Məhkəmə qərarları › İş №2-2(107)-60/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-60/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-60/2022 04.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “cavabdehlərdən müştərək qaydada 21528,73 manat borcun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli e- 2-2(117)-251/2021 saylı qətnaməsindən Cavabdeh “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə həmin məhkəmənin 01 iyul 2022-ci il tarixli, 2-2(105)- 251/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “cavabdehlərdən müştərək qaydada 21528,73 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(117)-251/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh elektron kabineti olduğundan, qeyd edilən qətnamə qəbul olunduğu gün, yəni, xx.xx.2021-ci il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-251/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldığından həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə kağız daşıyıcıda təqdim edilməsi səbəbi ilə geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-251/2021 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə cavabdeh təkrarən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayəti ilə eyni vaxtda apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, özü xəstə olduğundan hazırkı işin gedişatı ilə vəkili məşğul olurdu. Vəkil isə onu aldadıb, işə nəzarət etmədiyini bildirmişdir. Hal-hazırda qətnamə icra mərhələsindədir və bu mərhələdə ona məlum olmuşdur ki, vəkil onu aldadıb, qətnamədən şikayət verməmişdir. Ona görə ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 01 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “cavabdehlərdən müştərək qaydada 21528,73 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-251/2021 nömrəli qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-251/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri geri qaytarılmışdır. Cavabdeh şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadından şikayət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xəstə olduğundan hazırkı işin gedişatı ilə vəkili məşğul olmuş, vəkil isə onu aldadıb, işə nəzarət etmədiyini bildirmişdir. Hal-hazırda qətnamə icra mərhələsindədir və bu mərhələdə ona məlum olmuşdur ki, vəkil onu aldadıb, qətnamədən şikayət verməmişdir. Ona görə ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə qanunsuz və ədalətsiz qərardad qəbul etmişdir. Həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadı ilə həmin Məhkəmənin 01 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə məhkəmənin xx.xx.2021-ci il tarixli 2-2(117)-251/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilərək imzalandığından həmin vaxtdan verilmiş hesab edilmiş, xx.xx.2021-ci il tarixdə şikayət vermək üçün müəyən edilmiş 1 aylıq müddət bitdiyindən xx.xx.2021-ci il tarixdə icraya göndərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə kağız daşıyıcıda təqdim edilməsi səbəbi ilə geri qaytarılmışdır. Göründüyü kimi, Cavabdeh birinci dəfə apelyasiya şikayəti verən zaman da müddəti ötürmüşdür. xx.xx.2022-ci il tarixdə Cavabdeh təkrarən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-251/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir və müddətin ötürməsinin səbəbini vəkilinin onu aldatması olduğunu qeyd etmişdir. Göründüyü kimi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət hər hansı üzürlü səbəbdən deyil, cavabdehin buna etinasız yanaşması nəticəsində baş vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş (hazırki işdə olduğu kimi) məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından suiistifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmənin bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Odur ki, istinad edilən presedentlərə söykənərək, məhkəmə, Azərbaycan Respublikası MPM-in 133-cü maddəsini, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla iddiaçıya məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən şikayət vermək üçün cavabdehin savadsız olması və vəklin onun işini yarımçıq aparması nəticəsində bu halın baş verməsi əsaslı dəlil deyildir. Belə ki, cavabdeh özünün elektron kabinetinə nəzarət edə bilmiş, hətta xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz olaraq qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Müddətin buraxılmasının üzürlü hesab edilməsi üçün texniki manelər əsas vermir ki, şikayət vermək üçün 1 ilə yaxın ötürülmüş müddət bərpa edilsin. Bu ədalətli və ağılabatan olmamaqla qanunauyğun deyildir. Məhkəmənin əks yanaşması digər tərəfin hüquqlarının pozuntusuna şərait yaratmaqla bərabər bu addım hüquqi müəyyənlik prinsipi ilə ziddiyət təşkil edər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-2(105)-251/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar