Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-47/2022 31.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: pul vəsaitinin cavabdehdən tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X1, Cavabdeh - Cavabdeh və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “5185,90 manat pulun, 71,86 manat dövlət rüsumunun və 100 manat mediasiya xərcinin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı MMC və Cavabdeh arasında 28.12.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Şirkət mülkiyyətində müxtəlif növ məhsulları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Şirkət bu müqavilə qüvvəyə mindikdən sonra Müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları Müştəriyə nağd və ya nisyə satış qaydasında faktura əsasında verir və Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi “Təhvil-Qəbul Aktı”nı imzalamaqla onları qəbul edir.
3. Həmin Müqavilənin 5.15-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə hesab olunur.
4. 23.11.2021-ci il tarixli “X3”ndan görünür ki, həmin tarixə Cavabdeh 5185,90 manat məbləğində borcu mövcuddur.
5. 04.08.2021-ci il tarixli elektron qaimə ilə 1 qutusunun dəyəri 7,915 manat olan 653 ədəd Yurdum Günəbaxan yağının (5 Litrlik) yəni, ümumilikdə 5168,66 manat məbləğində məhsulun cavabdeh tərəfindən alınması müəyyən olunur.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
7. İddiaçının nümayəndəsi E.Rəhmanov birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdi ki, cavabdeh onlardan mal almış və həmin malların pulunu ödəməmişdir. Cavabdehin telefon danışığında dair səs yazısı vardır, həmin səs yazısında da o, ödədiyi borcun bir hissəsinin nəzərə alınmadığını bildirməklə borcunu etiraf etmişdir. Həmin səs yazısının məhkəmədə sübut kimi səsləndirilməsinin mümkün olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2016-2017-ci illərdə müvəqqəti icarəyə ərzaq mağazası götürüb işlətmiş, həmin vaxt digər mağaza sahibləri kimi iddiaçı təşkilatdan bitki yağları, düyü, çay almış, lakin dəyərini tam ödəyib qurtarmışdır. Həmin məhsullar mağaza tərəfindən alındıqdan sonra 25 gün müddətində dəyəri ödənilirdi. Hazırda iddiaçıya borcu yoxdur. O qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 23.11.2021-ci il tarixli üzləşmə aktı onun tərəfindən imzalanmamış, lakin 28.12.2018-ci il tarixli Elektron qaimə adlı sənəd onun tərəfindən imzalanmış və adı və soyadı özü tərəfindən yazılmışdır. Buna baxmayaraq iddiaçı tərəfindən malın təhvil verilməsinə dair sənəd təqdim etmədiyindən iddia əsassızdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, müqaviləni yazılı sübut olaraq qəbul etmirlər, çünki iddiaçının təqdim etdiyi müqavilə möhürsüz və imzasızdır. Həm də elektron qaimə malların verilməsini göstərir, bu isə malların cavabdeh tərəfindən təhvil alınması demək deyildir. İddiaçının təqdim etdiyi həmin qaimə Vergilər Nazirliyinin saytından götürülən məlumatda passiv kimi görünür. Ona görə də hesab etmişdir ki, həmin qaimə passiv olduğundan iddia tələbi də əsaslı deyildir. Həmin qaimə reyestrə daxil edildiyi vaxtdan xeyli müddət keçdikdən sonra çap edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 5168,66 manat borc, 71,86 manat ödənilmiş dövlət rüsumu və 100 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən elektron qaimədə borc məbləği 5168,66 manat göstərildiyindən və bu tərəflərin imzaları ilə təsdiqləndiyindən, iddiaçı borcun həmin hissədə ödənilməsini tələb etməkdə haqlıdır.
12. Cavabdeh və onun vəkili həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 28.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi, 23.11.2021-ci il tarixli “X3”, 04.08.2021-ci il tarixli elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. İş materiallarından göründüyü kimi, İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla aralarında 28.12.2018-ci il tarixli “Məhsulların alql-satqı” müqaviləsi mövcud olmuşdur. Müqaviləyə əsasən iddiaçı Cavabdeh 653 ədəd “Yurdum” günəbaxan yağı təqdim etdiyini və elektron qaydada yağın dəyərini əks etdirən 28.12.2018-ci il tarixli elektron qaimə göndərildiyini bilmişdir.
15. İddiaçı eyni zamanda 23.11.2021-ci il tarixli “X3” təqdim edərək cavabdeh tərəfindən borc məbləğinin qəbul edilməsini tələbində qeyd etmişdir.
16. İş materiallarında olan “Məhsulların alql-satqı” müqaviləsindən göründüyü kimi iddiaçı tərəf müqaviləni imzalamamışdır. Eyni zamanda müqaviləni bu şəkildə qəbul etmiş olsaq iddiaçı tərəf o zaman müqavilə şərtlərinə əməl etməmişdir Belə ki, Müqavilənin 2.3cü bəndinə əsasən Şirkət (iş üzrə iddiaçı) məhsulları nəğd və ya nisyə satış qaydasında faktura əsasında verir və Müştəri isə özü və ya səlahiyyətli nümayəndəsi Təhvil-Qəbul Aktını imzalamaqla qəbul edir.
17. Göründüyü kimi, iddiaçı tərəf elektron qaimədə göstərilən məhsulların cavabdehə təhvil verməsini təsdiq edən sənədi (Təhvil-Qəbul Aktını) təqdim edə bilməmişdir.
18. İş üzrə iddiaçı cavabdeh tərəfin imzası olan bir elektron qaimə məhkəməyə təqdim edərək qeyd etmişdir ki, cavabdeh imza atmaqla qaimədə göstərilən məhsulları qəbul edib. İşə əlavə edilən həmin imzalı qaiməyə diqqət edilərkən görünürü ki, həmin qaimənin sistemdən çap tarixi 04.08.2021-ci tarixidir. Yəni hər bir halda cavabdehin imzasının və y a onun imzasına oxşar imza həmin qaiməyə 04.08.2021-ci ildən sonra atılmışdır. Məlumat verim ki, tərəflər arasında olan müqavilənin qüvvədə olma müddəti 1 il olmuş və 28.12.2019-cu ildən sonra etibarlıq müddəti qüvvədən düşmüşdür.
19. Məhkəmə 04.08.2021-ci il tarixində çap edilərək, imzalanmış olan qaiməni əsas götürərək hesab etmişdir ki, cavabdeh tərəf qaimədə olan məhsulları təhvil almışdır. Lakin qeyd etmək istəyirəm ki, elektron qaimənin tərtib olmasına əsaslar olduqda Mal verən tərəfindən elektron kabinetdən Alıcıya elektron qaimə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə 2 nömrəli əlavə kimi təsdiq edilmiş Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarının 2.2.4-cü bəndinə əsasən Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) əks etdirilir.
20. Qanunun tələbindən göründüyü kimi qaimədə əsas kimi müqavilə və təhvil-təslim aktları öz əksini tapmalıdır. İşdə olan qaimədə əsas kimi təhvil-təslim aktının nömrəsi - 00004853 qeyd olunmuşdur. Lakin iddiaçı həmin qaimənin tərtibi üçün olan əsası məhkəməyə təqdim edə bilməmişdir.
21. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfin sahibkarlıq fəaliyyəti 12.12.2018-ci ildə 5 il müddətinə dayanmışdır. Fəaliyyəti dayanmış bir vergi ödəyicisinə göndərilmiş qaimə sistem tərəfindən 5 gün müddətinə təsdiq edilir. Lakin sonradan həmin qaimə 30 gün sonra ləğv edilir.
22. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarınınnın 3.13-ci bəndinə əsasən Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 (otuz) gün müddətində təsdiq edilməlidir. Elektron qaimə-faktura 30 (otuz) gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.
23. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçı tərəfin göndərdiyi elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və bir ay sonra proqram vasitəsilə ləğv edilmişdir. Yəni hüquqi qüvvəsi, tərəflər üçün hüquq və vəzifə yaratmayan bir ləğv edilmiş sənəddir.
24. Yuxarıda qeyd etdikləri kimi, iş üzrə bir dənədə olsun mötəbər sübut təqdim edilməyib. İddiaçı tərəf özü öz iddiasına sübut kimi “Məhsulların alql-satqı” müqaviləsi, Elektron qaimə, X3 təqdim etmişdir.
25. Kiçik iddiaya etirazda qeyd edildiyi kimi, X3nda olan imza Cavabdeh tərəfindən icra edilməmişdir. Bundan sonra iddiaçı cavabdehin imzası olan elektron qaimə təqdim etmişdir. Bununlada iddiaçı bildirmişdir ki, cavabdeh çap edilmiş elektron qaiməyə imza atmaqla məhsulları təhvil almışdır. Lakin tərəfimizdən məhkəmənin diqqətinə qaimənin çap tarixini bildirsəkdə məhkəmə bunu nəzərə almamış və həmin sənədi mötəbər sübut kimi qiymətləndirmişdir.
26. Cavabdeh tərəfindən 04.08.2021-ci il tarixində çap edilən həmin qaimənin elektron sistem tərəfindən 30 gün sonra ləğv edildiyini məhkəmənin diqqətinə çatdırmışdır. Bildiyiniz kimi, Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarınınnın 3.13-ci bəndinə əsasən Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 (otuz) gün müddətində təsdiq edilməlidir. Elektron qaimə-faktura 30 (otuz) gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Lakin yenədə məhkəmə bu qaydaların tələbinə zidd olaraq elektron qaiməni mötəbər sübut kimi qəbul etmişdir.
27. İddiaçı tərəf həmin qaimənin ləğv edilmədiyini və onların elektron bazasında aktiv qaimə kimi görünməsini əks etdirən sistemin fotoşəklini məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin foto şəkli mötəbər sübut kimi qəbul etmişdir.
28. Halbu ki, cavabdehin 12.12.2018-ci ildə 5 il müddətinə sahibkarlıq fəaliyyətinin dayandırılmasını təsdiq edən sənədi məhkəməyə təqdim edilmişdir. Fəaliyyəti dayanmış bir vergi ödəyicisinə göndərilmiş elektron qaimə yuxarıda qeyd etdiyimiz kimi ilk əvvəl sistem tərəfindən təsdirlənir və daha sonra 30 gün müddətinə ləğv edilir. Göründüyü kimi, məhkəmə Qanunvericiliyin tələbini deyil, iddiaçının tələbini, onun verdiyi sənədləri qəbul edərək qərar vermişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı 27 may 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur. Həmin etirazda qeyd olunmuşdur ki, ... Cavabdeh apellyasiya şikayəti aşağıdakı səbəblərə görə əsassızdır, bu səbəbdən həmin apellyasiya şikayətinin təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)- 50/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını barədə “Qətnamə” qəbul edilməlidir:
31. Cavabdehin apellyasiya şikayətində borcun ödənilməsindən boyun qaçırmaq üçün bir çox bəhanələr gətirməsinə baxmayaraq cavabdeh elə özü Şəki Kommersiya Məhkəməsində olmuş məhkəmə iclaslarında şirkətə borclu olması haqqında özünün məhkəməyə verdiyi ifadə ilə bunu sübut etmişdir.
32. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
33. Məhkəmə iclaslarının birində iddiaçının nümayəndəsi məhkəməyə cavabdehin imzası olan 28.12.2018-ci il tarixli, 784513 nömrəli, EAAO seriyalı “E-qaimə”nin əslini təqdim etdi və həmin “E-qaimə”nin cavabdeh tərəfindən şəxsən imza edilmişdir. Daha sonra hakim cavabdehi öz yanına dəvət edərək gəlib həmin sənəddəki imzanın ona məxsus olub-olmaması barədə sual etdimişdir. Hakimin sualına isə cavabdeh cavab olaraq bildirmişdir ki, “bəli həmin imzanı mən çəkmişəm və imza mənim imzamdır.” Belə olan halda isə sual yaranır: əgər cavabdeh iddiaçıya borcu olmazdısa cavabdeh həmin sənədi ümumiyyətlə imza edərdimi? Təbii ki, xeyr. Cavabdehin göstərilən sənədi könüllü şəkildə imza etməsi ilə bağlı etirafdan sonra qanuni və əsaslı çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verməsi yalnız və yalnız təəssüf hissi doğurur. Aydın məsələdir ki, qəbul edilmiş qərarı mübahisələndirmək tərəfin hüququdur, amma hazırkı vaxtda biz bunu hüquqdan sui-istifadə kimi qəbul edirik. Çünki cavabdeh özü də çox gözəl bilir ki, o həmin malları iddiaçıdan götürmüş, lakin onların dəyərini iddiaçıya geri ödəməmişdir. Hazırkı vaxtda cavabdehin göstərilən məhkəmə qərarını mübahisələndirməkdə yalnız bir məqsədi var ki, bu da borcun iddiaçı şirkətə ödənilməsi prosesini ləngitməkdir. Başqa sözlə desək, cavabdehin əsas məqsədi qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi prosesini ləngitməklə müəyyən vaxt qazanmaqdır.
34. Göstərilənlərə əsasən, hesab edirlər ki, Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylıqətnaməsi tam qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarına riayət edilməklə çıxarılmışdır. Həmçinin cavabdeh tərəfin məhkəmədə verdiyi izahatları ilə bu da müəyyən edilmişdir ki, tərəflər arasında 2017-ci ildə bitki yağı, düyü və digər ərzaq məhsullarının alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuşdur. Qeyd olunan müqavilənin iddiaçı tərəfindən imza və möhürlənməməsinə gəldikdə isə, bildiririk ki, bu iddiaçının müştərilərinin sayının çox olması səbəbindən texniki olaraq unudulmuşdur və həmin müqavilənin imza və möhürlü olan cavabdehdə qalan nüsxəsini isə cavabdeh məsuliyyətdən yayınmaq üçün qəsdən özü məhkəməyə təqdim etməmişdir.
35. Qeyd olunmalıdır ki, tərəflər arasında imzalanaraq təsdiq edilmiş 23.11.2021-ci il tarixli “Üzləşmə aktın”dakı imzanın məhkəmə iclasında ona məxsus olmadığını Cavabdeh bildirsə də, 28.12.2021-ci il tarixli “Elektron qaimə”də təhvil alan qrafasındakı fiziki olaraq icra edilmiş imzanın ona məxsus olduğunu bildirmişdir. Digər tərəfdən məhkəmə tərəfindən cavabdehə və onun nümayəndəsinə “Üzləşmə aktın”da olan imzanın ona məxsusluğunun yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsini təklif etmiş, cavabdeh tərəf buna müsbət cavab verməmiş və bu məsələnin məhkəmənin səlahiyyətinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasında cavabdehin üzləşmə aktında olan imzanın ona məxsus olmadığını bildirməyinə baxmayaraq, cavabdeh tərəfindən fiziki olaraq imzalanmış elektron qaimənin mövcudluğunu inkar edə bilməmişdir. İddia tələbini sübut edən ən azı bir mötəbər sənədin mövcud olmasını əsas tutaraq məhkəmə haqlı olaraq iddia tələbini qismən təmin etmişdir.
36. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin əsassız və qanunsuz olduğuna görə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edirlər.
37. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya 30 mart 2022-ci il tarixli, e- 2-2(117)-50/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında 28.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təsdiq edilməmişdir.
44. Yuxarıda qeyd edilən normaların tələbləri baxımından iddiaçı tərəfindən məhkəməyə yazılı müqavilə olaraq təqdim edilən sənəd qanunvericiliyin tələblərinə cavab vermədiyindən məhkəmə kollegiyası qeyd edilən sənədi sübut kimi qəbul edilmir.
45. Buna baxmayaraq, cavabdeh tərəfin məhkəmədə verdiyi izahatları ilə müəyyən edilir ki, tərəflər arasında 2017-ci ildə bitki yağı, düyü və digər ərzaq məhsullarının alqısatqısı ilə bağlı müqavilə münasibətləri olmuşdur.
46. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş 23.11.2021-ci il tarixli üzləşmə aktındakı imzanın birinci instansiya məhkəməsinin iclasında ona məxsus olmadığını Cavabdeh bildirsə də, 28.12.2021-ci il tarixli elektron qaimədə təhvil alan qrafasındakı fiziki olaraq icra edilmiş imzanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə tərəfindən cavabdehə və onun nümayəndəsinə üzləşmə aktında olan imzanın ona məxsusluğunun yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsini təklif etmiş, cavabdeh tərəf buna müsbət cavab verməmiş və bu məsələnin məhkəmənin səlahiyyətinə buraxdıqlarını bildrmişlər. Məhkəmə iclasında cavabdehin üzləşmə aktında olan imzanın ona məxsus olmadığını bildirməyinə baxmayaraq, cavabdeh tərəfindən fiziki olaraq imzalanmış elektron qaimənin mövcudluğunu inkar edə bilməmişdir. İddia tələbini sübut edən ən azı bir mötəbər sənədin mövcud olmasını əsas tutaraq birinci instansiya məhkəməsi iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etməmişdir.
47. İş materialına əlavə edilmiş 28.12.2021-ci il tarixli elektron qaimədən müəyyən edilir ki, vahidinin dəyəri 7,915 manat olan 653 ədəd Yurdum Günəbaxan yağının (5 Litrlik) yəni, ümumilikdə 5168,66 manat məbləğində məhsul İddiaçı MMC tərəfindən təqdim edilmiş Cavabdeh tərəfindən alınması təsdiq edilir. Elektron qaimə bir maliyyə (vergi) sənədi olaraq qanunvericiliyin tələbinə uyğun olaraq yalnız elektron qaydada təqdim edilir. Qeyd edilən sənəd elektron qaydada verilsə də, cavabdeh tərəfindən fiziki olaraq imzalanmışdır. Məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən həmin sənədin fiziki olaraq imzalanması həmin sənəddə olan borcu qəbul etməsi anlamına gəlir. Düzdür elektron qaimə təqdim edilərkən cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmişdir. Bu hal isə həmin elektron qaimənin qanuni olmasını şübhə altına almır.
48. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin faktiki hallarına əsasən müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi (yazılı müqavilə istisna edilsə də, tərəflərin etirafına əsasən) bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan elektron qaimə və həmin sənədə cavabdeh tərəfindən edilən fiziki imza ilə təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur.
49. Eyni zamanda cavabdehin tərəf elektron qaimənin verildiyi tarixdən xeyli sonra çap edilib cavabdehə imzalanmaq üçün təqdim edilməsi ilə bağlı qanunvericiliyin normalarının pozulması halları mövcud olmasını qəbul etmir. Belə ki, cavabdeh tərəfin həmin sənəddə olan imzanın ona məxsus olmasını etiraf etməsi həmin sənəddə olan borcu qəbul etməsini də etiraf edir. Hazırki vəziyyətdə təqdim edilmiş elektron qaimə sonradan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalandığından X3na bərabər tutulur və yalnız malların cavabdehə göndərilməsini deyil, həmçinin, cavabdeh tərəfindən təhvil alındığını da təsdiqləyir. Odur ki, həmin elektron qaimə məhkəmə tərəfindən yalnız elektron sənəd qismində deyil, həm də iddia tələbini təsdiq edən sübut olaraq qəbul edilmişdir.
50. Birinci instansiya məhkəməsi qeyd edilən elektron qaimədə borc məbləği 5168,66 manat göstərildiyindən və bu tərəflərin imzaları ilə təsdiqləndiyindən, iddiaçının borcun həmin hissədə ödənilməsini təmin etməkdə haqlı olmuşdur.
51. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
52. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf tərəflər arasında səs yazısının olduğunu, həmin səs yazısında cavabdehin borcunun olduğunu və borcun məbləğini etiraf etdiyini bildirmiş, lakin həmin səs yazısında hansı borcdan söhbət getdiyinin və həmin borcun nə vaxt yarandığının aydın olmadığını göstərmişdir.
53. Məhkəmə kollegiyasının iclasında həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında yalnız bir dəfə yuxarıda adı çəkilənalqı-satqı müqaviləsi bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin borc məbləği məhz həmin müqavilə əsasında yaranmışdır.
54. Belə olan halda, hazırkı iddia tələbi üzrə pul vəsaitinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
56. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
57. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
58. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
60. Apellyasiya baxışı zamanı mübahisələndirilən məbləğ on min manatdan az olduğundan məhkəmə kollegiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilməsi istisna olunur.
61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(117)-50/2022 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov