Məhkəmə qərarları › İş №2-2(107)-44/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-44/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-44/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı baş direktor vəzifəsini icra edən E.H.Quliyev şəxsində (alıcı), MKT-Ucar filialının direktoru Ş.V.Səmədov şəxsində (tədarükçü) və xam pambığın istehsalçısı Tanrıöver Can (təsərrüfat) şəxsində xx.xx.2016-cı il tarixdə 2016-cı il mövsümü üzrə xam pambığın istehsalı və alqı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Təsərrüfat (Tanrıöver Can) 500 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükü üzrə Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonun satınalma qiyməti : birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat. Qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının (xxxxxx MMC) mülkiyyətinə verməyi, Tədarükçü (MKT Ucar filialı) gətirilən xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür. Müqavilə “xxxxxx” MMC-nin baş direktoru vəzifəsini icra edən şəxs və “MKT-Ucar” filialının direktoru və Tanrıöver Can tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir. İddiaçı MMC müqavilə şərtlərinin cavabdeh “X3” MMC tərəfindən pozulduğunu əsas gətirərək hazırkı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin icrası olaraq cavabdeh “X3” MMC tərəfindən iddiaçı cəmiyyətdən pambıq əkini üçün 270252,40 manat avans vəsait götürülmuş, əvəzində 213511,20 manat məbləğində 428859,2 kq xam pambıq təhvil verilmiş və 33255 manat vəsait cəmiyyətə qaytarılmışdır. Nəticədə cavabdehin ödənilməmiş 23485,90 manat borcu qalmış və müqavilənin 4.2-ci bəndinə uyğun olaraq 20 % həcmində 57114 manat məbləğində cərimə hesablanmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, müqavilə cavabdehin möhürü ilə təsdiq olunduğundan cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina edir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxxx 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaq cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, guya xam pambığın alqı-satqısına dair müqavilə cavabdeh “X3” MMC ilə deyil, bilavasitə cavabdehin rəhbəri Tanrıöver Canla bağlandığı üçün, cavabdehin iddiaçı qarşısında mülki hüquq öhdəlikləri yaranmamış və bu da iddia tələblərinin məhkəmə qaydasında rədd olunması üçün əsas olmuşdur. Halbuki, iş materiallarında mövcud olan xx.xx.2016-cı il tarixli xam pambığın alqısatqısına dair müqavilədə tərəf kimi “X3” MMC-nin möhürü, həmçinin avans xidmətlərin görülməsi barədə aktlarda hüquqi şəxsin möhürü təsbit olunmuşdur. Eyni zamanda, tərəflər arasında 2016-cı il mövsümü üzrə xam pambığın alqısatqısına dair müqavilənin imzalanması ilə bağlı, iddiaçıya təqdim olunmuş notarial qaydada təsdiq edilmiş imza nümunlərində Tanrıöver Can “X3” MMC-nin direktoru kimi təqdim edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə iddiaya cavab verməli şəxsin Tanrıöver Can olması barədə nəticəyə gələrkən, mahiyyəti üzrə işə baxıb qətnamə qəbul etmək əvəzinə, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi barədə qərardad çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Nəzərə alsaq ki, məhkəmənin gəldiyi qənaətə görə cavabdeh qismində məhkəmə prosesinə fiziki şəxs olaraq Tanrıöver Can cəlb edilməli idi, onda görərik ki, fiziki şəxsin iştirakı ilə işin baxılması mülki prosessual qanunvericiliyin tələblərinə görə ümumi məhkəməyə aid edilmişdir. Eyni zamanda, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fiziki şəxs mütləq vergi uçotunda qeydiyyatdan keçməlidir. Onların halında isə, Tanrıöver Canın yalnız fiziki şəxs olaraq müqavilə tərəfi olmasını güman etmək olar. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(117)-302/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “X3” MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının MPM və ya MPM) 376.2-ci mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Həmin sənədlərə xx.xx.2016-cı il tarixli müqavilə, maliyyə sənədi və pretenziya və digər sənədlər daxildir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini məhkəmənin icraatına qəbul edərkən, sonradan isə mahiyyəti üzrə qətnamə qəbul edərkən qanunvericiliyin tələblərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “hazırkı iş üzrə iddiaçı xx.xx.2016-cı il tarixli müqaviləyə istinad edərək cavabdeh “X3” MMC-nin ona 23485,90 manat əsas, 57114,10 manat cərimə üzrə borcu olduğunu iddia edir ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan xx.xx.2016-cı il tarixli 16 *** **** nömrəli müqavilə Alıcı qismində İddiaçı, Tədarükçü qismində MKT-Ucar filialı və Təsərrüfat, yəni, xam pambığın istehsalçısı qismində “X3” MMC ilə deyil, Tanrıöver Canla bağlanmış və imzalanmışdır. Yəni alqı-satqı müqaviləsi Tanrıöver Can tərəfindən “X3” MMC-nin adından deyil, öz adından bağlanaraq imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə əsasında “X3” MMC-nin heç bir öhdəliyi yaranmamışdır və həmin müqavilə əsasında da iddia olunan pul məbləğinin cavabdehdən tutulmasına dair qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə hazırkı cavabdeh arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmamış və öhdəlik münasibətləri formalaşmamışdr. Bundan başqa iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş maliyyə sənədində də fermerin adı “X3” MMC deyil, Tanrıöver Can göstərilmişdir. Eyni zamanda məhkəmə iddiaçının müqavilənin “X3” MMC-nin möhürü ilə təsdiq edilməsi barədə iddia dəlilinə münasibətdə qeyd edir ki, əvvəla möhür aid olduğu idarə, müəssisə və təşkilatın adından hazırlanmış sənədlərdə həmin idarə müəssisə və təşkilatın səlahiyyətli şəxsinin imzasının təsdiq edilməsi məqsədilə istifadə edilir. Hazırkı iş üzrə mübahisə predmeti olan müqavilə Tanrıöver Can tərəfindən “X3” MMC-nin adından bağlanmadığı üçün müqaviləyə cəmiyyətin möhürünün vurulması müqavilə üzrə yaranmış öhdəliklərin cəmiyyət tərəfindən icra edilməli olması anlamına gəlmir. Bu səbəbdən məhkəmə iddiaçının möhürlə bağlı iddia dəlilini də əsassız hesab edir. Sonda məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında cavabdehin iddia tələbinə cavab verməli olan əsl cavabdeh Tanrıöver Canla əvəz edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, sonuncu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh olaraq “X3” MMC-yə qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə işə baxmışdır.”. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarının: 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. 8-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həya-ta ke-çi-ri-lən fə-a-liy-yə-tin sahibkar-lıq fə-a-liy-yə-ti he-sab olunma-sı üçün üç şərtin mövcudluğu tələb edilir: müs-tə-qil-lik, mən-fə-ət gö-tür-mək məqsə-di və fə-a-liy-yə-tin iq-ti-sa-di xarakter-li olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Bundan əlavə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “İstisna” bölümündə qeyd edilmişdir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. İstinad olunan Plenum qərarının tövsiyəsindən birmənalı görünür ki,fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi (rayon, şəhər) məhkəmələr baxır. xx.xx.2016-cı il tarixli 16 *** **** nömrəli müqavilədə Təsərrüfat, yəni xam pambığın istehsalçısı qismində göstərilən tərəf olan Tanrıöver Can fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsdir. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisə predmeti olan xx.xx.2016-cı il tarixli 16 *** **** nömrəli müqavilənin təsərrüfat, yəni xam pambığın istehsalçısı qismində “X3” MMC ilə deyil, fiziki şəxs olan Tanrıöver Canla bağlanması və Tanrıöver Can tərəfindən imzalanması qənaətinə gəlmişdir. Lakin belə olduğu təqdirdə birinci instansiya məhkəməsi işə mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalı olması qənaətinə gələrək məhkəmə aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə göndərmək əvəzinə kommersiya icraatı qaydasında mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Bu, həmdə aşağıda qeyd edilən qanunvericilik normalarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin Vаsilesku Rumıniyаyа qаrşı iş üzrə 22 mаy 1998-ci il tаrixli qərаrındа ifаdə etdiyi hüquqi mövqeyə əsаsən, yаlnız işə bаxmаq üçün tаm həcmdə səlаhiyyətə mаlik оlаn məhkəmə Kоnvensiyаnın 6-cı mаddəsində əks оlunаn «məhkəmə» аnlаyışının tələblərinə cаvаb vermiş оlur. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə, məhkəmə özü də, mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 385.1.1-ci mаddəsinə görə, mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 387.2.1-ci maddəsinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunаn sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-nə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsinə xx.xx.2016-cı il tarixli 16 *** **** nömrəli müqavilənin bağlandığı yer üzrə Ağdaş Rayon Məhkəməsində mülki icraat qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(117)-302/2020 nörməli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-nə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə mülki icraat qaydasında baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-405-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(117)-302/2020 nörməli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “23485,90 manat əsas borc, 57114,10 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş mülki icraat qaydasında baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar