Məhkəmə qərarları › İş №2-2(107)-42/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-42/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-42/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50700,88 manat borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)-49/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür.

2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” Aktdan görünür ki, Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacda qüsurlar aşkar edilmişdir. Belə ki, sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlandı. Bu o deməkdir ki, sayğac keçən qazın sərfini qeydə almır. Həmin akt X7 tərəfindən imzalanmışdır.

3. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 356918 kub metr itirilmiş qaz müəyyən edilmiş (əsas: xx.xx.2021-ci il tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir.

4. İş materiallarında olan xx.xx.2023-cü il tarixə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosundan müəyyən edilir ki, 2021-ci ilin yanvar ayıda yuxarıda qeyd edilən aktla hesablanmış və itirilmiş qazın dəyəri olaraq 71383,60 manat qeyd edilmişdir.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təbii qaz təchizatının dayandırılması barədə” 137 nömrəli Aktdan görünür ki, yaranmış borcla əlaqədar obyektdə təbii qazın təchizatı sayğac açılmadan dayandırılmışdır.

6. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Debitor borcun ödənilməsi haqqında” Razılaşma protokolundan görünür ki, təbii qazdan istifadəyə görə 71383,60 manat məbləğində borcunun olması barədə tərəflər razılığa gəlmiş və cavabdeh 2021-ci ilin fevral, mart və aprel ayları üzrə hər ay 23794,53 manat ödəməyi öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan “Qarşılıqlı üzləşmə aktları”ndan görünür ki, xx.xx.2021-ci il tarixə 33 303,36 manat, xx.xx.2022-ci il tarixə isə 49971,74 manat borc mövcuddur.

8. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, Cavabdeh (istixana) 50300,88 manat borcu mövcuddur. Həmin borcun 28464,58 manat hissəsi itirilmiş qazın bərpası məqsəd ilə dəymiş ziyana görə heablanmışdır. Borcun yerdə qalan qalan hissəsi isə qaz sərfiyyatına görə yaranmış debitor borcdur.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50700,88 manat borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Şəki rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqısatqısına dair xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən istehlakçının **********00060 saylı qaz hesabında 50300.88 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacın 789859 kub.m mexaniki və ******* kub.m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları ilə təsdiqlənmişdir. Tələb olunan debitor borc ödənilmədiyinə görə cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili verdiyi izahatında bildirmişdir ki, onlar iddianı qəbul etmirlər. Belə ki, aktlardakı imza Cavabdeh məxsus deyildir. Onun adından başqa şəxs imzalamışdır. Cavabdeh ilə iddiaçı arasında razılaşma olmuş, lakin onu məcburiyyət qarşısında yəni, istixananın fəaliyyətinin dayanmaması üçün razılaşmışlar. Eyni zamanda, qeyd edilən borc daxil olmaqla ümumilikdə müvafiq akt əsasında təxminən 71 min manat məbləğdə əlavə borc hesablanıb, həmin borc qanunsuzdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müvafiq istixanaya iddiaçının nümayəndələri tərəfindən yoxlama aparılmasına dair xx.xx.2021-ci il tarixli aktdakı, cavabdehin borcuna dair üzləşmə aktlarında, həmçinin debitor borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli Razılaşma protokolundakı imzalar ona məxsus deyil, X2na məxsusdur. Cavabdeh imza nümaynələrini məhkəməyə təqdim etmişdir. X2 ilə iddiaçı arasında razılaşma olmuş, lakin onu məcburiyyət qarşısında yəni, istixananın fəaliyyətinin dayanmaması üçün razılaşmışlar. Cavabdeh borcun əsassız yazıldığına əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir.

13. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 05 fevral 2024-cü il tarixli, e-2-2(117)-49/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hesablanmış borcun yaranmasının əsasları qanunsuz olduğundan, qanunun tələblərini pozmaqla yoxlama aparıldığından, həmçinin tələb edilən məbləğ 50300 manat qanunun tələblərinə uyğun olmayan aktla hesablanmış 71383,6 manat məbləğindən az olduğundan və hər hansı pozuntunun iddia üzrə cavabdehin təqsiri ucbatından baş verməsi faktı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.2, 14.1, 15.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 560.1, 560.2, 560.3, 567, 597.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.2, 81, 217.3, 217.4-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin, “X5”nın müddəalarına istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)- 49/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını kommersiya iş üzrə düzgün tədbiq etməmiş, nəticədə hazırkı mübahisəli məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, İddiaçı Cavabdeh tələb etdiyi 50300.88 manat borcun 21836.30 manat hissəsi sayğac göstəricisinə, 28464.58 manat hissəsi qanunsuz qazdan istifadəyə görə yaranmış borc məbləği olması, Cavabdeh məxsus istixanada istismarda olan G-650 markalı 83047923 saylı qaz sayğacına baxış keçirən zamanı sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlandığı və nəticədə xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən hesabatla 71383.60 manat müəyyən edildiyi, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Debitor borcun ödənilməsi haqqında” Razılaşma protokoluna əsasən təbii qazdan istifadəyə görə 71383,60 manat məbləğində borcunun olması barədə tərəflər razılığa gəldiyi, Cavabdeh aylıq istehlak etdiyi təbii qazın dəyərindən əlavə 2021-ci ilin fevral, mart və aprel ayları üzrə hər ay 23794,53 manat ödəməyi öhdəsinə götürdüyü işin mübahisəsiz haldır və məhkəmə tərəfindən həmin faktlar öz tədiqini tapmaqdadır. Keçə müddət ərzində isə cavabdeh sözügedən protokol üzrə dəymiş ziyandan 28464.58 manat hissə ödənilməmiş qalmışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsurun aşkarlanmasında iştirak etmiş, qüsuru təsdiq edən və inventarizasiyanın aparılmasına dair aktı imzalamışdır. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi üçün bütün əsasəlar olmasına baxmayaraq məhkəmə tələbi təmin etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Bildirirlər ki, iddia tələbinin rədd edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacda müdaxilə edilməsi öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı İB məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Bundan əlavə maddi ziyanın hesablanmış məbləğinə gəlincə, bu məbləğ təkcə oğurlanmış qazın dəyərini ifadə etməməli, həm də tənbeh xarakteri daşımalıdır. Təbii qazı oğurluq istifadə edən şəxsə tətbiq edilən tənbeh təkcə onun oğurladığı qazın dəyərini ödəməsindən ibarət olarsa, bunun gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmayacaqdır. Ona görə də maddi ziyanın hesablanma qaydasına əsasən müəyyən olunan ziyan əvəzinin həmin ziyanın real həcmindən hətta əhəmiyyətli dərəcədə yüksək olması qanuni və ədalətlidir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)-49/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

19. Məhkəmə kolllegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı:

33. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

34. Maddə 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;

35. Maddə 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir.

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

36. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

37. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

39. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

44. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

45. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

51. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

52. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)- 49/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

56. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında Şəki rayonunda yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən istehlakçının **********00060 saylı qaz hesabında 50300.88 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacın 789859 m mexaniki və ******* m elektron göstəricisi ilə yaranmışdır. Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacda qüsurlar aşkar edilərək xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” Akt tərtib edilmişdir və tələb olunan debitor borc ödənilmədiyinə görə cavabdeh müəssisənin təbii qaz təchizatı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

57. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, cavabdeh ona qanunvericiliyin tələbinə riayət etməyərək müvafiq aktla qoyulmuş öhdəliyi tam icra etsə belə, yenə də məhkəmə həmin aktın qanunszluğunu müəyyən edərsə, cavabdehin üzərinə belə bir öhdəliyi qoya bilməz. Pozulmuş hüquqların və qanuni mənafelərin bərpasını həyata keçirən məhkəmənin mövqeydi belə olmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının tələblərinə əsasən hüquqi və ya fizki şəxslərin üzərinə qanunlara və hüququn ümumi prinsiplərinə riayət etməməklə qazanılmış öhdəliklərin qoyulması qanunsuzluq yaratmaqla hüquqi müəyyənliyə ziddir. Belə olan vəziyyətdə cavabdehin qeyd edilən aktla yəni, qanunvericiliyin tələbinə uyğun olmayan hərəkətlər nəticəsində tərtib edilmiş aktla qoyulmuş öhdəlikdən azad edilmə ilə bağlı qarşı tərəfin qarşılıqlı iddiasına qanunvericilik lüzum görmür. İddiaçının qarşı tərəfdən tələbi müqavilə və ya qanunun tələblərinə əsaslanmalı, qanunsuz hərəkətlər nəticəsində qazanılmış hüquq mövcud ola bilməz və bu mübahisəyə məhkəmədə baxılan zaman ümumiyyətlə qeyd edilən hüquqa təminat verilə bilməz. Digər tərəfdən abonent saldosunda borc məbləği əks edilsə belə, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə qismən razılaşaraq qeyd edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-0181/21 nömrəli müqavilə müqavilə Cavabdeh tərəfindən imzalanmış, lakin “Debitor borcun ödənilməsi haqqında” tərəflərin imzaladığı razılaşma protokolu, xx.xx.2022-ci il tarixə mövcud borcla bağı qarşılıqlı üzləşmə aktı, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” Aktı Cavabdeh tərəfindən deyil, cavabdeh olan sonuncunun bildirdiyinə görə onun X2 tərəfindən imzalanmışdır. Bundan əlavə qeyd edilən halların olması imzanın Cavabdeh deyil, X8 tərəfindən imzalanmasının sonuncunun istehlakçının nümayəndəsi kimi çıxış etməsi ilə bağlı olmuşdur.

59. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh bütün əmlakı ilə əlaqədar bütün hərəkətlərin edilməsi ilə bağlı X6 xx.xx.2017-ci il tarixində 30 il müdddətinə etibarnamə vermişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən istehlakçının nümayəndəsinin iştirakı ilə təbii X5nın pozulması ilə bağlı xx.xx.2021-ci il tarixi aktda qeyd edilən sayğacın işləməsinə mane olan kustar üsulla hazırlanmış dəmirin yerləşdirilməsi faktı sənədlərdə mövcuddur və bu fakta münasibətdə istehlakçının nümayəndəsi həmin yoxlama prosesində iştirak etmiş, hətta sonradan həmin aktla yazılmış borcun hissə-hissə ödənilməsinə dair razılaşma protokolu da imzalamışdır. Eyni zamanda, cavabdeh ona aktla yazılmış 71383,6 manat borcun xeyli hissəsini ödəmiş, qalan borc 50300 manat təşkil edir.

61. Məhkəmə kollegiyası qanunvericiliyin tələbinə əsasən hesab edir ki, iddiaçı o borcu qarşı tərəfdən tələb edə bilər ki, həmin borcu ödəmək vəzifəsi qanuna, müqaviləyə əsasən qarşı tərəfin mübahisəsiz öhdəliyinə əsaslanmış olsun.

62. Kollegiya qeyd edir ki, nə qədər ki, cavabdehə münasibətdə tərtib edilmiş təbii X5nın pozulmasına dair Akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun cavabdeh üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz.

63. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi bir çox qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir.

64. Abonent saldosunda borc məbləği əks edilsə belə məhkəmə kollegiyası hesab edir ki, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır.

65. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. - 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

66. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

67. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

68. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

69. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər.

70. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən tərtib edilmiş akt qanunsuz olaraq tərtib edilmişdir.

71. Bununla belə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələblərini tam rədd etməkdə haqlı olmamışdır.

72. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi 50300,88 manat borcun 21836,30 manat hissəsi sayğac göstəricisinə, yəni istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış, 28464.58 manat hissəsi isə qazdan qanunsuz istifadəyə görə hesablanmış borc məbləğidir. Bu faktlar təqdim olunmuş abonentin saldosu ilə öz təsdiqini tapır.

73. Bu baxımdan kollegiya hesab edir ki, istehlakçı (indiki halda cavabdeh) sayğac göstəricilərinə uyğun olaraq istifadə etdiyi qaza görə hesablanmış məbləğini ödəməyə borcludur.

74. Mübahisəyə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan diqqətəlayiq halını nəzərə almadan iddia tələbini bütövlükdə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın məbləği kimi qəbul edərək rədd etmişdir.

75. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokoluna münasibət bildirərək qeyd edir ki, tərəflər sərbəst şəkildə həmin razılaşmanı imzalayaraq öz iradə ifadəsini bəyan etmişlər. Cavabdehin həmin protokola əsasən qismən ödənişlər etməsi də bunu təsdiq edir. Cavabdehin sözügedən razılaşma protokolu üzrə müəyyən ödənişlər etməsi onu qazdan istifadəyə görə yaranmış debitor borcunu ödəmək vəzifəsindən (öhdəliyindən) azad etmir. Cavabdehin bu öhdəliyi isə tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədən irəli gəlir (1-ci paraqraf).

76. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin tam etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

77. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

78. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)-49/2024 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməli, Cavabdeh 21836.20 manat debitor borcu alınıb İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)-49/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 21836.20 manat debitor borcu və 200 manat ödənilmiş rüsum xərci alınıb İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar