Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-43/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı) nümayəndəsi Nümayəndə2 iştirakı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2-2(84)-268/2018 nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı (üçüncü şəxs X3) iddia qaldıraraq, cavabdehdən 23.865 ABŞ dolları və 3.645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5.000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim V.Qasımov) 12 dekabr 2018-ci il tarixli 2- 2(84)-268/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 22.245 ABŞ dolları və 2.865 avro məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin 23,35 manat hissəsinin cavabdehə aid edilməsi və həmin məbləğin ondan alınaraq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin qalan 6,65 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının 07 iyun 2019-cu il tarixli 2-2(84)-268/2018 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2-2(102)-438/2019 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyаsının 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyaisya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışır. İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyаsının 21 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddia tələbi belə əsaslandırılmışdır ki, "İddiaçı" MMC Azərbaycan Respublikasında pivə hazırlanması üçün lazım olan xammalın satışı ilə məşğul olur. 2012-ci ildən 2018-ci ilin mart ayınadək cavabdeh "Cavabdeh" MMC-nin qanuni təmsilçisi X3 "İddiaçı" MMC-dən müəyyən tarixlərdə arpa səmənisi və s. xammalları nisyə almışdır. O, hər ilin mart ayından başlayaraq şirkətdən aldığı arpa səmənisinin və digər xammalların pulunu aldığı vaxtdan bir neçə ay sonra ödəyirdi. Lakin təqribən 2015-ci ildən cavabdeh aldığı məhsulların dəyərinin ödənilməsini gecikdirmiş və nəticədə cavabdehin 24.02.2018-ci ilədək 22.245 ABŞ dolları və 2.865 avro borcu qalmışdır. Bu hal cavabdehin qanuni təmsilçisi X3 tərəfindən yazılmış qəbzdə öz əksini tapmışdır. Bundan sonra cavabdehin nümayəndəsi borclarının ödənilməsinə şərait yaradılması məqsədilə 1.620 ABŞ dolları dəyərində arpa səmənisi və 780 avro dəyərində pivə hazırlanması üçün lazım olan xammal verilmişdir. Lakin cavabdeh bu günədək öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında bildirmişlər ki, qaldırılan iddiaya rəsmi olaraq etiraz edirlər. 10.03.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsinə diqqət yetirilsə, həmin qaimənin “təhvil aldı” qrafasına imza atmamışlar. Bu hal onu deməyə əsas verir ki, həmin mal, yəni iddiada qeyd olunan məbləğ həddində mal onlara təhvil verilməyib. Onlar xarab olmuş xammalı necə qəbul edə bilərlər. Şəxs əgər onlara xammal veribsə, birmənalı olaraq “təhvil aldı” qrafası mütləq mənada imzalanmalı idi. Ancaq onları nə vadar etmişdir ki, həmin qaiməni imzalamamışlar. İddiaçının hansı əsasla malı onlara verməsi, öz malını risk altına salması, verdiyi malın müqabilində onlara sənədləri imzalatdırmaması, hansı zərurətdən doğa bilərdi? Əsil həqiqət odur ki, qeyd olunan həddə mal onlara verilməmişdir. Birinci instansiya məhkəməsində verdikləri izahatlarında da 4.000 manat məbləğində pul ödədiklərini bildirmişlər. Bu da öz-özlüyündə 2.000 ABŞ dollarından bir az artıq edir. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2-2(84)- 268/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kolegiyasının iclasında apellyasiya şikayətini müdafiə edən iddiaçının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iş materiallarında olan sübutlardan, həmçinin üçüncü şəxs və eyni zamanda Cavabdeh MMC-nin qanuni təmsilçisi Nadir Ağayevin birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, 2012-ci ildən başlayaraq cavabdeh iddiaçıdan müəyyən vaxtlarda müəyyən məbləğlərdə mal götürmüşdür. Bu faktı üçüncü şəxs də etirafı etmişdir. Bundan başqa, qəbzdə göstərilən məbləği mübahisələndirməmişdir. Apellyasiya şikayəti əsassızdır. Cavabdehin mövqeyi ümumi sözlərdən, mülahizələrdən ibarətdir. Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: Əl ilə icra edilmiş qəbzdən görünür ki, X1 "İddiaçı" MMC-yə 24.02.2018-ci ilədək 22.245 ABŞ dolları və 2.865 avro borcu var. X3 2018-ci ilin sentyabr ayından hissə-hissə olaraq 20.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. 10.03.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsindən görünür ki, "İddiaçı" MMC tərəfindən Nadir Ağayevə 1.620 ABŞ dolları və 626,20 avro dəyərində mal verilmişdir. Lakin həmin aktın "təhvil aldı" qrafasında imza yoxdur. İnternet Vergi İdarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bölümündən çıxarışdan görünür ki, Cavabdeh İstehsal Kommersiya Şirkəti hüquqi ünvanı Yevlax rayonunun Malbinəsi kəndi, qanuni təmsilçisi X3 olmaqla, 19.07.2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində dövlət qeydiyyatına alınmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2012-ci ildən başlayaraq iddiaçı ilə cavabdeh arasında şifahi formada işgüzar münasibətlər olmuş, 2012-ci ildən 2018-ci ilin mart ayınadək cavabdehin qanuni təmsilçisi, eyni zamanda iş üzrə üçüncü şəxs X3 iddiaçıdan müəyyən tarixlərdə arpa səmənisi və s. xammalları nisyə almış, xammalların pulunu aldığı vaxtdan bir neçə ay sonra ödəmiş, təxminən 2015-ci ildən cavabdeh aldığı məhsulların dəyərinin ödənilməsini gecikdirmiş və nəticədə cavabdehin 24.02.2018-ci ilədək 22.245 ABŞ dolları və 2.865 avro borcu qalmışdır. Bu hal cavabdehin qanuni təmsilçisi Nadir Ağayev tərəfindən yazılmış qəbzdə də öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisədə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edildi ki, tərəflər arasında bir neçə il davam edən dayanıqlı alqı-satqı münasibətləri olmuş, Yevlax rayonunda pivə istehsalı ilə məşğul olan cavabdeh bu istehsal üçün zəruri olan xammalları iddiaçıdan nisyə almış, sonra isə dəyərini hissə-hissə ödəmişdir. Cavabdeh iddiaçıya olan borcunun ödənilməsini gecikdirdiyinə görə tərəflər arasında narazılıq yaranmış və cavabdehə xammal verilməsi dayandırılmışdır. Bundan sonra 24.02.2018-ci ildə cavabdehin qanini təmsilçisi X3 iddiaçı müəssisənin ofisinə baş çəkmiş və orada həmin tarixə iddiaçı "İddiaçı" MMC-yə 22.245 ABŞ dolları və 2.865 avro borcunun olması, 2018-ci ilin sentyabr ayınadək hissə-hissə olaraq 20.000 ABŞ dolları ödəməyi öhdəsinə götürməsi barədə yazılı qəbzi imzalamışdır. Nadir Ağayev qəbzi şəxsən imzaladığını məhkəmə iclasında etriraf etdi. O, əslində iddiaçıya borcunun olmadığını və arterial təzyiqinin yüksək olması və özünü yaxşı hiss etməməsi səbəbindən qəbzi imzaladığını bildirsə də, bu hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş 10.03.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsi və elektron qaiməyə gəldikdə isə, həmin sənədlərdə göstərilən malların cavabdeh tərəfindən təhvil alınması barədə cavabdehin nümayəndəsinin imzası mövcud deyil. Ona görə də həmin qaimələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 23.865 ABŞ dolları və 3.645 avro məbləğində deyil, 22.245 ABŞ dolları və 2.865 avro məbləğində pulu tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşa bilmir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yeganə sübut kimi X3 tərəfindən tərtib edilmiş qəbzə istinad etmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi qəbzdən görünür ki, X3 "İddiaçı" MMC-yə 22.245 ABŞ dolları və 2.865 avro borcunun olmasını, 2018-ci ilin sentyabr ayınadək hissəhissə olaraq 20.000 ABŞ dolları ödəməyi öhdəsinə götürməsini bildirir. Həmin qəbzi X3 imzalamışdır. Qeyd olunan qəbzdən görünür ki, X3 "Cavabdeh" MMC-in və ya Cavabdeh deyil, şəxsən özünün "İddiaçı" MMC-yə borcunun olmasını etiraf edir. Həmin qəbzdə "Cavabdeh" MMC-in və ya Cavabdeh "İddiaçı" MMC-yə borcunun olması qeyd olunmamışdır. Həmin qəbz hüquqi şəxsin təmsilçisi tərəfindən deyil, fiziki şəxs tərəfindən tərtib edilərək imzalanmış və qəbzdə yazılı formada bildirmişdir ki, "İddiaçı" MMC-yə 24.02.2018-ci il tarixədək 22.245 (iyirmi iki min iki yüz qırx beş) ABŞ dolları və 2.865 (iki min səkkiz yüz altmış beş) avro borcum var. Bildirirəm ki, 2018-ci ilin sentyabr ayından hissə-hissə olaraq 20.000 (iyirmi min) ABŞ dolları ödəyəcəm. Göründüyü kimi cavabdeh qəbzi təmsilçisi olduğu "Cavabdeh" MMC və ya Cavabdeh adından deyil, öz adından yazıb imzalamış, qəbzi hüquqi şəxsin möhürü ilə də təsdiq etməmişdir. Qeyd olunmalıdır ki, iş üzrə üçüncü şəxs Nadir Ağayev birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində iddiaçı ilə olan işgüzar əlaqələrinin təmsil etdiyi hansısa hüquqi şəxsin adından və onun mənafeyi üçün həyata keçirildiyini heç vaxt bidirməmiş. Belə olan halda, kollegiyaya görə, iddiaçı sözügedən qəbzə istinad etməklə hazırkı iddianı "Cavabdeh" MMC-yə qarşı deyil, fiziki şəxs olan X2 qarşı qaldırmalı idi. X3 isə fiziki şəxs olmaqla, fərdi sahibkar kimi də qeydə alınmamışdır. Belə ki, İnternet Vergi İdarəsində axtarışlarda onun fərdi sahibkar kimi qeydə alınması və adına VÖEN olması müəyyən edilməmişdir. Buradan irəli gəlir ki, ona qarşı qaldırılmalı olan iddia iqtisadi qaydada deyil, mülki qaydada ümumi məhkəmədə qaldırıla bilərdi. Belə ki, MPM-ə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (mad. 25.1). 26.1-ci maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir (mad.26.1). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hazırki iş üzrə 21 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı MMC cavabdeh Şirkətə qarşı malların göndərilməsi əməliyatlarından yaranmış kredit borcun qaytarılması haqqında iddia tələbini irəli sürərkən sübut kimi təqdim etdiyi 3 sənədə, yəni borc məbləğinin qaytarılacağı haqqında N.Ağayevin imzaladığı qəbzə, 10.03.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsinə və elektron qaiməyə istinad etmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərlə razılaşmış və belə hesab etmişdir ki, iddiaçı MMC tərəfindən təqdim edilmiş 10.03.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsi və elektron qaimədə göstərilən malların cavabdeh Şirkət tərəfindən təhvil alınması barədə Şirkət nümayəndəsinin imzası mövcud deyil. Ona görə də, həmin qaimələr bu iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hazırki mübahisənin tərəfləri arasında kommersiya əlaqələrinin mövcudluğunu təsdiq edən hər hansı digər sənədlər, o cümlədən malların göndərilməsi haqqında yazılı müqavilə olmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçı MMC-nin iddia tələbini əsaslı hesab etmiş, bu MMCnin təqdim etdiyi, borc məbləğinin qaytarılacağı haqqında N.Ağayevin imzaladığı qəbzi mötəbər bu iş üzrə yeganə mötəbər sübut növü kimi qəbul etmişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki, hazırki mübahisədə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, onların məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edilir ki, bu tərəflər arasında bir neçə il davam edən dayanıqlı alqı- satqı münasbətləri olmuşdur. Şifahi bağlanan əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflər arasında malların göndərilməsi əməliyatları baş vermiş və bu əməliyyatlar tərəflər arasında bağlanmış şifahi əqdən irəli gəlir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi borc məbləğinin qaytarılacağı haqqında N.Ağayevin imzaladığı qəbzin borcun etirafı haqqında mücərrəd müqavilə olmasına işarə etsə də, bu mülahizəsini müvafiq maddi hüquqi nomalarla təsdiqəməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsində bu müqavilənin əlamətləri nəzərdə tutulmuşdur. Qeyd edilən normanın məzmununa görə, borcun etirafı haqqında müqavilə “sonrakı”, yəni tərəflər arasında bağlanmış və onların hüquqi münasibətlərinin və müvafiq hüquq və öhdəlilklərin yaranmasına səbəb olan “ilkin” müqavilədən sonra əmələ gəlmiş törəmə müqavilədəir. Mücərrəd müqavilədə nəzərdə tutulmuş tərəflərin hüquq və öhdəlikləri məhz, əvvəlki müqavilədən qaynaqlanır, yəni mücərrəd müqavilədə etiraf edilən borcun yaranması şərtləri tərəflər arasında bağlanmış ilkin müqavilədə öz əksini tapmalıdır. Hazırki halda isə iş materiallarında olan borc məbləğinin qaytarılacağı haqqında N.Ağayevin imzaladığı qəbzin hansı “əvvəlki müqavilədə qeyd olunan şərtlərdən əmələ gəlməsi məlum deyil. Bu zaman apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan şifahi müqavilənin olması faktını hər hansı yazılı sənəd-sübutla deyil, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq olunduğunu qeyd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqaviləyə qədərki danışıqları və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Bundan əlavə, araşdırılan qətnamədə apellyasiya instansiyası məhkəməsi N.Ağayevin imzaladığı qəbzdə kimin borcundan, özünün, yaxud cavabdeh Şirkətin borcundan bəhs olunduğu məsələsinə aydınlıq gətirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi ilə həmin məsələ belə tənzimlənmişdir ki, əgər aralarında əvvəllər öhdəlik münasibətləri yaranmış şəxslər arasında müqavilə bağlanırsa, onda mövcud borcun (öhdəliyin) etirafından söhbət gedir; əgər şəxs başqasına aid öhdəliyi öz üzərinə götürürsə, burada həmin Məcəllənin 882.4-cü maddəsində təsbit edilmiş öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci (Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 404-cü (Müqavilənin təfsiri) maddəsində isə göstərilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Göründüyü kimi, mübahisə iki hüquqi şəxs arasında yaransa da, iş materiallarında iddiaçının cavabdehə nisyə mal verməsini, nisyə verilmiş malın dəyərinin qaytarılmasını təsdiq edən heç bir yazılı mötəbər sübut yoxdur. Halbuki, hüquqi şəxslər arasında münasibətlərin yazılı olması kommersiya münasibətlərinin xarakterik əlamətidir. Hazırki mübahisənin isə iki kommersiya hüquqi şəxsi arasında yaranması müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan qəbzə istinad edərək iddia tələbinə iqtisadi qaydada baxmaqda səhvə yol vermişdir. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı hazırki iddia ərizəsində cavabdeh kimi "Cavabdeh" MMC-ni göstərmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi deyil, Cavabdeh kimi Vergilər Nazirliyində qeydiyyata alınmış və adına ********** nömrəli VÖEN açılmışdır. Belə olan halda, hazırki iddia ərizəsinin tərtibində də səhvə yol verilmiş, faktiki olaraq mövcud olmayan şəxsə qarşı iddia qaldırılmış, birinci instansiya məhkəməsi isə həmin məsələni araşdırmayaraq mövcud olmayan şəxsə qarşı qaldırılan iddianı qismən təmin edərək qətnamə çıxarmışdır. MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan hüquq normalarının mənasına görə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçı və cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsalıdır. Belə ki, həmin maddəyə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından da məhkəmə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartlarını qəbul etməlidir. Belə ki, Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” iş üzrə (№ 25657/94 § 282) qərarında göstərmişdir ki, belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Şərh olunanlara əsasən, apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdur. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “23865 ABŞ dolları, 3645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-43/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-43/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver