Məhkəmə qərarları › İş №2-2(107)-6/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-6/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-6/2021 26.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya «İddiaçı” MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2250 manat əsas borcun, əsas borcun illik 5 faizi miqdarında 225 manat əldən çıxmış faydaya görə pul məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (Mübariz Hüseynov) xx xxxxxxx 2020-ci il tarixli e-2- 2(117)-267/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə “X4” MMC (indiki adı İddiaçı MMC) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib razılaşdırılmış qiymətdə və müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşdirmə aktı”na əsasən Cavabdeh müəssisəyə 4800 manat borcunun olduğu müəyyən edilmiş, lakin 2250 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. «İddiaçı” MMC-in apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmadan qətnamənin apellyasiya qaydasında ləğvi və yekun məhkəmə aktı qəbul edilməsi üçün kifayət qədər əsas yaratmışdır. İlkin olaraq qeyd olunmalıdır ki, onlar məhkəməyə izahat verərkən bildirmişlər ki, xx.xx.2017-ci il tarixli aktda, müştəri qrafasında qeyd olunan dröd“ min səkkiz yüz manat”, “4.800”, imza, “Cavabdeh”, ,”naküd“ “Qəbələ r-nu, Nic qəsəbəsi”, “Qəbələ r-nu Mıxlıqovaq”, “05055089 82” əlyazmaları cavabdeh tərəfindən imzalanmışdır. Bu əsasla məhkəməyə vəsatətlə müraciət edərək, aktda cavabdeh tərəfindən yazılan sözlərin və imzanın məhkəmə-xətşünaslıq ekspertizasına göndərilməsini xahiş etmişlər. Lakin ekspertizada yalnız imza tədqiq edilmiş, imzanın da cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icraolunması qeyd edilmişdir. Digər yazılar barədə heç bir rəy verilməmişdir. Halbuki, cavabdeh tərəfindən yazılan bütün əlyazmalar tədqiq edilsəydi yekun məhkəmə aktının çıxarılması üçün vacib xüsusatlar məhkəməyə məlum olardı. Bu səbəbdən haqlı olaraq ekspertiza rəyinə öz narazılıqlarını bildirib “təkrar ekspertiza” təyin olunmasını məhkəmədən xahiş etsələr də vəsatətləri təmin edilməmişdir. İkincisi, mübahisənin əsas mahiyyəti ondan ibarətdir ki, məhkəmə, ekspertiza rəyindən dolayı təqdim etdikləri üzləşdirmə aktını sübut qismində qəbul etməsə belə məsələnin əsas məğzi alğı-satqı üzrə yaranmış borcdur və cavabdehin birinci instansiya məhkəməsinə verdiyi izahatlardan da göründüyü kimi bu alğı-satqını şəxsən dəfələrlə etiraf etmiş, bir neçə il müəssisə ilə alğı-satqı etdiyini bildirmişdir. Bu da iddianın aşkar şəkildə etiraf olunmasıdır. Hesab edirlər ki, hətta alqı-satqının baş tutmasına dair heç bir sübut olmasa belə cavabdehin özü bunu etiraf etməklə artıq bu xüsusatın öz təsdiqini tapmış olur. Və bu zaman alınan malların dəyərinin ödənilməsinə dair sübutetmə yükü cavabdehə keçir. Lakin məhkəmə bu xüsusatı lazımınca qiymətləndirməmişdir. Lakin, cavabdehin məhkəməyə heç bir ödəniş qəbzi təqdim edə bilməməsi ilə yanaşı məhkəmə bu qəbzlərin təqdim edilməsini Cavabdeh tələb etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları İddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan İddiaçı MMC-in nizamnaməsi, xx.xx.2017-ci il tarixli üzləşdirmə aktı, xx.xx.2019-cu il tarixli maliyyə arayışı məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış münasibətlər mövcud olsa da, yazılı bağlanmış müqavilə məhkəməyə təqdim edilmədiyindən cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olduğunu və onun icra müddətini müəyyənləşdirmək mümkün deyildir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə tərtib edilmiş və cavabdehin 4800 manat borcunun olmasının təsdiq edilməsi barədə üzləşmə aktında qeyd edilən imza cavabdehə aid olmadığından, cavabdeh həmin aktın məzmununa görə məsuliyyət daşımır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı olmadığından, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin gerçək hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə tərəflər arasında “Üzləşdirmə aktı” tərtib edildiyini və həmin aktın iddiaçının nümayəndəsi M.Quliyev və Cavabdeh tərəfindən imzalandığını əsas gətirərək hazırda cavabdehin 2250 manat borcunun olduğunu iddia edir. Cavabdeh isə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflər arasında müqavilə münasibətlərinin movcudluğunu təsdiqləsə də, xx.xx.2017-ci il tarixli “Üzləşdirmə aktı”nda qeyd edilən imzanın ona aid olmadığını bildirmişdir. xx.xx.2017-ci il tarixli “Üzləşdirmə aktı”nda qeyd edilən imzanın Cavabdeh aid olub-olmadığını müəyyən etmək üçün birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/704 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli Məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 75-ci vərəqində “X4” MMC və Cavabdeh adlarından olan xx xxxxxx 2017-ci il tarixli üzləşdirmə aktının “Müştəri tərəfindən:” hissəsində, “İmza:” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası olaraq təqdim etdiyi xx.xx.2017-ci il tarixli üzləşmə aktında olan imza cavabdeh tərəfindən icra edilmədiyinə görə, cavabdeh həmin aktın məzmununa görə məsuliyyət daşımır. Buna görə də cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olduğunu və onun icra müddətini müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbinin 225 manat məbləğində pulun əldən çıxmış fayda kimi cavabdehdən tutulması hissəsini də rədd etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə görə, zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istinad edilən maddi hüquq normalarından göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər başa düşülür. Lakin iddiaçı tərəfindən bu kimi halların mövcudluğu sübut olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbi 2250 manat əsas borca aid hissədə sübut olunmadığına görə, həmin məbləğin ödənilməməsi nəticəsində əldən çıxmış faydaya görə pul məbləği hissədə də əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-267/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar