Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-56/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azəriqaz İstehsalat Birliyinin cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun və dövlət rüsumunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, rüsum) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-2(117)-243/2025 nömrəli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azəriqaz İstehsalat Birliyi cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh Qəbələ Mərkəzi Rayon Xəstəxanası PHŞ-dan təbii qazdan istifadəyə görə yaranmış 76655.25 manat məbləğində əsas borcun, 319.97 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 76975.22 manat borcun tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-2(117)-243/2025 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı İB tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi 200 manat məbləğində olan ********* nömrəli qəbzin əvvəlki tarixdə istifadə edildiyi kimi göstərilən e-2- 2(117)-1341/2022, e-2-2(117)-1373/2022 nömrəli işlər üzrə qətnamə yox qərardadlar çıxarılmışdır. Belə ki, e-2-2(117)- 1341/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə qərardad çıxarılmış və həmin qərardadla İddiaçı İB-nin cavabdeh Quşçuluq firmasına qarşı “istifadə edilmiş təbii qaza görə yaranmış 61862,80 manat borcun abonent koduna, dövlət rüsumunun İddiaçı İB-nin hesabına ödənilməsi” barədə iddia ərizəsi geri qaytarılmışdır. e- 2-2(117)-1373/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə qərardad çıxarılmış və həmin qərardadla İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “61862,80 manat əsas borc və 601,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi məhkəmənin əsaslandığı e-2-2(117)-1341/2022 və e-2-2(117)-1373/2022 saylı iş üzrə yalnız qərardadlar çıxarılmış və mübahisəli dövlət rüsumu İddiaçı İB-yə geri qaytarılmışdır. Ona görə də, həmin qəbzin hazırkı kommersiya mübahisəsində istifadə edilməsi üçün heç bir maneə mövcud deyildir. Yekunda İddiaçı İB verilmiş şikayət təmin olunmasını, Şəki Kommersiya Məhkəməsinin e- 2-2(117)-243/2025 saylı, xx.xx.2025 saylı qərardadı ləğv edilərək İddiaçı İB-nin cavabdeh Qəbələ MRX PHŞ-ə qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsini və əks halda bu şikayət baxılması üçün yeddi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2-2(117)-243/2025 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində isə qeyd edilmişdir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən müəyyən edilir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə məhkəməyə 200 manat məbləğində olan ********* nömrəli və 146,45 manat məbləğində olan ********** nömrəli 2 ədəd qəbz Elekton Məhkəmə İnformasiyaları Sistemi vasitəsilə təqdim edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ödənilən dövlət rüsumlarının araşdırılması zamanı müəyyən etmişdir ki, “Elektron Məhkəmə İnformasiyaları” sistemində olan məlumata əsasən 200 manat məbləğində olan ********* nömrəli qəbz Şəki Kommersiya Məhkəməsinin yekun məhkəmə aktı olan qətnamə qəbul edilmiş e-2-2(117)- 1341/2022, e-2-2(117)-1373/2022 nömrəli işləri üzrə təkrar istifadə olunmuşdur. Göründüyü kimi, bir iş üzrə istifadə olunmuş qəbz yenidən məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun tam ödənilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası şikayətin hazırki iş üzrə təqdim edilmiş qəbzlərin əvvəllər mahiyyəti üzrə baxılmış işlər üzrə ödənilən yox, geri qaytarılmış iddia ərizələri üzrə ödənilmiş rüsumların olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, təqdim edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzlərin dəfələrlə mülki və kommersiya işlərində istifadəsi mümkündür. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ödənilən dövlət rüsumlarının məbləğ və tarixlərinin iddia ərizəsinin və şikayətlərin elektron imza edilən hissəsinə avtomatik qaydada yerləşdirilməsi elektron qaydada həyata keçirilməsi də bu məqsədə xidmət edir. Əks halda isə dövlət rüsumu barədə qəbzlərinin dəfələrlə iddialarda istifadəsi mümkündür. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının tələblərinə uyğun olaraq həmin qəbzlərdə olan dövlət rüsumlarını geri qaytarmaqla hazırkı iş üzrə rüsumun ödənilməsini təmin edə bilərdi. Kollegiya qeyd edir ki, iddiaçıya qaytarılmış qəbz üzrə həmin pul məbləğinin iddiaçıya dövlət büdcəsindən qaytarılmadığı da şübhə altındadır. Belə olan halda isə, başqa cavabdehə qarşı qaldırılmış iddia üzrə ödənilmiş və geri qaytarılmış dövlət rüsumunun hazırki iddia üzrə qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: İddiaçı şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-2(117)-243/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-56/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-56/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver