Məhkəmə qərarları › İş №2-2(107)-44/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-44/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-44/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 012688 nömrəli akt əsasında hesablanmış 6970 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 1500 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması- aidiyyəti üzrə düzgün mediasiya təşkilatının seçilməməsinə görə) Sədrlik edən (məruzəçi) – Quliyev Nuru Nadir oğlu, Hakimlər – Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə; Məhkəmə iclas katibi – X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 012688 nömrəli akt əsasında hesablanmış 6970 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 1500 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)- 348/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 012688 nömrəli akt əsasında hesablanmış 6970 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 1500 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən alınaraq ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tаrixli, e-2-2(117)-348/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda, tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi inzibati ərazi vahidində, yəni Şəki şəhərində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərən Şəki 1 saylı mediasiya təşkilatı olmasına baxmayaraq, işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilmişdir ki, mediasiya prosesi Bakı şəhərində təşkil edilmiş və Bakı 10 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Göründüyü kimi, tərəflərin mediatorun secilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq, iddiaçı və ya Mediasiya Şurası tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, mediasiya təşkilatı iddiaçı tərəfindən deyil, Mediasiya Şurası tərəfindən seçilmiş olsa belə, bu hal iddiaçını yuxarıda sadalanan qanunvericilik üzrə məsuliyyətdən azad etmir və Mediasiya Şurası qanunvericiliyin tələblərinə zidd mediasiya təşkilatını seçə bilməz. Bu səbəbdən məhkəmə belə hesab etmişdir ki, istər iddiaçı, istərsə də Mediasiya Şurası tərəfindən seçilmiş olmasından asılı olmayaraq mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, Bakı 10 saylı mediasiya təşkilatı hazırkı mübahisə üzrə mediasiya prosesini həyata keçirmək səlahiyəti olmadığından və bununla da seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Bu səbəbdən də məhkəmə mediasiya prosesi nəticəsində Bakı 10 saylı mediasiya təşkilatı tərəfindən verilmiş arayışı mediasiya prosesinin keçirilməsi ilə bağlı sübut qismində qəbul etməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 3.2 və 28.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1 və 152.1.6-1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayətlə müraciət edərək Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)-348/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin Şəki Kommersiya Məhkəməsinin icraatına qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2-2(117)-348/2023 nömrəli qərardadı ilə İddiaçı şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərən Şəki 1 saylı mediasiya təşkilatı olmasına baxmayaraq işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, mediasiya prosesi Bakı şəhərində təşkil edilmişdir. İddiaçı şikayətini əsaslandırmadığından və şikayətində qeyd olunan hallar məhkəmənin qərardadı ilə tam əsaslandırıldığından məhkəmə hesab edir ki, şikayət dəlilləri əsassızdır və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, qərardadı qanunsuz və əsassız hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-348/2023-saylı, 29 mart 2023-cü il tarixli qərardadından görünür ki, məhkəmənin gəldiyi nəticəyə əsasən Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi inzibati ərazi vahidində, yəni Şəki şəhərində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərən Şəki 1 saylı Mediasiya Təşkilatı olmasına baxmayaraq işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, mediasiya prosesi Bakı şəhərində təşkil edilmiş və Bakı 10 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Göründüyü kimi, tərəflərin mediatorun secilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq, iddiaçı və ya Mediasiya Şurası tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Məhkəmə, qərardadında yuxarıda qeyd olunan nəticəyə gələrkən Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanuni sayıla bilməz. Belə ki, iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh "xxxx" ASC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya ümumi anlamda mübahisənin tənzimlənməsinə yardım edən üçüncü şəxsin, yəni vasitəçinin (mediatorun) iştirakı ilə mübahisə edən tərəflərin öz aralarında könüllü danışıqlar aparması yolu ilə barışdırılması prosedurudur. Mediasiya – mübahisənin həll edilməsinin alternativ vasitələrindən biridir. Bu sahəni tənzimləyən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiyanın anlayışı, məqsədi, habelə prinsipləri təsbit edilmişdir. Belə ki, həmin Qanuna əsasən mediasiyanın mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan proses olduğu göstərilmiş və bu prosesin tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi daşıdığı qeyd edilmişdir. Bununla belə, mediasiyanın anlayışı, onun məqsədi, bu prosesin mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlarına əsaslanması və könüllü xarakter daşıması birmənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, bu prosesə cəlb edilmiş tərəflərin öz aralarında yaranmış mübahisəni hər hansı formada həll etmək imkanı olur. Hazırkı işin halları baxımından qeyd etməyi vacib hesab edir ki, bu qəbildən olan işlər üzrə mediasiya prosesində iştirak tələb olunduğundan iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin bu tələbinə riayət etmiş və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iştirak etməmiş, bu sessiyadan sonra prosesi davam etdirmək niyyətini bildirməmişdir. Bununla belə, tərəflərin bundan sonra mediasiya prosesində iştirakı formal xarakter daşımaqla əhəmiyyətsiz olur. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsi Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinin tələblərini pozmuş, bununla da (Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinin) prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-348/2023-nömrəli, 29 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 012688 nömrəli akt əsasında hesablanmış 6970 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 1500 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən alınaraq ödənilməsi” barədə iddia ərizəsinin Şəki Kommersiya Məhkəməsinin icraatına qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.9-cı maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir; 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 398.0 və 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, iddiaçı Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)-348/2023-nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 372.7-ci maddəsinin tələbləri baxımından Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)-348/2023 nömrəli qərardadının tam şəkildə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)-348/2023-nömrəli qərardadı ləğv edilərək ərizənin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən hesab etmişdir ki, istər iddiaçı, istərsə də Mediasiya Şurası tərəfindən seçilmiş olmasından asılı olmayaraq mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, Bakı 10 saylı mediasiya təşkilatının hazırkı mübahisə üzrə mediasiya prosesini həyata keçirmək səlahiyyəti olmadığından və bununla da seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Bu səbəbdən də məhkəmə mediasiya prosesi nəticəsində Bakı 10 saylı mediasiya təşkilatı tərəfindən verilmiş arayışı mediasiya prosesinin keçirilməsi ilə bağlı sübut qismində qəbul etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdir. Mübahisənin həlli tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlarına əsaslanır. Mediasiya könüllü (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu prosesə cəlb edilmiş tərəflərin öz aralarında yaranmış mübahisəni hər hansı formada həll etmək imkanı olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılması imperativ tələb kimi göstərilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin dispozitiv səlahiyyətlərindən istifadə etməli, mediasiya prosesi ilə bağlı hazırkı işə mülki prosessual məcəllənin ərazi aidiyyəti ilə bağlı ümumi normalarından irəli gələn tələblərə uyğun qiymət verməli idi. Çünki MPM-in 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. MPM-in 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, əvvəlcə iddiaçı qanunvericiliyin tələbləri baxımından cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə 10 saylı mediasiya təşkilatına müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. Mübahisə ilə bağlı aidiyyəti məhkəməyə müraciət olunması məsələsinə gəldikdə isə, iddiaçı MPM-in 36.9-cu maddəsinin tələbləri baxımından aidiyyətlə bağlı ona verilmiş seçim hüququndan istifadə edərək öz yaşadığı yer üzrə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilkin mediasiya ilə bağlı bütün tələblərə düzgün riayət etmiş və mübahisənin ərazi aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin ona vermiş olduğu seçim hüququndan istifadə etməklə düzgün olaraq Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Halbuki iş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh "xxxx" ASC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan tələblərinə riayət olunmaqla məhkəməyə iddia ərizəsi verilmişdir. Məhkəmə kollegiyası sonda qeyd edir ki, mediasiyanın aidiyyəti barədə məsələyə bu cür həddən artıq ciddi yanaşma, iddianın mümkünlüyünə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir. Ümumiyyətlə MPM-in 152-ci maddəsində mediasiyanın aidiyyəti məsələsinə görə iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi qanunda göstərilməyən əsasa görə iddia ərizəsini geri qaytarmaqla prosessual pozuntuya yol vermişdir. İddia ərizəsinin verildiyi Şəki Kommersiya Məhkəməsi hazırkı mübahisənin mediasiyanın aidiyyəti məsələsinin iddia ərizəsinin geri qaytarılması üçün həlledici əhəmiyyət kəsb etməməsinə baxmayaraq müvafiq istiqamətdə tutarlı araşdırma aparmamış, məsələyə formal yanaşmış, nəticədə zəruri əsaslandırma və hüquqi qiymətləndirmə həyata keçirmədən işi apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti mediasiyanın məqsədinə, prinsiplərinə, mediasiyanın könüllülüyünə, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanları yenidən araşdırıb, hüquqi qiymət vermək məqsədilə şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)-348/2023 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(117)-348/2023 nömrəli qərardadı ləğv edilsin və ərizənin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Nuru Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar