Məhkəmə qərarları › İş №2-2(107)-49/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-49/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-49/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə Cavabdeh arasında bağlanılmış, Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsinin (ümumi sahəsi – 186.6 kv.m) və 1745.4 kv.m. torpaq sahəsinin alqı-satqısına dair 15.12.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış və torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6100 (altı min yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 22 aprel 2021-ci il tarixli e- 2-2(117)-58/2021 nömrəli qərardadı ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “Şəki şəhəri M.F.Axundov prospekti 827 ünvanında yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi və 1745,4 m2 torpaq sahəsinin alqı-satqısına dair 15.12.2016-cı il tarixli 3238 nömrəli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş 6100 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadından Əmlak Məsələləri Dövlət Xidməti şikayət verərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddianın baxılmamış saxlanılması barədə Şəki Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadı əsassızdır və həmin qərardad ləğv edilməlidir. Belə ki, məhkəmə qərardadında hazırkı iş üzrə iddia ərizəsinin rəis müavini Nümayəndə tərəfindən imzalandığını, ərizənin imzalanması səlahiyyətini təsdiq edən sübut qismində Əmlak Məsələləri Dövlət Komitəsinin 27.02.2018-ci il tarixli, 42 nömrəli əmrinin məhkəməyə təqdim edildiyini, həmin əmrlə ona Əmlak Məsələləri Dövlət Xidmətinin deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin adından iddia ərizələrini imzalamaq səlahiyyətinin verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi hazırda mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlərin Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixindən qüvvəsini itirdiyini qeyd etmişdir. Bildirirlər ki, məhkəmənin yuxarıda qeyd etdiyi halların heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Eyni zamanda, həmin Fərmanın 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənə qədər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətlərini davam etdirirlər və onun strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri həmin Fərmanın 9.1–9.4-cü bəndləri icra olunanadək dəyişməz qalır. Əmlak Məsələləri Dövlət Xidmətinin yeni strukturu hazırkı vaxta qədər təsdiq edilmədiyindən, Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar (o cümlədən Komitənin Aparatı) və strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətlərini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri həmin Fərmanın 9.1–9.4-cü bəndləri icra olunanadək dəyişməz qalır. Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş iddianı imzalamağa səlahiyyət verən 27.02.2018-ci il tarixli, 42 nömrəli əmr hazırda qüvvədədir. Məhkəmə isə heç bir əsas olmadan və qanunvericiliyə zidd olaraq Əmlak Məsələləri Dövlət Komitəsi hazırda mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlərin Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixindən qüvvəsini itirdiyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq qərardadın ləğv edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)- 58/2021 nömrəli nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi Nümayəndə tərəfindən elektron qaydada imzalansa da, sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyətinin olması barədə sübutlar, habelə onun nümayəndə olmasını təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş etibarnamə ərizəyə əlavə edilməmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki,iddia ərizəsi 12.05.2020 tarixdən sonra, yəni 22.12.2020-ci il tarixdə Nümayəndə tərəfindən imzalandığından və 22.12.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin 27.02.2018-ci il tarixli 42 nömrəli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin adından Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti olmadığından və bununla da iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Hazırkı işin araşdırması zamanı müəyyən edilmişdir ki, 22.12.2020-ci il tarixli iddia ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X1 üzrə Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələrinin təsdiq edilənədək onların öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirmələri müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli 2034 nömrəli sərəncamı ilə Nümayəndə xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. İşdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixədək Xidmət öz fəaliyyətini Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsi və həmin Komitə tərəfindən xidmət sahəsini əhatə edən sənədlər (əmr və s.) əsasında həyata keçirmişdir ki, Xidmətin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini tənzimləyən sənədlər əsasında hər hansı hərəkətlərin həyata keçirilməsi qanuni deyil və həmin sənədlərin hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, hazırkı iş üzrə iddia ərizəsini imzalamış Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sübut qismində Əmlak Məsələləri Dövlət Komitəsinin 27.02.2018-ci il tarixli 42 nömrəli əmrini məhkəməyə təqdim etmişdir ki, həmin əmrlə ona Əmlak Məsələləri Dövlət Xidmətinin deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin adından iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. Şərh olunduğu kimi isə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixdə qüvvəsini itirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan nöqsanlar iddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən nümayəndənin (nümayəndəyə səlahiyyət həmin şəxs tərəfindən verilib, lakin buna səlahiyyətinin olmasına dair sübut mövcud deyildir) nəzərinə çatdırılmış, 31.03.2021-ci il tarixli məhkəmə bilririşində qeyd olunanlar iddiaçının nəzərinə çatdırılaraq tələb olunan sənədlərin məhkəmə iclasınadək məhkəməyə təqdim edilməyəcəyi təqdirdə iddianın baxılmamış saxlanılacağı barədə sonuncuya xəbərdarlıq edilmişdir. Lakin iddia ərizəsini imzalamış nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş müvafiq sübutlar hazırkı vaxtadək məhkəməyə təqdim edilməmişdir Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət edərək yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırmaqla iddiaçının yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasını qeyd etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)-58/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar