Məhkəmə qərarları › İş №2-2(107)-61/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-61/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-61/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borc tələbi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı "Təsərrüfat Təchizat” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli NA- 2022 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, alıcı tərəfindən qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 1 dəst ünvan 1i ünvanında 7.5 ha ərazidə quraşdırılan damlama suvarma sistemini satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği 17500 manat təşkil etmişdir. Müqavilənin 1.4-cü bəndinin tələbinə əsasən müqavilə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfinfən ayrılan güzəştin məbləği 5334 manat təşkil edir. Güzəştin məbləği çıxıldıqdan sonra alıcı tərəfindən ödəniləcək məbləğ 12166 manat təşkil etmişdir. Cavabdeh ona verilmiş malların dəyərindən 8010 manat ödəniş etmiş, lakin malların dəyərinə görə ödənilməmiş 9490 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 9490 manat malların dəyəri üzrə əsas borcu və 5000 manat cərimə borcu yaranmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı "Təsərrüfat Təchizat” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 9490 manat borcun, 5000 manat cərimənin və 134 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış NA-2022 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, dəyəri 17500 manat olan 7.5 ha ərazi üçün Damlama suvarma sistemi dəsti (Ucar ray., Qulabənd k) malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satılmış mal və xidmətlərin dəyəri məbləğində cavabdehə borc hesablanmışdır. Müqavilənin 1.4-ci bəndinə əsasən, Müqavilə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılan güzəştin məbləği 5334.00 (beş min üç yüz otuz dörd) manat təşkil edəcək. Güzəşt məbləği çıxıldıqdan sonra Alıcı tərəfindən ödəniləcək məbləğ 12166,00 (on iki min bir yüz altmış altı) manat təşkil edir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh ona təhvil verilmiş malların dəyərindən 8010 (səkkiz min on) manat ödəmiş, 9490 manat (4156 manat əsas borcu və 5334 manat subsidiyadan qalan ödəniş) dəyərində malın pulun ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehlə söhbətlər edilsə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmişdir. Lakin cavabdehlə aralarında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh aldığı malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 9490 (doqquz min dörd yüz doxsan) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. Şəki Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-2(117)-296/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 9490 manat borc, 400 manat cərimə və ödənilmiş dövlət rüsumunun hissəsi olan 91,46 manat tutularaq iddiaçı "Təsərrüfat Təchizat” MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin isə qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "Təsərrüfat Təchizat” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli NA-2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı, alıcı tərəfindən qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 1 dəst Ucar rayonu, Qulabən kəndində 7.5 ha ərazidə quraşdırılan damlama suvarma sistemini satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə mallar satıcı tərəfindən təhvil verilmişdir və malların təhvil-təsliminə dair aktı hər iki tərəf imzalamışdır. İddiaçının bildirdiyinə görə cavabdeh müqavilə üzrə 8010 manat məbləğində vəsaiti iddiaçının hesabına ödəmiş, öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı ödənilməmiş qalan 9490 manat borc məbləğinin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdeh tərəfindən məhkəmə bildirişləri alınsa da məhkəmə iclaslarında iştirak etməməsi (hazırlıq iclası təxirə salınsa da) və cavabdehə sübutların təqdim edilməsi təklif edilsə də, sübutlar təqdim edilmədiyindən məhkəmə aidiyyəti orqana sorğu verməkdən əlavə araşdırma aparmamış və işdəki sübutları müvafiq qətnamənin qəbul edilməsi üçün kifayət hesab etmişdir. Məhkəmə iddia tələbinin “5000 manat cərimə borcunun tutulması”na münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən alıcı öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1 faiz məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Məhkəmə tərəflərin əmlak mənafeləri, iddiaçının məhkəməyə vaxtında müraciət etməməsini, borc üzrə qismən də olsa ödəniş edilməsini və digər hallar nəzərə alınmaqla cərimə borcunun azaldılaraq cavabdehdən 400 manat cərimə borcunun tutulmasını ədalətli, qanuni və ağlabatan hesab etmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 597.1, 600.1, 600.2-ci maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, Ucar rayonu, Qulabəndə kəndində sözügedən əraziyə baxış keçirilərsə həmin ərazinin 7.5 ha hissəsinin damlama suvarma sistemi ilə təmin edilməməsi sübut olunardı. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sözügedən əraziyə baxış keçirərək gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasını təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Yuxarıda qeyd edilmiş maddələrdə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli NA-2022 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı, alıcı tərəfindən qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 1 dəst Ucar rayonu, Qulabəndə kəndində 7.5 ha ərazidə quraşdırılan damlama suvarma sistemini satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə mallar satıcı tərəfindən təhvil verilmişdir və malların təhvil-təsliminə dair aktı hər iki tərəf imzalamışdır. Hal-hazırda isə iddiaçı 9490 manat borcun, 5000 manat cərimənin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında da qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əmlakları borcluya vermişdir. Borclu isə, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu tam etməmişdir. Cavabdeh X2 vermiş olduğu apellyasiya şikayətində - 9490 manatlıq sistemin quraşdırılmadığını bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin yuxarıda göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, alıcı tərəfindən qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 1 dəst ünvan 1i ünvanında 7.5 ha ərazidə quraşdırılan damlama suvarma sistemini satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayəti vermiş tərəfin bir daha nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə, müqavilə üzrə mallar satıcı tərəfindən təhvil verilmiş və malların təhvil-təsliminə dair aktı hər iki tərəf imzalamışdır. Yəni, yuxarıda qeyd edilən təhvil-təslim aktından müəyyən edilir ki, 1 dəst ərazidə quraşdırılan damlama suvarma sistemi cavabdehə tam olaraq təhvil verilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Bundan başqa, apellyasiya şikayətinin dəlillərindən biri də birinci instansiya məhkəməsinin yerli baxış keçirməməsi ilə bağlı olmuşdur. Belə ki, apelyator qeyd etmişdir ki, əgər işə baxan məhkəmə torpağa baxış keçirsə idi avadanlıqların ona tam olaraq təhvil verilmədiyini aşkar edərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilmiş dəlillərinə münasibət bildirərək bir daha qeyd edir ki, müvafiq avadanlıqlar xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Eyni zamanda alıcı tərəf də öz növbəsində apellyasiya şikayəti verilənədək avadanlıqların ona təhvil verilməməsi ilə bağlı satıcıya heç vaxt irad bildirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, avadanlıqların təhvil tarixindən bugünədək təxminən iki ilə yaxın müddət keçmişdir. Avadanlıqların təhvil tarixindən iki ilə yaxın müddət keçdiyindən birinci instansiya məhkəməsi yerli baxış keçirsə belə həmin avadanlıqları tam və ya bir hissəsini torpaq sahəsində aşkar etməyə bilərdi. Belə ki, iki ilə yaxın müddət ərzində avadanlıqlar həm xarab ola, həm də cavabdeh tərəfindən ərazidən götürülə bilrərdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən həmin məqamlar da artıq yerli məhkəmə baxışının keçirilməsini əhəmiyyətsiz hala gətirmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği 17500 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 1.4-cü bəndinin tələbinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfinfən ayrılan güzəştin məbləği 5334 manat təşkil edir. Güzəştin məbləği çıxıldıqdan sonra alıcı tərəfindən ödəniləcək məbləğ 12166 manat təşkil etmişdir. (yekun güzəşt məbləği və onun ayrılma qərarı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin qaydalarına (texnikaların yük gömrük bəyannaməsində qeyd olunan məbləğin 40 faizi) uyğun olaraq hesablanacaq və təsdiqlənəcəkdir). Müqavilənin 1.5-ci bəndinə əsasən güzəşt məbləğinin ayrılmasına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olunarsa, müqavilənin məbləği tam olaraq alıcı tərəfindən ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2024-cü il tarixli 3-22-2/2-587/2024 nömrəli məktubunda göstərilmişdir ki, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respubliaksı Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na əsasən idxal edilən texnikanın və avadanlığın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın və avadanlığın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt Azərbaycan Respubliaksının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. xx.xx.2022-ci il tarixli NA-2022 nömrəli alqı-satqı müqaviləsində qeyd edilən texnika və avadanlıqlar üçün Agentlik tərəfindən İddiaçı MMC-nin və Cavabdeh hesablarına ödənilməsi məqsədi ilə 40 faiz güzəşt məbləği ayrılmamışdır. Göründüyü kimi, cavabdeh ona verilmiş malların dəyərindən 8010 manat ödəniş etmiş, lakin malların dəyərinə görə ödənilməmiş 9490 manat borcu qalmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, pozuntunun nədən ibarət olması tam olaraq göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsu üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-2(117)-296/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar