Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-44/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 12 iyun 2020-ci il tarixli, e-2- 2(117)-44/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 27688 manat əsas borc, 300 manat cərimə borcu və 21,51 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.02.2016-cı il tarixli 01-LA/16 nömrəli müqavilənin ləğv edilməsi, 25.02.2016-cı il tarixli 01-LA/16 nömrəli müqavilənin predmeti olan məhsuldarlığı 10000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığın saz vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 27688 (iyirmi yeddi min altı yüz səksən səkkiz) manat əsas borc, 9912 (doqquz min doqquz yüz on iki) manat cərimənin, 1430 (bir min dörd yüz otuz) manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 39060,0 (otuz doqquz min altmış) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.02.2016-cı il tarixli 01-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 107680 manat, məhsuldarlığı 10000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığı lizinqə götürmüş, həmin məbləği müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qrafikinə əsasən cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımca yerinə yetirməyərək onun həmin tarixə 27688 manat əsas, 9912 manat cərimə borcu olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmiş, lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 107680 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 10768 manat ilkin ödəniş etmiş, qalan məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfərlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, lizinq obyekti olan avadanlıq hazırda əvvəlki lizinqgötürənin təsərrüfatındadır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, lizinq obyekti olan texniki avadanlıq Şəki rayonu ərazisində əvvəlki lizinqgötürənə məxsus təsərrüfatda quraşdırılmışdır. İddiaçı ASC tərəfindən avadanlığın ona təhvil veriləcəyi bildirildiyindən təhvil-təslim aktına imza etmişdir. Buna baxmayaraq avadanlıq hal-hazıradək ona təhvil verilməmişdir. O, əvvəlki lizinqgötürən şəxsi tanıdığından avadanlığı lizinqə götürmüş və həmin avadanlığa görə 24000 manat ödəniş etmişdir. Nə avadanlığın yerləşdiyi binanın dəyərinin ödənilməsi ilə bağlı bina sahibi ilə razılığa gələ bilmədiyindən, nə də bina sökülmədən avadanlığın oradan çıxarılması mümkün olmadığından avadanlıqdan istifadə edə bilməmiş və nəticədə cəmiyyətə ödənişləri dayandırmışdır. Bu səbəbdən cəmiyyətdən avadanlığın əvvəlki lizinqgötürəndən alınaraq ona təhvil verilməsi və ya avadanlıqdan imtina edərək ödədiyi məbləğin ona geri qaytarılmasını tələb edir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(107)-32/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2- 2(117)-44/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(107)-32/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 fevral 2021-ci il tarixli 2-2(102)-58/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(107)-32/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsində verdiyi izahatın dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh izahatında bildirdi ki, lizinq müqaviləsini özü şəxsən imzalamışdır. Lizinq obyekti olan texniki avadanlıq ondan əvvəl tanıdığı İlqar Əliyev adlı bir şəxs tərəfindən lizinqə gütürülmüş, həmin avadanlıq Şəki rayonu ərazisində əvvəlki lizinqgötürənə məxsus təsərrüfatda quraşdırılmışdır. Onun quşçuluq təsərrüfatında yem sexinə ehtiyac olduğundan İddiaçı ASC-yə müraciət etmişdir. İlqar Əliyevin lizinq müqaviləsinə xitam verilmiş və bundan sonra İddiaçı ASC ilə onun arasında həmin avadanlığı lizinqə götürməsi ilə bağlı müqavilə imzalanmışdır. X4 arasında avadanlığın ona təhvil verilməsi ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçı ASC tərəfindən avadanlığın ona təhvil veriləcəyi bildirildiyindən təhvil-təslim aktına imza etmişdir. Təhvil-təslim aktını Bakı şəhərində imzalamışdır. Buna baxmayaraq avadanlıq indiyə kimi ona təhvil verilməmişdir. Onun yaşadığı Göyçay rayonunda quşçuluq təsərrüfatı vardır. O, hazırkı lizinq müqaviləsini imzaladıqdan sonra Göyçay rayonundakı təsərrüfatında lizinq predmetinin yerləşdirilməsi üçün bina (anbar) tikməyə başlamışdır. Belə ki, lizinq predmeti olan yem sexinin açıq havada quraşdırılması mümkün deyildir və yem sexi böyük ölçülü olduğundan iri həcmli bina tikilməli idi. İddiaçı ASC ilə olan razılaşmalarına görə həmin binanı (anbarı) tikib başa gətirdikdən sonra İddiaçı ASC tərəfindən lizinq predmeti ona işlək vəziyyətdə Şəki rayonunda təhvil verilməli, o isə öz növbəsində daşıma xərclərini ödəyərək əmlakı Göyçay rayonuna aparıb orada inşa etdirdiyi binada quraşdırmalı idi. Bu məqsədlə də lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə imzalandıqdan sonra ilk üç rübdə (doqquz ayda) faktiki istifadə etmədiyi əmlaka görə lizinq ödənişlərini ödəmişdir. Lakin avadanlığın yerləşdirilməsi üçün tikdirdiyi binanı başa gətirdikdən sonra İddiaçı ASC müqavilənin şərtlərinə riayət etməyərək lizinq predmetini ona təhvil verməmişdir. Bundan sonra lizinq ödənişlərinin ödənilməsini dayandırmışdır. O, əvvəlki lizinq alanla birlikdə lizinq predmetindən istifadə etməmiş, onunla bu barədə razılaşmamışdır. Sözügedən müqaviləni bağlamaqda məqsədi lizinq predmeti olan yem sexindən yaşadığı Göyçay rayonunda özünə məxsus olan təsərrüfatında istifadə etmək olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X3 və X1 izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Onlar birinci instansiya məhkəməsinin iclasında verdikləri izahata uyğun izahat verərək lizinq predmetinin əvvəlki lizinq alanda olduğunu, cavabdehin həmin şəxslə razılaşaraq lizinq predmetindən istifadə etdiyini, bu məqsədlə də lizinq müqaviləsini və təhvil-təslim aktını imzaladığını və lizinq ödənişlərini əvvəllər ödədiyini göstərdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-2(102)- 58/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(107)-32/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Məhkəmə kollegiyası bununla bağlı bildirməyi zəruri hesab edir ki, əvvəla, Avadanlığın 2016-ci il 27 fevral tarixli akta əsasən Cavabdeh faktiki təhvil verilməsi verilməsi işin materialları ilə nəinki təsdiq olunmur, əksinə, ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla bilavasitə təkzib olunur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ASC-nin nümayəndəsi məhkəmə iclasında Avadanlığın hazırda əvvəlki lizinq götürənin təsərrüfatında olmasını söyləmişdir. Məhkəmə isə faktı araşdırmamış, məhkəmə iclasının protokolundan göründüyü kimi, Cavabdeh nümayəndəsi və vəkilinin ASC-nin nümayəndəsinin şahid kimi dindirilməsinə dair şifahi vəsatətini rədd etmişdir. Məhkəmənin lizinq predmetinin lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilməsi və buna dair tərəflər arasında bağlanmış müqavilədə əks göstərişin mövcud olmamasına dair qənaəti də əsaslı hesab oluna bilməz. Belə ki, Cavabdeh lizinq obyektinin əvvəlki lizinq götürənin təsərrüfatında quraşdırılmasına və ya saxlanılmasına razılıq verməsi işin materialları ilə təsdiq olunmur. Digər tərəfdən, əvvəlki lizinq götürənin hazırda öz təsərrüfatında qalmış mübahisə predmeti olan Avadanlıqdan şəxsi məqsədləri üçün istifadəyə davam etməsi istisna deyildir. Belə vəziyyətdə Cavabdeh yeni lizinq götürən kimi, eyni avadanlıqdan öz məqsədləri üçün istifadə etməsi praktiki olaraq mümkün deyildir. Halbuki MM-in 748-10.1-ci maddəsində (bax yuxarıda § 26) müəyyən edilmişdir ki, lizinq ödənişləri lizinq alan tərəfindən lizinq obyektindən istifadəyə görə lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bununla əlaqədar ötən müddət ərzində avadanlıqdan faktiki istifadə imkanına malik olmayan Cavabdeh lizinq ödənişlərinin tələb edilməsi tamamilə ədalətsiz və əsassızdır. Bundan başqa, MM-in 747.1 və 748-1.1-ci maddələrinin (bax yuxarıda § 26) tələblərinə görə, lizinq verən lizinq predmetini həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) lizinq müqaviləsi ilə şərtləşdirilmiş haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə (təqdim etməyə) borcludur. Deməli, lizinq obyekti hazıradək əvvəlki lizinq götürənin təsərrüfatında qalmaqda davam edirsə, ASC müqavilə üzrə Cavabdeh qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, ona görə də faktiki istifadə olunmayan avadanlığa görə Cavabdeh lizinq ödənişlərinin həyata keçirilməsini tələb etmək hüququna malik deyildir. Beləliklə, məhkəmə prosessual tələbləri pozaraq iş üzrə tam, hərtəfəli, obyektiv araşdırma aparmamış, toplanmış sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.02.2016-cı il tarixli 01-LA/16 nömrəli lizinq müqaviləsindən görünür ki, cavabdeh ümumi dəyəri 107680 manat olan məhsuldarlığı 10000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığı 7 il müddətinə lizinqə götürmüş, həmin məbləği müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC“-yə məxsus olan qarışıq yem istehsalı zavodunun “lizinqalan”a təhviltəslimi barədə” 27 fevral 2016-cı ildə Şəki rayonunda tərtib edilmiş Aktdan görünür ki, İddiaçı ASC“-nin əməkdaşları tərəfindən sözügedən yem istehsal edən zavodun Aktda göstərilən avadanlıqları lizinq müqaviləsinə uyğun olaraq Cavabdeh təhvil verilmişdir. Maliyyə arayışından görünür ki, Bakı şəhəri Müşviqabad qəsəbəsi ev 8 mənzil 70-də yaşayan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25.02.2016-cı il tarixli 01-LA/16 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 107 680 (yüz yeddi min altı yüz səksən) manat olan cəmi 1 ədəd texnoloji avadanlıq (qarışıq yem istehsal edən avadanlıq) lizinqə götürülmüşdür. Həmin avadanlıqlara görə Cəmiyyətin hesabına 10768 (on min yeddi yüz altmış səkkiz) manat ilkin ödəniş etmiş, qalan 96912 (doxsan altı min doqquz yüz on iki) manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur.Ödəniş qrafikinə əsasən 39440 (otuz doqquz min dörd yüz qırx) manat ödənilməli olduğu halda, Qiyas Haqcıyev tərəfindən 11752 (on bir min yeddi yüz əlli iki) manat ödəniş edilmişdir. Hal-hazırda 13.02.2019-cu il tarixinə olan gecikdirilmiş borcu 27688 (iyirmi yeddi min altı yüz səksən səkkiz) manat və lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cəriməsi 9912 (doqquz min doqquz yüz on iki) manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan həmin məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq 25.02.2016-cı il tarixd 01-LA/16 nömrəli lizinq müqaviləsinin ödəniş qrafiki üzrə cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 10768 manat ilkin ödəniş etmiş, sonra müxtəlif vaxtlarda 11752 manat ödəmiş və iddiaçıya 27688 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi 25.02.2016-cı il tarixd 01-LA/16 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış 27688 manat əsas borcun tutulması hissəsində əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, lizinqalan lizinq müqavilələri üzrə öhdəliyini yerinə yetirmədiyindən lizinq verənin borc məbləğini, cəriməni tələb etmək və lizinq obyektlərini geri almaq, habelə lizinq müqavilələrinə vaxtından əvvəl xitam vermək hüququ yaranmışdır. Sonda məhkəmə cavabdehin lizinq predmetinin ona təhvil verilməməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin etiraz dəlilləri əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi lizinq predmeti 27.02.2016-cı il tarixli akta əsasən ona təhvil verilmiş və o, ilkin ödəməli olduğu 10768 manat pulu ödəmişdir. Bundan sonra cavabdeh müxtəlif vaxtlarda ödəniş qrafikinə uyğun 11752 manat ödəmiş etmişdir ki, lizinq predmeti ona faktiki təhvil verilməmiş olsaydı sonuncu ödənişlər olunmazdı. Eyni zamanda lizinq predmetinin harada quraşdırılması da mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, lizinq predmeti lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilər və buna dair tərəflər arasında bağlanmış müqavilədə əks göstəriş mövcud deyildir. Cavabdeh ödəniş qrafikinə uyğun ilkin ödənişi həyata keçirmiş və sonraki ödənişləri də etmişdir ki, onun bu hərəkətləri etiraz dəlillərini istisna edir. Əksini sübut edəcək cavabdehin İddiaçı ASC-yə ünvanlanmış rəsmi etirazı və sair buna bənzər müraciətləri məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, lizinq predmeti olan avadanlığın 2016-ci il 27 fevral tarixli akta əsasən Cavabdeh faktiki təhvil verilməsi işin gerçək halları ilə təsdiq olunmur. İş materiallarından və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarından müəyyən edilir ki, lizinq obyekti olan texniki avadanlıq Şəki rayonu ərazisində əvvəlki lizinq götürənə məxsus təsərrüfatda quraşdırılmışdır və indi də orada əvvəlki lizinq götürənin sahibliyində qalmaqda davam edir. Kollegiya hesab edir ki, Cavabdeh lizinq obyektinin əvvəlki lizinq götürənin təsərrüfatında quraşdırılmasına və ya saxlanılmasına razılıq verməsi işin materialları ilə təsdiq olunmur. Cavabdehin izahatından görünür ki, onun yaşadığı Göyçay rayonunda özünə məxsus olan quşçuluq təsərrüfatı vardır. Sözügedən müqaviləni bağlamaqda məqsədi lizinq predmeti olan yem sexindən yaşadığı Göyçay rayonunda özünə məxsus olan təsərrüfatında istifadə etmək olmuşdur. Deməli, lizinq obyekti olan texniki avadanlığın ona real təhvil verilməməklə Şəki rayonunda qalması ilə cavabdeh lizinq müqaviləsini bağlayan vaxt gözlədiyi məqsədlərinə çatmamışdır. Digər tərəfdən, əvvəlki lizinq götürənin hazırda öz təsərrüfatında qalmış mübahisə predmeti olan avadanlıqdan şəxsi məqsədləri üçün istifadəyə davam etməsi istisna deyildir. Belə vəziyyətdə Cavabdeh yeni lizinq götürən kimi, eyni avadanlıqdan öz məqsədləri üçün istifadə etməsi praktiki olaraq mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Kollegiya hesab edir ki, ötən müddət ərzində lizinq avadanlığından bir gündə olsun faktiki istifadə imkanına malik olmayan Cavabdeh istifadə etmədiyi avadanlığa görə lizinq ödənişlərinin tələb edilməsi tamamilə qanunsuz, ədalətsiz və əsassızdır. Bundan başqa, Mülki Məcəllənin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Qeyd edilən maddələrin tələblərinə görə, lizinq verən lizinq predmetini həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) lizinq müqaviləsi ilə şərtləşdirilmiş haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə (təqdim etməyə) borcludur. Göründüyü kimi, lizinq obyekti hazıradək əvvəlki lizinq götürənin təsərrüfatında qalmaqda davam edirsə, ASC müqavilə üzrə Cavabdeh qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, ona görə də faktiki istifadə olunmayan avadanlığa görə cavabdehdən lizinq ödənişlərinin həyata keçirilməsini tələb etmək hüququna malik deyildir. İddiaçının nümayəndələri izahatlarında lizinq predmetinin əvvəlki lizinq alanda olduğunu, cavabdehin həmin şəxslə razılaşaraq lizinq predmetindən istifadə etdiyini, bu məqsədlə də lizinq müqaviləsini və təhvil-təslim aktını imzaladığını və lizinq ödənişlərini əvvəllər ödədiyini göstərdilər. Bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh əvvəlki lizinq alan İlqar Əliyev adlı şəxslə razılaşaraq lizinq predmetindən istifadə etməsi barədə iddiaçının dəlillərini tamamilə inkar edərək belə halın olmadığını bildirir, iddiaçı isə həmin dəlilini təsdiq edən sübut təqdim edə bilmir. Lizinq ödənişlərinin əvvəllər (müəyyən dövr ərzində) tərəfindən ödənilməsini isə cavabdeh məhkəmə kollegiyasının iclasında belə izah etdi ki, “Onun yaşadığı Göyçay rayonunda quşçuluq təsərrüfatı vardır. O, hazırkı lizinq müqaviləsini imzaladıqdan sonra Göyçay rayonundakı təsərrüfatında lizinq predmetinin yerləşdirilməsi üçün bina (anbar) tikməyə başlamışdır. Belə ki, lizinq predmeti olan yem sexinin açıq havada quraşdırılması mümkün deyildir və yem sexi böyük ölçülü olduğundan iri həcmli bina tikilməli idi. İddiaçı ASC ilə olan razılaşmalarına görə həmin binanı (anbarı) tikib başa gətirdikdən sonra İddiaçı ASC tərəfindən lizinq predmeti ona işlək vəziyyətdə Şəki rayonunda təhvil verilməli, o isə öz növbəsində daşıma xərclərini ödəyərək əmlakı Göyçay rayonuna aparıb orada inşa etdirdiyi binada quraşdırmalı idi. Bu məqsədlə də lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə imzalandıqdan sonra ilk üç rübdə (doqquz ayda) faktiki istifadə etmədiyi əmlaka görə lizinq ödənişlərini ödəmişdir. Lakin avadanlığın yerləşdirilməsi üçün tikdirdiyi binanı başa gətirdikdən sonra İddiaçı ASC müqavilənin şərtlərinə riayət etməyərək lizinq predmetini ona təhvil verməmişdir. Bundan sonra lizinq ödənişlərinin ödənilməsini dayandırmışdır.” Göründüyü kimi, iddiaçının dəlilləri qeyd olunan hallar ilə təkzib olunur. Kollegiyaya görə, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmamış, iddia tələbini qismən təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni hesab etmək olmaz. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 16 fevral 2021-ci il tarixli 2-2(102)-58/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “27688 manat əsas borc, 9912 manat cərimə borcu, 1430 manat maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 39060 manat pulun cavabdehdən tutularaq ödənilməsi, müqavilənin ləğv edilməsi və lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-44/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-44/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver