Məhkəmə qərarları › İş №2-2(107)-55/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-55/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-55/2024 29.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tаrixli, e-2-2(117)-22/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Şəki Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tаrixli, e-2-2(117)-22/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir(maddə 361.1.5 və 361.1.6). “Apellyasiya şikayətinin forması” adlanan 2 nömrəli Əlavənin 6-cı bəndində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İş materiallarına əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayətinin yuxarıda qeyd olunan bəndində Mülki Məcəllənin 23-cü maddəsinin müvafiq bəndlərini sadalamaqla kifayətlənmiş, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeyini izah etməmişdir. Ümumiyyətlə isə iddiaçı apellyasiya şikayətində məhkəmə aktını nə üçün düzgün hesab etmədiyi ilə bağlı heç bir əsaslandırma aparmamışdır. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayəti, apellyasiya şikayətinin məzmununa(maddə 361) aid tələblərə riayət edilmədən verilmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Şəki Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tаrixli, e-2-2(117)-22/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti işlə birlikdə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar