Məhkəmə qərarları › İş №2-2(107)-60/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-60/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-60/2024 27.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı "təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar əsasında əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, dövlət rüsumunun ödənilməməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı "təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-2(117)-615/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-i tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında əsassız hesablanmış 1667 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 29 aprel 2024-cü il tarixli, 2- 2(117)-615/2024 nömrəli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İş üzrə qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq ərizəni geri qaytarmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, istehlakçı məhz şəxsi tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Hazırki iş üzrə isə təbii qazın verilməsi iddiaçının şəxsi tələbatını ödəmək üçün deyil, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kafeyə göstərilən xidmətdir ki, ərizəçi sahibkarlıq fəaliyyətini həyata keçirərək mənfəət götürmək məqsədi ilə təbii qazdan istifadə edir. Birinci instansiya məhkəməsi iş materialları ilə tanış olmamış, kafesinin olmadığını və istər iddia ərizəsində istərsə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdə kafesinin olması barədə məlumat mövcud deyil. Tərəfindən qazın alınması ilə bağlı münasibətlərdə iddiaçı istehlakçı "Azəriqaz" İB isə istehsalçıdır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 06 may 2024-cü il tarixli, 2-2(117)-615/2024 nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-2(117)-615/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası İddiaçı şikayətinin dəlillərinə hüquqi qiymət verərək ilkin olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-2(117)-615/2024 nömrəli qərardadında məhkəmə səhvən iddiaçıya məxsus “kafenin” olduğu qeyd etsə də, işdən hər bir halda görünür ki, iddiaçının “şirniyyat sexi” mövcuddur. Belə ki, iddiaçının Şəki şəhəridə yerləşən “Halvaçı Mahmud” şirniyyat sexinə qazın verilməsi ilə bağlı cavabdehlə müqavilə bağlanmış və həmin qeyriyaşayış sahəsinə (şirniyyat sexi) cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. Göründüyü kimi, həmin ifadə texniki səhv olaraq qərardadda yazılmışdır. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə də münasibət bildirərək qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin müddəa şəxsi tələbatının ödənilməsi ilə bağlı istehlak hüquqlarına aiddir ki, bu norma sahibkar subyektinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı istehlakını nəzərdə tutmur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Qanunvericilikdən görünür ki, istehlakçı məhz şəxsi tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Bundan başqa, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli qərarının 24-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İş materiallarına əlavə edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” barədə portaldan çıxarışdan görünür ki, İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarında da göstərildiyi kimi, ancaq fərdi sahibkar statusuna malik olan fiziki şəxsin su, qaz və ya elektrik enerjisindən şəxsi istehlakı (yəni, şəxsi təlabatını ödəmək məqsədi ilə) üçün istifadə etdiyi halda həmin münasibətlər istehlak münasibətləri hesab edilməklə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin təsiri dairəsinə düşə bilərdi. Hazırki işdən isə görünür ki, iddiaçı fiziki şəxs kimi şəxsi istehlakı (yəni, məhz şəxsi təlabatını ödəmək məqsədi ilə) üçün istifadə etdiyi qaz borcunu deyil, şirniyyat sexinə qanunsuz yazılmış cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı cavabdehə ünvanladığı pretenziya məktubunda da özünə məxsus şirniyyat sexinə yazılmış cərimənin silinməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlər bir daha təsdiq edir ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirərək mənfəət götürmək məqsədi ilə təbii qazdan istifadə edir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60cı maddəsinin İ hissəsi). Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bundan başqa, MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: İddiaçı şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-2(117)-615/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar