Məhkəmə qərarları › İş №2-2(107)-41/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-41/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-41/2022 11.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra- cavabdeh) tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 04 avqust 2020-ci il tarixində “Hüquqi xidmətlərin göstərilməsi barədə” müqavilə (bundan sonra - Müqavilə) bağlanmış və Müqaviləyə əsasən iddiaçı, cavabdehin şirkət daxilində hüquq şöbəsinin səlahiyyətlərinə aid olan xidmətlərin göstərilməsini təmin etməyi, cavabdehin hüquqlarının dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən məhkəmələrdə müdafiəsini təmin etməyi, cavabdeh isə görüləcək işlərin dəyəri olaraq hər ay üçün 2.000 manat iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə, müqavilə imzalandığı andan qüvvəyə minir və 1(bir) il müddətinə qüvvədədir. Tərəflər 1(bir) ay qabaq yazılı xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsini tələb edə bilər (Müqavilənin 5.1 və 5.3-cü bəndi). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18.06.2021-ci il tarixli bildirişdə, cavabdeh şirkətə hüquqşünas işə götürüldüyü səbəbindən Müqaviləyə 18.06.2021-ci il tarixdə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat pulun və 120 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə hüquqi xidmət göstərməlidir. 2020-ci ilin avqust ayından 2021ci ilin fevral ayı da daxil olmaqla cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, iddiaçıya xidmət haqqı ödənilmişdir. 2021-ci ilin mart ayından cavabdehin təşəbbüsü ilə müqaviləyə xitam verilən tarixə, yəni 2021-ci ilin iyul ayına qədər olan 5 (beş) ay üzrə xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18.06.2021ci il tarixli bildiriş iddiaçıya poçt vasitəsi ilə 30.06.2021-ci il tarixində çatdırılmışdır. Müqavilənin şərtinə əsasən müqaviləyə 2021-ci ilin avqust ayından xitam verilmiş sayılır. Müqavilə üzrə iddiaçıya ödənilməli olan ödənişlər cavabdeh tərəfindən 5 (beş) ay müddətinə ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya 10.000 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-12/2022 nömrəli iş üzrə qəbul etdiyi 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 10.000 manat borcun və 1 manat dövlət rüsumunun tutulması, ödənilməmiş 119 manat dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 5 aylıq xidmətlərin göstərilməsi müqabilində ödənilməmiş 10.000 manat borcu yaranmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Birinci instansiyası məhkəməsi 120 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd etmişdir ki, iddiaçı mediassiya sessiyasının keçirilməsi üçün 100 manat ödəmiş və qanunvericiliyin tələbinə əsasən həmin məbləğdə dövlət rüsumundan azad olunaraq məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. Lakin iddiaçı mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 100 manatı deyil, ödəmədiyi rüsumu tələb edir ki, bu da əsassızdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 777.1, 783.2, 786.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmamışdır. İddiaçı icra etdiyi öhdəlikləri təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi. Yalnız iddiaçının öhdəliyinin yerinə yetirildiyi təsdiq olunduqdan sonra cavabdehin öhdəliyi ilə bağlı məsələyə aydınlıq gətirilməli idi. İddiaçı bağlanmış müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmiş, cavabdehin tərəf olduğu məhkəmə işləri üzrə məhkəmə iclaslarında iştirak etməmiş, bu işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından məlumatlı olmasına baxmayaraq, həmin aktları apellyasiya və kassasiya qaydasında mübahisələndirməmişdir. İddia olunan son 5 ayda isə cavabdehə ümumiyyətlə hər hansı hüquqi xidmət göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Zaman Səmədov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı MMC-nin direktoru Zaur Əliyev ərizə ilə Məhkəməyə müraciət edərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından məlum olur ki, iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin predmetini iddiaçının cavabdehə hüquqi xidmət göstərməsi təşkil edir. Bu hüquqi xidmət - iddiaçı tərəfindən cavabdehin şirkət daxilində hüquq şöbəsinin səlahiyyətlərinə aid olan xidmətlərin göstərilməsini təmin etmək; cavabdehin hüquqlarının hüquqi və fiziki şəxslər qarşısında, habelə dövlət orqanlarında, o cümlədən məhkəmələrdə müdafiəsini təmin etməkdən ibarətdir. Müqavilənin müddəti 1 il, yəni 04.08.2021-ci il tarixədək müəyyən edilmişdir. Hazırda iddiaçı bildirir ki, o, həmin müqavilə üzrə üzərinə düşən öhədlikləri icra etsə də, cavabdeh özünün müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçıya yalnız 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək olan dövr üçün muzd ödəmiş, nəticədə cavabdehin iddiaçıya 5 ay ərzində ödənilməmiş 10.000 manat məbləğində borcu yaranmışdır. İddiaçı hesab edir ki, həmin borc cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh, 2022-ci ilin mart ayından başlayaraq iddiaçıya muzd ödənilmədiyini inkar etmir. Cavabdeh bunu iddiaçının Müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirir. Məhkəmə cavabdehin iddiaya və birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş dəlilləri ilə razılaşmır və bununla bağlı qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin məzmunundan görünür ki, Müqavilənin predmeti, yəni iddiaçının cavabdehə göstərəcəyi hüquqi xidmət konkret hüquqi hərəkətlərdə ifadə olunmamış, iddiaçının icra etməli olduğu işlərin məzmunu qeyd olunmamış, görülməli olan işlərin cədvəli tərtib edilməmiş, həmçinin müqaviləyə hər hansı qeyd-şərt əlavə olunmamışdır. Cavabdehin Məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, cavabdeh tərəfindən xidmət haqqı olaraq 2020-ci ilin avqust, sentyabr, oktyabr, dekabr ayları, habelə 2021-ci ilin yanvar və fevral ayları üzrə hər ay 2.000 manat olmaqla, ümumilikdə 14.000 manat məbləğində pul nağd şəkildə iddiaçıya ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh 2020-ci ilin avqust ayından başlayaraq, 2021-ci ilin mart ayınadək iddiaçıya ödənilməli olan muzdu davamlı olaraq ödəmişdir. Məhkəmə bildirir ki, cavabadehin 7 ay ərzində iddiaçıya hər ay 2.000 manat ödəməsi, iddiaçının müqavilə öhdəliklərini yerinə yetirdiyini, cavabdehin, ona göstərilən hüquqi xidməti bəyəndiyini ehtiva edir. Məhkəmə həmçinin bildirir ki, 2021-ci ilin mart ayından sonra iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması barədə cavabdeh iddiaçıya hər hansı formada məlumat verməmiş, pretenziya göndərməmiş, öhdəliklərin icra edilməməsi nəticəsində zərərə uğraması barədə mübahisə açmamışdır. Belə olan halda hesab edilməlidir ki, iddiaçı müqavilə şərtlərinə əməl etmiş, üzərinə düşən öhdəlikləri lazımınca icra etmiş, cavabdeh isə bunu qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılması zamanı cavabdehin nümayəndəsi Məhkəməyə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-284/2020 №-li, 02.09.2020-ci il tarixli, e-2- 2(117)-36/2021 №-li, 05.01.2021-ci il tarixli qətnamələrini, 2-2(117)-141/2021 №-li, 20.05.2021-ci il tarixli qərardadını, Ağdaş Rayon Məhkəməsinin 2(014)-394/2021 №-li, 29.01.2021-ci il tarixli, 2(014)-690/2021 №-li, 07.05.2021-ci il tarixli, 3(014)-180/2019 №-li, 15.09.2020-ci il tarixli qərardadlarını, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-65/2021 №-li, 18.06.2021-ci il tarixli qərardadını, 3(107)-241/2020 №-li, 07.10.2020-ci il tarixli və 3(107)-263/2020 №-li, 05.11.2020-ci il tarixli qərarlarını təqdim etmiş və bildirmişdir ki, bu məhkəmə aktları cavabdehin ziyanına çıxarılsa da, iddiaçı, həmin məhkəmə aktlarından apellyasiya və ya kassasiya şikayəti verməmiş, sözügedən işlər üzrə məhkəmə proseslərində iştirak etməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin həmin məhkəmə aktlarının yuxarı instansiya məhkəmələrində mübahisələndirmək niyyətində olması və bu niyyətin iddiaçıya bildirməsini təsdiq edən hər hansı sübutu cavabdeh tərəf məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, sözügedən məhkəmə aktlarından görünür ki, məhkəmələrdə həmin işlərə baxılması zamanı cavabdeh nümayəndə vasitəsilə təmsil olunmamışdur. Həmin məhkəmə prosesləri barədə idddiaçıya məlumat verilməsi və ya iddiaçının bu barədə məlumatlı olmalı olması, məhkəmə proseslərində iştirak etməli olduğu halda, iştirak etməməsi də iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, işdə olan 18.06.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh iddiaçıya yazılı qaydada müraciət edərək, hüquqşünas ştatı üzrə Cəmiyyətə işçi götürüldüyü üçün tərəflər arasında bağlanmış 04.08.2020-ci il tarixli müqaviləyə 18.06.2021-ci il tarixdən xitam verilməsi bildirmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış Müqaviləyə vaxtından əvvəl xitam verilməsi təşəbbusü ilə çıxış edən cavabdeh, müqavilə öhdəliklərinin iddiaçı tərəfindən pozulması ilə bağlı iddiaçıya qarşı hər hansı pretenziya irəli sürməmişdir. Yəni, Müqaviləyə vaxtından əvvəl xitam verilməsinin əsası iddiaçının müqavilə öhdəliklərini pozması deyil, şəraitin dəyişməsi- Cəmiyyətə hüquqşünasın işə qəbul edilməsi olmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı, onunla cavabdeh arasında bağlanmış Müqavilədən irəli gələn bütün öhdəlikləri lazımınca icra etmişdir. Bunun əksini təsdiq edən sübutları cavabdeh məhkəmələrə təqdim etməmişdir. Lakin bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan muzd ödənilməmiş və bununla da cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Belə olan halda, hesab edilməlidir ki, iddiaçı, cavabdehə göstərdiyi hüquqi xidmətlərin əvəzi olaraq müqavilə şərtlərinə uyğun muzdun ödənilməsini sonuncudan tələb etməkdə haqlıdır. İddiaçıya ödənilməli olan muzdun məbləği ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmələr tərəfindən işin müəyyən edilmiş və tərəflər arasında mübahisə doğurmayan hallarından görünür ki, iddiaçının cavabdehə göstərdiyi hüquqi xidmətlərin müqabilində sonuncu 2020-ci ilin avqust, sentyabr, oktyabr, dekabr ayları, habelə 2021-ci ilin yanvar və fevral ayları üzrə, cəmi 7 ay üçün hər ay 2.000 manat olmaqla, ümumilikdə 14.000 manat məbləğində pulu nağd şəkildə iddiaçıya ödəmişdir. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdeh 18.06.2021-ci il tarixli bildirişlə iddiaçıya müraciət edərək, onunla bağlanmış Müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir. İddiaçı həmin bildirişi 30.06.2021-ci il tarixdə almışdır. İşin qeyd olunan halı tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında bağlanmış Müqavilənin 5.3-cü bəndinə əsasən tərəflər 1 ay qabaq yazılı xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsini tələb edə bilər. Məhkəmə bildirir ki, Müqavilənin qeyd olunan şərti müqavilə tərəflərinə Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququnu deyil, ləğv etməyi tələb etmək hüququnu verir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Müqavilə ilə şərtləşdirilmiş muzd 2021-ci ilin mart, aprel, may, iyun və iyul ayları üzrə iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan muzdun məbləği hər ay üzrə 2.000 manat təşkil edir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 10.000 manat ( 5 ay X 2.000 manat) məbləğində pul ödəməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, 10.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24 fevral 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar