Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-60/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin iddia tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “2.025 manat əsassız borcun silinməsi” tələbinə dair ilkin iddia tələbinə, iddiaçı Cavabdeh(bundan sonra –Birlik) cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış 2.900 manat borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tаrixli qətnaməsindən Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən Zaqatala şəhərində yerləşən İddiaçı məxsus çörək sexinə(təndir) quraşdırılmış G6 markalı, 28259940 nömrəli qaz sayğacı Birliyin əməkdaşları tərəfindən çıxarılaraq yeni sayğacla əvəz olunmuşdur. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, MS- 29/1640-01772-01 nömrəli aktdan görünür ki, yoxlama zamanı İddiaçı məxsus çörək sexinə(təndir) quraşdırılmış G6 markalı, 28259940 mexanika tipli qaz sayğacına xx.xx.2022-ci il tarixində baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, İddiaçı məxsus çörək sexinə(təndir) quraşdırılmış sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi və xətanın normaya uyğun olmadığı müəyyən edilmişdir. Birliyin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, G6 markalı, 28259940 nömrəli sayğacın nominal qazburaxma qabiliyyəti 6 m3, günlük iş rejimi 15 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.İitirilmiş qazın dəyəri 8100 m3 müəyyən edilmişdir. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 2.025 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, çıxarılan sayğacın çıxış plastmas borusu deşici alətlə deşilmişdir, xətalar normaya uyğun deyil. Bunun nəticəsində onun barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş və aktda dəymiş ziyanın hesablanaraq dəyərinin ödənilməsi qeyd olunmuşdur. Qaz sayğacı üzrə 8100 m3 təbii qazın itksinin yarandığı müəyyən olunmuş və həmin sərfiyyat üzrə aparılmış hesabat nəticəsində müəyyən edilmiş 2.025 manat məbləğ əsassız borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi qaz paylayıcısı daşıyır, abonentin hər hansısa bir məsuliyyəti nəzərdə tutulmur. Bu səbəbdən həmin borc silinməlidir. Birlik qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.900 manat borcun İddiaçı tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birlik iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı istifadəsində olan çörək sexinə quraşdırılmış qaz sayğacına qanunvericiliyin tələbinə uyğun baxış keçirilmiş, yoxlama aparılmış və yoxlama zamanı sayğacın çıxış plasmas borusunun deşilməsi halı müəyyən edilməklə aktlar tərtib edilmiş və 8100 m3 – 2.025 manat dəymiş ziyan hesablanmışdır. Mübahisəli qaz sayğacının ünvandan açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqayisə etdikdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpacaq dərəcədə artması görülür. İddiaçı hazırda akt əsasında hesablanmış borc da nəzərə alınmaqla ödənilməmiş 2.900 manat borcu vardır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-442/2023 nömrəli iş üzrə qəbul etdiyi 31 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Birlik tərəfindən İddiaçı təbii qazın itkisinə görə hesablanmış 2.025 manat manat borcun silinməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 875 manat borcun tutularaq Birliyə ödənilməsi, hər iki iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə qazpaylayıcı tərəfindən aktlarla müəyyən edilmiş qaydada sayğacda qüsur olması – çıxış plastmas borusunun deşilməsi ilə razılaşsa da, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi və bu səbəbdən də ona dəymiş ziyanla bağlı borc hesablanması ilə razılaşmır və hesab edir ki, hesablanmış 2.025 manat borc silinməlidir. Belə ki, aşkar olunmuş qüsur sayğaçın daxilində olmuş, sayğaca kənar müdaxilənin olması və sayğaçın möhürlərinə müdaxilənin olmasına dair sübut mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, sayğaçın giriş plastmas borsunun deşilməsi sayğaçın quraşdırılması zamanı onu quraşdıran cavabdehin əməkdaşları tərəfindən icra edilmişdir. Cavabdehin əməkdaşlarının hərəkətlərinə görə isə iddiaçı deyil, məhz cavabdehin əməkdaşları məsuliyyət daşıyır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan abonentin saldosundan görünür ki, 2.900 manat borcun 2.025 manat hissəsi fiziki şəxsə akt əsasında, qalan 875 manat hissəsi isə istehlak edilmiş qaz sərfiyyatı əsasında hesablanan borc məbləğidir. Akt əsasında hesablanmış 2025 manat borc məhkəmə tərəfindən qanunsuz hesab edilməklə silindiyindən məhkəmə hesab edir ki, 2.900 manat borc 2.025 manat hissədə rədd edilməli, qalan istehlak edilmiş qazın dəyəri olan 875 manat hissədə təmin edilməlidir. Belə ki, istehlak edilmiş qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Birinci instansiyası məhkəməsi mövqeyini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 1.3, 2.2.5, 4.8-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin isə təmin edilməyən hissələrində ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən ilkin iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Bildiririk ki, ilkin iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh İB məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Bundan əlavə maddi ziyanın hesablanmış məbləğinə gəlincə, bu məbləğ təkcə oğurlanmış qazın dəyərini ifadə etməməli, həm də tənbeh xarakteri daşımalıdır. Təbii qazı oğurluq istifadə edən şəxsə tətbiq edilən tənbeh təkcə onun oğurladığı qazın dəyərini ödəməsindən ibarət olarsa, bunun gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmayacaqdır. Ona görə də maddi ziyanın hesablanma qaydasına əsasən müəyyən olunan ziyan əvəzinin həmin ziyanın real həcmindən hətta əhəmiyyətli dərəcədə yüksək olması qanuni və ədalətlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbin isə təmin edilməməsi hissəsi mübahisələndirilsə də, mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 4.2. Qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Maddə 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Maddə 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuş, digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olması müəyyənləşdirilmişdir. Yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Həmçinin, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Göründüyü kimi, qanunvericilik sahibkarlıq subyektlərinin qaz sayğacları ilə bağlı yoxlamaların da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməli olmasını müəyyən etmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Birliyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh İB tərəfindən aparılmış yoxlama qanuni olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə bildirir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda ilkin iddia üzrə iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyrimümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2023cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-60/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-60/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver