Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-5/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, iddiaçının nüfuzuna vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, satıcı(iddiaçı) Qiymətlərin razılaşma protokolunda (Əlavə 1) qeyd edilən texniki avadanlıqları nağd və ya hissə-hissə ödənilməklə alıcıya(cavabdeh) satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən, satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlama vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşma protokolundan (Əlavə 1) görünür ki, ilkin ödəniş 3000 manat olmaqla, 18 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək hər ay ayda 1355 manat, sonuncu ay isə 1348 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı (WERTEX Black) satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsi və cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə imzalanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən mala mülkiyyət hüququ malın dəyəri tam ödənilənədək iddiaçıda (Satıcıda) qalmasına baxmayaraq, cavabdeh (Alıcı) satıcının razılığı olmadan müqavilənin predmeti olan avadanlığın daxili konstruksiyasına müdaxilə etmiş, nəticədə avadanlığa zərər vurmuşdur. Bununla bağlı Balakən rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh iddiaçının hüquqlarının müdafiəsi üçün atdığı addımdan xəbərdar olduqdan sonra qərəzli olaraq, işgüzar nüfuzunu hədəf alaraq müştərilər arasında anti-reklam xarakterli təbliğat işləri aparmağa başlamışdır. Cavabdeh, iddiaçının müştərilərinin əlaqə nömrələrini əldə etmiş, "xxxx" platformasında “AzEstetik” adlı qrup yaradaraq həmin müştəriləri qrupa əlavə etmişdir. Daha sonra həmin qrup vasitəsilə qrup üzvlərinə şirkətin satışını həyata keçirdiyi avadanlıqların keyfiyyət parametrləri, işgüzar etikası haqqında təhrif olunmuş informasiyalar ötürmüşdür. Cavabdeh qeyd olunan qrupa ünvanladığı səsli ismarıclar vasitəsilə guya şirkətin satdığı avadanlıqların əvvəllər başqa şəxslər tərəfindən istifadə olunduğunu, eləcə də şirkətin əməkdaşları tərəfindən müştərilərə qarşı nalayiq ifadələrdən istifadə olunaraq onların təhqir olunduğunu iddia etmişdir. Bununla yanaşı cavabdeh, şirkət tərəfindən müvafiq dövlət orqanlarına edilmiş müraciətlərə əhəmiyyətsiz və nəticəsi olmayan tədbirlər donu geyindirərək müştəriləri şirkətin əleyhinə addımlar atmağa təşviq edən çağırışlar etmişdir. Cavabdeh bu cür informasiyaları təkcə "xxxx" platformasında deyil, digər sosial şəbəkələr vasitəsilə də yaydığını etiraf edir. Cavabdeh İddiaçı MMC-nin işgüzar nüfuzunu hədəf alan hüquqazidd əməlləri bununla yekunlaşmamışdır. Cavabdeh ona məxsus olan “lazer_epilyasiya_zaqatala” adlı istifadəçi hesabı vasitəsilə instagram sosial şəbəkəsində İddiaçı MMC-nin əməkdaşlarını “dolandırıcı, ikiüzlü, mütəşəkkil dəstə” adlandırmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı Balakən Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh çıxış edərkən məhkəmə zalında çoxsaylı insanların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidməti adından guya hazırda DTX-da İddiaçı MMC barəsində cinayət işinin başlandığını bildirmişdir. Sədrlik edən hakim, eləcə də şirkətin nümayəndəsi tərəfindən müvafiq faktın həqiqətə uyğun olub-olmaması bir neçə dəfə soruşulduqda Cavabdeh proses iştirakçılarının, eləcə də zalda iştirak edən digər şəxslərin qarşısında faktın doğruluğunu əminliklə vurğulayaraq təsdiq etmişdir. Hətta hakim hüquq mühafizə orqanı olan bu cür dövlət orqanının adından yalan məlumat verdiyi təqdirdə məsuliyyətə cəlb olunacağını bir neçə dəfə ona xatırlatsa da o, israrla öz fikirlərində qalmış və eyni cavabı vermişdir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin iddia etdiyi faktın doğru olmadığı bəlli olmuşdur. Bundan başqa cavabdeh “Azcosmetics” adlı şirkətin Tik-tok istifadəçi hesabında yayımlanmış video-çarxlarla hüquqazidd əməlinə davam etmişdir. Cavabdehin iştirakı ilə hazırlanmış həmin video-çarxda aşağıdakı həqiqətə uyğun olmayan ifadələr yerləşdirilmişdir: “Zaqatala rayonundan Xalima xanım aldadıldı. Cihazını qıraqdan idarə edərək pul tələb etdilər!”, “600 Wt gücə sahib “Wertex” cihazını 900 Wt deyib aldadaraq satdılar!!!”, “Özünü həkim kimi təqdim edib sertifikat verdilər!!!” Cavabdehin mövqeyinə görə guya şirkət ona bəyan edilmiş parametrlərdən daha zəif gücə malik aparat satmışdır. Halbuki bu fikir heç bir fakta əsaslanmır və həqiqətə uyğun deyildir. Bununla yanaşı cavabdeh, İddiaçı MMC-nin satıcı olaraq alıcıdan müqavilə üzrə öhdəliklərini icra etməyə dair tələbinə hüquqazidd əməl donu geyindirməyə çalışmışdır. Yuxarıda sadalanan hərəkətlər cari və potensial müştərilər arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələməklə ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-882/2023 nömrəli iş üzrə qəbul etdiyi 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin tarixdə müqavilədə razılaşdırılmış Wertex lazer aparatı (bundan sonra mətndə aparat) təhvil-təslim aktı əsasında alıcıya təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Avadanlığa satıcı 1 il zəmanət verir. Qarantiya müddəti satıcı tərəfindən malın alıcının sahibliyinə verildiyi andan hesablanır. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə dair zəmanət talonuna əsasən, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10.000.000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq başqa aparatla təmin olunur. Həmçinin, qeyd edilən alğı-satqı müqaviləsinə dair X1 (Əlavə 1) əsasən, ilkin ödəniş 3000 manat olmaqla, 18 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək hər ay ayda 1355 manat, sonuncu ay isə 1348 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüş və öhdəliyini lazımınca icra edərək ödənişləri vaxtından əvvəl həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında yenidən alğı-satqı müqaviləsi bağlanaraq, ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) ilkin ödəniş 650 manat olmaqla, 4 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək hər ay ayda 463 manat, sonuncu ay isə 461 manat olmaqla ödəniş edilməsi şərtilə cavabdehə satılmışdır. Həmin müqavilə üzrə “Wertex” tipli cihazlar üçün 10.000.000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq əvəzedici aparatla təmin olunur. Zəmanət müddəti 1 ildir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı (ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Bunlar işin mübahisələndirilməyən hallarıdır və qeyd edilən halları tərəflər izahatları ilə də təsdiq edirlər. İşin mübahisələndirilən halları isə cavabdeh tərəfindən dövlət qurumlarına şikayətlərində və sosial şəbəkələrdə (whatsapp, instagram) iddiaçı şirkət haqqında işlədilən nalayiq sözlərlə şirkətin işgüzar nüfuzuna zərər vurulub-vurulmaması, həmin ifadələrin işlədilməsində cavabdehin məqsədinin işgüzar nüfuzunu ləkələmək olub-olmaması ilə bağlı halların araşdırılmasından ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iddiaçının iddia tələbinin əsasını təşkil məsələlərə aşağıdakı istiqamətdə qiymət verməyi zəruri hesab edir: -iddiaçı tərəfindən Whatsapp qrupunun yaradılaraq həmin qrupda iddiaçı şirkətin fəaliyyətini və xidmətlərini pisləməsi; cavabdehin şəxsin instagram hesabında iddiaçı şirkətlə bağlı elanlar yerləşdirməsi və müzakirələrin aparılması; -cavabdeh tərəfindən dövlət qurumlarına rəsmi müraciətlər edilərək yalan informasiyaların verilməsi. Cavabdehin iddia tələbini təkzibi isə aşağıdakı istiqamətlərdə olmuşdur: -aparatın içərisində xəbərsiz çip qurğusunun yerləşdirilməsi və ödənişlər bitdiyi müddətdən sonra da həmin qurğunun iddiaçı şirkət tərəfindən çıxarılmaması; -aparatın gücü ilə bağlı səhv məlumatın verilməsi. Belə ki, 900 WT olduğu qeyd edilmiş, ancaq 600 WT gücündə cihaz satılmışdır; -aparatın ekranının işləməsinin mümkünsüzlüyü bildirərək 2500 manat məbləğində yeni ekranın satılması; -aparatın mənşəyi və adı barədə yalan informasiyanın verilməsi. Tərəflər arasında xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Wertex aparatı iddiaçı tərəfindən cavabdehə satılmış, zəmanət talonunda 10.000.000 lazer atışa zəmanət verilmiş, sonradan cihazın ekranında problem yarandığından yeni ekran alğı-satqısı haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Hər iki müqavilə üzrə məbləğ aylara bölünərək ödənilməsi razılaşdırılmışdır. Məhkəmə müəyyən etmişdir ki, “xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.7-ci bəndində satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.” Bəndin olduğu, xx.xx.2022-ci il tarixli müqavilənin isə 2.1.10-cu bəndində “Satıcı” malın “Alıcı”nın sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq-yoxlamalaq apara bilər və bu məqsədlə malı onun istifadəsini kənardan məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki: -iddiaçı tərəf bunu aparatın oğurlanması və digər hallarda məsafədən istifadəsini məhdudlaşdırmaq məqsədi güdmüşdür. İlkin müqavilə üzrə cavabdeh ödənişdə hər hansı bir ləngimə etməsə də, onun bildirdiyinə görə bu cihaz vasitəsilə işləyərkən iddiaçı tərəfindən söndürülmüş və işi yarımçıq qalmışdır. Bu arqumentə qarşılıq olaraq iddiaçı bu hala əsaslı aydınlaşdırma gətirməmiş, aparatın cavabdehə satılan aparatda quraşdırıldığından cavabdehin məlumatı olmamışdır; -cavabdehə satılan aparatda təminat müddəti ərzində təxminən 6.000.000 milyon lazer atışı həyata keçirildiyindən, lakin iddiaçı 10.000.000 milyon lazer atışına zəmanət versə də, sonradan cihazın barında yəni aparatın atış həyata keçirilən hissəsinin təmirini öz vəsaiti hesabına həyata keçirmiş, iddiaçı hüquqi şəxsin nümayəndələri bununla bağlı inandırıcı arqumentlərini təqdim edə bilməmişlər; cavabdehə məxsus aparat iddiaçı tərəfindən dəfələrlə təmirə alınmış, hər dəfə yeni bir problem yaranmış, iddiaçı aparatın “platasını”, o düzəlmədikdə isə ekranının dəyişməyin zəruri olduğunu bildirmiş, cavabdeh də iddiaçının təklif etdiyi ilə razılaşmış, 2500 manat müqabilində iddiaçıdan dövri ödənişlə ekran almış, yenidən ekran xarab olmuş, cavabdehin iddiaçıya (işçilərinə) telefon vasitəsilə müraciətlərinə, 8 dəqiqəlik səs yazısına iddiaçı tərəfindən əhəmiyyət verilməmişdir; -cavabdeh məcbur olmuş aparatı başqa bir servisə təqdim etmiş, müəyyən edilmişdir ki, iddiaçının yararsız dediyi “Ekran” əslində işlək vəziyyətdədir, cavabdeh bununla bağlı video çəkiliş təqdim etmiş, eyni zamanda, xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir; -həmin servisdə müəyyən edilmişdir ki, aparatın içərisində uzaq məsafədən söndürən cihaz quraşdırılmış, həmin cihaz çıxarıldıqdan sonra aparat işlək vəziyyətə düşmüş, aparatın elektrik cihazına qoşulan başlıq 900 WT yazılsa da aparatın içərisində olan idarəetmə panelində 600 WT qeyd edilmişdir. Bununla bağlı videoçəkilişə tərəflərin nümayəndələrinin iştirakı ilə baxılmışdır; - cavabdeh qarşılaşdığı problemlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və onun müvafiq qurumlarına müraciətlər etmiş, eyni zamanda iddiaçı Balakən Rayon Polis İdarəsinə, həmin idarələrdə ilkin araşdırma aparılsa da işin mülki xarakter daşıması səbəbindən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir; -qeyd edilən aparatda işləməklə bağlı biliklərin mənimsənilməsi üçün təlimçi olan Sevinc Cəlilovanın “doktor” yəni həkim olması ilə bağlı iddiaçı təşkilatın bildirdiyinə münasibətdə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/2-H- 58xx-xx-6359/2023 nömrəli məktubunda “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrin”də X4 barədə məlumatlar daxil edilmədiyi və həmin şəxsin praktiki tibbi fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifkasiya prosesində hər hansı bir ixtisas üzrə iştirak etmədiyini bildirdiyi faktlara əsaslanmışdır. -məhkəməyə təqdim edilən video çəklişlərdə qeyd edilən aparatın hissələrində cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar nəticəsində cavabdehdə aparatın köhnə aparat olması təsuratını yaratmış; -eyni zamanda, qeyd edilən aparatın üzərinə “Wertex” nişanı qeyd edilsə də, həmin əmtəə nişanının sonradan yapışdırılma olması müəyyən edildiyindən, aparatın daxilində isə idarəetmə paneli və digər hissələrində “ADSS” qeyd edilməsi cavabdehdə aparatın ona satılma adı ilə uyğunsuz olması təsuratını yaratmış və mənşəyi məlum olmayan məhsul olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək bildirir ki, cavabdehin sosial şəbəkələrdə istifadə etdiyi ifadələr və çıxışlar zahirən işgüzar nüfuzu zədələyən ifadələr kimi görünsə də, əslində isə cavabdehin konkret alğısatqı müqaviləsi əsasında iddiaçıdan aldığı aparatda baş vermiş nasazlıqlar nəticəsində onun daha böyük maddi sıxıntılara düçar olması, onun maddi gəlirinin daha da aşağı düşməsi olmuş, ümumilikdə isə bütün bunlara səbəb iddiaçı təşkilatın nümayəndələrinin davranış və hərəkətləri olmuşdur. Belə ki, cavabdehə satılan cihazda məsafədən məhdudladırma cihazının quraşdırılması, həmin cihazın məqsədli təyinatına uyğun istifadə ediməməsinə, istənilən vaxt cavadehə satılmış cihazın söndürülməsinə, sonuncunun isə müqavilə öhdəliklərinin icra etməməsinə şərait yaratmışdır. Bundan əlavə, iddiaçı tərəfindən 2500 manat müqabilində yeni ekranın cavabdehə satılması və sonradan iddiaçı tərəfindən “yararsız” deyilən ekranın işlək vəziyyətdə olması nəticəsində cavabdehin ağır maddi duruma düşməsi də səbəblərdən biridir. Eyni zamanda, “həkim” deyərək təqdim edilən şəxsin sonradan hər hansı bir tibbi təhsilinin və praktiki tibb fəaliyyəti ilə məşğul olmadığını təsdiq edən sənədin olması, bununla bağlı cavabdehin sosial şəbəkədə bildirdiyi faktlar yalan məlumat olmamışdır. Bundan əlavə məhkəmə tərəfindən araşdırılan digər hallar yəni, satılan aparatın üzərində əmtəə nişanın adı ilə içərisində qeyd edilən əmtəə nişanının digər ad altında qeyd edilməsi, aparatın digər servisə aparılmamışdan əvvəl hər hansı bir təmirə getmədiyi halda içərisində olan detallarda əzik-ciziq, sürtünmə, yapışma və digər deformasiyanın olması cavabdeh tərəfindən bu halların sosial şəbəkədə qeyd etməsi də hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. Bütün bunlar nəticəsində cavabdehin iş fəaliyyətinin pozulması və qazanc əldə edə bilməməsini diqqətdən qaçırmaq ədalət prinsipinin tələblərinə zidd olardı. Cavabdehin qəsdən iddiaçının işgüzar nüfuzuna zədə yetrmək məqsədi daşıması fakti sübut olurmur. Belə ki, ona satılmış aparatla bağlı iddiaçının hərəkət və hərəkətsizliyi ilə üzləşdiyi problemlər və düşdüyü maddi zərələ bağlı bu problemlərin sosial şəbəkədə yayılması və bu məlumatların cavabdeh tərəfindən yalan informasiya olaraq işıqlandırılmasını bildirmək qanuni və əsaslı deyildir. Çünki cavabdeh bildirdikləri hər bir faktla bağlı konkret arqumentlər irəli sürür. İddiaçı tərəf isə əks arqument irəli sürmür və bu halları təkzib edə bilmir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisənin yaranma əsası cavabdeh olan fiziki şəxsin bütün bunlar nəticəsində iş fəaliyyətinin normal olmaması, şəxsin ailə həyatı ilə bağlı gərginliklərin artması səbəbi ilə iddiaçı şirkətin də onun müraciətlərinə vaxtında baxılmaması səbəbindən keçirdiyi hisslərlə bağlı olmuş və haqlı olaraq aldadıldığını düşünmürdür. Yəni, cavabdehin məqsədi iddiaçı şirkətin işgüzar nüfuzunu zədələmək yox, qarşılaşdığı, iddiaçının təqsiri üzündən yaranmış problemlərin həll etmək olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı işgüzar nüfuzunun zədələnməsinin nəticələrini sübut etməlidir. Hazırki vəziyyətdə isə iddiaçı şirkət cavabdeh tərəfindən onun fəaliyyətinə və işgüzar nüfuzuna zərər gətirəcək ifadələrin işlənilməsi nəticəsində müştərilərinin sayında azalmanın olmasını və ya bu məlumatların yayılması nəticəsində mövcud müştərilərlə hər hansı problemlərin yaşanması hallarını sübut edə bilməmişdir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hazırkı mübahisə üzrə iddiaçı öz tələbini əsaslandırdığı halları sübut edə bilməmiş, cavabdeh iddiaçı barədə sosial şəbəkədə paylaşdığı məlumatların onunla bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən pozulduğu nəticəsində baş verdiyini sübuta yetirmiş, iddiaçının irəli sürüyü yalan məlumatların yayılması ilə bağlı cavabdehin təqsiri sübuta yetirilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 1096, 1097.1, 1097.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 5.3, 8.1, 9.1, 47.1, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işə baxarakən işgüzar nüfuzun müdafiəsi ilə bağlı ən təməl normalardan birinin tətbiqi zamanı yanlışlığa yol vermişdir. Belə ki, məhkəmənin mülahizəsinə görə cavabdehin məqsədi iddiaçının işgüzar nüfuzuna qəsdən zərər yetirmək olmamışdır. Guya cavabdeh maddi sıxıntılar keçirdiyi, ailə həyatında problemlər yaşadığı, aldadıldığını düşündüyü üçün qeyd olunan hərəkətlərə yol vermişdir. Bununla da məhkəmə cavabdehin həm bu hərəkətlərə yol verdiyini təsdiq etmiş, həm də hüquqazidd hərəkətlərinə iddiaçının maraqları və mənafeyi nəzərə alınmadan haqq qazandırmışdır. Halbuki, qanunvericiliyə əsasən hər hansı əməlin işgüzar nüfuzu zədələyən əməl kimi qiymətləndirilməsi üçün əməlin məhz həmin məqsədlə törədilməsi tələb olunmur. Bu səbəbdən cavabdehin iddiaçını, satdığı maldan narazı qaldığı üçün cəzalandırmaq məqsədilə yaxud məqsədsiz olaraq işgüzar nüfuzuna mübahisə edilməyən zərər vuran hərəkətlərə yol verməsi Mülki Məcəllənin 23-cü maddəsinin təsiri altına düşür. Bundan başqa, məhkəmənin cavabdehin hərəkətlərininə səbəb olaraq iddiaçının davranış və hərəkətlərini (müştəriləri təhqir və şantaj etmə və s. kimi - cavabdehin iddia etdiyi lakin sübut edə bilmədiyi hərəkətlər) göstərməsi, bu yolla cavabdehə haqq qazandırmağa çalışması professionallıqla qəti şəkildə bir araya sığmayan yanaşma olmaqla həm işə baxan hakimin, həm də ədalət mühakiməsinin nüfuzunu kölgə altına almışdır. Qətnamədən oxuyan hüquq təhsilli deyil, istənilən orta dünya görüşü və biliyi olan şəxs belə düşünməyə başlayar ki, məhkəmə cavabdehin ağzından çıxmış hər kəlməsi üçün vəkillik edərək onun bütün hərəkətlərinə humanist mövqedən çıxış etmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdehin istifadə etdiyi ifadələr və çıxışlar zahirən işgüzar nüfuzu zədələyən ifadələr kimi görünsə də, əslində isə aldığı avadanlıqdakı nasazlıqlardan dolayı bildirilən fikirlər olmuşdur. Cavabdeh aldığı avadanlığı zəmanət müddəti ərzində normal istifadə etmiş, hər bir malda yarana biləcək hansısa texniki problemləri dərhal iddiaçının servisi tərəfindən aradan qaldırılmışdır. Yəni cavabdeh avadanlıqdakı nasazlıqları belə etirazının əsası ilə əlaqələndirə bilməmişdir. Ali Məhkəmənin Plenumunun müvafiq qərarında qeyd olunur ki, məlumat əxlaq prinsipləri, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göründüyü kimi, cavabdehin yaydığı məlumatlar iddiaçının bazarda formalaşdırdığı nüfuzunu birmənalı olaraq zədələyərək iddiaçının barəsində mənfi rəy yaratsa da, məhkəmə nədənsə həmin məlumatları işgüzar nüfuzu zədələyən məlumat olaraq tanımaqdan imtina etmişdir. İşgüzar nüfuza vurulmuş zərər təkcə maddi xarakter daşımır. Lakin məhkəmə işgüzar nüfuza vurulmuş zərəri sadəcə maddi zərər olaraq qiymətləndirmiş, maddi zərərə dair sübutların təqdim edilmədiyini əsas gətirməklə iddia tələbini rədd etmişdir Halbuki, maddi zərərin olmasından asılı olmayaraq, yayılmış məlumatlar nəticəsində iddiaçının adının işgüzar imicinə zərər vuran formada hallanması, müştərilər arasında iddiaçı barəsində həqiqətə uyğun olmayan, mənfi fikirlərin formalaşması da öz növbəsində işgüzar nüfuza vurulan zərər hesab olunmalı idi. Məhkəmə iş üzrə keçirilmiş iclaslar zamanı aydınlaşdırılmış hallarla cavabdehin arqumentlərinin uyğunluq təşkil etmədiyini müəyyən etsə də, qətnamədə müvafiq faktları olduğu kimi deyil, cavabdehin şifahi və yazılı formada bildirdiyi izahatlara uyğun olaraq qeyd etmişdir. Nəticədə ədalət mühakiməsi uydurma faktlara əsaslanmaqla həyata keçirilmiş, qeyd olunan maddi normanın pozuntusuna yol verilmişdir. Məhkəmə, tərəfimizdən təqdim edilmiş bütün sübutları məhkəmə araşdırmasının predmetinə daxil etməmiş, nəticədə yekun qərar qəbul edərkən həmin sübutları nəzərə almamışdır. Cavabdehin “İnstagram” sosial şəbəkəsi vasitəsilə yayımladığı “Az Estetik adlı şirkət dəstə halında camaatı soyur, işlənmiş cihazları yeni cihaz adı ilə satır, camaatı söyür, şantaj edir, ağlınıza gələcək hər cür dələduzluq, saxtakarlıq” fikirlərdən ibarət sübut məhkəmə tərəfindən nə məhkəmə araşdırması, nə də yekun aktın əsaslandırılması zamanı nəzərə alınmamış, ümumiyyətlə, sübuta münasibət bildirilməmişdir. Bununla yanaşı cavabdehin təqdim etdiyi, məhkəmə qətnaməsində istinadların verildiyi sənədlərin bəziləri iş üzrə elektron kabinetə daxil edilməmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona lazer epillyasiya cihazından istifadəni tədris edən şöbənin rəhbəri Sevinc Cəlilovanın həkim olmadığına dair Səhiyyə Nazirliyi tərəfindən məktub əldə etdiyini bildirmiş, lakin sözügedən sənədi elektron məhkəmə sisteminə daxil etməmişdir. Məhkəmə iclasında bildirdiyimiz kimi, Sevinc xanımın həkim olub-olmaması iddia tələbi ilə əlaqədar deyil. Bu səbəbdən həmin sənəd iş üzrə mühüm əhəmiyyəti kəsb edən halı təsdiq edən sənəd olaraq sübut kimi qiymətləndirilməməli idi. Buna baxmayaraq məhkəmə, elektron məhkəmə sisteminə belə əlavə edilməmiş həmin sənədi sübut olaraq nəzərə almış, yekun nəticəyə gəlmək üçün sözügedən sənədə də istinad etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən, iş üzrə müstəsna əhəmiyyətə malik olan halları (cavabdeh tərəfindən işgüzar nüfuza zərər vuran dələduz, camaatı soyur, təhqir edir və s. ifadələrdən istifadə edilməsi) təsdiq edən sübutlar məhkəmə qətnaməsi zamanı ümumiyyətlə nəzərə alınmadığı halda, cavabdehin təqdim etdiyi, eləcə də iddia tələbi ilə bağlı olmayan sənədə üstünlük verilmişdir. Məhkəmə iclaslar zamanı aşağıdakı halları müəyyən etdiyini bildirsə də, əslində məhkəməyə cavabdeh tərəfindən aşağıdakı halları təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir: - “Cavabdeh müqavilə üzrə ödənişlərdə hər hansı ləngimə etməsə də, cihaz işləyərkən iddiaçı tərəfindən söndürülmüşdür. Cavabdehə satılan aparatda avadanlıq quraşdırıldığından cavabdehin xəbəri olmamışdır. İddiaçı bu arqumentə qarşı əsaslı aydınlaşdırma gətirməmişdir.” Bildirilir ki, cihaza məhdudlaşdırıcı qurğunun yerləşdirilməsi müqavilənin 2.1.10-cu bəndində öz əksini tapmış, cavabdehin bununla bağlı məlumatı olmuşdur. Digər tərəfdən, müvafiq faktı iddia edən tərəf cavabdeh olduğu üçün faktı sübut etmək də iddiaçının deyil, məhz cavabdehin vəzifəsi olmuşdur. - “İddiaçının yararsız dediyi ekran əslində işlək vəziyyətdədir, cavabdeh bununla bağlı video çəkiliş, eləcə də arayış təqdim etmişdir.” Təqdim edilən video çəkilişdəki ekranın məhz müqavilə üzrə cavabdehə təqdim edilən və sonradan yenisi ilə dəyişdirilmiş ekran olmasına dair məhkəmə heç bir araşdırma etməmiş, cavabdehin mövqeyini olduğu kimi qəbul etmişdir. Təqdim edilən arayış isə iddiaçı ilə uzun müddətdir haqsız rəqabət aparan şirkət tərəfindən verilməsinə baxmayaraq əsaslı və mötəbər sübut olaraq qiymətləndirilmişdir. - “Aparatın üzərinə “Wertex” nişanı qeyd edilsə də, aparatın daxilində “ADSS” qeyd edilməsi cavabdehdə aparatın ona satılma adı ilə uyğunsuz olması təəssüratı yaratmış və mənşəyi məlum olmayan məhsul olduğunu bildirmişdir.” İclas zamanı əmtəə nişanı ilə avadanlığın adı arasındakı fərqliliyin səbəbi iddiaçının nümayəndəsi tərəfindən hərtərəfli izah olunsa belə, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki məhkəmə iddiaçının nümayəndəsinin nəzərə almasa belə, əmtəə nişanları haqqında qanunvericiliyin müddəalarını təhlil etdiyi halda aparatın üzərindəki nişanla müqavilədə qeyd olunan adın fərqli olmasının pozuntu olmadığını asanlıqla aşkara çıxara bilərdi. Məhkəmənin iddianı rədd etməsini əsaslandırdığı hallardan biri də cavabdehə satılan avadanlığın köhnə olması ilə bağlı olmuşdur. Qətnaməyə görə avadanlığın köhnə olması cavabdehin məhkəməyə təqdim etdiyi video çəkiliş vasitəsilə “sübut edilmişdir.” Məhkəmənin mövqeyinə görə, qeyd edilən aparatın hissələrində cızıqların, sonradan birləşmə, yonulma və s. olması cavabdehdə olan aparatın köhnə olması təəssüratı yaratmışdır. Sözügedən video məhkəmə iclasında nümayiş etdirilmiş, lakin cavabdehin iddia etdiyi deformasiyalar müşahidə olunmamışdır. Digər tərəfədən videodakı aparatın iddiaçı tərəfindən satılmış aparat olmasına dair heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə, məhkəmə, cavabdehdən əlavə sübut tələb etmədən video çəkilişə istinadən avadanlığın köhnə olması qənaətinə gəlmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X2 və X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2021-ci ildə İddiaçındən 29.500 manata lazer aparatı almışdır. Aparatı alarkən ona aparatın 900 vat gücündə və təzə aparat olduğunu bildirmişdirlər. Aparatı aldığı ilk günlərdən aparatı işlətmək mümkün olmamışdır. İlk ayda aparatı 4 dəfə təmirə göndərmişdir. Aparat hər təmirdən sonra yenə xarab olduğundan məcbur qalıb aparatı başqa servisə aparmışdır. Aparatı başqa servisə aparanda bilmişdir ki, aparat yeni deyil, işlənmişdir, həmçinin aparatın 900 vat gücündə olduğu bildirilsə də, içərisindəki platanın üzərində onun 600 vat olması və cihazın içində uzaqdan idarə olunan çip olması müəyyən edilmişdir. Müqavilədə aparatın təzə olması qeyd edilsə də, ona işlənmiş aparat vermişlər. Qeyd etdiyi hallardan sonra iddiaçı barəsində sosial şəbəkələrdə çıxışlar etməyə başlamışdır. Müxtəlif sosial şəbəkələrdən iş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçı barəsində söylənilmiş və yazılmış fikirlər onun tərəfindən işlədilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən Məhkəmə hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə satıcı qismində çıxış edən hazırki iş üzrə iddiaçı MMC ilə alıcı qismində çıxış edən hazırki iş üzrə cavabdeh arasında “Wertex” lazer aparatına dair nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında “Wertex” lazer aparatı iddiaçı tərəfindən cavabdehə satılmış, zəmanət talonuna görə aparata verilən zəmanətin müddəti 1 il, zəmanət verilən atışların sayı isə 10.000.000 ədəd müəyyən edilmişdir. Alğı-satqı müqaviləsinin tərkib hissəsi olan “X1 (Əlavə 1) əsasən, cavabdeh lazer aparatına görə ilkin ödəniş 3000 manat olmaqla, 18 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək hər ay ayda 1355 manat, sonuncu ay isə 1348 manat olmaqla iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə lazer aparatı qüsursuz şəkildə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, bu barədə təhvil-təslim aktı tərtib edilərək, akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh lazer aparatının razılaşdırılmış dəyərini tam həcmdə iddiaçı MMC-yə ödəmişdir. Lazer aparatı cavabdehin sahiblik və istifadəsində olduğu müddətdə sonuncunun müraciəti əsasında bir neçə dəfə iddiaçı MMC-nin servis xidməti tərəfindən aparata xidmət göstərilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən WERTEX 1200 (Y4/5) markalı ADSS SCREEN EKRAN iddiaçı MMC tərəfindən cavabdehə satılmışdır. Müqavilə şərtlərinə görə, cavabdeh ekranın razılaşdırılmış dəyərindən ilkin ödəniş 650 manat olmaqla, 4 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək hər ay 463 manat, sonuncu ay isə 461 manat olmaqla iddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə cavabdeh ADSS SCREEN EKRAN iddiaçı MMC-dən qüsursuz şəkildə təhvil almış, bununla bağlı təhvil-təslim aktı tərtib edilmiş və müqavilə tərəfləri həmin aktı imza etmişlər. Sonradan cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə avadanlığın ödənişlərində gecikdirmələrə yol vermiş, bu səbəbdən iddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsas borca görə 923 manat, cərimə borcuna görə 92 manat, mediasiya xərcinə görə 60 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda iddiaçı MMC bildirir ki, cavabdeh "xxxx" mesajlaşma mübadilə sistemində qrup yaradaraq həmin qrupda MMC-nin fəaliyyətini və xidmətlərini pisləmiş, instagram, youtube və tiktok hesabında iddiaçı MMC ilə bağlı elanlar yerləşdirmiş və müzakirələr aparmış, yalan informasiyalar vermişdir. Cavabdehin iddiaçı MMC barəsində bildirdiyi fikirlər, işlətdiyi ifadələr qətnamənin təsviri hisəsində qeyd olunduğuna görə, həmin fikir və ifadələrin bir daha açıqlamasına Məhkəmə zərurət görmür. Cavabdeh, "xxxx" mesajlaşma mübadilə sistemində qrup yaradaraq həmin qrupda MMC-nin fəaliyyətini və xidmətlərini pisləməsini, instagram və digər sosial şəbəkələr hesabında MMC ilə bağlı elanlar yerləşdirməsini və müzakirələr aparmasını inkar etmir. O, bildirir ki, bütün bunlara səbəb iddiaçı MMC-nin ona satdığı lazer aparatının içərisində ondan xəbərsiz çip qurğusunun yerləşdirməsi və ödənişlər bitdiyi müddətdən sonra da həmin qurğunun çıxarılmaması, aparatın gücü ilə bağlı (900 WT deyil, 600 WT gücündə cihaz təhvil verilmişdir), habelə aparatın mənşəyi və adı (markası) barədə ona səhv məlumatın verilməsi, aparatın ekranının işləməsinin mümkünsüzlüyü barədə yalan məlumat verərək, 2500 manat məbləğində yeni ekranın ona satılması olmuşdur. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddia edənin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin 2.1.7-ci bəndində göstərilir ki, “satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.” Göründüyü kimi, iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, müqavimlə predmeti olan lazer aparatının yoxlayıcı avadanlıqla (GPS) təchiz edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqaviləni imza etməklə müqavilənin digər şərtləri ilə yanaşı bu şərti də qəbul etdiyini bəyan etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin əldə etdiyi lazer aparatı onlar tərəfindən yalnız 1 dəfə və qısa müddətə söndürülmüş və bundan cavabdehin də xəbəri olmuşdur. Qalan vaxtlarda aparatda problemlərin yaranması başqa səbəblərə görə olmuşdur. Cavabdeh isə aparatın dəfələrlə söndürülməsi səbəbindən işləməməsini bildirən cavabdeh bu halı təsdiq edən sübutlarını məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh lazer aparatında yoxlayıcı avadanlığın (GPS) olmasını əvvəlcədən bilmişdir. Bu baxımdan Məhkəmə cavabdehin guya GPS barədə məlumatsız olması, onun razılığı olmadan həmin cihazın aparatda yerləşdirilməsi barədə dəlillərini inandırıcı hesab etmir. İddiaçı MMC-nin həmin lazer aparatının yoxlayıcı avadanlıq (GPS) vasitəsilə dəfələrlə söndürülməsi barədə dəlilləri də iş materiaları ilə təsdiq olunmur. Bu baxımdan hesab edilməlidir ki, bunlarla bağlı cavabdehin sosial şəbəkələrdə bildirdikləri həqiqət deyil. Cavabdehin digər dəlili ondan ibarətdir ki, müqavilə üzrə ona 900 WT gücündə, təzə lazer aparatının satılması nəzərdə tutulsa da, ona 600 WT gücündə işlədilmiş cihaz təhvil verilmiş, bununla da o, MMC tərəfindən aldadılmışdır. Bunları iddia edən cavabdeh məhkəməyə videogörüntü təqdim etmişdir. Məhkəmə bildirir ki, cavabdehin bu dəlili də əsassızdır və iş materialları ilə sübuta yetirilmir. Belə ki, iddiaçı MMC tərəfindən təqdim olunmuş “Beijing ADSS Development Co” LTD-nin məktubunda göstərilir ki, İddiaçı MMC 2017-ci ildən “Beijing ADSS Development Co” LTD-nin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət 600 WT gücündə lazer aparatı istehsal etmir. Bundan başqa, iddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi texniki pasportdan görünür ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında cavabdehə “WERTEX” markalı, 900 WT gücündə lazer aparatı satılmışdır. Bundan əlavə cavabdeh bildirir ki, lazer aparatı başqa şirkətin servisində söküldükdən sonra aparatın hissələrində cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar aşkar edilmişdir. Cavabdeh bu dəlili ilə bağlı məhkəməyə videogörüntü təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabehin müzakirə olunan dəlilləri də əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntüdə görünən aparatın məhz tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında cavabdehə satılan lazer aparatının olması təsdiq olunmur. Digər tərəfdən Məhkəmə qeyd edir ki, aparatın işlənmiş olması, onun daxili hissələrinin köhnəlməsi (cavabdehin bildirdiyinə görə cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar) ilə yanaşı, aparatın üz görünüşündə də öz əkisini tapmalıdır. Lakin iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi və təhvil-təsim aktı əsasında lazer aparatını əldə edən cavabdeh həmin vaxt aparatın texniki göstəriciləri, təzəliyi və s. bağlı hər hansı irad bildirməmiş, bu barədə aktda qeyd aparmamışdır. Bu vəziyyətdə qəbul edilməlidir ki, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında cavabdehə “WERTEX” markalı, 900 WT gücündə təzə lazer aparatı satılmışdır. Cavabdehin başqa bir dəlili isə ondan ibarətdir ki, cavabdehə məxsus aparat iddiaçı tərəfindən dəfələrlə təmirə alınmış, hər dəfə yeni bir problem yaranmış, iddiaçı aparatın “platasını”, o, düzəlmədikdə isə ekranının dəyişməyin zəruri olduğunu bildirmiş, cavabdeh də iddiaçının təklif etdiyi ilə razılaşmış, 2500 manat müqabilində iddiaçıdan dövri ödənişlə ekran almış, sonradan isə məlum olmuşdur ki, əvvəlki ekranda heç bir problem olmamışdır. Məhkəmə bu dəlilə də qiymət verərək bildirir ki, müqavilə bağlamaq tərəflərin könüllü iradə ifadəsi ilə həyata keçirilir. ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) ekrana dair cavabdehlə xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin bağlanması üçün iddiaçı MMC tərəfindən cavabdehin aldadılması və ya sair qanunsuz hərəkətlər etməsi işdə olan sənədlərlə sübut olunmur. Ekranın alınması məcburiyyətində qaldığını, əvvəlki ekranın guya xarab olması barədə aldadıldığını iddia edən cavabdeh bunlarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, müzakirə olanan hissədə də cavabdehin bildirdikləri həqiqəti əks etdirmir. Məhkəmə həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, iddiaçı MMC ilə alğı-satqı müqaviləsi bağladığı vaxtdan əldə etdiyi aparatda problemlərinin yarandığını iddia edən cavabdeh keçən müddət ərzində iddiaçı MMC-yə qarşı hər hansı iddia irəli sürməmişdir. Bunardan başqa, apellyasiya baxışı zamanı “müştərilərə atdıqları küçə qadınları kimi danışan tərbiyəsiz danışıqlar”, “kredit borcunu silirlər” kimi sosial şəbəkələrdə bildirdikləri ilə bağlı sədrlik edənin suallarını cavablandıran cavabdeh göstərmişdir ki, iddiaçı MMC-nin əməkdaşları tərəfindən onun ünvanına hər hansı etikadan kənar ifadə işlənilməmiş, iddiaçının hansı müştərilərinin kredit borcunu sildiyini isə xatırlamır. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı MMC barəsində “İnstagram”, “Youtube” və “Tiktok” sosial şəbəkəsində yayılmış “Azestetikin nə qədər dolandırıcı, ikiüzlü olduğunu bizim kimi dolandırılanlar bilir, müştərilərinə atdıqları küçə qadınları kimi danışan tərbiyəsiz danışıqlarını da biz çox gözəl bilirik. Videolar üçün kimlərə nə qədər pul verdiklərini, şikayət etmiyək deyə yalvarıb elədikləri təklifləri də gözəl bilirik sadəcə hardan necə dəstək alırlarsa maddi cəhətdən güclüdülər, güclüdülər ki şikayət olunmasın deye necə müştərinin kreditini bağıladılar. Onlarda dürüstlük, vicdan bu kimi şeylər yoxdu yaxşı daydayıları var kimdisə, əslində layiq olduqları sözlər tam başqadı etikanı pozmamaqçün qalıb”, “Azestetik ne qeder biabır edəcək görəsən özunu, biri onlara ne qədər gülünc olduqlarını başa salmalı, bu videonun bənzərinin çəkilişini mənə də təklif etmişdilər əvəzində yeni cihaz və dəymiş ziyanın ödənməsi, çox şükür biz şerefimizi, vicdanımızı pula satmırıq”, “Ne bilək ne qədər şirinlik veriblər, azestetik oyrenib onsuzda 3-5 min kredit borcu silərək şikayətləri öz lehinə çevirməyə”, “Siz bir də menim səhifəmə baxın, dolandırıcılıqlarından fraqmentlər paylaşmışam, sürü halında yığılıblar bir binada mütəşəkkil dəstədilər. Allah bəlalarını versin”, “Azestetik fakt menim özümə işlənmiş cihaz satıb modelin adını da gizlədərək, utamadan cihazın içinə də gps yerləşdirib iki il ərzində cihazı qıraqdan keyfi istəyən cürə idarə edib pulumu yeyiblər, uzun sözün qısası mən o dələduzlara görə 30.000 ziyandayam, yalandan ekran xarabdı deyə 2500 manata ekran satıblar, cihazın ustunde verilməli olan filteri oğurlayıb 190 manatdan satıblar, cihazın en baha detalı olan barı temir adı ilə məndən oğurlayıb yerinə işlənmiş sroku bitmiş bar qoyublar, daha ne sayım?” kimi məlumatlar həqiqəti əks etdirmir və qeyd olunan yalan məlumatların yayılması iddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Belə ki, cavabdeh qeyd olunan məlumatların həqiqət olduğunu bildirsə də, həmin məlumatların həqiqəti əks etdirməsini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddia müzakirə olunan hissədə əsaslıdır, iddiaçı MMC təkzib verməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəliləri formal mülahizə xarakteri daşımır. Bununla yanaşı Məhkəmə hesab edir ki, “işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 15.000 manat pulun tutulması barədə” iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı MMC müzakirə olunan hissədə tələbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. İddiaçı MMC cavabdehin qanunsuz hərəkətlərinin istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində qazandığı işgüzar nüfuzunun düşməsinə səbəb olduğunu, etibarının itməsini bildirsə də, apellyasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bildirdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi üzrə iddiaçının dəlilləri özünün subyektiv mülahizələrindən başqa hal və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin mübahisələndirilən hissə üzrə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Qətnamənin qismən ləğv, iddianın isə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Çünki MPM-nin 385.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli qətnaməsi “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində “İnstagram”, “Youtube” və “Tiktok” sosial şəbəkəsində yayılmış “Azestetikin nə qədər dolandırıcı, ikiüzlü olduğunu bizim kimi dolandırılanlar bilir, müştərilərinə atdıqları küçə qadınları kimi danışan tərbiyəsiz danışıqlarını da biz çox gözəl bilirik. Videolar üçün kimlərə nə qədər pul verdiklərini, şikayət etmiyək deyə yalvarıb elədikləri təklifləri də gözəl bilirik sadəcə hardan necə dəstək alırlarsa maddi cəhətdən güclüdülər, güclüdülər ki şikayət olunmasın deye necə müştərinin kreditini bağıladılar. Onlarda dürüstlük, vicdan bu kimi şeylər yoxdu yaxşı daydayıları var kimdisə, əslində layiq olduqları sözlər tam başqadı etikanı pozmamaqçün qalıb”, “Azestetik ne qeder biabır edəcək görəsən özunu, biri onlara ne qədər gülünc olduqlarını başa salmalı, bu videonun bənzərinin çəkilişini mənə də təklif etmişdilər əvəzində yeni cihaz və dəymiş ziyanın ödənməsi, çox şükür biz şerefimizi, vicdanımızı pula satmırıq”, “Ne bilək ne qədər şirinlik veriblər, azestetik oyrenib onsuzda 3-5 min kredit borcu silərək şikayətləri öz lehinə çevirməyə”, “Siz bir də menim səhifəmə baxın, dolandırıcılıqlarından fraqmentlər paylaşmışam, sürü halında yığılıblar bir binada mütəşəkkil dəstədilər. Allah bəlalarını versin”, “Azestetik fakt menim özümə işlənmiş cihaz satıb modelin adını da gizlədərək, utamadan cihazın içinə də gps yerləşdirib iki il ərzində cihazı qıraqdan keyfi istəyən cürə idarə edib pulumu yeyiblər, uzun sözün qısası mən o dələduzlara görə 30.000 ziyandayam, yalandan ekran xarabdı deyə 2500 manata ekran satıblar, cihazın ustunde verilməli olan filteri oğurlayıb 190 manatdan satıblar, cihazın en baha detalı olan barı temir adı ilə məndən oğurlayıb yerinə işlənmiş sroku bitmiş bar qoyublar, daha ne sayım?” kimi məlumatlar, həmin məlumatların paylaşıldığı sosial şəbəkələrdə Cavabdeh tərəfindən təkzib edilsin. Qətnamə qalan, “cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-5/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-5/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver