Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-44/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh(lizinq alan) arasında bağlanılmış 01 aprel 2016-cı il tarixli, 984-GL/16 nömrəli müqaviləyə (bundan sonra - Müqavilə) əsasən lizinq verən ümumi məbləği 51.820 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh(lizinq alan) arasında bağlanılmış 03 fevral 2017-ci il tarixli, 395-GL/17 nömrəli müqaviləyə (bundan sonra - Müqavilə) əsasən lizinq verən ümumi məbləği 15.940 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlaıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən xx.xx.2016-cı il tarixli Müqavilənin məbləği 51.820 manat, cavabdehin ödədiyi məbləğ 32.841 manat, gecikdirilmiş borc 16.174 manat, hesablanmış cərimə 6178,25 manat; xx.xx.2017-ci il tarixli Müqavilənin məbləği 15.940 manat, cavabdehin ödədiyi məbləğ 6247 manat, gecikdirilmiş borc 4310 manat, hesablanmış cərimə 1901,29 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 1901,29 manat cərimə məbləğinin, eləcə də xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3174 manat gecikdirilmiş borcun və hesablanmış 6178,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-40/2024 nömrəli iş üzrə qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbi qismən təmin edilmiş, cavabehdən xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə 3174 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə 30 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 150 manat pul və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 51.820 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 15.940 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımınca icra etməmiş və onun xx.xx.2023cü il tarixə xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə 16174 manat gecikdirilmiş borcu və 6178,25 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə 4390 manat gecikdirilmiş borcu və 1901,29 manat cərimə borcu olmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 14.000 manat, xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş edilmiş və nəticədə xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4310 manat əsas borc tam ödənildiyindən cavabdehin həmin müqavilə üzrə ödənilməli əsas borcu qalmamış, xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə ödənilməmiş 3174 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin müqavilə üzrə 3174 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli müqavilə üzrə yaranmış 6178,25 manat və xx.xx.2017-ci il tarixli 395-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1901,29 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrin şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafiklər üzrə ödənişin bir dəfə aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini, hazırki vaxtda buir müqavilə üzrə əsas borca münasibətdə öhdəliyini icra etdiyini, digər müqavilə üzrə borcun çox hissəsinin ödədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən xx.xx.2016-cı il tarixli 984-GL/16 nömrəli nömrəli müqavilə üzrə 50 manat cərimə, xx.xx.2017-ci il tarixli 395- GL/17 nömrəli müqavilə üzrə isə 30 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, məhkəmə araşdırması zamanı ödənilmiş vəsaiti, iddia həcminin azaldılmasına təşəbbüs göstərdiyini nəzərə alaraq hesab edir ki, tələb olunan məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc kimi 500 manat deyil, 150 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 462.3, 467, 747.1, 747-4.3, 747-4.4, 748.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin qeyd etmişdir ki, məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə almaqla hüquqi xidmətə görə haqqın 150 manat həddində tutulmasını ağlabatan hesab edir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 11.253,54 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Beləliklə qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına hüquqi qiymət verərkən yalnız Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin ləğv edilmiş cümləsinə istinad etmiş, əlavə heç bir əsaslandırma aparmadığına görə, vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ilə müəyyən edilmiş pul məbləğindən artıq məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik edilməsini Məhkəmədən xahiş edir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış birinci instansiyası məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə apellyasiya şikayətində qətnamənin yalnız hüquqi yardımla bağlı xərcin tutulması hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində ifadə olunmuş dəlili ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi məhkəmə xərcini tərəflər arasında düzgün bölüşdürməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, işdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi xidmət göstərilməsi barədə iddiaçı və Xırdalan şəhər Vəkil Bürosu arasında müqavilə bağlanmış və bu müqavilə əsasında iddiaçı tərəfindən Vəkil Bürosuna 500 manat ödəniş edilmişdir. Məhkəmə MPM-nin 119.1 və 121.1-ci maddələrinin tələbindən çıxış edərək bildirir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi, haqlı olaraq hüquqi xidmətə görə iddiaçının çəkdiyi xərcin bir hissəsini-150 manatı cavabdehə aid etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-44/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-44/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver