Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-53/2025 23.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X9 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 12084.02 manat məbləğində pul vəsaitinin və ödənilmiş 127 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2017-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin: - 2.1.1-ci bəndinin tələbinə görə alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. - 2.1.3-cü bəndinin tələbinə görə alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri nağd və ya köçürmə yolu ilə alıcı tərəfindən ödənilir. Satıcı malın dəyərinin ödənilməsini qarantiyaya alnması məqsədilə alıcıya qarşı borcun etirafı haqqında ərizə tətbiq edə bilər. - 4.4-cü bəndinin tələbinə görə faktura ilə məhsulları alıcı özü və ya rəsmi olaraq səlahiyyət verdiyi şəxs qəbul edir. Bu qaydanın pozulmasına görə məsuliyyəti “Alıcı” tərəf daşıyır. - 6.8-ci bəndinin tələbinə görə tərəflər müntəzəm olaraq debitor və kreditor qalıqlarını yoxlaya və üzləşmə aktı imzalaya bilər. - 7.2-ci bəndinin tələbinə görə bu müqavilə bir il müddətinə bağlanılır və imzalandığı an qüvvəyə minir, tərəflərdən hər hansı biri 15 gün əvvəlcədən digər tərəfə rəsmi xəbər verməklə müqaviləyə xitam verə bilər. - 7.3-cü bəndinin tələbinə görə müqavilənin qüvvədə olduğu müddətin sonuna 10 gün qalanadək tərəflərdən heç biri müqaviləyə xitam verildiyini digər tərəfə rəsmi bildirmədiyi təqdirdə müqavilə eyni müddətə uzadılmış hesab olunur. - 7.5-ci bəndinin tələbinə görə müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəflərin müqavilə şərtlərini yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir.
3. İş materiallarından olan xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı MMCyə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən 8000 manat satış pulunu "xxxx" ASC vasitəsilə İddiaçıMMC-nin "xxxx" ASC-nin Ağsu filialında olan hesabına köçürmüş, bundan sonra xx.xx.2020-ci il tarixdə "xxxx" ASC müflis elan edilmiş, həmin vaxdan ödənilmiş pul geri qaytarılmamışdır. Bundan sonra pulun geri qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edilmiş, borcların ödənilməsinin növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh yaxın zamanda həmin pul qaytarılan kimi İddiaçı MMC-nin hesabına ödəyəcəyini bildirmişdir.
4. İş materiallarından olan xx.xx.2024-cü il tarixli “Azgranata Satış” müştəri hərəkətləri hesabatından görünür ki, xx.xx.2021-ci il tarixində qalıq borc 12084.0231 manat təşkil edir.
5. İş materiallarından olan xx.xx.2020-ci il tarixli Üzləşmə aktından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövrdə müştəriyə satılan malların və onun tərəfindən şirkətə ödənilən vəsaitlərin araşdırılması aparılmış və həmin tarixə 16519.65 manat məbləğində borc müəyyənləşdirilmişdir. Həmin akt İddiaçı MMC-nin Daxili Təftiş şöbəsinin mütəxəssisi X8 və firma mağazasının nümayəndəsi Cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmişdir.
6. İş materiallarından olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan göründüyü kimi İddiaçı MMC Cavabdeh müraciət edərək bildirmişdir ki, 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-dən satış üçün qəbul etdiyiniz məhsulların satılmasına və ya öhdəlik tarixindən xeyli müddət keçməsinə baxmayaraq həmin məhsulların dəyərini tam şəkildə ödəməmisiniz. Bu səbəbdən ümumilikdə 12084.02 manat məbləğində borcunuz yaranmışdır. Cavabdehdən 5 gün ərzində müqavilə üzrə yaranan borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı tərəf öhdəliklərini yerinə yetirərək müqavilə üzrə müəyyənləşdirilən məhsulları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş 12084.02 manat borcu yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etmədiyinə görə ümumillikdə satıcı İddiaçı MMC-yə 12084.02 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəf müqavilənin şərtlərini pozduğu üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izah verərək bildirmişdir ki, tərəflər arasında imzalanmış üzləşmə aktındakı məbləğ 16519,65 manat qeyd edilsə də cavabdeh tərəfindən aparılmış ödənişlər nəticəsində borc azalmış və hazırkı iddia tələbində olan məbləğə 12084,02 manata enmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 12084.02 manat məbləğində borc və 126.26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun ödənilməmiş 12084.02 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Üzləşmə aktı ilə təsdiq olunur. Həmin üzləşmə aktında cavabdeh tərəf həmin tarixə 16519.65 manat məbləğində borcu olduğunu imzalayaraq təsdiqləmişdir. Düzdür həmin üzləşmə aktında qeyd edilən borc məbləği hazırkı işdə iddiaçı tərəfindən tələb edilən məbləğdən çox olsa da, iddiaçı tərəfin izahatından da aydın olduğu kimi cavabdeh tərəf borcundan müəyyən qədər ödəmiş, yekun olaraq 12084.02 manat məbləğində borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia tələbində cavabdehdən 12084.02 manat məbləğində borcun tutulması tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş borcun məbləği hazırkı tarixə 12084.02 manat olaraq qəbul edilir.
12. Məhkəmə tərəflər arasında olan üzləşmə aktına münasibətdə də qeyd etmişdir ki, həmin üzləşmə aktında hər iki tərəfin imzası öz əksini tapmışdır. Bu səbəbdən həmin üzləşmə aktı birbaşa sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən ödənilən və depozitdə olan mənim məbləğlərimi nəzərə almamışdır. İddiaçının yalan uydurma tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir. Bildirir ki, o, iddiaçının təkidi ilə onların istəyinə uyğun olaraq 3 otaqdan ibarət mağazanı yenidən təmir etdirib işlək vəziyyətə gətirmiş, içərisini mebel avadanlıqları ilə təchiz etmiş, müasir reklam lövhələri ilə təmin etmişdir. Bundan başqa təhlükəzislik baxımından o, pəncərələri və qapıları təmir örtüklərlə təmin etmiş, bütün elektrik sistemlərini yenidən qurmuş, otağa hər cür texniki avadanlıq yəni, televizor, kondisener yəni, kompüter sistemi quraşdıraraq iddiaçının istismarına vermişdir. Bu işlərə ümumilikdə 9980 manat iddiaçının satış üzrə nümayəndəsinin iştirakı ilə akt tərtib edərək xərclədiyini bildirərək qəbul etmişlər. İşə başlamamışdan əvvəl 6000 ABŞ dolları yəni, 10.200 manat depozit pul qoymuşdur. Yəni depozit olmasa iddiaçı işləməyə buraxmazdı. Bundan başqa 2021-ci il 01 yanvardan 30 may tarixinə kimi ona veriləcək hər ay üçün 400 manat, icarə xərci cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manatı ona geri qaytarmamışlar. Bağlanmış, “məhsulların alqı-satqı müqaviləsinin” 6.1-ci bəndində deyilir ki; satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə Alıcıya dəyən bütün zəruri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir, həmçinin əksinə. Bundan əlavə 8000 manat İddiaçı MMC-yə pul köçürmüşdür. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti: - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. İddianı təmin edən birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, ...cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun ödənilməmiş 12084.02 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Üzləşmə aktı ilə təsdiq olunur. Həmin üzləşmə aktında cavabdeh tərəf həmin tarixə 16519.65 manat məbləğində borcu olduğunu imzalayaraq təsdiqləmişdir. Düzdür həmin üzləşmə aktında qeyd edilən borc məbləği hazırkı işdə iddiaçı tərəfindən tələb edilən məbləğdən çox olsa da, iddiaçı tərəfin izahatından da aydın olduğu kimi cavabdeh tərəf borcundan müəyyən qədər ödəmiş, yekun olaraq 12084.02 manat məbləğində borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia tələbində cavabdehdən 12084.02 manat məbləğində borcun tutulması tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş borcun məbləği hazırkı tarixə 12084.02 manat olaraq qəbul edilir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında borc münasibətlərinin olması barədə qənaəti ilə razılaşsa da, qeyd edir ki, məhkəmə borc məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir.
48. Belə ki, iş materialında olan 25 dekabr 2016-cı il tarixli aktdan görünür ki; - Biz aşağıda imza edən şəxslər İddiaçı MMC-nin nümayəndəsi Regional Bölgə X1, alıcı Cavabdeh, Yevlax şəhər sakini X4, Yevlax şəhər sakini X6 iştirakı ilə həqiqi akt tərtib edirik ondan ötrü ki, İddiaçı şirkətinin mallarını satmaq üçün mağazanı şirkət rəhbərliyinin tələbinə uyğun olaraq təmir etdirmək üçün aşağıda göstərilən xərclər X3 tərəfindən ödənilmişdir. - 1. Mağazanın içərisinin təmiri və müasir qaydada mebel şitlərlə vitrin yığılması 8700 (səkkiz min yeddi yüz) manat. - 2. Çöl qapı və pəncərələrə dəmir reşotkalar vurulması – 670 (altı yüz yetmiş) manat. - 3. Müasir işıqlı reklam vurulması 520 (beş yüz iyirmi manat), cəmi xərc – 9890 (doqquz min səkkiz yüz doxsan) manat. - Çəkilən xərclər müqavilədə göstərildiyi kimi gələcəkdə müqaviləyə xitam verildikdə satıcı tərəfdən qarşılanmalıdır. Odur ki, Aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik.
1. X12: imza Həmidov R.S.
2. Alıcı: imza Cavabdeh
3. Yevlax ş. sakini: imza Süleymanov E.F.
4. Yevlax ş. sakini: imza Əliyev Y.F.
49. Göründüyü kimi yuxarıda qeyd olunan xərclər, yəni 9980 manat iddiaçının satış üzrə nümayəndəsinin iştirakı ilə akt tərtib edərək xərclədiyini bildirərək qəbul etmişlər.
50. Həmin xərc isə tərəflər arasında imzalanmış üzləşmə aktında həzərə alınmamışdır ki, halbuki, tərəflər arasında bağlanmış 25 dekabr 2016-cı il tarixli aktda alıcı (cavabdeh) tərəfindən çəkilən xərclərin müqavilədə göstərildiyi kimi gələcəkdə müqaviləyə xitam verildikdə satıcı tərəfdən qarşılanmalı olduğu göstərilmişdir.
51. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir.
52. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi sözü gedən aktı mübahisələndirərək aktın MMC-də mövcud olmadığını, İddiaçı MMC-nin Regional bölgə X1nun MMC-nin nümayəndəsi həmin aktı imzalamaq səlahiyyətində olmadığını və aktın MMC-nin möhürü ilə təsdiq edilmədiyini bildirsə də, həmin aktın mötəbərliyini şübhə altına alan sübut təqdim etməmişdir.
53. Belə ki, iddiaçının nümayəndəsi X2 aktın tərtib edildiyi zaman MMC-nin məsul işçisi olduğunu bildirmiş, hal-hazırda işləyib işləmədiyi barədə məlumatının lmadığını göstərsə də, cavabdeh X2 hal-hazırda da MMC-nin işçisi olduğunu bildirmişdir.
54. İddiaçının nümayəndəsi aktın möhürlə təsdiq olunmalı olduğunu bəyan etsə də, iş materiallarında olan və tərəflərin imzaladığı üzləşmə aktının da möhürlə təsdiq olunmamasının ağlabatan və məntiqi izahını verə bilməmişdir.
55. Kollegiya iddiaçının nümayəndəsi üzləşmə aktına möhür vurulmamasının səbəbi kimi həmin aktın şirkətin blankında tərtib olunduğu göstərmişdir. Halbuki, kollegiyanın qənaətinə görə nümayəndənin istinad etdiyi blank ciddi maliyyə sənədi hesab edilə bilməz. Bununla da, əgər MMC-nin möhürü vurulmamış üzləşmə aktını sübut kimi qəbul edildiyi təqdirdə, tərəflərin tərtib etdikləri 25 dekabr 2016-cı il tarixli akt da sübut kimi qəbul edilməlidir.
56. Apellyasiya şikayətinin cavabdeh tərəfindən depozitə qoyulmuş 6000 ABŞ dollarının qaytarılması dəlili ilə bağlı kollegiya qeyd edir ki, kollegiyanın iclasında cavabdeh həmin məbləği geri aldığını təsdiq etmişdir.
57. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində 8000 manat pulu İddiaçı MMCnin bankda olan hesabına köçürməsini bildirsə də, bu barədə sübutları təqdim etməmişdir.
58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
60. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsi qismən – “9890 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1567/2024 saylı qətnaməsi qismən – “9890 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42 manatı cavabdehə aid edilsin. Cavabdeh 42 manat məbləğində pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov