Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-52/2020 16.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “42694,93 avro məbləğində pul vəsatinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin iddianı təmin etmə tədbiri ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “42694,93 avro məbləğində pul vəsatinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin bank hesablarındakı pul vəsaitlərinin 42694,93 avro məbləğində olan hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizənin əsassız olduğunu bildirmiş və sübutarla əsaslandırılmadığından təmin edilməməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-nin işçilərinin əmək haqları və məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla aktiv bank hesablarında olan 42694,93 avro məbləği həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün kommersiya işi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri (vəkilləri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçı və cavabdehin nümayəndələrinin (vəkillərin) iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak üzərinə həbs qoyulur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək üçün məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə mülki prosessual qanunvericilikdə müəyyən edilmiş ardıcıllıqla həbs qoyula bilər. Məhkəmə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və mütənasib olduğunu araşdırmalıdır. Bu zaman məhkəmə həm də əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlərə uyğun gəlməyən iddianı təmin tədbirlərinin görülməsinə yol verilmir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayətini belə əsaslandırmışdır ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadın qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşımasına rəğmən, istər iddiaçının ərizəsində, istərsə də bu ərizəni təmin edən məhkəmə qərardadında görülməsi xahiş edilən iddianı təmin etmə tədbirinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasını hansı şəkildə təmin edəcəyi və ya bu tədbirin görülməməsinin həmin qətnamənin icrasına hansı çətinlik və maneə yaradacağı əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə cavabdehin aktiv bank hesablarına iddia tələbi həcmində həbs qoymaqla onun kommersiya hüquqi şəxsi kimi normal fəaliyyət göstərməsinə əsassız məhdudiyyət yaratmışdır. Baxmayaraq ki, bu tədbir görülmədiyi halda mübahisənin mahiyyəti üzrə qəbul ediləcək məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyini ehtimal belə etməyə əsas verən hallar yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinin faktiki əsaslarına dair məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbin faktiki əsasları kimi tərəflər arasında bağlandığı iddia olunan xx.xx.2018-ci il tarixli ***-**** saylı alqı-satqı müqaviləsinə və xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktlarına istinad etsə də, AR MPM-in 89.3-cü maddəsinin tələbinə əsasən məhkəməyə həmin sübutların əslini və ya notarial təsdiqlənmiş surətlərini təqdim etməmişdir; - işdə malların təhvil-təslimini təsdiq edən sənəd kimi müvafiq aktları imzalamış şəxslərin müqavilənin 4.4-cü bəndinə əsasən cavabdehin səlahiyyətli nümayəndələri olmalarına dair heç bir sübut yoxdur; - təhvil-təslim aktlarında göstərilən malların həqiqətən də ölkə ərazisinə idxalını təsdiq edən hər hansı sübut (müvafiq gömrük bəyannamələri, beynəlxalq yük-nəqliyyat qaimələri və s.) yoxdur; - müqavilənin 1 saylı Əlavəsində göstərilən mallardan 7, 10, 11 və 12-ci sıralarda göstərilən və ümumi dəyəri 6.361,84 avro olan malların təhvil-təsliminə dair sübut təqdim olunmamışdır. Belə olan halda, məhkəmənin hazırkı qərardadla abstrakt şəkildə cavabdehin bütün aktiv bank hesablarının üzərinə iddia olunan həcmdə həbs qoyması qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı iddianın predmeti kifayət qədər böyük məbləğ təşkil edən pul tələbindən ibarətdir, yəni iddianın mümkün təmin edilməsi halında cavabdeh iddiaçıya pul ödəməli olacaqdır. Buna görə də işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin təmin edilməsinə ayrılacaq vəsait istisna olmaqla, cavabdehin aktiv bank hesablarında olan 42694,93 avro məbləği həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması məqsədəuyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “iddianın təmin etmə tədbirinin görülməsi barədə” ərizəsini əsaslı sayaraq qismən təmin etməkdə haqlı olmuşdur. X1 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin olunmasına isə əsas görmür. Məhkəmə kollegiyasının da qənaətincə, iddiaçı tərəfindən verilmiş “iddianın təmin etmə tədbirinin görülməsi barədə” vəsatətin əsaslı sayılması və təmin edilməsi üçün işdə ilkin şərtlər mövcuddur; belə ki, iddiaçı məhkəməyə onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixli ***-**** saylı alqı-satqı müqaviləsinin bağlandığını və həmin müqaviləyə əsasən onun tərəfindən xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli təhviltəslim aktları üzrə cavabdehə iddia edilən 42694,93 avro dəyərində mallar satıldığını təsdiqləyən sənədlər təqdim edərək, cavabdehin indiyədək həmin malların dəyərini, yəni 42694,93 avro məbləğində pul vəsaitini ona ödəmədiyini bildirmiş, qeyd edilən məbləğdə pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşi mahiyyəti üzrə araşdırmadan iddia tələbinin əsaslı olubolmaması barədə nəticəyə gəlmək mümkün deyildir. Lakin iddiaçının təqdim etdiyi sübutlar (işin hazırkı mərhələsində həmin sübutların mötəbərliyi və sübut əhəmiyyəti müzakirə oluna bilməz) ilkin olaraq iddia tələbinin açıq-aşkar əsassız olmadığına dəlalət edir. Məhkəmə tərəfindən ilkin mərhələdə iddianın təmin etmə tədbirinin görülməsi barədə vəsatətə baxılanda da iddia tələbinin əsaslı və təmin edilən olması deyil, həmin iddianın qaldırmasına haqq qazandıran dəlillərin (faktların) mövcudluğu əsas götürülür. Ona görə də iddianın təmin etmə tədbirinin görülməsi barədə vəsatətə iddia tələbinin əsaslılığı prezumpsiyasından baxılır. Cavabdehin şikayətinin dəlilinə görə məhkəmə cavabdehin aktiv bank hesablarına iddia tələbi həcmində həbs qoymaqla onun kommersiya hüquqi şəxsi kimi normal fəaliyyət göstərməsinə əsassız məhdudiyyət yaratmışdır. Cavabdehin bu mülahizəsi ilə razılaşmaq mümkün deyildir. Nəzərə almaq lazımdır ki, əgər gələcəkdə iddia tələbi əsaslı sayılıb təmin olunarsa, onda cavabdeh iddia edilən pul vəsaitinin ödənilməsindən 2 ildən artıq müddətdə yayınmaqla iddiaçıya daha çox ziyan vurmuşdur. Digər tərəfdən, MPM-in 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Bu normaya görə isə, iddiaçı əsassız iddia tələbi irəli sürməklə məhkəməyə iddianın təmin etmə tədbirinin görülməsi barədə vəsatət vermişsə və həmin vəsatətin təmin olunması ilə cavabdehə zərər dəymişsə, cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadını dəyişdirilmədən saxlamağı, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayəti isə təmin etməməyi məqbul və düzgün hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-164, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 445/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-52/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-52/2020
16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver