Məhkəmə qərarları › İş №2-2(107)-42/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-42/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-42/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı əsas borc və cərimənin tutulması tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2- 2(117)-226/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19831,09 manat əsas borc və gecikmə tarixinə görə hər gün üçün yaranan 1586 manat cərimə olmaqla cəmi 21417,09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ayrıca ərizə ilə deyil elektron qaydada imzalanmış iddia ərizəsinin tərkibində iş üzrə iddianı təmin etmə tədbirinin görülməsini və cavabdehə məxsus Muğanbank ASC İnvest filialında olan (VÖEN: ********** H\h: **********AZM28 Kod: 503916 M/h: **********944) bank hesabına iddia tələbinin həcmində həbs qoyulmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-226/2021 saylı (hakim Rüfət Məcidov) qərardadı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 19831,09 manat əsas borc və gecikmə tarixinə görə hər gün üçün yaranan 1586 manat cərimə olmaqla cəmi 21417,09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair iş üzrə İddiaçı iddianın təmin etmə tədbirinin görülməsinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-226/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin bank hesabının aktiv olub-olmaması barədə məlumatlar bank sirri təşkil etdiyindən həmin məlumatlar ərizəyə əlavə edilməmişdir. Bundan başqa məhkəmə cavabdehin bank hesabında işçilərin əmək haqları və məcburi dövlət sosial sığorta ödənişləri xaricində olan pul vəsaitlərinə həbs qoya bilərdi. Buna baxmayaraq iddiaçının vəziyyəti nəzərə alınmadan cavabdehin mənafeyinə uyğun qərardad qəbul edilmişdir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-2(117)-226/2021 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tаrixli, 2-2(117)-226/2021 saylı qərardadı ilə şikayət baxılması üçün kommersiya işi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-2(117)-226/2021 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gələrkən belə hesab etmişdir ki, ....iddiaçı iddianı təmin etmə tədbiri olaraq cavabdehin Muğanbank ASC-də olan hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulmasını xahiş etsə də, cavabdehin qeyd olunan bank hesabının aktiv olub-olmaması, bank hesabında pul vəsaiti və digər sərvətlərinin olmasını təsdiq edən sübutları ərizəsinə əlavə etməmiş, bu hal iddiaçı tərəfindən əsaslandırılmamışdır. ... cavabdehin bank hesabında olan pul vəsaitinin üzərinə həbsin qoyulması cavabdeh cəmiyyətin pandemiya dövründə işçilərinin əmək haqqı almaq hüquqlarının pozulmasına və müəssisənin normal iş fəaliyyətinin, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində çətinlik yarada bilər ki, buna da yol verilə bilməz.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianın təmin etmək tədbiri qismində müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbirləri görülə bilər. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. İddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 19831,09 manat əsas borc və gecikmə tarixinə görə hər gün üçün yaranan 1586 manat cərimə olmaqla cəmi 21417,09 manat pulu və 30 manat ödənilmiş dövlət rüsumunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə həbs qoyulması lazım olan əmlaklarının konkret siyahısı müəyyən edilməklə iddia tələbi həcmində əmlakı üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. 158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Həmin Məcəllənin 158.4-cü maddəsində isə təsbit edilmişdir ki, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Göstərilən müddəaların tətbiqi baxımından kollegiya qeyd edir ki, pul tələblərinə dair işlərə baxılarkən məhkəmə konkret əmlakın üzərinə həbs qoymadan ümumən cavabdehə məxsus əmlakın üzərinə iddia tələbi həcmində həbs qoyulması məsələsini həll etməlidir. Çünki pul tələbləri üzrə əmlak üzərinə həbs qoyularkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsində təsbit olunmuş ardıcıllığa əməl edilməlidir. Həmin ardıcıllığa uyğun olaraq cavabdehə məxsus olan əmlakları aşkar etmək və onların üzərinə məhkəmə qərarına uyğun olaraq iddia tələbi həcmində həbs qoymaq isə “İcra haqqında” Qanuna uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməli olan vəzifədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin başqa bir əmlakına həbs qoyulması cavabdehin mülkiyyətinə müdaxilə kimi qiymətləndirilər ki, bu da, yolverilməzdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-226/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Muğanbank ASC İnvest filialında olan (VÖEN: ********** H\h: **********AZM28 Kod: 503916 M/h: **********944) bank hesabına iddia tələbi həcmində həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2-2(117)-226/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Muğanbank ASC İnvest filialında olan (VÖEN: ********** H\h: **********AZM28 Kod: 503916 M/h: **********944) bank hesabına iddia tələbi həcmində (21447.09 manat) həbs qoyulsun. Qərardadın icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar