Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-51/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil və cavabdeh X2 iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - iddiaçı) X3 (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 19 aprel 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə cavabdeh arasında bağlanılmış 18 mart 2011-ci il tarixli, 307-L nömrəli müqaviləyə (bundan sonra -Müqavilə) əsasən lizinq verən cəmi 14 adda kənd təsərrüfatı texnikasını- 3 ədəd ot, küləş presləyəni, 3 ədəd traktoru, 3 ədəd kotanı, 1 ədəd taxıl səpəni, 1 ədəd kombaynı, 1 ədəd diskli malanı, 1 ədəd özüyeriyən otbiçəni, 1 ədəd rotorlu otbiçəni qalıq dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh texnikaların dəyərindən 8.715 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə(Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilədə göstərilən texnikanın cavabdehə verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlaıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına və ona xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən Müqavilənin məbləği 174.281,00 manat, cavabdehin ödədiyi məbləğ 84.220,00 manat (qrafik üzrə ödədiyi məbləğ 75.505 manat və ilkin ödəniş 8.715 manat), güzəşt komissiyasının qərarı ilə güzəşt edilmiş məbləğ 67.429,80 manat, gecikdirilmiş borc 22.631,20 manat, hesablanmış cərimə 32.820,01 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə üzrə ödənilməmiş 22.631,20 manat əsas borcun, 32.820,01 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 55.801,01 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-66/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Müqavilə üzrə Göyçay rayon Aqroservis filialının X1 istifadəsində olan dəyəri 23.730 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 22.060 manat olan 1 ədəd traktor (FT1254), dəyəri 23.351 manat olan 1 ədəd traktor (FT-1254), dəyəri 1150 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1100 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 1350 manat olan 1 ədəd kotan (KP-5), dəyəri 2939 manat olan taxıl səpən (ONHBM-24), dəyəri 29.320 manat olan kombayn (SK-5ME-1), dəyəri 1700 manat olan diskli mala (ONACD-1), dəyəri 27.750 manat olan özüyeriyən otbiçən (LZ-32W), dəyəri 12.536 manat olan ot, küləş presləyən (OKP-185), dəyəri 1975 manat olan rotorlu otbiçən (RM2-165) olmaqla, ümumilikdə 174.281 manat məbləğində olan 12 kənd təsərrüfatı texnikasını lizinqə vermiş, həmin texnikaların lizinq alana təhvil verilməsi sübut olunur. Qeyd edilən müqavilə üzrə "xxxx" ASC və "xxxx" ASC vasitəsi ilə Aqroservis ASC-nin müvafiq hesabına cavabdeh tərəfindən ayrı-ayrılıqda ödəniş aparmaqla ümumilikdə 76.720 manat məbləğində ödəniş edilmişdir və bu iş materialları ilə sübut olunur. Lakin dəyəri 12.840 manat olan ot, küləş presləyən (AGSB-185) (şassi nömrəsi 81086) və dəyəri 14.000 manat olan ot, küləş presləyən (OKP-1851) təhvil verilməsi faktı iş materialları ilə sübut olunmur. xx.xx.2018-ci il tarixdə qeyd edilən texnikalar Şəkili kənd sakini Şamil Həmidovun həyətinə baxış keçirilən zaman aşkar olunmuş, həmin şəxs qeyd edilən texnikaların onun həyətində 2 il əvvəldən qoyulduğunu bildirmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2008-ci il tarixli Akt əsasında 1 ədəd OPK-185 markalı ot, küləş presləyən texnikanın iş üzrə cavabdehə təhvil verilməsini təsdiq etməsi arqumentinə münasibətdə cavabdeh özü həmin texnikanın ona təhvil verilməsini təsdiq etmiş, qeyd edilən texnikaların şassi nömrələri fərqli olmuşdur. Belə ki, cavabdehə təhvil verilmiş eyni adlı texnikanın şassi nömrəsi 81038 olmuş, təhvil verilməyən texnikanın isə şassi nömrəsi 81086 olmuşdur. Qeyd edilən akt isə 81038 şassi nömrəli eyni adlı texnika ilə bağlıdır. Bundan əlavə, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2011-ci il tarixli dekabr ayı üçün servis xidməti haqqında hesabatdan da müəyyən edilir ki, cavabdehin istifadəsində 12 ədəd yuxarıda qeyd edilən texnikalar olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə təhvil verilən texnikalar üzrə ödənişlər ümumilikdə həyata keçirildiyindən ödəniş olunan zaman təyinat dəqiq müəyyən edilməmişdir. Məhkəmə iş materiallarından belə qənaətə gəlir ki, qeyd edilən və cavabdehə təhvil verilməyən 2 ədəd texnika üzrə də ödənişlər edilmişdir. Belə ki, cavabdehə təhvil verilməyən texnikaların ümumi dəyəri 26.840 manat, tələb edilən gecikdirilmiş əsas borc məbləği isə 22.631,20 manat təşkil edir. Cavabdehin ünvanlı olmayan artıq ödəniş etməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə təhvil verilməyən texnikaların cavabdehə təhvil verilməsi faktını təsdiq edə bilməz. İddiaçı, cavabdeh tərəfindən hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir, cavabdeh tərəfindən öhdəliklərinin iddiaçı qarşısında yerinə yetirilməməsi hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. Məhkəmə iddia tələbini əsas borca münasibətdə əsassız hesab edərək əsas öhdəliyin mövcud olmadığı qənaətinə gəldiyindən 32.820,01 manat cərimə borcunun tutulması hissəsində də iddia tələbini əsassız hesab etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 747.2, 747.3, 748-1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmənin istinad etdiyi Müqavilənin 1.5-ci maddəsinə baxış keçirilən zaman tək təhviltəslim aktının deyil, ödəniş qrafikinin də müqavilənin tərkib hissəsi kimi qeyd olunduğu müəyyən olunur. Məhkəmə həmin ödəniş qrafikini araşdırmış olsaydı, həmin qrafikdə lizinq obyektlərinin hərtərəfli təsvirini (hər iki kənd təsərrüfatı texnikası da daxil olmaqla) və həmin obyektlərə ödəniləcək məbləğlərin tam şəkildə qeyd olunmasını və bundan da cavabdehin lazımı qaydada məlumatlı olmasını və öz imzası ilə öz iradəsini ifadə etməsini aşkar etmiş olardı. Lakin məhkəmə işə birtərəfli qaydada yanaşmış, sadalanan faktlara hərtərəfli qiymət verməmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə təhvil verilməyən texnikaların ümumi dəyərinin 26.840 manat, tələb edilən gecikdirilmiş əsas borc məbləğini isə 22.631,20 manat təşkil etdiyini qeyd etmişdir. Açıqca görünür ki, qalıq borc məbləğini təşkil edən 22.631,20 manat cavabdehin məhz iki texnikanın dəyərini təşkil edən, texnikaların guya ona təhvil verilməməsi səbəbindən ödəniş aparmadığı 26.840 manatla eynilik təşkil etmir. Yəni cavabdeh faktiki olaraq həmin məbləğ üzrə 4.208,8 manat ödəniş etməklə (26.840- 22.631,20=4.208,8) texnikaları təhvil almış olduğunu bəyan etmişdir. Burdan da belə qənaətə gəlinir ki, cavabdeh tərəfindən borc üzrə ödəniş edilib və borc 22.631,20 manat təşkil edir. Bu ziddiyətli halın özü belə cavabdehin texnikaların ona verilməsini sübut edən tutarlı faktlardan biridir. Lakin işə baxan məhkəmə məbləğin azalma hissəsinə lazımi qiymət verməmiş, sadəcə cavabdehin mövqeyini müdafiə etməklə kifayətlənmişdir. Digər ziddiyətli məqam isə məhkəmənin cavabdeh tərəfindən ayrı-ayrılıqda ödənilmiş məbləğin 76.720 manat olmasının iş materialları ilə sübut edilməsini qeyd etməsidir. Lakin iş materiallarına əlavə edilmiş, bir qismi ksero surətlərdən ibarət olan ödəniş qəbzlərində göstərilmiş məbləğləri sadə riyazi hesablama ilə hesablamaqla 75.470 manat olmasının müəyyən etmək olar. Məhkəmə mötəbər olmayan və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin surətlərini sübut kimi qiymətləndirməklə nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini tam olaraq yerinə yetirmişdir və Müqavilədə nəzərdə tutulan 14 adda texnikanı cavabdehə təhvil vermişdir. Cavabdehin mübahisələndirdiyi 2 texnikanın- ASCB-185 markalı və OKP-185 markalı ot, küləş presləyənin cavabdehə təhvil verilməsini təsdiq edən aktı məhkəmlərə təqdim edə bilməsə də, cavabdehin, ona verilməsini təsdiq etdiyi 12 texnikanın dəyərindən artıq pul ödəməsi onu sübut edir ki, həmin 2 texnika cavabdehə təhvil verilib. Təqdim olunmuş maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdeh müqavilə üzrə cəmi 84.220 manat ödəniş edib. Bundan başqa cavabdeh lizinqə götürdüyü texnikaların ilkin dəyərinin 20 faizini ödədiyi üçün Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 40 % həcmində güzəşt tətbiq edilmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh İlham Cənətalıyev izahatında bildirmişdir ki, o, uzun müddət Göyçay rayon Aqroservis filialında dəstə rəhbəri işləmiş və Müqavilədə qeyd olunan 12 adda texnika, müqavilə bağlanmazdan əvvəl, yəni 2011-ci ildən əvvəl də onun istifadəsində olmuşdur. 2011-ci ildə onunla lizinq müqaviləsi bağlanılmış və lizinq müqaviləsində qeyd olunan şassi nömrəsi 91062 olan, AGSB-185 markalı ot, küləş presləyən və şassi nömrəsi 81086 olan OKP-185 markalı ot, küləş presləyən ona təhvil verilməmişdir. Müqavilə müddəti bitən zaman, yəni 2018-ci ildə o, digər 2 texnikanın onun adına rəsmiləşdirildiyindən narahat olmuş, texnikaların harada olması ilə maraqlanmağa başlamış və müəyyən etmişdir ki, hər iki texnika Göyçay rayon Şəkili kənd sakini Şamil Həmidovun həyətindədir. Onlar akt tərtib edərək həmin texnikaları Ucar Təchizat bazasına təhvil vermişlər. Qeyd olunan texnikaların həmin bazada olması ilə bağlı iş materiallarında rəsmi məktub da var. O, Müqavilə üzrə ona təhvil verilən digər 12 adda texnikanın pulunu ödəyib. Ödəniş üzrə bütün qəbzləri birinci instansiya məhkəməsinə təqdim edə bilməsə də, iddiaçının nümayəndəsinin dedikləri ilə razıdır. Belə ki, o həqiqətən də Müqavilə üzrə ilkin ödəniş 8.715 manat olmaqla cəmi 84.220 manat ödəniş etmişdir. O, bu məbləği ona təhvil verilmiş 12 adda texnikaya görə ödəmişdir. Ondan tələb olunan borc ona təhvil verilməyən 2 ədəd texnikaya görə yaranmış borcdur və o, bu tələbi qəbul etmir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus 14 adda kənd təsərrüfatı texnikasının cavabdehə lizinqə verilməsi barədə tərəflər arasında 2011-ci il 18 mart tarixli, 307-L saylı lizinq müqaviləsi bağlanılmışdır. Müqavilənin qüvvədə olma müddəti 2011-ci ilin İ rübündən 2018-ci ilin İV rübü də daxil olmaqla həmin müddətədək müəyyən edilmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq alanın sifarişi, ödəniş qrafiki və texnikaların verilməsi haqqında təhvil-təslim aktı Müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Müqavilə predmeti olan texnikaların Lizinq alana verilməsi Lizinqə verənin vəzifəsi kimi təsbit edilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh lizinqə götürdüyü müqavilə üzrə məbləği 174.281 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına cəmi 84.220 manat ödəniş etmiş, güzəşt komissiyasının qərarı ilə ona 67.429,80 manat güzəşt olunmuş, cavabdehin gecikdirilmiş borcu 22.631,20 manat, hesablanmış cərimə isə 32.820,01 manat təşkil edir. Cavabdeh iddiaçının bu tələbi ilə razılaşmır və bildirir ki, onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Çünki tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə görə 14 adda kənd təsərrüfatı texnikasının cavabdehə lizinqə verilməsi nəzərdə tutulsa da, sonuncunun sahiblik və istifadəsinə faktiki olaraq yalnız ümumi qalıq dəyəri 140.068 manat (ödəniş qrafikində qeyd edilən ASGB-185 markalı 2 ədəd ot, küləş presləyən istisna olmaqla, həmin qrafikdə qeyd olunan digər texnikalara görə ödənilməli məbləğlərin cəminə əsasən müəyyən edilmiş) olan 12 adda kənd təsərrüfatı texnikası verilmişdir. Müqaviləyə əsasən qalıq dəyəri 12.840 manat olan ot, küləş presləyən (AGSB-185, şassi №-si 91062), qalıq dəyəri 14.000 manat olan ot, küləş presləyən (OKP-185, şassi №-si 81086) cavabdehə təhvil verilməmişdir. Cavabdeh tərəfindən 8.715 manat ilkin ödəniş də daxil olmaqla cəmi 84.220 manat məbləğində lizinq ödənişi həyata keçirilmiş, dövlət tərəfindən edilən güzəşt məbləği 67.429,80 manat təşkil etmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında mübahisə doğuran hal - Müqavilə predmeti olan 14 adda kənd təsərrüfatı texnikasının iddiaçı tərəfindən cavabdehə təhvil verilib-verilməməsi, cavabdeh tərəfindən isə lizinqə götürdüyü texnikalara görə lizinq ödənişlərinin tam həcmdə aparılıb-aparılmamasından ibarətdir. Məhkəmə mübahisə doğuran bu hallarla bağlı qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, Müqavilə üzrə kənd təsərrüfatı texnikasının cavabdehə lizinqə verilməsi tərəflər arasında tərtib edilmiş, Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı ilə təsdiq olunmalıdır. İddiaçı tərəfin təqdim etdiyi təhvil-təslim aktlarından və cavabdehin məhkəmələrə verdiyi etirafedici izahatlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə yalnız 12 adda kənd təsərrüfatı texnikası təhvil verilmişdir. Digər 2 adda olan texnikanın – qalıq dəyəri 12.840 manat olan ot, küləş presləyənin (AGSB-185, şassi №-si 91062) və qalıq dəyəri 14.000 manat olan ot, küləş presləyənin (OKP-185, şassi №-si 81086) iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, sonuncunun isə bu texnikaları təhvil almasını təsdiq edən sənəd işdə yoxdur, iddiaçı məhkəmələrə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı bu kimi sübutu təqdim edə də bilməzdi. Çünki işdə olan "xxxx" ASC-nin Yevlax “PN” Göyçay rayon bölməsinin əməkdaşları Arzu Hacıyevin, Bayram Əzimovun, Şamil Həmidovun, Mütəllim Tağıyevin, Ələsəm İsgəndərovun, Yasəf Həmidovun və cavabdehin iştirakı ilə xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, imzalanmış, həmin qurumun möhürü ilə təsdiq olunmuş aktın surətindən görünür ki, 1 ədəd AGSB-185 və 1 ədəd OKP-185 (şassi nömrəsi 81086) markalı ot, küləş presləyənlər nasaz vəziyyətdə Göyçay rayonu Şəkili kənd sakini, "xxxx" ASC-nin Yevlax “PN” Göyçay rayon bölməsinin əməkdaşımexanizatoru X4 həyətində aşkar edilmişdir. Ş.Həmidovun işdə olan xx.xx.2018-ci il tarixli “İzahat”ında bildirdiklərindən məlum olur ki, onun həyətində aşkar olunan 1 ədəd AGSB- 185 və 1 ədəd OKP-185 markalı ot, küləş presləyən Göyçay Aqroservisin sabiq müdiri X5 tərəfindən servisin yeri olmadığı üçün 2 ildir ki, onun həyətinə qoyulmuşdur. Texnikaların istifadəsi haqqında Ş.Həmidovun heç bir məlumatı yoxdur. Ş.Həmidovun həyətində aşkar olunmuş hər iki texnika sonradan xx.xx.2018-ci il tarixli aktla "xxxx" ASC-nin X7 saxlanc anbarına təhvil verilmişdir. Bu fakt "xxxx" ASC-nin X7 xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışı ilə təsdiq olunur. xx.xx.2011-ci il tarixli Müqavilənin təkib hissəsi olan ödəniş qrafikindən görünür ki, cavabdehə təhvil verilməli olan 14 adda kənd təsərrüfatı texnikası sırasında 2 ədəd AGSB-185 və 1 ədəd OKP-185 markalı ot, küləş presləyən qeyd olunmuşdur. Halbuki, xx.xx.2011-ci il tarixli Müqavilədə və "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli əmrində AGSB- 185 markalı ot, küləş presləyən texnikasının sayı 1 ədəd, OKP-185 markalı ot, küləş presləyən texnikasının sayı isə 2 ədəd qeyd olunmuşdur. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli Müqavilənin təkib hissəsi olan ödəniş qrafikinin tərtibatı zamanı texniki səhvə yol verilərək, AGSB-185 markalı ot, küləş presləyən texnikası 2 sayda göstərilmişdir. Beləliklə, işin halları kimi müəyyən edilir ki, Müqavilə üzrə 14 adda kənd təsərrüfatı texnikasının cavabdehə təhvil verilməsindən ibarət müqavilə öhdəliyi iddiaçı tərəfindən lazımınca icra olunmamış, qalıq dəyəri 23.730 manat olan 1 ədəd traktor (FT-1254), qalıq dəyəri 22.060 manat olan 1 ədəd traktor (FT-1254), qalıq dəyəri 23.351 manat olan 1 ədəd traktor (FT-1254), qalıq dəyəri 1.150 manat olan 1 ədəd kotan (KP-5), qalıq dəyəri 1.100 manat olan 1 ədəd kotan (KP-5), qalıq dəyəri 1.350 manat olan 1 ədəd kotan (KP- 5), qalıq dəyəri 2.939 manat olan taxıl səpən (ONHBM-24), qalıq dəyəri 29.320 manat olan kombayn (SK-5ME-1), qalıq dəyəri 1.700 manat olan diskli mala (ONACD-1), qalıq dəyəri 27.750 manat olan özüyeriyən otbiçən (LZ-32W), qalıq dəyəri 12.536 manat olan ot, küləş presləyən (OKP-185) və qalıq dəyəri 455 manat olan rotorlu otbiçəni (RM2-165) cavabdehə təhvil vermiş, dəyəri qalıq dəyəri 12.840 manat olan ot, küləş presləyən (AGSB-185), qalıq dəyəri 14.000 manat olan ot, küləş presləyən (OKP-185) isə təhvil verilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında yalnız ona təhvil verilmiş 12 adda texnikaya görə lizinq ödənişinin aparılması öhdəliyi mövcud olmuşdur. İşin hallarından müəyyən edilir ki, cavabdeh bu öhdəlikləri lazımınca icra etmişdir. Belə ki, Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, cavabdeh, ona lizinqə verilmiş 12 adda kənd təsərrüfatı texnikasına görə cəmi 140.068 manat lizinq ödənişi etməlidir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına Əlavəyə əsasən cavabdehə 67.429,80 manat məbləğində güzəşt tətbiq edilmişdir. Həmin məbləğdən 10.736 manat cavabdehə təhvil verilməyən verilməyən 2 adda texnikaya tətbiq olunan güzəşt məbləğidir. Beləliklə müəyyən olunur ki, cavabdehə təhvil verilən 12 adda texnikaya görə tətbiq edilməli güzəşt məbləği 56.693,80 (67.429,80- 10.736) manat təşkil edir. Cavabdeh iddiaçının bank hesabına 8.715 manat ilkin ödəniş də daxil olmaqla cəmi 84.220 manat ödəniş etmişdir. Lizinq ödənişinin ümumi məbləğindən (140.068 manat) cavabdehə təhvil verilən texnikaya görə güzəşt olunan məbləği (56.693,80 manat) çıxdıqda, cavabdehin ödəməli olan lizinq ödənişinin məbləği 83.374,20 manat təşkil edir ki, cavabdeh iddiaçının xeyrinə həmin məbləğdən 845,80 manat artıq ödəniş etmişdir. Cavabdehin artıq ödəniş etməsi isə təhvil verilməyən texnikanın cavabdehə təhvil verilməsini təsdiq edə bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş müqavilə öhdəlikləri yoxdur. Belə olan halda, cavabdehdən 22.631,20 manat əsas borcun və 32.820,01 manat cərimənin tutulması barədə iddiaçının iddia tələbi əsassız, birinci instansiyası məhkəməsinin bu tələbin rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə isə əsaslıdır. Məhkəmə lizinq obyekti olan avadanlıqdan faktiki istifadə etmək imkanından məhrum olan cavabdehdən lizinq ödənişlərinin tələb edilməsini hüquqi əsasa söykənməyən hal kimi qiymətləndirir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-51/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-51/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver