Məhkəmə qərarları › İş №2-2(107)-45/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-45/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-45/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı iş üzrə (açar sözlər: pul vəsaitinin cavabdehdən tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “30029,50 manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(117)-70/2022 saylı qətnaməsindən cavabdeh X4 və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. "xxxx" ASC ilə cavabdeh X4 arasında 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış, müqavilə şərtlərinə görə 1 ədəd kombaynı ilkin olaraq 40% güzəşt tətbiq etməklə, qalan 19400 manat məbləği 31.12.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən təhvil alınmış və hazırda saz vəziyyətdə onun istifadəsindədir.

2. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə ödənilməmiş 17248 manat əsas borcu və həmin borca 12431,50 manat cərimə borcu yaranmışdır.

3. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hazırkı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə (güzəst) üzrə ödənilməmiş 17248 (on yeddi min iki yüz qırx səkkiz) manat gecikdirilmiş əsas borcu və həmin borca 12431,50 (on iki min dörd yüz otuz bir manat, əlli qəpik) manat hesablanmış cərimə borcunun, hüquqqi yardımla bağlı ödənilmiş 350 ( üç yüz əlli ) manat , cəmi 30.029, 50 (otuz min iyirmi doqquz manat, əlli qəpik) manat pul vəsaitinin cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanan lizinq müqaviləsinə əsasən cavabdeh 1 ədəd kombaynı lizinqə götürmüşdür. Tələbat olmadığından texnikanı istifadə edə bilməmiş, ona görə də iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İddiaçı həm texnikanı, həm də borcu tələb edir. İddiaçının tələbi əsassız varlanmaya gətirib çıxardır. Ödəniləcək borcun əvəzinə texnikanın təhvil verilməsinə-qaytarılmasına razıdır. Texnika hazırda saz vəziyyətdə iddiaçının sahibliyindədir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

7. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 mart 2022-ci il tarixli, e-2-2(117)-70/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabeh X1 17 248 manat əsas borc, 500 manat cərimə, 80 manat məbləğində hüquqi xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və 179,04 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə bağlanmış, müqavilə şərtlərinə görə 1 ədəd kombayını ilkin olaraq 40% güzəşt tətbiq etməklə qalan 19400 manat məbləği 31.12.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdhin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən təhvil alınmış və hazırda saz vəziyyətdə onun istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020ci il tarixli 1137 nömrəli Fərmanı ilə hazırkı mübahisə üzrə "xxxx" ASC-nin hüquq və öhdəlikləri hazırkı iş üzrə iddiaçıya ötürülmüşdür.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İş materiallarına əlavə edilmiş 26.08.2021-ci il tarixli maliyyə arayışına əsasən 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 17 248 manat əsas borcu mövcuddur. Ona görə də iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.

10. Cavabdeh tərəfindən agentliyə lizinq obyektinin saz vəziyyətdə geri alınmasının təklif edilməsinə, lakin iddiaçı tərəfindən bu təklifin qəbul edilməyərək müqavilə üzrə yaranmış əsas və cərimə borclarının tələb edilməsinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, iddia tələbinin predmetini və həcmini müəyyənləşdirmək iddiaçının səlahiyyətindədir və hazırki iddia tələbi üzrə yaranmış borcun əvəzində lizinq obyektinin qaytarılması tələbi iddiaçı tərəfindən irəli sürülməmişdir.Həmçinin, tərəflər arasında bağlanmış lizinq müqaviləsində müqavilənin xitamı əsası kimi qeyd edilən hal ümumiyyətlə nəzərdə tutulmamışdır.

11. Cavabdeh və onun vəkili həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə, həmin müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki, 26.08.2021-ci il tarixli maliyyə arayışı, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Lizinq verən lizinq alandan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq obyektini saz vəziyyətdə mübahisəsiz geri almaqla, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu istisna etmir.

14. Nəzərə alsaq ki, lizinq obyekti lizinq alandan geri alınıb, başqa bir şəxsə lizinqə verilməklə gəlir götürmək mümkündür. Eyni zamanda həm lizinq obyektinin geri alınması, eyni zamanda pul məbləğlərinin tələb edilməsi lizinq verən təşkilatın bir başa əsassız varlanmasıdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir.

15. İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh X4 arasında bağlanmış 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsinin şərtlərinə görə texnikadan istifadəyə görə 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilir. Həmin lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə texnika mübahisəsiz geri götürülür.

16. Qeyd olunduğu kimi, 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh X3 verilmiş “Kombayn taxılyığan Niva Effekt SK5ME-1” borc əvəzinəgeri götürülməsinə etiraz edilmir. Cavabdeh-Lizinqalan müqaviləyə istənilən zaman xitam verə bilər. Bu zaman o, lizinq obyektinin əldə edilməsi üçün lizinqverən tərəfindən ayrılmış vəsaiti tam şəkildə lizinqverənə ödəməyə borclu deyil. Cavabdeh lizinq obyektinə tələbatın olmaması ilə əlaqədar lizinq müqaviləsinə xitam verilməsini tələb edir. Belə olan halda lizinq alan ödənişi geri tələb etmir. Götürülmüş lizinq obyekti “Kombayn taxılyığan Niva Effekt SK-5ME-1” özünü doğrultmur. Bizim əraziyə uyğun deyildir. Kombayn mühasir tələblərə cavab vermir. Birinci buraxılış olduğuna görə taxılın biçilməsi mümkün olmur. Nəticədə gəlir götürmək əvəzində ziyanlıq çəkirik. Ona görə də lizinq verənə lizinq obyektinin qalıq pul əvəzində geri götürülməsini bildirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı 23 may 2022-ci il tarixdə iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur. Həmin etirazda qeyd olunmuşdur ki, ...Cavabdeh apellyasiya şikayətində qanunvericiliklə lizinq verənə həm lizinq obyektinin, həm də pul məbləğlərinin tələb edilməsi hüququnun verilməsini əsassız varlanmaya səbəb olan hal hesab edərək qanunvericiliyin normaları arasında ziddiyyət olduğunu bildirmişdir (ziddiyyətin nədən ibarət olması aydın ifadə edilməyib).

18. Digər tərəfdən cavabdeh lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda lizinq verənin yalnız lizinq obyektini saz vəziyyətdə geri almaqla, lizinq müqaviləsinin vaxtında əldə edilməsi hüququndan istifadə etməsini, qanunvericiliklə tanınan digər hüququnun - pul məbləğinin tələb edilməsi hüququndan istifadə etməsinin istisna olunmasını tələb etmişdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

20. Həmçinin tərəflər arasında bağlanan 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsində də oxşar məzmunlu bənd öz əksini tapmışdır.

21. Qanunvericiliklə iddiaçının pul məbləğlərini tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektini geri tələb etmək hüququ olduğu halda, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən lizinq alanın maliyyə durumunun pisləşməsinin qarşısını almaq, sahibkarlığı təşviq etmək məqsədilə iddiaçı yalnız gecikdirilmiş pul məbləğlərini və ona uyğun hesablanmış cəriməni tələb etmişdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Yuxarıda qeyd olunanları nəzərə alaraq, o cümlədən cavabdeh X2 apellyasiya şikayəti əsassız və qanunsuz olduğuna görə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edirlər.

24. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(117)-70/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə bağlanmış, müqavilə şərtlərinə görə 1 ədəd kombayını ilkin olaraq 40% güzəşt tətbiq etməklə qalan 19400 manat məbləği 31.12.2022ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdhin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən təhvil alınmış və hazırda saz vəziyyətdə onun istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanı ilə hazırkı mübahisə üzrə "xxxx" ASC-nin hüquq və öhdəlikləri hazırkı iş üzrə iddiaçıya ötürülmüşdür.

31. İş materiallarına əlavə edilmiş 26.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 17 248 manat əsas borcu mövcuddur. Odur ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.

32. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən agentliyə lizinq obyektinin saz vəziyyətdə geri alınmasının təklif edilməsinə, lakin iddiaçı tərəfindən bu təklifin qəbul edilməyərək müqavilə üzrə yaranmış əsas və cərimə borclarının tələb edilməsinə münasibətdə iddia tələbinin predmetini və həcmini müəyyənləşdirmək iddiaçının səlahiyyətindədir və hazırki iddia tələbi üzrə yaranmış borcun əvəzində lizinq obyektinin qaytarılması tələbi iddiaçı tərəfindən irəli sürülməmişdir.

33. Həmçinin, tərəflər arasında bağlanmış lizinq müqaviləsində müqavilənin xitamı əsası kimi qeyd edilən hal ümumiyyətlə nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin etirazı əsaslı deyildir.

34. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

35. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilə üzrə hesablanmış 12 431,50 manat cərimə borcuna münasibətdə həmin məbləğin tənasübsüz surətdə yüksək olduğu üçün azaldaraq 500 manat müəyyən etməkdə haqlı olmuşdur.

36. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsassız varlanma ilə bağlı dəlillərini də əsassız sayaraq qeyd edir ki, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın ödənilməsinə dair müqavilə şərtləri icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi təqdirdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. Bu bir başa qanunun tələbindən irəli gəlir. (Mülki Məcəllə Maddə 748-1.12.4) Bunun əksini fərz etmək lizinq institutunun təbiətinə və mahiyyətinə ziddi olmaqla yanaşı ümumiyyətlə lizinq münasibətlərini əhəmiyyətsiz edərdi.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

39. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

40. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

41. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

42. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(117)-70/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X4 və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(117)-70/2022 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar