ümumilikdə 17.431,17 manat məbləğində borclanmış, lakin MMC-yə məhsul təhvil verilməmişdir. Cavabdeh borclu olması ödəniş tapşırıqlarında, elektron hesab fakturalarda və maliyyə arayışlarında təsdiq edilir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-252/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Müqavilənin 2 saylı Əlavəsinin 19-cu bəndində şəkər çuğundurunun torpaqdan qazılıb çıxarılmasının qiyməti (1 hektar üçün 150 manat) dəqiq müəyyən edilmiş və tərəflərin öhdəlikləri olaraq qeyd edilən müqavilənin tərkib hissəsi kimi müəyyən edilmişdir. Şəkər çuğunduru məhsulunun torpaq sahəsindən qazılıb çıxarılmasının texniki təminatı MMC tərəfindən təmin edilməli olması, həmin məhsulun MMC-nin müəyyən etdiyi məntəqəyə daşınması və sonda bütün xərclər çıxıldıqdan sonra Cavabdeh, çıxarılmış məhsulun dəyərinin ödənilməsi MMC-nin vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin MMC üzərinə düşən öhdəlikləri tam icra etməyərək özünün təqdim etdiyi 29 noyabr 2019-cu il tarixli qaimə əsasında 20 hektar torpaq sahəsindən yalnız təxminən 2 hektar hissəsindən şəkər çuğunduru məhsulunun yığımını həyata keçirmişdir. MMC-nin yerli nümayəndəsi olan aqronom X2 iştirakı ilə tərtib edilmiş 8 dekabr 2019-cu il tarixində müvafiq imzalarla təsdiq edilmiş aktla müəyyən edilir ki, 3 hektar sahədən şəkər çuğunduru yığıldıqdan sonra müvafiq texnika Samux rayonunda 80 hektar torpaq sahəsindən şəkər çuğundurunu yığmaq üçün getmiş, lakin Cavabdeh məxsus torpaq sahəsindən həmin məhsulu yığmamışdır. Həmin aktın tərtib edilməsində imzası ilə iştirak edən E.Baxışovun MMC-nin bölgə aqronomu olması işin mübahisələndirilməyən halıdır. Bu fakt sənədlərlə və tərəflərin izahatları ilə təsdiq edilir. Cavabdeh tərəfindən təqdim edilmiş 8 dekabr 2019-cu il tarixli akt şübhə altına alına bilməz, çünki həmin fakt MMCnin nümayəndəsinin ifadəsi və təqdim etdiyi qaimə və digər sənədlərlə, həmçinin müqaviləyə 1 və 2 saylı Əlavələrlə də təsdiqlənir. İddia tələbi Cavabdeh münasibətdə əsassız olduğundan, digər cavabdeh olan zamin Ə.Abdurəhmanova münasibətdə də əsassızdır. Çünki təmin edilmiş əsas öhdəlik üzrə tələbin əsassızlığı sübuta yetirilir. MMC ilə Cavabdeh arasında bağlanmış müqavilənin 2.1-ci bəndinin tələbinə əsasən, Cavabdeh öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Zaminlik müqaviləsinin qeyri-müəyyən müddətdən asılı edilməsi tərəflərin müqavilə azadlığı və müqavilə tərəflərinin bərabərliyi prinsiplərinə ziddir. Bu səbəbdən zaminlik müqaviləsinin müddəti 02 noyabr 2018-ci il tarixli, 211.19.36.020 nömrəli müqavilənin 2.1-ci bəndində müəyyən edilən müddətdən artıq ola bilməz. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti 2019cu ilin dekabr ayı kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmiş, MMC isə məhkəməyə 12 aprel 2021-ci il tarixində müraciət etmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən MMC zaminlik müqaviləsinə istinadən zamindən pul tələb edə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 404.1, 404.2, 442, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.1, 477.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. MMC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, istehsalçı şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu MMC-yə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin bu şərtində aydın göstərilmişdir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. 29.11.2019-cu il tarixli, 204895 saylı elektron qaimədə də göstərildiyi kimi 16 hektar ərazidən məhsul çıxarılması üçün cavabdehə aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə cavabdehin özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elekton qaydada təqdim edilmişdir. Bütün görülən işləri cavabdeh özü etdirmiş və MMC görülmüş xidmətin haqqının ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7.040 manat olmaqla ayrı-ayrı vaxtlarda cavabdehin bank hesabına köçürmüşdür. 31.10.2019-cu il tarixli, 879881 saylı elektron qaimədə də öz təsdiqini tapır ki, Cavabdeh 20 hektar əkin sahəsinin yarpaq biçinini zavoda məxsus aqreqatla həyata keçirmiş və bununla bağlı elektron qaimə ünvanlamışdır. Bir daha sübut olunur ki, sahə tam olaraq biçilmişdir, lakin bitkinin çox hissəsi standartlara cavab vermədiyindən MMC tərəfindən təhvil alınmamışdır. Müqavilənin 1 saylı Əlavəsinin 4-ci bəndinə əsasən tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır ki, şəkər çuğundurunun 1 ədədinin təmizlənmiş halda çəkisi 250 qramdan az olduqda məhsul zavod tərəfindən geri qaytarılacaqdır. Sahədə qalan xırda məhsulu Cavabdeh özü yığdırıb başqa şəxslərə satmışdır. Məhsul 15 gün sahədə qalıb məhv olmamışdır. Cavabdeh şəxsən özü zavodun ofis aqronomu Yolçu Vəliyevə bildirmişdir ki, yerdə qalan xırda məhsulu heyvandarlıqla məşğul olan fermerlərə satıb. MMC müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də MMC-nin sabiq aqranomu E.Baxışov və digər şahidlər adından məhkəməyə təqdim edilmiş aktla bağlıdır. Şikayətçi akta istinad edərək, cavabdehlərin həmin aktda iddia etdikləri kimi bir razılaşmanın olduğu halda buna dair nə üçün məhkəməyə hər hansı sənəd təqdim etməməsini, aktda göstərilənlərin doğru olduğu halda aqronom E.Baxışov və Cavabdeh zamanında 17 hektar ərazidə yararlı məhsulun yerdə toplanmamış qaldığına dair akt tərtib edərək MMC-yə müraciət etməməsini və ya bu barədə rayon icra başçısına və ya digər dövlət orqanlarına məruzə etməməsini, həmçinin Cavabdeh məhsulu 15 gün kimi uzun bir müddət necə sahibsiz bir şəkildə ərazidə qoymasını və məhv olmasına şərait yaratmasını mübahisələndirmişdir. Bütün bunlardan başqa, birinci instansiya məhkəməsi, aqronom Elçin Baxışovun bu məsələdə maraqlı tərəf olduğunu və buna görə də qərəzli mövqe tutduğuna dair iddiaçının nümayəndəsinin söylədiklərini diqqətə almamışdır. Belə ki, aqronom Elçin Baxışov özü də VÖEN açdıraraq fermer təsərrüfatı ilə məşğul olmuş və MMC-yə 2752,62 manat borclanmışdır. Şəki Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə Elçin Baxışovdan 2752,62 manat pul vəsaitinin tutularaq MMC-yə ödənilməsinə dair qətnamə çıxarmışdır. Bundan əlavə, MMC ilə Cavabdeh arasında bağlanılmış 02.11.2018-ci il tarixli müqavilənin qüvvədə olma müddəti müqavilənin 6.1-ci yarımbənddə göstərilmiş və qeyd olunmuşdur ki, müqavilə müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Zaminlik müqaviləsinin 3.1-ci yarımbəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və zaminlik müqaviləsinin 1.2-ci yarımbəndində göstərilən müqavilə üzrə istehsalçı-əkinçi MMC qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Öhdəlik üzrə tələblər 5 il keçdikdən sonra öz qüvvəsini itirir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-82/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Rəfiyev (sədrlik edən və məruzəçi), E.Şirinov və V.Məlikov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17.431,17 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə MMC öhdəliyini yerinə yetirərək, satılan mal və xidmət üzrə 13.809,50 manat, avans üzrə 7.040 manat olmaqla cəmi 20.849,5 manat məbləğində xərc çəkmiş, lakin Cavabdeh öhdəliklərini icra etməmiş, MMC-yə 3.418,33 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 17.431,17 manat ödənilməmiş borcu qalmışdır. İddianın, borcun Zamin əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının (bundan sonra- kassasiya instansiyası məhkəməsi) 2-2(102)-133/2022 nömrəli iş üzrə 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər – B.Məmmədli (sədrlik edən və məruzəçi), İ.Dadaşov və B.Qəribov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuş, habelə maddi hüquq pozuntusuna yol vermiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı müvafiq hissədə təmin edərkən qeyd olunan müqavilə tələblərini nəzərə almamış, onların mahiyyətini aydınlaşdırmamış, tərəflərin öhdəliklərini tam dəqiqləşdirməmiş, həmin öhdəliklərin icrası istiqamətində konkret olaraq hansı tədbirlərin görüldüyünü, hansılarının isə görülmədiyini ətraflı təhlil etməmiş, bu halların müqavilənin icrasına və mövcud vəziyyətin yaranmasına necə təsir etdiyini qiymətləndirməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin bir sıra maddələrini sadalasa da, həmin normaları hazırkı mübahisənin müvafiq halları ilə əlaqəli şəkildə təhlil və tətbiq etməmişdir. Həmçinin qətnamənin əsaslandırıcı hissəsində apellyasiya instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş normalardan biri də Mülki Məcəllənin 739.1-ci maddəsidir. Həmin maddənin nizamlama predmetini borc müqaviləsi təşkil edir. Halbuki tərəflər arasında “şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat, xidmət və alqısatqı münasibətləri yaranmışdır. Apellyasiya baxışının hədləri Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh A.X3 Məhkəməsinin Kommersiya Kollegiyasının 27.10.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış kassasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 22.02.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən, yəni Cavabdeh münasibətdə iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, göstərilən səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən işə yenidən və kassasiya instansiyası məhkəməsinin 22.02.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş apellyasiya baxışının həddində baxılır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Atabəy Zahidov məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı MMC və Cavabdeh arasında bağlanmış müqavilə şərtlərinə görə, məhsulun yığımı və məhsulun zavoda təhvil verilməsi sonuncu tərəfindən həyata keçirilməlidir. Müqaviləyə əsasən məhsulun yığımı “İran kotanı” vasitəsilə həyata keçirilməli idi. İddiaçı MMC tərəfindən Cavabdeh kotan təqdim edilmiş, məhsul kotan vasitəsilə yığılmış, lakin məhsul müqavilə şərtlərinə uyğun olmadığı üçün cavabdeh tərəfindən MMC-yə təhvil verilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır. Şəkər çuğunduru 3 hektar torpaq sahəsindən MMC-nin təqdim etdiyi kombayn vasitəsi ilə yığılmışdır. Bundan sonra MMC-nin nümayəndələri həmin kombaynın Samux rayonunda yerləşən ərazidən şəkər çuğunduru yığmağa getdiyini, bir həftə ərzində qayıdıb qalan hissədəki torpaq sahəsindən çuğunduru yığacaqlarını ona bildirmişlər. İki həftədən çox müddət keçməsinə baxmayaraq kombayn məhsulu yığmağa gəlməmiş və məhsul sahədə qalaraq məhv olmuşdur. Bu barədə akt tərtib olunmuş və həmin akt MMC-nin aqronomu Elçin Baxışov tərəfindən də imzalanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından məlum olur ki, MMC ilə Cavabdeh arasında Müqavilə bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat, xidmət və alqı-satqı münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə görə, istehsalçı-əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 hektar torpaq sahəsində MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada MMC-yə təhvil verməyi, MMC isə Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflərin təqdim etdiyi sənədlərdən, habelə iddiaçı MMC-nin nümayəndələri və Cavabdeh hazırki iş üzrə verdikləri yazılı və şifahi izahatlardan müəyyən edilir ki, Cavabdeh müqavilə şərtlərinə əsasən, istifadəsində olan 20 hektar torpaq sahəsində MMC-nin təqdim etdiyi maddi-texniki vasitələrindən (toxum, gübrə və s.) istifadə etməklə şəkər çuğunduru bitkisi yetişdirmiş və yığıma hazır olmuşdur. İşin bu halı tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran hal, müqavilə üzrə məhsulun yığımının kim tərəfindən həyata keçirilməli olmasıdır. Belə ki, iddiaçı MMC bildirir ki, məhsulun MMC tərəfindən kombaynla çıxarılması ilə bağlı müqavilə tərəfləri arasında heç bir yazılı razılaşma yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, məhsulun yığımı və təhvil verilməsi öhdəlikləri Cavabdeh aiddir. MMC həmçinin bildirir ki, 29.11.2019-cu il tarixli, 204895 saylı elektron qaiməyə əsasən 16 hektar ərazidən məhsul çıxarılması üçün cavabdehə aqreqat verilmiş, hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə Cavabdeh tərəfindən asan imza ilə təsdiq edilərək MMC-yə elektron qaydada təqdim edilmişdir. Bütün görülən işləri cavabdeh özü həyata keçirmiş və zavod görülmüş xidmət haqqınının traktorçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7.040 manat olmaqla ayrı-ayrı vaxtlarda Cavabdeh bank hesabına köçürmüşdür. Cavabdeh isə yuxarıda göstərilənlərin əksinə bildirir ki, onunla iddiaçı MMC arasında bağlanmış Müqavilə şərtlərinə görə, onun tərəfindən yetişdirilmiş məhsul MMCnin texnikası vasitəsi ilə toplanmanlı idi. MMC-yə aid kombayn sahəyə gəlmiş, 3 hektar torpaq sahəsini topladıqdan sonra kombaynın sürücüsü və MMC-nin yerli aqronomu Elçin Baxışov ona bildirmişlər ki, Samux rayonunda 80 hektar sahədə MMC-nin işçisi Zəki Adıgözəlin əkdiyi şəkər çuğundurunu yığmaq üçün kombayn bir həftəlik həmin əraziyə getməlidir. Qeyd edilən ərazidən məhsul toplandıqdan sonra Cavabdeh məhsulunun qalan hissəsinin kombayn vasitəsilə yığılması təmin olunacaqdır. Lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq kombayn gəlməmiş, açıq sahədə mal-qaranın tapdağı altında qalan sahə MMC-nin təqsiri üzündən məhv olmuşdur. İşin müzakirə olunan hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, istər iddia ərizəsində, istərsə də işə baxan məhkəmələrə verdiyi izahatlarda iddiaçı tərəf özü bildirmişdir ki, müqavilə şərtlərinə əsasən, Cavabdeh Müqavilənin 2 saylı Əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdeh bank hesabına köçürüləcəkdir. İddiaçı MMC tərəfindən aparılmalı olan aqrotexniki xidmətlərin hansı işlərdən ibarət olması tərəflər arasında bağlanmış Müqavilənin 2 saylı Əlavəsində konkret sadalanmışdır. Belə ki, Müqavilənin 2 saylı Əlavəsinin 19-cu bəndindən aydın olur ki, aqrotexniki işlərdən biri mexaniki üsulla məhsul yığımıdır (yarpaq biçimi, çıxarılma və yükləmə). Həmin aqrotexniki işlə bağlı MMC tərəfindən müqavilə üzrə təmin olunan hissəni 1 hektara görə 150 manat təşkil etmişdir. Həmçinin Müqavilənin 2 saylı Əlavəsində qeyd olunmuşdur ki, aqrotexniki tədbirlərin aparılması üzrə qiymətlər müəyyən olunarkən istifadə olunan traktor və aqreqatların icarəyə götürülməsi şərti nəzərə alınmışdır. Dövlət tərəfindən yanacaq qiymətlərinin dəyişməsi nəticəsində texnoloji xəritədəki müvafiq aqrotexniki xidmətlərin qiymətləri də dəyişə bilər. Bundan başqa, Müqavilənin preambulasından, 2.2, 3 və 4-cü bəndlərinin, həmçinin Müqavilənin 1 saylı Əlavəsinin 6 və 11-17-ci bəndlərinin tələblərindən aydın olur ki, MMC Cavabdeh şəkər çuğunduru əkmək üçün təqdim etdiyi torpaq sahəsinə baxış keçirir, torpaq sahəsinin təsərrüfat imkanlarını (münbitlik, suvarılma, məhsul vermə və sair) nəzərdən keçirib rəy verir. MMC-nin müsbət rəyindən sonra MMC-nin təqdim etdiyi toxum, texnika və xidmətlər əsasında torpaq sahəsinə şəkər çuğunduru əkilir, məhsul yetişdikdən sonra isə MMC-nin müvafiq texnikası ilə həmin məhsul yığılır. Yığılmış məhsula MMC tərəfindən çəkilmiş bütün xərclər çıxıldıqdan sonra qalan məhsulun dəyəri Cavabdeh ödənilir. Şəkər çuğunduru yarpağının biçilməsi tam olaraq MMC-nin təlimatı əsasında həyata keçirilməlidir. Məhsulun toplanması ciddi texnoloji proses olaraq MMC-nin tam nəzarəti əsasında həyata keçirilir. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, Müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş aqrotexniki xidmətlərlə, o cümlədən mexaniki üsulla məhsul yığımı (yarpaq biçimi, çıxarılma və yükləmə) ilə borclanmaq Cavabdeh öhdəliyi, həmin xidmətləri təqdim etmək isə MMC-nin öhdəliyi olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 29.11.2019-cu il tarixli 204895 saylı elektron qaiməyə əsasən, 16 hektar ərazidən məhsul çıxarılması məqsədilə aqreqat verildiyinə görə Cavabdeh borclandığı göstərilsə də, bu hal, işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, Cavabdeh, İmişli Şəkər İB-nin bölgə aqronomu X7, Zamin, X4 və X1 iştirakı ilə Qəbələ rayonu Zirik kəndində tərtib olunmuş 08.12.2019-cu il tarixli Aktda qeyd olunmuşdur ki, Qəbələ rayonu Zirik kəndində 20 hektar torpaq sahəsinə şəkər çuğunduru əkilmiş, həmin sahənin şum, mala, səpin, toxum və gübrə səpini işlərini İmişli şəkər zavodu, daş təmizləmə işlərini kənd camaatı görmüşdür. Şəkər zavodu ilə razılaşmaya əsasən sahədən çuğunduru zavodun xüsusi kombaynı toplamalı idi. Həmin kombayn sahəyə gəlmiş, 3 ha torpaq sahəsini topladıqdan sonra kombaynın sürücüsü və MMC-nin yerli aqronomu E.Baxışov MMC-nin işçisi olan X9 rayonunda 80 ha sahədə şəkər çuğundurunu topladıqdan sonra bir həftəyədək gəlib çuğunduru sahədən yığacaqlarını bildirmişdir. Cavabdeh xeyli müddət həmin sahəni qorumuş, lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq kombayn gəlməmiş, açıq sahədə mal-qaranın tapdağı altında qalan sahə İmişli şəkər zavodunun təqsirindən məhv olmuşdur. İddiaçı MMC, hazırki iş üzrə verdiyi apellyasiya şikayətində göstərir ki, cavabdeh tərəfin təqdim etdiyi 08.12.2019-cu il tarixli Akt saxtadır. Çünki həmin aktda adı qeyd olunan MMC-nin aqronomu X7 MMC-yə borclandığı üçün MMC ona qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsi (iş № e-2-2(117)-260/2021) ilə E.Baxışovdan MMC-nin xeyrinə cəmi 2.782,62 manat məbləğində pulun tutulması qət edilmişdir. Bu səbəbdən də E.Baxışov MMC-yə qarşı qərəzli mövqedən çıxış edərək həmin aktı imzalamışdır. Məhkəmə, apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, E.Baxışovun MMC-yə borclu olması və həmin borcun MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin mövcud olması, E.Baxışovun MMC-yə qarşı münasibətinin qərəzli olmasını təsdiq etmir. E.Baxışov akt tərtib edildiyi zaman MMC-də aqronom vəzifəsində işləmişdir. Onun qərəzli olaraq geri tarixə saxta aktın tərtib edilməsində iştirak etməsi ilə bağlı MMCdə araşdırma aparılması, habelə bununla bağlı onun barəsində intizam tənbehi görülməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, E.Baxışovdan başqa, aktı, onun tərtib edilməsində marağı olmayan daha 2 nəfər - N. Məmmədov və E.Behbudov imzalamışlar. Belə olan halda, hesab edilməlidir ki, 08.12.2019-cu il tarixli Aktın geri tarixə tərtib olunması və həmin aktın saxta olması barədə apellyasiya şikayətinin dəlilləri əsssızdır. Akt məhz 08.12.2019-cu il tarixdə tərtib olunmuş və akta göstərilənlər doğrudur. Bunlardan başqa, Məhkəmə qeyd edir ki, Cavabdeh bank hesabına müxtəlif vaxtlarda 7.040 manat məbləğində avans pulun köçürülməsi məhsulun yığımı ilə bağlı işlərin görülməsi ilə əlaqəli olmamış, həmin vəsait torpaq sahəsinin şumlanması, şəkər çuğundurunun əkini, suvarılması və sair işlərin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, iş materiallarında olan ödəniş tapşırıqlarından müəyyən olunur ki, avans şəklində ödənilmiş məbləğlər, məhsul yığımından əvvəlki tarixlərə, yəni 2019-cu ilin fevral-iyul aylarına təsadüf edir. Bu da onu təsdiq edir ki, həmin məbləğlər Cavabdeh hesabına məhsulun yığımı ilə əlaqədar köçürülməmişdir. Beləliklə, Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, MMC məhsul çıxarılması üçün Cavabdeh aqreqat vermək öhdəliyini Cavabdeh sahəsinin yalnız bir hissəsinə (3 hektar sahə) münasibətdə yerinə yetirmişdir. Sahənin qalan hissəsindən məhsul çıxarılması üçün MMC tərəfindən Cavabdeh icarəsinə aqreqat verilməsi müəyyən edilmir. Başqa sözlə desək, Müqavilə şərtləri MMC tərəfindən lazımınca icra olunmadığına görə, məhsulun Müqavilədə nəzərdə tutulmuş həcmdə MMC-yə təhvil verilməsi mümkün olmamışdır. Bunlardan başqa, iş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmetini MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilə üzrə nəzərdə tutulmuş məhsulun MMC-yə təhvil verilməsindən ibarət öhdəliyin yerinə yetirməməsi nəticəsində yaranmış borc tələbi təşkil edir. İşə birinci instansiyası məhkəməsində baxılan zaman MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh əkdiyi 3 hektardan əlavə qalan torpaq sahəsində şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyi üçün yığılmamışdır. İşin hazırki apellyasiya baxışı zamanı MMC-ni təmsil edən nümayəndə X5 isə izahatında bildirmişdir ki, iddiaçı MMC tərəfindən Cavabdeh kotan təqdim edilmiş, məhsul kotan vasitəsilə yığılmış, lakin məhsul müqavilə şərtlərinə uyğun olmadığı üçün cavabdeh tərəfindən zavoda təhvil verilməmişdir. Göründüyü kimi, məhsulun yığımı ilə bağlı iddiaçı MMC-nin nümayəndələri məhkəmələrə zidiyyətli izahatlar vermişlər. Lakin eyni zamanda hər iki nümayəndə məhsulun MMC tərəfindən təhvil alınmasından imtinanın eyni səbəbini – məhsulun müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə (şəkər çuğundurunun müvafiq şəkərlilik faizinin aşağı olması və bir ədədinin təmizlənmiş halda çəkisinin 250 qramdan az olması) cavab verməməsini göstərmişlər. Bununla bağlı Məhkəmə bildirir ki, Cavabdeh yetişdirdiyi təxminən 3 hektar sahədən yığılan şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə uyğun olmuşdur və MMC həmin çuğundur məhsulunu qəbul etmişdir. Hazırda MMC yalnız yerdən yığılmayan məhsulun keyfiyyətinin aşağı olmasını mübahisələndirsə də, bununla bağlı hər hansı sübut (məsələn labaratoriya analizinin nəticələri, akt və s.) məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də iddiaçının dəlilləri əsassızdır. Bunlardan əlavə, iddiaçı MMC-nin apellyasiya şikayətində göstərilir ki, müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyinə görə, MMC tərəfindən təhvil alınmamışdır. Yığılmayan sahədə qalan xırda məhsulu Cavabdeh özü yığdırıb heyvandarlıqla məşğul olan fermerlərə satmışdır. Bu barədə Cavabdeh zavodun ofis aqronomu Yolçu Vəliyevə bildirmişdir. Məhkəmə, apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Çünki iddiaçı sözügedən dəlilini təsdiq edən hər hansı sübutu, o cümlədən Yolçu Vəliyevin şahid qismində ifadəsini, məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçı MMC-nin Cavabdeh qarşı 17.431,17 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi əsassızdır. Birinci instansiyası məhkəməsi bu iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2021ci il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar