Məhkəmə qərarları › İş №2-2(107)-46/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-46/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-46/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh(lizinq alan) arasında bağlanılmış 18 avqust 2017-ci il tarixli, 1663-GL/17 nömrəli müqaviləyə (bundan sonra - Müqavilə) əsasən lizinq verən ümumi məbləği 12.880 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlaıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Müqavilənin məbləği 12.880 manat, cavabdehin ödədiyi məbləğ 6440 manat, gecikdirilmiş borc 6440 manat, hesablanmış cərimə 5879,72 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 1663-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6440 manat gecikdirilmiş borc və hesablanmış 5879,72 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiya xərcinin, cəmi 13019,72 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-29/2024 nömrəli iş üzrə qəbul etdiyi 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbi qismən təmin edilmiş, cavabehdən xx.xx.2017-ci il tarixli, 1663-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6440 manat gecikdirilmiş əsas borc, 50 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 100 manat pul və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1663-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 12.880 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2017-ci il tarixli, 1663-GL/17 nömrəli müqavilə üzrə 6440 manat gecikdirilmiş əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 1663-GL/17 nömrəli müqavilə üzrə 12.880 manat əsas borcdan 6440 manat ödəniş edilmiş, qalan 6440 manat məbləğ isə ödənilməmiş qalmışdır. Bu səbəbdən həmin əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə müqavilə üzrə yaranmış 5879,72 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini, onun əlilliyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən xx.xx.2017-ci il tarixli, 1663-GL/17 nömrəli müqavilə üzrə 50 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 462.1, 462.3, 467, 747.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, hüquqi yardım və cərimə borcu ilə bağlı qismən təmin edilən hissədə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin qeyd etmişdir ki, məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə almaqla hüquqi xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab edir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 12319,72 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Beləliklə qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına hüquqi qiymət verərkən yalnız Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin ləğv edilmiş cümləsinə istinad etmiş, əlavə heç bir əsaslandırma aparmadığına görə, vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Həmçinin Məhkəmə cərimə məbləğini tənasübsüz surətdə azaldaraq 5879,72 manat cərimə borcundan 50 manatı(cərimə məbləğinin 1%-indən az) təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla da Məhkəmə büdcə vəsaitinin geri qaytarılmasına əsassız maneələr yaradaraq, həm dəbbə (cərimə) pulunu, həm də hüququ yardıma görə ödənilən vəsaiti xərclər nəzərə alınmadan tənasübsüz surətdə azaltmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, özü və arvadı İİ qrup əlildir. Səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmir. Lizinq müqaviləsi üzrə ona verilən texnikanın sənədlərini bu günə qədər əldə edə bilmədiyindən istifadə edə bilmir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətli və əsaslıdır. Mülki Məcllənin 560.3.5-ci maddəsinin tələbinə görə hüquqi şəxsin özünün əlverişli vəzəyyətdən sui-istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur ki, bu da yolverilməzdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış birinci instansiyası məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə apellyasiya şikayətində qətnamənin yalnız cərimə borcunun və hüquqi yardımla bağlı xərcin tutulması hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 18 avqust 2017-ci il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikanı ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh, müqavilə şərtlərinə riayət etməmiş və lizinq ödəmələrini gecikdirmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə görə, cavabdehin iddiaçıya lizinq müqaviləsi üzrə 6440 manat məbləğində əsas borc, 5879,72 manat məbləğində cərimə borcu mövcuddur. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, həmin məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimə borcu qismən- 50 manat həcmində tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu məbləğini azaldarkən kreditorla yanaşı borclunun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini 50 manatadək azaltmaqda haqlı olmuşdur. Qeyd edilən bu hissədə apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi hüquqi xidmət göstərilməsi ilə bağlı məhkəmə xərcini tərəflər arasında düzgün bölüşdürməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, işdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi xidmət göstərilməsi barədə iddiaçı və Xırdalan şəhər Vəkil Bürosu arasında müqavilə bağlanmış və bu müqavilə əsasında iddiaçı tərəfindən Vəkil Bürosuna 500 manat ödəniş edilmişdir. Məhkəmə MPM-nin 119.1 və 121.1-ci maddələrinin tələbindən çıxış edərək bildirir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi, haqlı olaraq hüquqi xidmətə görə iddiaçının çəkdiyi xərcin bir hissəsini-100 manatı cavabdehə aid etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar