Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-49/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh direktoru Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“alıcı”) arasında 01 sentyabr 2018-ci il tarixində 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “satıcı” müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilən 111.812,38 manat dəyərində 243.600 litr şərab materiallarını cavabdehə satmağı, “alıcı” isə həmin malları almağı öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MMC arasında 03 dekabr 2018-ci il tarixində bağlanmış sazişə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən 01 sentyabr 2018-ci il tarixli, 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında” müqavilə ləğv edilmişdir. "xxxx" MMC (“tapşıran”) ilə "xxxx" MMC(“ticarət agenti”) arasında 03 dekabr 2018-ci il tarixində 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “ticarət agenti” həmin müqavilənin tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən, “tapşıran”a məxsus 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı və müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu “tapşıran”ın bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. 30 avqust 2021-ci il tarixli “Tələb hüquqlarının güzəşti haqqında müqaviləyə” əsasən "xxxx" MMC "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu X1 ötürmüşdür. 15 sentyabr 2021-ci il tarixli “Tələb hüquqlarının güzəşti haqqında müqaviləyə” əsasən X4 "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu İddiaçı (hazırki iş üzrə iddiaçı) ötürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 76.812,38 manat borcun, əldən çıxmış fayda kimi 20.000 manat pulun və 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və müqaviləyə əsasən tərəflər müqavilənin predmeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşlar. MMC-nin satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə faktura ilə müəyyən edilmişdir. "xxxx" MMC müqavilənin şərtlərini pozaraq "xxxx" MMC-yə borclu olduğu 76.811,86 manat məbləği ödəməmişdir. Bundan sonra "xxxx" MMC-nin müqavilə üzrə tələb hüququ X1, daha sonra isə hazırkı iş üzrə iddiaçı olan İddiaçı ötürülmüşdür. Həm xx.xx.2019-cu il tarixli üzləşmə aktından, həm də xx.xx.2019-cu il tarixli audit yoxlamasından görünür ki, cavabdeh MMC-yə 76.811,86 manat borcunun olduğunu etiraf etmişdir. Odur ki, qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-183/2022 nömrəli iş üzrə qəbul etdiyi 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, 76.811,86 manat borcun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, 320,44 manat məbləğində dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında əvvəlcə “Malların göndərilməsi haqqında” xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən irəli gələn alğı-satqı münasibətləri mövcud olmuş, müqavilənin 1 nömrəli Əlavəsinə görə alıcı olan hazırki iş üzrə cavabdeh 243.600 litr şərab materialının dəyəri olan 111.812,38 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə bu müqavilə ləğv olunsa da, həmin tarixdə tərəflər arasında yenidən “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmışdır. Cavabdeh şirkətin direktoru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2018-ci il tarixli “Malların göndərilməsi haqqında” müqavilə ləğv olunsa da, borc haqqında məsələ dəyişməmiş və yeni bağlanmış müqavilə ləğv edilən müqavilənin davamı olmuşdur. Bu hal isə onu sübut edir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədən tərəflər arasında mövcud olan alğı-satqı müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilmiş, sadəcə formal baxımdan müqavilənin adı dəyişdirilərək “Malların göndərilməsi haqqında” müqavilə deyil, “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi olmuşdur. Ona görə də, tələbin güzəşt edilməsi haqqında müqavilədə münasibətin yaranması kimi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin nömrəsi qeyd edilmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin 12.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi tərəfləri müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Həmin müqavilə xx.xx.2018-ci il tarixinədək qüvvədə olması şərti ilə bağlanmışdır. Deməli, tərəflərin razılığı ilə vaxtından əvvəl müqaviləyə xitam verilmişdir. Əslində isə ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Odur ki, cavabdehin "xxxx" MMC-yə və dolayısı ilə tələb hüququnun güzəşt edilməsi nəticəsində həmin hüququn sonuncu mülkiyyətçisi olan İddiaçı 76.811,86 manat borcunun olduğu istər iş materialları ilə (xx.xx.2019-cu il tarixində imzalanmış üzləşmə aktı və xx.xx.2019-cu il tarixinə olan auditin nəticələrinə dair akt-məlumat, Arayış-2 haqqında sənəd), istərsə də tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunur. Qeyd edilən aktların, cavabdeh hüquqi şəxsin rəhbəri özü tərəfindən imzalanıb möhürləndiyini təsdiq etmişdir. Tələb hüququ mövcud olmuş və mövcud olduğu vəziyyətdə müvafiq olaraq güzəşt edilmiş və hazırkı iddiaçıya belə bir tələblə məhkəmədə çıxış etməyə hüquqi imkan tanımışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Ticarət nümayəndəsi (agent) müqaviləsi”nin bağlanmasından 1 il sonra həmin müqavilə tərəflərinin müvafiq qaydada imzalanaraq təsdiq etdiyi xx.xx.2019-cu il tarixli üzləşmə aktı və xx.xx.2019-cu il tarixinə olan auditin nəticələrinə dair akt-məlumatda "xxxx" MMC-nin "xxxx" MMC-yə 76.811,86 manat məbləğində borcunun olmasını tərəflər təsdiq edir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, tərəflər arasında şərab məhsulunun satıldıqca pulunun ödəniləcəyi barədə razılığa gəlsələr belə, 2019-cu ilin dekabr ayınıdək həmin şərab materialı satılmış, həmin müddətdə 111.812,38 manat məbləğdən 35.000,52 manat ödənilmiş, qalan borc məbləği isə 76.811,86 manat olmuşdur. Bu faktlar cavabdeh tərəfin həmin şərab materiallarının hazırda mövcud olduğu və satılmadığı arqumentini inkar edir. İşdə olan xx.xx.2019-cu il tarixli üzləşmə aktının surəti təqdim edilsə də, həmin aktı imzalamış və möhürləmiş cavabdeh MMC-nin rəhbəri qeyd edilən imza və möhürün onun özü tərəfindən edildiyi və həmin aktın həqiqiliyini təsdiq etmişdir. İddia tələbinin 20.000 manat məbləğində əldən çıxmış fayda hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bununla bağlı hər hansı bir sübut təqdim etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə tələbə hüquqi qiymət verilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etməmiş və iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193, 194.1, 194.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələblərinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. "xxxx" MMC ilə cavabdeh arasında hal-hazırda qüvvədə olan hər hansı alğı-satqı müqaviləsi yoxdur. Belə ki, tərəflər arsında bağlanmış xx.xx.2018-ci il tarixli “Malların göndərilməsi barədə” müqavilə xx.xx.2018-ci il tarixdə ləğv olunmuşdur. İddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli müqavilədə güzəşt edilən tələbin hüquqi əsası kimi həmin müqavilənin 1.3-cü maddəsinə görə 2018/09-018 saylı və xx.xx.2021-ci il tarixli müqavilə qeyd olunmuşdur. Buna baxmayaraq iddiaçıya tələbi güzəşt edən X4 qeyd edilən tələbi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əldə etmişdir. Həmçinin iddiaçı ərizəsində X4 ilə bağlanan tələb hüquqlarının güzəşti haqqında müqaviləyə istinad etsə də, müqavilə notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etmək mümkün deyildir. Bununla da iddia edilən tələbin əsası olaraq 2018/09-018 saylı və xx.xx.2021-ci il tarixli müqavilənin sübut olaraq mötəbərliyi şübhə altına alınır. Cavabdehin "xxxx" MMC-yə borcu olmadığından hər hansı tələbin güzəşti qəbul oluna bilməz. İddiaçı "xxxx" MMC-yə məxsus 243.600 litr hazır şərabın cavabdeh tərəfindən təhvil alındığını, hansı məbləğdə satışdan gəlir əldə edildiyini və ya MMC-yə hansı məbləğdə ödəniş edilib-edilmədiyini tam olaraq əsaslandıra bilməmiş, məhkəmə isə bunu araşdırmamışdır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olması məhkəmə tərəfindən araşdırlmamışdır. Belə ki, iddiaçıya tələbin güzəşti olsa belə, iddiaçı bu tələbi qəbul etmək səlahiyyətinə malik deyildir. Cavabdehin pul öhdəliyi olmadığına görə yalnız satılmayan şərab materiallarını geri qaytara bilər, lakin iddiaçı sahibkarlıq statusuna və tələb olunan lisenziyaya malik deyil. Məhkəmə "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış “Malların göndərilməsi haqqında” müqavilə üzrə öhdəliklərə xitam verilmədiyini bildirsə də, borcun təsdiqi halları kimi ”Ticarət nümayəndəsi (Agent)” müqaviləsinə istinad etmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən təqdim edilən üzləşmə aktını və audit yoxlamasını obyektiv qiymətləndirməmişdir. Belə ki, hər iki sənəd cavabdehin "xxxx" MMC-dən nə qədər məhsul tədarük etdiyini təsdiqləyir və ”Ticarət nümayəndəsi (Agent)” müqaviləsinə əsasən malların tədarük edilməsi hələ ticarət agentinin ödəniş öhdəliyini yaratmır. Bundan başqa həmin sənədlərdə maliyyə əməliyyatları tam əks olunmamışdır. Bununla da maliyyə əməliyyatlarının obyektiv araşdırılması üçün ekspertiza təyin olunması zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi bu barədə vəsatət verməsinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və izahatında bildirmişdir ki, müqavilə predmeti olan mallar cavabdehə verilsə də, həmin mallar realizə olunmadığı, yəni satılmadığı üçün cavabdehin öhdəliyi yaranmamışdır. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru Nümayəndə2 izahatında bildirmişdir ki, hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri xeyli əvvəl yaranmışdır. Həmin vaxt o, Cavabdeh MMC-nin direktoru olmamışdır. O, direktor təyin olunandan sonra Cəmiyyətin borcları ilə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həqiqətən "xxxx" MMC-dən müqavilədə göstərilən həcmdə şərab materialı alınıb. Bu səbəbdən 2018-ci ilin sentyabr ayında onların arasında “mal göndərmə” müqaviləsi bağlanmışdır. 2018-ci ilin dekabr ayında həmin müqavilə ləğv olunmuş və yeni müqavilə bağlanmışdır. Onlara təhvil verilən şərab materialının bir hissəsi satılmış və həmin hissənin pulu "xxxx" MMC-yə verilmişdir. Lakin malın digər hissəsi satılmadığından Cavabdeh MMC tələb olunan məbləği qarşı tərəfə ödəyə bilmir. O, borcun olduğunu etiraf edir. Lakin mal satılmasa pulun ödənilməsi mümkün olmayacaqdır. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli “Ticarət nümayəndəsi” müqaviləsi bağlanmışdır. Müqavilə əsasında tərəflər müqavilənin predmeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşlar. "xxxx" MMC-nin Cavabdeh MMC-yə satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə-faktura ilə müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən müqavilənin şərtləri pozulmuş və "xxxx" MMC-yə 76.811,86 manat borclu olduğu məbləği ödəməmişdir. Bundan sonra "xxxx" MMC-nin direktoru X3 ilə X4 arasında xx.xx.2021-ci il tarixdə “Tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmışdır və "xxxx" MMC-nin 76.812,38 manat borcu tələb etmək hüququ X1 ötürülmüşdür. Bundan sonra X4 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə “Tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmış, "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 76.812,38 manat borcun tələb etmək hüququnu iddiaçıya ötürmüşdür. Hesab edir ki, iddia tələbi əsaslıdır. Apellyasiya baxışının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələri Dövlət Xidmətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli müqaviləyə əsaslanır. Həmin müqavilədən görünür ki, alıcı malı təhvil-təslim aktı ilə qəbul etməli idi. İş materiallarından müəyyən olunur ki, təhvil-təslim aktı tərtib edilməmişdir, yəni iddiaçı malın verilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. İşə əlavə olunmuş 03.12. 2018-ci il tarixli Sazişdən görünür ki, heç bir səbəb göstərilmədən xx.xx.2018-ci il tarixli müqaviləni tərəflər ləğv etmişlər. İş materiallarından müəyyən olunur ki, Saziş bağlandığı tarixə (müqavilə ləğv edilən tarixə) iddiaçı malın verilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə işə əlavə olunmuş, xx.xx.2018ci il tarixli “Ticarət nümayəndəsi müqaviləsi”ni xx.xx.2018-ci il tarixdə bağlanmış və sonradan Sazişlə 03 dekabrda ləğv edilmiş müqavilənin davamı kimi qiymətləndirmişdir. Bu mövqe ilə razılaşmır və hesab edir ki, alğı-satqı müqaviləsi və “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi mahiyyətcə ayrı-ayrı müqavilələrdir. Bundan başqa, tərəflər xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən yaranmış münasibətlərin davam etdirmək istəyi olsaydı müqaviləni ləğv etməzdilər, onların bu müqaviləyə dəyişiklik etmək imkanı vardır. İş materiallarına əlavə olunmuş qaimələr isə 01 sentyabr 2018-ci il tarxili müqavilə ləğv olunduqdan sonra tərtib edilmişdir. Bundan başqa, “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin məzmununa əsaslanaraq qeyd edir ki, onun ləğv edilmiş müqavilə ilə bağlılığı müəyyən edilmir. “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin predmetini başqa münasibətlər təşkil edir. “Ticarət nümayəndəsi (Agent)” müqaviləsini bağlamaqla, məzmununu bu şəkildə müəyyən etməklə, iddiaçı artıq xx.xx.2018-ci il tarixli müqavilənin icra edilməməsini – 243.600 litr şərabın cavabdehə satılmamasını, çatdırılmanmasını qəbul etmiş olur. Bütün bunlara baxmayaq, məhkəmə “Ticarət nümayəndəsi (Agent)” müqaviləsini xx.xx.2018-ci il tarixdə bağlanmış və sonradan ləğv edilmiş müqavilənin davamı kimi qəbul etmişdir. İddiaçı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinə deyil, ləğv edilmiş, xx.xx.2018-ci il tarixli qüvvədən düşmüş müqaviləyə əsaslanır. İddaçının əsaslandığı xx.xx.2018-ci il tarixli müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, yəni uydurma əqddir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış birinci instansiyası məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin yalnız “iddia tələbinin qismən təmin edilməsi barədə” hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin yalnız iddia tələbinin qismən təmin edilməsi barədə hissəsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Maddə 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 noyabr 2021-ci il tarixli 185 nömrəli sərəncamı ilə, xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC adlandırılmışdır. Cavabdeh MMC-nin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC "xxxx" MMCnin hüquqi varisidir. İş üzrə Cavabdeh MMC-nin direktoru Nümayəndə2 məhkəmələrə verdiyi izahatından müəyyən edilir ki, şərab materiallarının alğı-satqısı ilə bağlı 2013-cü ildən "xxxx" MMC və "xxxx" MMC arasında müqavilə münasibətləri yaranmış, bu münasibətlər xx.xx.2018-ci il tarixdə yazılı formada 2018/09-018 №-li “Malların göndərilməsi haqqında müqavilə” bağlanmaqla rəsmilləşdirilmişdir. Həmin müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC-dən aldığı 243.600 litr şərab materiallarının dəyəri olan 111.812,38 manat məbləğində pulu sonuncuya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qüvvədə olma müddəti 2018-ci ilin dekabr ayının 31-dək müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC və "xxxx" MMC qarşılıqlı razılığa gələrək “Malların göndərilməsi haqqında” müqaviləni yazılı qaydada ləğv etmiş və eyni gündə öz aralarında 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtlərinə görə, "xxxx" MMC, müqavilənin tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı, müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu "xxxx" MMC-nin bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC və "xxxx" MMC arasında yuxarıda qeyd olunan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrin bağlanması, xx.xx.2018-ci il tarixli müqavilə üzrə şərab materiallarının "xxxx" MMC-yə təhvil verilməsi və həmin müqavilə üzrə "xxxx" MMC-nin 76.811,86 manat məbləğində borcun yaranması faktını iddiaçının səlahiyyətli nümayəndəsi ilə yanaşı, həm də Cavabdeh MMC-nin direktoru Nümayəndə2 və nümayəndəsi (vəkili) Vəkil məhkəmələrə verdikləri izahatlarda təsdiq etmişlər. Cavabdeh tərəf "xxxx" MMC qarşısında xx.xx.2018-ci il tarixli, 2018/09-018 №-li “Malların göndərilməsi haqqında müqavilə” üzrə icra olunmamış öhdəliklərinin olduğunu inkar etməsə də, bildirir ki, həmin müqavilə artıq ləğv olunduğuna görə, bu öhdəliklərin icrası cavabdehdən tələb oluna bilməz. Ləğv olunmuş müqavilə üzrə tələb etmə hüququ da 3-cü şəxsə verilə bilməz. Bu baxımdan hesab olunmalıdır ki, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və bunun hüquqi nəticələrini və s. halları tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsinin hüquqi nəticələrini tənzimləyən Mülki Məcəllənin 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, tərəflərin öhdəliklərinə xitam verilir. Sözügedən norma müqavilə ləğv olunduğu halda tərəflərin müqavilə üzrə öhdəliklərinin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin vicdanla yerinə yetirilməsi hüquqi prinsipinə əsaslanır. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Malların göndərilməsi haqqında” müqavilənin 12.1.2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi tərəfləri müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Göründüyü kimi, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə, onun vaxtından əvvəl ləğv edilməsi halında, tərəflərin öhdəliklərinin qüvvədə olma müddəti barədə şərt nəzərdə tutulmuşdur. Bu şərt, müqavilənin vaxtından əvvəl ləğv olunduğu təqdirdə, tərəflərin icra olunmamış öhdəliklərinin xitamını istisna edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış “Malların göndərilməsi haqqında” müqavilə tərəflərin qarşılıqlı razılığına əsasən ləğv olunsa da, həmin müqavilə üzrə "xxxx" MMC-nin 76.811,86 manat borcun qaytarılmasından ibarət icra olunmamış öhdəliyinə xitam verilməmiş, həmin öhdəlik olduğu kimi qalmışdır. xx.xx.2018-ci il tarixli müqavilənin tərəfləri qarşılıqlı razılığa əsasən xx.xx.2018-ci il tarixdə müqaviləni ləğv etmiş və elə həmin gün də “Ticarət nümayəndəsi (Agent) müqaviləsi” bağlamışlar. Cavabdeh MMC-nin direktorunun məhkəmələrə bildirdiklərinə görə, müqavilənin ləğvi və yeni müqavilənin bağlanmasında məqsəd - vergi orqanlarının məsləhəti ilə ödənişlərin qanuniliyini təmin etmək və rəsmilləşdirmək olmuşdur. xx.xx.2019-cu il tarixdə tərəflər arasında üzləşmə aparılaraq üzləşdirmə aktı tərtib edilmiş, daha sonra isə audit keçirilərək xx.xx.2019-ci il tarixdə akt-məlumat tərtib olunmuş, həmin sənədlər "xxxx" MMCnin nümayəndəsi və "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış, imzalar hüquqi şəxslərə aid möhürlə təsdiq olunmuşdur. Qeyd olunan sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin "xxxx" MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və bu öhdəlik 76.811,86 manat ödənilməmiş borcdan ibarətdir. Məhkəmənin qənaətinə görə, bütün bunlar ona dəlalət edir ki, müqavilə tərəfləri xx.xx.2018-ci il tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqaviləni xx.xx.2018-ci il tarixdə ləğv etsələr də, onların müqavilə üzrə öhdəliklərinə xitam verilməmiş, müqavilənin icrası ilə bağlı "xxxx" MMC-nin "xxxx" MMC qarşısında 76.811,86 manat məbləğində borcdan ibarət icra olunmamış öhdəliyi qalmışdır. Cavabdehin qanuni təmsilçisi (direktoru) Nümayəndə2 birinci instansiyası məhkəməsində təmsil etdiyi hüquq şəxs tərəfindən müqavilə öhdəliyinin icra olunmamasının səbəbini onunla izah etmişdir ki, "xxxx" MMC-nin "xxxx" MMC-dən aldığı şərab materiallarının bir hissəsi realizə olunmadığından, yəni satılmadığından, həmin materiallar xarab olmuşdur, çünki təbii şərab materialının yararlılıq müddəti ən yaxşı halda 3 ildir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal, "xxxx" MMC-nin öhdəliyinin icra olunmamasının üzrlü səbəbdən baş verməsi kimi qəbul olunmamalıdır. Çünki Cavabdeh MMC şərabın və şərab materiallarının alğı-satqısı ilə bağlı professional fəaliyyət göstərən hüquqi şəxsdir və onun bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən "xxxx" MMC-dən əldə etdiyi şərab materiallarının saxlama müddətləri və sair hallarla bağlı maliyyə riskləri barədə məlumatsız olması mümkün deyil. Şərab materiallarının alğı-satqısı ilə bağlı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin 9-cu bəndində fors-major halları konkret olaraq sadalanmışdır. Şərab materiallarının satışının mümkünsüzlüyü və bununla əlaqədar malların yararlıq müddətinin keçməsi həmin fors-major hallarına daxil edilməmişdir. Belə olan vəziyyətdə Məhkəmə hesab edir ki, Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə münasibətlərindən irəli gələn öhdəliklər "xxxx" MMC tərəfindən lazımınca icra olunmamış, nəticədə onun "xxxx" MMC-yə 76.811,86 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Sonradan "xxxx" MMC mülki qanunvericiliyin ona verdiyi imkandan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə qarşı olan tələb hüququnu A.Mehdiyevaya vermiş, sonuncu isə həmin hüququ iddiaçıya ötürmüşdür. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, cavabdeh tərəf birinci instansiyası məhkəməsinə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versə də, vəsatət təmin edilməmişdir. Cavabdeh hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsasızdır. Belə ki, hazırki işə istər birinci instansiyası məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəf xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində yaranmış borcun məbləğini mübahisələndirməmişdir. Digər tərəfdən cavabdeh həmin məbləği şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Odur ki, Məhkəmə, apellyasiya şikayətinin sübuta söykənməyən bu dəlilini əsaslı saymır. Dəlil formal mülahizə xarakteri daşıyır. Bunları müəyyən edən Məhkəmə hesab edir ki, iddiaçı, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış “Malların göndərilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqaviləyə və “Tələb hüquqlarının güzəşti haqqında” xx.xx.2021-ci il tarixli müqaviləyə əsaslanaraq 76.811,86 manat məbləğində borcu tələb etməkdə, birinci instansiyası məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşdur. İddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun olmaması, Cavabdeh MMC-nin "xxxx" MMC qarşısında, dolayısı yolla isə iddiaçı qarşısında öhdəliyinin olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, 76.811,86 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-49/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-49/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver