Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-58/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: borcun cavabdehdən tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nüamyəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “11527,95 manat borc, 123,50 manat dövlət rüsumu və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(117)-227/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan İddiaçı MMC (bundan sonra –iddiaçı və ya AŞİB ) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında xx.xx.2019-cu il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, istehsalçı/əkinçi Cavabdeh icarəsində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər ha üçün 1234 manat vəsait xərclənəcəkdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 6.1-ci bəndinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Müqavilənin 6.2-ci bəndinə görə bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir.
3. Müqavilənin 2 saylı əlavəsi ilə müəyyən olunur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) AŞİB-in vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 11527,95 manat borc, 123,50 manat dövlət rüsumu və 200 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh 28 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 980 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 19231 manat məbləğində mal və xidmət satılmaqla və 2000 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 21231 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 9703,05 manat dəyərində şəkər çuğunduru təhvil verilmiş, nəticədə cavabdehin cəmiyyətə 11527,95 manat borcu yaranmışdır.
6. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir.
7. Müqavilə şərtlərinə görə, təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. Cavabdehin ümumilikdə 11527,95 manat borclu olması ödəniş tapşırıqlarında, elektron hesab-fakturalarda və maliyyə arayışlarında təsdiq edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elekron kabinet vasitəsilə etirazla birinci instansiya məhkəməsinə müraciət edərək etirazı onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə AŞİB əməl etməyərək Şəki rayonu ərazisində yerləşən 15 ha çuğundur əkilmiş ərazidən cəmi 2 ha ərazidən çuğundur çıxarılmasını təmin etmişdir.
10. AŞİB-in aqronomları tərəfindən 2020-ci ilin yanvar və fevral aylarında əkin həyata keçiriləcək torpaqlara baxış keçirilmişdir. Ərazinin daşlıq ərazi olduğu müşahidə edilmiş, “AŞİB”in aqronomu Qüdrət Əsgərovla əkin yerində müzakirələr aparılmış və qərara gəlinmişdir ki, payız aylarında çuğundurun yığım zamanı ərazinin daşlıq ərazi olmasını nəzərə alaraq tək cərgə çuğundur yığımını həyata keçirə biləcək aqreqatdan istifadə edilməklə yığım həyata keçirilsin.
11. Lakin oktyabr ayında yığım zamanı AŞİB-in aqronomları Əsgərov Qüdrətin və Quliyev Fərmanın şahidliyi ilə əraziyə 6 cərgəli çuğundur yığımı üçün ixtisaslaşmış kombayn gətirilmiş, həmin texnika ərazidə çuğundur yığımını həyata keçirə bilməmişdir. Cəmi təxminən 2-3 ha yaxın ərazidə iş görülmüş və çuğundur yığımı mümkünsüzlüyünü texnikanın daşlıq ərazidə işləyə bilməyəcəyini qeyd edərək kombayn operatoru ərazini tərk etmişdir.
12. Ərazi aqronomları ərazidən çuğundurun yığılması üçün əvvəlcə razılaşdırılmış aqreqatın göndəriləcəyini qeyd etsələr də, aqreqatlar əraziyə göndərilməmişdir. Dəfələrlə edilmiş müraciətlərinə və həmin vaxt AŞİB-in aqro şöbəsinin rəhbəri olan Rövşən Əliyev ilə telefon danışıqlarında xahişinə baxmayaraq çuğundur yığımı üçün başqa aqreqat göndərilməmişdir.
13. Ümumilikdə 500 tona yaxın şəkər çuğunduru yerdə qalaraq çürümüşdür. Ölkədə çuğundurun istehsalı ilə bağlı ixtsaslaşmış yeganə müəssisə AŞİB olduğundan yığım üçün aqreqatın başqa yerdən əldə edilməsi mümkünsüz olmuş və yığımı həyata keçirə bilməmişlər. Yerdə qalan çuğundurun yığılmaması səbəbli əkinlərə çəkilmiş vəsait zərərə uğramışdır. Qeyd edilən xüsusatlar AŞİB-in iddiasının tamamilə əsassız olduğunu təsdiq edir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Birinci instansiya məhkməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, 2020-ci ildə müqavilə bağlamışlar, ərazidə 15 hektar şəkər çuğunduru əkilmişdir. Müqavilə Cavabdeh ilə bağlansa da işin sahibi X4 olmuşdur. Cəmi 15 hektar ərazidə çuğundur əkilmişdir. Cavabdeh tərəfin iddia ettiyi 2-3 hektar yox, qaiməfakturalardan da görünür ki, 8 hektar çuğundur çıxarılmış və 9703,05 manat dəyərində çuğundur təhvil verilmişdir. İşin sahibi olan X4 o dövrdə İddiaçı rəhbəri olan Rövşən müəllimlə görüşdükdən sonra şəkər çıxarmaqdan imtina etmiş və yayınmışdır. Sonra AŞİB tərəfindən sahəyə İran istehsalı olan kotan göndərilmişdir. Cavabdeh tərəf çuğundurun çıxarılmasına etinasız yanaşmış və çıxarmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
15. Birinci instansiya məhkməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, 2-3 hektar torpaq sahəsində çuğundur biçilmişdir. Aqreqat verilmədiyi üçün məhsul batmışdır. Cavabdeh tərəf olaraq dəfələrlə şifahi müraciətlər etsələr də, lakin heç bir nəticəsi olmamışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
16. Birinci instansiya məhkməsinin iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, Azərbaycan Şəkər Zavodunda Bərdə bölgə aqranomu işləmiş, Şəkiyə də o nəzarət etmiş və cavabdehin aqronomu olmuşdur. Bir hektar çuğundur əkmək üçün təxminən 800-850 manat vəsait tələb olunur. Cavabdehin ərazisinin daşlı olması ilə bağlı rəhbərliyə məlumat vermiş, lakin şəkər çuğundurunun əkilməsinə icazə verilmişdir. Məhsul yetişdiyi zaman yığılması üçün kombayn göndərilmiş, 2 hektara yaxın ərazi biçilmişdir. Biçilmə zamanı ərazi daşlı olduğu üçün kombayn biçini davam etdirə bilməmişdir. Ümumilikdə cavabdehə məxsus 8 hektar ərazi biçilmişdir. 2 hektar mübahisə predmeti ərazidə, 6 hektar isə Qax rayonu ərazisində. Mübahisə predmeti ərazi daşlı olsa belə məhsul yetişmişdir. Yetişən məhsul çıxarılmadığından batmışdır. Cavabdehlə bağlanmış müqaviləyə əsasən 2 hektar mübahisəli ərazidə, 6 hektarda Qax rayonu ərazisində biçilmişdir.
17. Birinci instansiya məhkməsinin iclasında şahid qismində dinlənilmiş X4 ifadəsində bildirmişdir ki, torpaq sahələri onların şirkətinə məxsusdur. Həmin əraziyə bitişik onların şirkətə məxsus torpaq səhələri vardır. Həmin torpağa baş çəkərkən görmüşdür. Cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin sahibi olan firmanın rəhbəridir. Cavabdehin icarəyə götürdüyü torpaq sahələrinə çuğundur əkilmişdir. Mübahisə predmeti ərazisində 15 hektar çuğundur əkilmiş, məhsul da yetişmişdir. Ərazi daşlı olduğundan iddiaçı çuğunduru çıxırtmamış, məhsul çürümüşdür. İddiaçı tərəf həmin əraziyə türk kotanı verməmişdir. Ümumiyyətlə cavabdehə iddiaçı tərəfindən heç bir kömək olmamışdır.
18. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 06 may 2022-ci il tarixli, e-2-2(117)-227/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, müqaviləyə 2 saylı əlavədə nəzərdə tutulmuş aqrotexniki xidmətlər, o cümlədən 19-cu bəndində qeyd olunmuş mexaniki üsulla məhsulla yığımını təmin etmək AŞİB-nin, həmin xidmətlərə görə müəyyən edilmiş haqqın müqavilə ilə müəyyənləşdirilmiş şəkildə ödənilməsini təmin etmək isə cavabdehin öhdəliyi olmuşdur.
20. Buna baxmayaraq işin faktiki halları müəyyən olunmuşur ki, iddiaçı cəmiyyət müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmiş, məhsul əkinindən əvvəl əkin sahəsinin daşlı olmasından məlumatlı olmasına və sahədə məhsul yetişməsinə baxmayaraq məhsul yığımını tam həyata keçirməmiş və məhsul çürüyərək batmışdır.
21. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək şəkər çuğunduru əkmiş, becərməsinə baxmayaraq, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək əvvəldən torpaqda müayinə aparmaqla şəkər çuğunduru əkilməsi üçün təsərrüfat imkanlarını nəzərdən keçirib rəy verdiyindən, məhsul bitdikdən sonra isə torpağın daşlı olmasını bildirərək məhsul yığımından imtina etdiyindən və iddiaçının təqsiri ucbatından məhsul çürüyərək batdığından iddiaçı hazırkı iddia tələbində haqlı deyildir və şərtlərini yerinə yetirmədiyi müqavilə üzrə cavabdehdən hazırkı iddia tələbi üzrə pulun tutulmasını tələb edə bilməz.
22. Birinci instansiya məhkəməsi MM-in 385.1, 386.1, 404.1, 404.2, 442, 445.2, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır
23. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İcraat materialları elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət və satınalma müqaviləsi, müqaviləyə 1 saylı və 2 saylı əlavələr, elektron qaimələr, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
25. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aşağıdakı göstərilənlərə əsasən, qətnamə faktiki və hüquqi cəhətdən əsassız olduğu üçün hesab edirlər ki, Şəki Kommersiya Məhkəməsinin 06 may 2022-ci i tarixli 2-2(117)-227/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
26. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilənin 4.3-ci yarımbəndində qeyd edilmişdir ki,əkinçi şəkər şuğunduru əkəcəyisahənin suvarılan torpaq olmasını,hər bir hektardan 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu AŞİB-ə verməyi öhdəsinə götürür. Müqavilənin bu şərtində aydın göstərilir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Burdan aydın olur ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.Əlavə olaraq bildiririk ki, Müqavilənin 2 saylı əlavəsi adından da göründüyü kimi cəmiyyətin əkinçiyə məhsulun yetişdirilməsi üçün tövsiyə etdiyi texnolji xəritədir.Bu sənətdə zavod tərəfindən pulu qarşılanacaq aqrotexniki xidmətlərin və gübrələrin adları, qiymətləri qeyd edilmişdir.Bütün görülmüş aqrotexniki xidmətlərin pulunu həmin texnoloji xəritəyə uyğun olaraq iddiaçı tərəf traktoristlərə ödəmişdir.Həmin sənətdə aqrotexniki xidmətlərin iddiaçı tərəfindən yerinə yetirilməsi barədə heç bir yazılı öhdəlik qeyd olunamamışdır. Burdan məlum olur ki, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və MPM-nin 217.3 və 217.4-cü maddələrinin normaları pozulmuşdur.
27. Şahid qismində dindirilmiş X1 ifadəsi ilə bağlı qeyd edirlər ki, həmin ərazinin toplanılması ilə bağlı əraziyə kombayn gətirilsə də ərazi daşlı olduğundan kombayn çox işləyə bilməmişdir. Məsələnin həlli ilə bağlı əkin sahəsinə iran kotanı və yarpaq biçən aqreqatı zavodun nümayəndəsi tərəfindən gətirilmişdir. Lakin cavabdeh bildirmişdir ki, səhənin toplanılması üçün ona İran istehsalı olan Amiti markalı mini kombayn verilsin. Cavabdehə dəfələrlə izah edilmişdir ki, həmin kombayn yararsız halda olduğu üçün müqavilənin ayrılmaz hisssəsi olan texnoloji xəritədə göstərilməmiş və onun icarəyə verilməsi qeyri mümkündür. Buna baxmayaraq cavabdeh onun aldadılması qənaətinə gəlmiş və qəsdən sahəni ona təqdim edilmiş iran kotanı ilə toplatdırmamışdır. Cavabdehin bu hərəkətləri və məsuliiyətsizliyi ucbatından sahə məhv olmuşdur. Aqreqatların göndərilməsi ilə bağlı məhkəməyə təqdim edilmiş sübut (xx.xx.2020-ci il tarixli KMCF- 61434 nömrəli sənəd) iş materialı kim hakim tərəfindən icraata götürüməmişdir. Həmin sənəd ərizəyə əlavə edilmişdir. Burdan da aydın görsənir ki, Məhkəmə düzgün qənaətə gəlməmişdir. İddiaçı tərəf müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nüamyəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
30. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(117)-227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, istər iddia ərizəsində, istərsə də işə baxan məhkəməyə verdiyi izahatlarda iddiaçı tərəf israrla bildirmişdir ki, müqavilə şərtlərinə əsasən cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində iddiaçı Cavabdeh bank hesabına köçürüləcəkdir.
36. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflər Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində şəkər çuğundurunun əkilməsi ilə bağlı razılaşsalar da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə Qax rayonu Almalı kəndində yerləşən 7,189 ha və Şəki şəhəri Olimpiya idman kompleksi ətrafında 45 ha torpaq sahələrini icarəyə götürmüş və tərəflər arasında bağlanmış müqavilənin icrası məhz icarəyə götürülmüş torpaq sahələrində baş tutmuşdur. Bu hal işin mübahisəsiz halıdır.
37. Eyni zamanda məhkəmə araşdırması zamanı xx.xx.2019-cu il tarixli müqavilənin 1 saylı və 2 saylı əlavələri ilə müəyyən olunmuşdur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) AŞİB-in vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmişdir. Göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə AŞİB tərəfindən təmin edilən məbləğ məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılmalı, qalan məbləğ cavabdehə ödənilməlidir.
38. Göründüyü kimi, müqaviləyə 2 saylı əlavədə nəzərdə tutulmuş aqrotexniki xidmətlər, o cümlədən 19-cu bəndində qeyd olunmuş mexaniki üsulla məhsulla yığımını (yarpaq biçimi, çıxarılma və yükləmə) təmin etmək AŞİB-nin, həmin xidmətlərə görə müəyyən edilmiş haqqın müqavilə ilə müəyyənləşdirilmiş şəkildə ödənilməsini təmin etmək isə cavabdehin öhdəliyi olmuşdur.
39. Həmçinin müqavilənin 2 saylı əlavəsində qeyd olunmuşdur ki, aqrotexniki tədbirlərin aparılması üzrə qiymətlər müəyyən olunarkən istifadə olunan traktor və aqreqatların icarəyə götürülməsi şərti nəzərə alınmışdır. Dövlət tərəfindən yanacaq qiymətlərinin dəyişməsi nəticəsində texnoloji xəritədəki müvafiq aqrotexniki xidmətlərin qiymətləri də dəyişə bilər.
40. Buna baxmayaraq işin faktiki halları və məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Şəkər Zavodunda Bərdə bölgə aqranomu işləmiş X1 ifadəsi ilə müəyyən olunmuşur ki, iddiaçı cəmiyyət müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmiş, məhsul əkinindən əvvəl əkin sahəsinin daşlı olmasından məlumatlı olmasına və sahədə məhsul yetişməsinə baxmayaraq məhsul yığımını tam həyata keçirməmiş və məhsul çürüyərək batmışdır.
41. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək şəkər çuğunduru əkmiş, becərməsinə baxmayaraq, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək əvvəldən torpaqda müayinə aparmaqla şəkər çuğunduru əkilməsi üçün təsərrüfat imkanlarını nəzərdən keçirib rəy verdiyindən, məhsul bitdikdən sonra isə torpağın daşlı olmasını bildirərək məhsul yığımından imtina etdiyindən və iddiaçının təqsiri ucbatından məhsul çürüyərək batdığından iddiaçı hazırkı iddia tələbində haqlı deyildir və şərtlərini yerinə yetirmədiyi müqavilə üzrə cavabdehdən hazırkı iddia tələbi üzrə pulun tutulmasını tələb edə bilməz.
42. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında cavabdehin şəkər çıxarmaqdan imtina etməsi, yayınması və çuğundurun çıxarılmasına etinasız yanaşması barədə izahatına münasibətdə qeyd edir ki, əvvəla məhsulun yığımının həyata keçirilməsi tərəflər arasında bağlanmış müqavilə üzrə AŞİB-nin öhdəliyi olduğundan sonuncu öhdəliklərini yerinə yetirmək, xidmətlərin qarşılığında ödədiyi pulu almaq və gəlir əldə etmək üçün məhsul yığımında maraqlı olmalı idi. Bundan başqa cavabdehin həmin daşlı torpaq sahəsindən məhsul yığımı ilə bağlı hər hansı səy göstərməsi, aqreqat gətirməsi və s. iş materialları ilə öz təsdiqini tapmır.
43. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında ərazinin daşlı olması ilə bağlı cavabdehə İran istehsalı kotanın verildiyini və cavabdehin yığımı həyata keçirməkdən imtina etdiyini bildirsə də məhkəmə sonuncunun bu dəlillərini qəbul etməyərək qeyd edir ki, cavabdehə iddiaçı tərəfindən məhsulun yığılmasına səy göstərməsinə dair iş materiallarında sübut mövcud deyildir. Bundan başqa hətta kotanın verilməsi həqiqət olmuş olsa belə iddiaçının nümayəndəsinin bildirdiklərinin əsasızlığı eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2 saylı əlavəsi ilə bir daha təsdiq olunur.
44. Belə ki, müqavilənin 2 saylı əlavəsi ilə müəyyən olunmuşdur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) AŞİB-in vəzifə öhdəliyi olmuşdur. Müqavilə şərtlərinə əsasən iddiaçı məhsulu özü yığmalı, çıxarılmalı və yükləmə işlərini həyata keçirməli olduğu halda məsulun çıxarılması ilə bağlı məsuliyyətini cavabdehə ötürməyə çalışır ki, bu da tərəflər arasında bağlanmış müqavilə şərtlərinə ziddir və bununla bağlı cavabdehin təqsiri yoxdur.
45. Əksinə məhkəmə araşdırması zamanı məhsulun əkildiyi, biçilməsi zamanı iddiaçının əməkdaşı olmuş (xx.xx.2013-xx.xx.2021-cı illərdə işləmişdir) və şahid qismində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X1 ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisə ərazidə kombayn vasitəsi ilə 2 ha yaxın ərazidə biçin işləri aparılmışdır. Bundan sonra ərazinin daşlı olması ilə bağlı kombayn tərəfindən biçin işlərinin aparılmasından imtina edilmiş və Qax rayonu Almalı kəndində cavabdeh tərəfindən əkilmiş 6 ha məhsulun biçini aparılmışdır. Bu səbəbdən də cavabdehə 8 ha torpaq sahəsinin biçilməsi ilə bağlı elektron qaimə təqdim edilmişdir.
46. İşin araşdırılması zamanı məhsulun yetişməsi və iddiaçının məhsulun yığılmasında imtinası şahid X1 ifadəsi ilə təsdiqini tapmışdır. Şahidin iddiaçının həmin dövrdə əməkdaşı olması və Şəki rayonu ərazisində məsul şəxs olması, eyni zamanda mübahisəli əraziyə nəzarət etməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, sonuncunun iddiaçı ilə xx.xx.2013-xx.xx.2021-cı illərdə əmək münasibətlərində olması adına olan ******* nömrəli əmək kitabçası ilə təsdiqini tapmışdır.
47. Eyni zamanda iddia tərəfi məhsulun yetişməsini mübahisələndirilməmiş və borcun yaranmasının səbəblərini cavabdehin məhsulu toplamaqdan imtina etməsi ilə əsaslandırmışdır. İddiaçının iddia dəlillərinə məhkəmə tərəfindən qiymət verilmiş, şahid ifadəsi işin araşdırılması zamanı müəyyən edilmiş halları təsdiq etdiyindən və şahidin işin nəticəsində marağı olmadığından onun ifadəsi məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir.
48. Digər şahid X2 ifadəsi digər şahidin ifadəsinə uyğun olsa da məhkəmə sonuncunun ifadəsini sübut qismində qəbul etmir. Belə ki, iddiaçının nümayəndəsinin müqavilənin cavabdehlə bağlanmasına baxmayaraq işin sahibinin X2 olmasına dair iddia dəlilləri bir başa sübutlarla təsdiqini tapmasa da məhkəmə şahidin işin nəticəsindən maraqlı olması ehtimalını nəzərə alaraq onun ifadəsini faktı təsdiq edən sübut kimi qəbul etməmişdir.
49. Göründüyü kimi, mübahisəli ərazidə 15 ha şəkər çuğundurunun əkilməsinə, məhsulun yetişməsinə və həmin ərazidə 2 ha ərazinin iddiaçı tərəfindən biçilməsinə baxmayaraq iddiaçı müqavilə öhdəliklərini tam yerinə yetirməyərək 13 ha ərazidə biçin işlərini aparılmamış və yetişmiş məhsul məhv olmuşdur ki, bu halın baş verməsi iddiaçının təqsirindən baş verməsi aşkardır.
50. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
52. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
53. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(117)-227/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(117)- 227/2022 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov