Məhkəmə qərarları › İş №2-2(107)-53/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-53/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-53/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Hüseynov Yalçın Əsgər oğluna qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, Cavabdeh - Hüseynov Yalçın Əsgər oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Hüseynov Yalçın Əsgər oğluna qarşı “xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8385 manat gecikdirilmiş borcu və hesablanmış 7693,82 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cəmi 16678,82 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(117)-68/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. "xxxx" ASC ilə Hüseynov Yalçın Əsgər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 11350 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli müqavilə üzrə 8385 manat gecikdirilmiş əsas borcu qalmışdır.

3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli müqavilə üzrə 11350 manat əsas borcdan 1500 manat ödəniş edilmiş, qalıq borc 9850 manat təşkil etməsinə baxmayaraq iddiaçı gecikdirilmiş borc kimi 8385 manat borcun ödənilməsini tələb edir.

4. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırki iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1269GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8385 manat gecikdirilmiş borcu və hesablanmış 7693,82 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-ci il taixli MŞŞ/1/MT018/2023- 03077 saylı arayışı təqdim edilmişdir. Qeyd olunanlara əsasən hazırki tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında bildirmişdir ki, onun 8385 manat məbləğində əsas borcu vardır. Müqavilənin müddəti 2024-cü ilin oktyabr ayında bitəcəkdir. Həmin müddətə qədər texnikanın borcunu ödəyib onu xüsusiləşdirməyi öhdəsinə götürür. Cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.

8. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08 fevral 2024-cü il tarixli, e-2-2(117)-68/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabeh Hüseynov Yalçın Əsgər oğlundan xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8385 manat gecikdirilmiş əsas borc, 200 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 250 manat pul və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 138,24 manat dövlət rüsumu cavabdeh Hüseynov Yalçın Əsgər oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 250 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 462.1, 462.3, 467 və 747.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2 və 121.1-ci maddələrinin müddəalarına istinad etmişdir.

11. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

12. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış lizinq müqaviləsi, müqaviləyə 1 nömrəli Əlavə, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə qətnaməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Qaydasına istinad etsə də, Qaydanın hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsi ilə nə kimi bir əlaqəsi olduğunu əsaslandırmamışdır. Belə ki, Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Lakin bu məsələnin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına qiymət verilməsi ilə əlaqəsi mövcud deyildir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də işə görə 500 (beş yüz) manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilin məhkəmədə iştirak etməməsi əsası ilə ona ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e- 2-2(117)-68/2024 saylı qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hüseynov Yalçın Əsgər oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(117)-68/2024 saylı qətnaməsinin təmin edilməməsini xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən “hüquqi yardım ilə bağlı” hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

22. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(117)-68/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə Hüseynov Yalçın Əsgər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1269-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 11350 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (2 nömrəli Əlavəyə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

40. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin təmin edilməyən - “hüquqi yardım ilə bağlı” hissəsində tam təmin edilməməsi ilə bağlıdır.

41. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

42. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 250 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Apellyasiya şikayətində vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olması göstərilsə də, digər işlərin və zəruri araşdırmaların nədə ifadə olunduğu açıqlanmamışdır. Apellyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən qeyd olunan halların araşdırılması mümkün olmamışdır.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin məbləğinin iddia tələbinin həcmi əlaqələndirilməsi də düzgün yanaşma olmadığından şikayətin həmin dəlili də əsassızdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

47. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(117)-68/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. (35-ci paraqraf) Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(117)-68/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar