Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-51/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı X3 (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 aprel 2023-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Ucar rayonunun Qulabənd kəndi ərazisində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, A fazasında quraşdırılmış cərəyan tranformatorunun 2-ci cərəyan komutasiya naqilləri ilə həmin fazanın 2-ci tərəf gərginlik naqili ilə üst-üstə düşmür. Həmin fazanın cərəyan naqilləri A fazasına, gərginlik naqilləri isə C fazasına qoşulmuşdur. C fazasında quraşdırılmış cərəyan tranformatorunun 2-ci tərəf cərəyan naqilləri C fazasına, gərginlik naqilləri isə A fazasına qoşulmuş, bucaq sürüşməsi əmələ gəlmişdir. Sayğac sxemindən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yük Pfaza=35,2 kvt, Psay=26,3 kvt . Bu barədə "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, NDQ 009812 nömrəli akt tərtib olunmuşdur. "xxxx" ASC-nin Akt Komissiyası tərəfindən təsdiq edilmiş 15 iyul 2021-ci il tarixli icra vərəqindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 009812 nömrəli akt əsasında iddiaçıya, dəyəri 2136,40 manat təşkil edən 23740 kvt.saat miqdarında itirilmiş elektrik enerjisinin hesabatı aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli, NDQ 009812 nömrəli akt əsasında hesablanmış 2113 manat borc məbləğinin **********8 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sayğac obyektə onun tərəfindən qoşulmamış, sayğacın qoşulması üçün texniki şərtdə göstərilən bütün müddəalara əməl etmişdir. Cavabdeh təşkilatın Texniki Departamenti xx.xx.2020-ci il tarixdə ona məxsus obyektin şəbəkəyə qoşulmasına etiraz etmədiyini bildirmiş, həmin obyektin şəbəkəyə qoşulması ilə bağlı cəmi 1 il əvvəl müvafiq sənədlər yığılmış və bundan sonra sayğac şəbəkəyə cavabdeh təşkilatın müvafiq idarəsinin razılığı ilə qoşulmuşdur. Hazırda cavabdeh təşkilatın bir idarəsi sayğacın qoşulması üçün heç bir problem olmadığını bildirsə də, cavabdehin digər idarəsi tərəfindən sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olmasını bildirilməklə ona 2113 manat cərimə hesablamışdır. Odur ki, “NDQ 009812 nömrəli akt əsasında hesablanmış 2113 manat borc məbləğinin **********8 nömrəli abonent hesabından silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-341/2023 nömrəli iş üzrə qəbul etdiyi 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, NDQ 009812 nömrəli akt əsasında hesablanmış 2113 manat borcun iddiaçı X3 **********8 nömrəli abonent hesabından silinməsi, cavabdeh "xxxx" ASC-dən 41,13 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırkı mübahisənin mövzusu cərimənin hesablanması qaydası deyil, sayğacda mövcud olan qüsurlarla bağlı iddiaçının təqsirinin olub-olmamasıdır ki, hazırki vəziyyətdə də iddiaçının təqsiri sübut olunmur. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Ucar rayonunun Qulabənd kəndi ərazisində yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan "xxxx" ASC-nin TMX-20/0061 nömrəli, xx.xx.2020-ci il tarixli texniki şərtinin iddiaçı tərəfindən yerinə yetirilməsi və cavabdeh təşkilat tərəfindən obyektin şəbəkəyə qoşulmasına etiraz edilmədiyi müəyyən olunur. Sayğacın şəbəkəyə qoşulma sxemi səhv olmasına görə istehlakçı məsuliyyət daşıya bilməz, buna görə məsul olan cavabdehdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, işıq sayğacına müdaxilədə iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən və aparılmış yoxlama qanunvericiliyin tələblərinə uyğun olmadan aparıldığından həmin akt əsasında hesablanmış 2113 manat borc məbləği silinməlidir. İddiaçıya hesablanan itirilmiş enrji dəyəri 2136,6 manat olduğu müəyyən edilsə də, iddiaçı 2113 manat məbləğin abonenet hesabdan silinməsini tələb etdiyindən məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ yoxdur. Birinci instansiyası məhkəməsi mövqeyini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarına əlavə edilmiş “Abunə haqqında” məlumatı təhlil etdikdə müəyyən olunur ki, iddiaçıya məxsus obyekti elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının xx.xx.2020-ci il tarixdə quraşdırıldığı və sayğacın enerji sərfiyyatı göstəriciləri xx.xx.2021-ci il tarixdə oxunarkən sayğacın 24 gün ərzində dəyəri 1917, 00 manat təşkil edən 21300 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 26 gün ərzində dəyəri 1101,60 manat təşkil edən 12240 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 28 gün ərzində dəyəri 469,80 manat təşkil edən 5222 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 31 gün ərzində dəyəri 426,60 manat təşkil edən 4740 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 30 gün ərzində dəyəri 394,20 manat təşkil edən 4380 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 31 gün ərzində dəyəri 577,80 manat təşkil edən 6420 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 30 gün ərzində dəyəri 945,00 manat təşkil edən 10500 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə sayğacda yaranmış qüsur “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 234330 nömrəli Akt tərtib edilməklə aradan qaldırıldıqdan sonra sayğacın xx.xx.2021-ci il tarixdə 26 gün ərzində dəyəri 1393,20 manat təşkil edən 15480 kvt.saat miqdarında, xx.xx.2021-ci il tarixdə 31 gün ərzində dəyəri 1377,00 manat təşkil edən 15300 kvt.saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etməsi sayğacda qüsurun 2021-ci iln fevral ayında yarandığını birbaşa sübut edir və belə olan halda məhkəmə qərar qəbul edərkən “Qaydalar”ın 8.16-cı bəndini tətbiq edərək enerji sərfiyyatının orta gündəlik sərfini müəyyən etməklə bir aylıq hesabat aparmalı olduğu halda bunu etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, sayğac cavabdeh ASC-nin əməkdaşları tərəfindən qoşulmuşdur. Onun bu barədə hər hansı biliyi və təcrübəsi yoxdur. Onun təqsiri olmadan ona borc hesablanması tamamilə əsassızdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” Bənd 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bənd 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bənd 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuş, digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olması müəyyənləşdirilmişdir. Yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Həmçinin, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin elektrik enerjisi sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Göründüyü kimi, qanunvericilik sahibkarlıq subyektlərinin elektrik enerjisi sayğacları ilə bağlı yoxlamaların da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməli olmasını müəyyən etmişdir. Qeyd olunanlardan əlavə Məhkəmə bildirir ki, cavabdehin müəyyən etdiyi pozuntuda, yəni sayğacın şəbəkəyə səhv qoşulmasında iddiaçının hər hansı təqsiri müəyyən olunmur. Sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olmasına görə istehlakçı məsuliyyət daşıya bilməz, buna görə məsul olan cavabdehdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-51/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-51/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver