Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-47/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək 22.07.2020-cı il tarixli “X6” MMC-nin idarə edilməsinə dair iştirakçılıq müqaviləsinin pozuntularının aradan qaldırılması və müqavilənin 8.2-ci bəndin 1,b,d yarımbəndləri üzrə müəyyən olunan vəzifələrinin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsi, 42000 manat məbləğdə əldən çıxmış faydanın, icarəyə götürülmüş ofisə görə ödənilən 9180,90 AZN icarə və kommunal xidmətlər haqqının, işçilərə ödənilən əmək haqqının, ******* manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun, vəkillə bağlanan müqavilə üzrə 20000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC 06.04.2020-ci il tarixdə elektron kabinet vasitəsilə iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin 12 ha torpaq sahəsi üzərində yerləşən kartof istehsal sexi (sahəsi 12977 kv.m.), habelə burda yerləşən əşya və avadanlıqlar, istehsal aktivləri, “xxxx“Qəbələ-Tütün ASC-yə məxsus 8529,13 kv.m. anbar və ofis sahələrinin özgəninkiləşdirilməsinə, girov qoyulmasına, başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinə qadağan qoyulması, “X6” MMC-nin ünvan 1 ünvanında yerləşən 12 ha torpaq sahəsi üzərində yerləşən kartof istehsal sexi (sahəsi 12977 kv.m.), habelə burda yerləşən əşya və avadanlıqlar, istehsal aktivləri, xxxx“xxxx ASC-yə məxsus 8529,13 kv.m. anbar və ofis sahələrinin vahid istehsal zəncirinin elementləri kimi ortaq şirkətin idarəetməsində saxlanmasına qarşı hər hansı növ maneələrin (işçilərin, təsisçilərin giriş-çıxışına məhdudiyyətlər, elektrik, qaz, su təchizatının dayandırılması və bununla məhdudlaşmayan hər hansı maneələr və tədbirlər) Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadından İddiaçı MMC şikayət verərək qərardadın ləğv edilərək ərizənin təmin edilməsni xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardadda iddianı təmin tədbirinin tətbiq olunmayacağı təqdirdə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasına hansı çətinlik yaradılacağı əsaslandırılmamışdır. Habelə, tətbiq edilməsi nəzərdə tutulan tədbirlər iddia tələbi ilə eynilik təşkil etməklə iddia tələbinin müvəqqəti də olsa qabaqcadan həllinə yönəlmişdir. Bakı və Şəki Kommersiya Məhkəmələrinin icraatında olan üç işdə tərəflər fərqlidir. Bu işdə əsas tərəflər iştirakçılıq müqaviləsinin tərəfləridir, digər tərəflər isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərdir. Bu məntiqlə də belə olmalıdır, çünkü bu işlər bir-biri ilə eynilik təşkil etməsə də, vahid bir iştirak müqaviləsinin tərkib hissəsidir. Ona görə burda çıxarılan qərarların təsiri vardır. Məqsəd istehsal prosesinin qorunub saxlanmasıdır. Əsas məqsəd gələcəkdə iddia tələbi təmin edilərsə, qətnamənin icrasının mümkün olmasıdır. İndi torpaq əkilməzsə, istehsal prosesi bərpa olunmazsa, işçilər, mütəxəssislər işdən çıxıb gedərsə, mallar vaxtında realizə edilməzsə, alıcılar itirilərsə, cavabdeh əraziləri başqa şəxslərə icarəyə verə və özgəninkiləşdirə bilər. Gələcəkdə bu proyektə ehtiyac olmaya bilər. Halbuki, bu cavabdeh tərəfindən öhdəlik və vəzifələr müqavilədə qeyd edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» 14.03.2018ci il tarixli Qərarına əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-in nümayəndəsi X1, habelə nümayəndə və vəkil Nümayəndə2 şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri haqqında ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-in nümayəndəsi və vəkili X2 şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 15 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “qanunvericiliyin normalarının tətbiqi baxımından məhkəmə qarşısında üzərinə həbs qoyulması tələb edilən əmlaklarla bağlı sübutlar mövcud olmadığından, ərizə əsaslandırılmadığından, məhdudiyyət və qadağa qoyulması tələb edilən tədbirlərin dairəsi iddia tələbi həcmindən dəfələrlə çoxluq təşkil etdiyindən, həmçinin qısa müddət ərzində bu halların araşdırılması və əsaslandırılmış məhkəmə qərarının qəbul edilməsi mümkün olmadığından hazırkı iddianın təmin tədbirinin təmin edilməsi mümkün deyildir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. 158.2-ci maddəsinə görə, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. 158.3-cü maddəsinə görə, birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak üzərinə həbs qoyulur. 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək üçün məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə mülki prosessual qanunvericilikdə müəyyən edilmiş ardıcıllıqla həbs qoyula və ya digər məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər. İşdən görünür ki, iddiaçı iddianın təmin etmə tədbiri olaraq müəyyən əmlakların üzərinə həbs qoyulmasını və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini xahiş etsə də, qeyd olunan əmlakların cavabdehin mülkiyyətində olmasını və ya birgə idarəetmə predmeti olan əmlaklar olmasını təsdiq edən sübutları ərizəsinə əlavə etməmiş, bu hal iddiaçı tərəfindən əsaslandırılmamışdır. Üzərinə həbs qoyulması tələb edilən 8529,13 kv.m. anbar və ofis sahələrinin “xxxx” ASC-yə məxsus olması qeyd edilmişdir, lakin həmin hüquqi şəxs hazırkı mübahisə üzrə tərəf deyildir. Bundan əlavə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə “X6” MMC-nin iddiası üzrə müəyyən məhdudlaşdırıcı və qadağanedici tədbirlər görülmüş və həmin qərardad Şəki Apellyasiya Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının ünvan 1 ünvanında yerləşən 12 ha torpaq sahəsi üzərində yerləşən kartof istehsal sexi və digər avadanlıqlarla bağlı hazırkı ərizədə qeyd etdiyi tədbirlərin görülməsi barədə müraciətinin həmin qərardadlarda baxılan məsələlərlə eynilik təşkil etməsini istisna etmək mümkün deyildir. İddiaçı tərəfindən üzərinə həbs qoyulması tələb edilən əmlakların “xxxx” MMC-yə məxsus olması ilə bağlı sübut qismində “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 01.05.2020-ci il tarixli icarə müqaviləsini və həmin icarə müqaviləsinə 1 nömrəli Əlavəni məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, həmin müqavilə Cavabdeh MMC tərəfindən deyil, “xxxx” MMC tərəfindən imzalanmışdır və belə olan halda həmin əmlaklar “xxxx” MMC-yə məxsusdur. Odur ki, həmin əmlakların üzərinə həbs qoyulmasının hazırkı mübahisə ilə nə dərəcədə əlaqəli olduğunu və gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icrasının təmin edilməsinə necə yardımçı olacağını müəyyənləşdirmək mümkün deyildir. İşdə olan Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadı ilə Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndlərində yerləşən “xxxx” MMC-yə məxsus ümumi sahəsi 201,33 ha olan Qaş torpaqlarından “xxxx” MMC-nin sahiblik və istifadəsinə maneələrin törədilməsi "xxxx” MMC-yə qadağan edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli 2-2(103)-408/2021 nömrəli qərardadı ilə həmin qərardad ləğv edilmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi həmin tədbir iddia tələbi ilə mütənasiblik təşkil etmir. Bundan əlavə Bakı Kommersiya Məhkəməsinin 11.02.2021-c il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı iddia tələbi üzrə iddiaçının iddianın təmin tədbiri ilə bağlı ərizəsinə baxılmış, “xxxx” ASC-yə məxsus 8529,13 kv.m. anbar və ofis sahələrindən iddiaçının sahiblik və istifadəsinə maneələrin törədilməsi cavabdeh “xxxx”MMC-yə qadağan edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-2(103)-422/2021 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilmiş və iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, hazırda baxılan iddianın təmin tədbirlərinin predmetləri eynilik təşkil edən iddialara Bakı Kommersiya Məhkəməsində baxılaraq müvafiq təmin tədbirləri görülmüş, lakin sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qərarlar ləğv edilmişdir. Qeyd edilən təmin tədbirlərinin hazırkı təmin tədbiri barədə ərizədə qeyd edilən tədbirlərlə bağlı olub-olmaması və ya eynilik təşkil edib-etməməsini dərhal araşdırmaq mümkün olmadığından, iddiaçı isə bunu əsaslandırmadığından hazırkı vəziyyətdə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bundan əlavə "xxxx"MMC hazırkı iş üzrə tərəf olmadığına baxmayaraq iddiaçı təmin tədbiri barədə 06.04.2021-ci il tarixli ərizəsində qeyd edilən qadağa və məhdudiyyətlərin “xxxx” MMC-yə münasibətdə də tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəf olmayan şəxsə münasibətdə mülkiyyət hüququ üzrə qadağa və məhdudiyyət tətbiq edilməsi qanuni hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin” 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli Qərarında göstərilir ki, MPM-in 157.2-ci maddəsinin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. MPM-in 162.4-cü maddəsinə əsasən MPM-in 157.2-ci maddəsinin “müvəqqəti xarakter daşıyır” müddəası onu nəzərdə tutur ki, iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə, qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (MPM-nin 162.3-cü maddəsi). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, MPM-nin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-47/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-47/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver