Məhkəmə qərarları › İş №2-2(107)-45/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-45/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-45/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8901 manat əsas borcun, 5892,54 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı "xxxx" ASC (Aqrolizinq ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilə bağlanmışdır.

2. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 15000 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

3. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər.

4. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.

5. xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC (Aqrolizinq ASC) tərəfindən bir ədədinin qiyməti 37500 manat olan kombayn taxılyığan Traktor Belarus - 1221 üzrə 8140 manat ödəniş edilmiş, güzəştdən sonrakı 14360 manat qalıq məbləği ilə 7 il ödəmə müddətinə, bir ədədinin qiyməti 3200 manat olan Kotan 5 gövdəli AG-14-5 üzrə 1280 manat ödəniş edilmiş, güzəştdən sonrakı 640 manat qalıq məbləği ilə 2 il ödəmə müddətinə lizinq alana verilmişdir.

6. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 8901 manat əsas borc yaranmış və iddiaçı həmin borca 5892,54 manat cərimə borcu hesablamışdır.

7. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8 901,00 manat gecikdirilmiş borcu və hesablanmış 5 892,54 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin Cavabdeh (bundan sonra - cavabdeh) tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, borcu qəbul edir. Əsas borcdan 200 manat ödəniş də etmişdir. Cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

11. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabeh Cavabdeh xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7892 manat əsas borc, 150 manat cərimə borcu, 100 manat hüquqi yardımla bağlı xərc və 107 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ödənilməmiş 144,29 manat dövlət rüsumunun 71,69 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissəsi dövlət hesabına aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışında xx.xx.2017-ci il tarixli, 452-GL/17 nömrəli müqavilə üzrə cavabdehin 8901 manat əsas borcunun mövcudluğu qeyd edilsə də, texniki yanlışlığa yol verilmişdir. İddiaçının təqdim etdiyi digər bütün iş materialları ilə təsdiq olunur ki, əsas borcun məbləği 8091 manat olmuş, həmin borcdan cavabdeh tərəfindən xx.xx.2024-c ü il tarixdə 199 manat ödəniş edilmiş, iddiaçının ərizəsi ilə əsas borcun məbləğinin 7892 manat olması təsdiq olunmuşdur. İddiaçı 7892 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

13. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, cavabdehin borcunun ödənilməsinə cəhd göstərməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 150 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.

14. Birinci instansiya məhkəməsi iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 107 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 462.1, 462.3, 467, 747.1, 747-4.3, 747-4.4 və 748.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinin müddəalarına istinad etməklə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

18. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də işə görə 500 (beş yüz) manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Əlavə olaraq 14793.54 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən tam şəkildə həyata keçirilmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsası ilə ona ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan mediasiya xərcini də qismən təmin etmiş, 200 manat mediasiya xərcinin 107 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir və bu zaman heç bir qanunvericilik normasına istinad etməmiş və bununla məhkəmə yenə də səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il taixli MŞŞ/MT018/2023-03076 saylı arayışa əsasən Agentlik tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiq barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnaməsinin hüquqi yardım və mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım və mediasiya xərci ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən iddianın qismən təmin edilən “hüquqi yardım və mediasiya xərci ilə bağlı” hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

28. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı "xxxx" ASC (Aqrolizinq ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 15000 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər.

46. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2017-ci il tarixli 452-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC (Aqrolizinq ASC) tərəfindən bir ədədinin qiyməti 37500 manat olan kombayn taxılyığan Traktor Belarus -1221 üzrə 8140 manat ödəniş edilmiş, güzəştdən sonrakı 14360 manat qalıq məbləği ilə 7 il ödəmə müddətinə, bir ədədinin qiyməti 3200 manat olan kombayn taxılyığan Kotan 5 gövdəli AG- 14-5 üzrə 1280 manat ödəniş edilmiş, güzəştdən sonrakı 640 manat qalıq məbləği ilə 2 il ödəmə müddətinə lizinq alana verilmişdir.

47. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 8091 manat əsas borc yaranmış və iddiaçı həmin borca 5892,54 manat cərimə borcu hesablamışdır. İddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi ilə cavabdehin əsas borc məbləğinin 7892 manat olması bildirilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

48. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin tam təmin edilməyən - “hüquqi yardım və mediasiya xərci ilə bağlı” hissəsində tam təmin edilməməsi ilə bağlıdır.

49. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

50. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

51. Apellyasiya şikayətində vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olması göstərilsə də, digər işlərin və zəruri araşdırmaların nədə ifadə olunduğu açıqlanmamışdır. Apellyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən qeyd olunan halların araşdırılması mümkün olmamışdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. Apellyasiya şikayətinin dəlillərindən biri də iddia tələbinin mediasiya xərcinin tam təmin edilməməsi ilə bağlıdır.

54. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən və hazırkı borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır.

55. Məhkəmə kollegiyasının qənaətincə, iddia qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutularaq iddiaçıya ödənilməli mediasiya xərcinin 107 manat məbləğində müəyyən etməsi tərəflərin mənafelərinə uyğun olmaqla reallığı əks etdirir.

56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

57. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (41-ci paraqraf). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, e-2-2(117)-64/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar